adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

CÜMHURİYYƏTİ YARADANLAR

SEYFƏDDİN ALTAYLI
57151 | 2017-04-29 09:06
"Cümhuriyyət ərdəmli insanların rejimidir"
Charles de Montesquieu

Ayın 23-ündə Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin elanının 97-ci illiyi idi. Bir çox insanlar çıxıb bu haqda nitq söylədilər, öz fikirlərini qəzetlərdə, dərgilərdə, tv ekranlarında şərh etdilər. Ancaq əksəriyyəti əhali sayı 80 milyona çatan, öz ordusunun silahlarının 70 faizini buraxan, dostun ümid qalası, düşmənin qorxu obyektinə çevrilən bir Türkiyədən səsləndi.
Belə bir Türkiyədə meydan sulamağa nə var ki?..
1920-ci illərdə Ankara, Anadoluda şalvarının dizləri yamaqlı, çəkedinin (pencək) hər yanı limə-limə olmuş, köynəyində yaxasını ilikləyəcək düyməsi olmayan, ayağına geyməyə çarıq tapa bilməyən, əlində yabasından, dəryazından, belindən savayı aləti, əksəriyətinin torpağını sürməyə bir cüt qoşarı olmayan və yüzillər boyu cəbhədən-cəbhəyə yüyürərək lənətə gəlmiş imperiyanı qorumaqdan savayı heç nəyi düşünməyən oğullarını uzaq ellərdə qurban vermiş, qırıla-qırıla 80 faizi əlil, qoca, uşaq, qadından ibarət olan 11 milyon sayıya malik bir xalqın kasıb qəsəbəsi idi.
İstiqlal mübarizəsinə qoşulan görkəmli yazıçı Xalidə Ədib Adıvar Ankarada üzləşdiyi bir olayı xatirələrində belə danışıb: "Qızılay təşkilatında sədr idim. Düşmənlərin işğalı altındakı vətəni xilas etmək məqsədi ilə Atatürkün başlatdığı Azadlıq Mübarizəsi üçün konfranslar təşkil edirdik. Ankarada təşkil edilən bir konfransda çıxış etdikdən sonra yanıma basma çitdən don geyinmiş bir qadın ona-buna məni soruşaraq yaxınlaşdı, diyəsən gözləri yaxşı görmürdü. Mənə yaxınlaşan kimi də boynumu qucaqlayıb ağlaya-ağlaya dedi: "Mən özgələrinin pal-paltarını yuyub pul qazanıram. Həm güzəranımızı təmin edirəm, həm də yeganə güman yerim olan qızımın illik təhsil pulunu yığıram. Müəllim məktəbində oxuyur. O da bir gün sənin kimi müəllim olacaq və sənin kimi xalqın qarşısında öz fikirlərini ifadə edə biləcəkdi. Bircə oğlum vardı, Çanaqqala döyüşlərində şəhid oldu. İşimi əldən verə bilmirəm, çünki qızımı oxutmalıyam. Danışığında döyüşdən, müharibədən söhbət açdın, ancaq Çanaqqalanı, orda şəhid olanları dilinə gətirmədin". Qadın bunu dedikdən sonra əlini döşünə saldı və min lirə çıxarıb mənə uzadaraq, "bunu götür cəbhədə yaralanıb Qızılaya gələn yaralılarımız üçün xərcləyərsiniz". Özümü saxlaya bilmədim və gözümün yaşı sel olub axdı. O qoca qadının boynunu qucaqlayıb yanaqlarından öpdüm. Geriyə döndüm, yardımçılarımdan biri olan Zəhra xanım yaxınlaşaraq: "Bu böyük puldu Xalidə Xanım və Ankaralı kişilərdən cəmisi bu qədər pul yığa bilmişik, xalq çox kasıbdı", - dedi.
Xalqın belə bir halında Mustafa Kamal Çanaqqala döyüşlərində sərhədlərində gün batmayan bir imperiyanın şərəfini Çanaqqala Boğazının sularına qərq etdiyi silahdaşları ilə birlikdə hər yanı işğal olunmuş Anadoluya daxil olaraq İstiqlal mübarizəsini başlatdıqlarını Amasya, Sivas və Ərzurum konqresləri ilə xalqa çatdırmışdı.
Türkiyənin ilk məclisi 23 Nisan 1920-ci il tarixində Ankarada bir vaxtlar İttihad və Tərəqqi Cəmiyyəti mənsublarının klubu olan binada ilk yığıncağını təşkil edib. O vaxtın Ankarasında bu binadan savayı məclisi yığa biləcəkləri ayrı bir bina da yoxumuş.
İndi Ankarada göydələnlər göyə meydan oxuyur...
Millətin Ankaraya yolladığı vəkillər məclisin ilk toplantısında məktəblərdən toplanan sıralarda (parta) şagirdlər kimi yan-yana oturublar. Evlərdən, dükanlardan tənəkədən düzəldilmiş sobalar (peç) təmin edilərək bina qızdırılıb. Mebellər dövlətə məxsus binalardan toplanıb aparılıb, neft lampaları çayxanalardan yığılıb. Binanın damüstü örtüyündəki kirəmitlər qırılıb-töküldüyünə görə neçə günə kimi tələm-tələsik təmir edilib. Hər cürə təhlükənin meydan suladığı Anadolunun müxtəlif bölgələrindən Ankaraya sarı yola düşən millətin 127 nümayəndəsi bəziləri piyada, bəziləri atla çətin bir yolçuluqdan sonra qəsəbəyə çataraq ilk məclisdə yer tutub. Məclisdə edilən çıxışlar baqqal dəftərlərinə yazılıb, çünki ayrı yazı-pozu vəsaitləri yoxmuş.
Anadolu xalqı İstiqlal mübarizəsini yürüdərkən Nəriman Nərimanovun Atatürk və silahdaşlarına yolladığı maddi yardımın nə mənaya gəldiyini Türkiyə və onu sevənlər çox yaxşı bilir. Ulu Tanrı ürəyi Türkiyə və Azərbaycan və bunlardan hərəkətlə bütöv Türk Dünyasını sevən, o yolda can verən hər bir şəxsiyyətimizin məkanını cənnət eləsin.
Mustafa Kamal Atatürkün silahdaşları ilə birlikdə başladaraq uğurla həyata keçirdikləri İstiqlal mübarizəsinə bu günün yox, o günün pəncərəsindən baxılmalıdı. Mərhum Nəriman Nərimanovun yardımına da, İstