adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

PƏNCƏRƏDƏKİ QIZ Hekayə (... fobiya)

MƏZAHİR ƏHMƏDZADƏ
60678 | 2017-03-04 00:18
Bu dünyada az yaşayan
az ölür, mənim balam,
Bu dünyada çox yaşayan çox ölür...
R.Rövşən

Hələ 4 yaşına çatmamış bu solğun bənizli çəlimsiz qızcığaz qardaşının əlindən tutub onu küçəyə açılan pəncərəyə tərəf dartırdı. Qardaşı ondan bir yaş böyük idi.
- Qaqa, ay qaqa, gəl məni qaldır da pəncərəyə, azca maşınlara, adamlara baxım. Yanımda qal, mama gələndə qoyma məni düşürsün...
Son vaxtlar anası böyüklər kimi dil töküb danışan, böyüklər kimi dərdlənən, həm də tez-tez bənizi avazıyıb narahatlaşsa da ağrılarını gizlədən qızını heç həyət-bacaya da bir elə buraxmırdı. Küçəyə heç olmazdı. Qız ağır xəstəliyə tutulmuşdu. O vaxtlar tam əlacsız sayılan və eləcə "ağ qan" adlanan bir xəstəlik...
Həkimlər öz sözlərini demişdilər. Cavan valideynlər də dərdlərini hamıdan gizlədirdilər. Bəlkə də taleləri ilə barışıb gözlənilən hadisəni faciə saymırdılar. Bir yandan da qadın üçüncü övladını dünyaya gətirmək ərəfəsində idi, iki-üç aylıq vaxt qalırdı.
Ana ev işlərini təkbaşına görürdü. Kənddən rayon mərkəzinə onlara baş çəkməyə gələn hansısa qadın qohumlarından bir neçə gün qalıb kömək edən də olurdu. Əsas iş isə oğlunun üzərinə düşmüşdü. Qıza öz istəyi ilə o baxırdı. Çay, quru peçenye verirdi, əlindən tutub evdə, eyvanda gəzdirirdi, qucaqlayıb saçını tumarlayırdı. Sədaqət adlı bacısını Səqiş, Səqiş deyib oxşadıqca, körpə gözlərini yumub özünü yuxuluğa vururdu. Əli bacısının sinəsinə toxunanda ürəyinin necə süərtlə döyünməsinə, çırpıntısına təəccüblənirdi, sanki qızcığaz qaçıb, qaçıb təngnəfəs olmuşdu. Nə fikirləşirdisə, arada əlini öz sinəsinə də qoyurdu, ürəyinin döyüntüsünü güclə hiss edirdi.
O, bacısını dünyada hamıdan çox istəyirdi.
Körpələrin bu bacı-qardaş sevgisi ata-ana sevgisindən də yüksəklərə qalxmışdı, hələ dərk edə bilmədikləri göylərə qədər ucalmışdı, Tanrı işığına bürünmüşdü. Qohum-qonşular da heç vaxt rast gəlmədikləri bu qəribə istəyə heyrət edirdilər.
Son vaxtlar bacısının halı xeyli pisləşmişdi. Gündə iki-üç dəfə evə səs-küy düşürdü. Hamilə ananın da vaxtı yaxınlaşdığından bibisi, xalası onlarda qalırdı.
Axır günlər onu bacısının yanına az-az buraxırdılar, deyirdilər sən həyətdə, eyvanda oyna. Bir gün onu elə həyətdəncə götürüb tələm-tələsik kəndə babasıgilə apardılar. Başa salacaq sözləri də bu oldu ki, mamaya görə gəlib-gedən çoxdur, sən əl-ayaq altında qalırsan...
Kənddə nəğməli, alabəzək quşlar çoxalırdı, meyvələr dəyirdi, başı qarışırdı. Ancaq təkliyə düşəndə, yatağa girib yatmaq istəyəndə şəhərdə qoyub gəldiyi bacısını xatırlayırdı, bacısını istəyirdi. Kövrəlirdi, ata-anasına xəyalən hirslənirdi, onları pisləyirdi. O, xatırlamalarında və düşüncələrində çox dərinə gedə bilmirdi. Uşaqdı axı, gücü çatmırdı. Özünün bu istək və vəfasını, darıxmasını, incikliyini cəmləyib bir tərəfə çıxara bilmirdi. Bir də görürdün hər şey ötüşürdü, adiləşirdi...
Atası hərdən kəndə gəlib ona baş çəkirdi. Hər dəfə də o, evə getmək, bacısının yanında olmaq istəyini dilə gətirirdi. Ancaq başa düşə bilmədiyi, anlamadığı dolaşıq səbəblər eşidirdi. Anlaya biləcəyi tək bir söz olurdu: "Aparacam".
Atasından çəkinirdi. Atası ona təzə paltar, konfet, oyuncaq maşın alsa da, bircə dəfə də olsun qucağına götürüb öpməmişdi. Uzaqbaşı yüngülcə gülümsəyib "işlər necədir?" deyə qəribə sual verirdi. O da elə hey fikirləşirdi ki, atasının onunla ayda-ildə bir dəfə etdiyi bu söhbətin, yəni "işlər necədir" məsələsinin mənası nədir? Görəsən başqa uşaqların ataları nəyə görə onları qucaqlarına alır, çoxlu söhbət edir, oynadır, zarafata salıb "orasına" yüngülcə çırtma vurur?..
...Axır ki, gəlib apardılar. Evə çatan kimi aynabəndə qaçıb bacısını axtardı: "Bəs Səqiş hardadır?.."
Bu sualın dəqiq cavabını ona olduğu kimi demək mümkün deyildi. Ürəkləri oyan dərdlərini gizlədərək anasının qucağındakı təzə doğulmuş çağanı göstərdilər, konfet, təzə "maşın" verdilər. Heç birinə gözünün ucuyla da baxmadı. Anasının qucağındakı isə həqiqətən qız uşağıydı, bacısıydı...
Evin bir küncünə çəkilib sakitcə dayandı. Kədərdən boğulsa da ağlamadı. Günlər ötüb keçdi, onun Səqişi isə gəlmədi...
O bir müddət ata-anasına nifrət etdi. Hətta xəyalında onların ölməyini istədi. Baş götürüb haralarasa qaçmaq fikrinə də düşdü.
...Bacısı yavaş-yavaş böyüyürdü. İki il sonra qardaşı da oldu. Daha iki il keçdi, sonbeşik olan balaca qardaşı da dünyaya göz açdı.
Valideynləri, bacı-qardaşları, dərsləri, yay tətillərində kənd macəraları ömrünü nə qədər mənalandırsa da bacısının "pəncərədən küçəyə həsrətlə baxan" anları heç zaman unudulmadı.
O böyüdü, ata-anasını, bacısını, qardaşlarını canından artıq istədi. Ancaq bacısının xatırlanmaması onu həmişə ağrıtdı, uşaq kimi incik saldı. Hərdən də bir küncə çəkilib sakit-sakit göz yaşlarını axıtdı.
O, məktəbi də bitirdi, universiteti də bitirdi, ailə də qurdu, oğul-uşaq sahibi də oldu...
Anası qocala bilmədi, cavan vaxtı dünyadan köçdü. Sonra atasını da itirdi. Sonra cavan qardaşının da ürəyi qəfil dayandı. Qəbiristanlıqda ailə məzarlığı yarandı. Burada isə təkcə onun, bacısının qəbri yox idi. Doğmalarının vaxtsız itkiləri də o balaca uşağın əlli ildən çox fikrində, ürəyinin ağrılarında gəzdirdiyi "körpə bir ayrılığı" unutdura bilmədi. Bu dünyada ondan başqa o qızcığazı xatırlayan qalmadı...

TƏQVİM / ARXİV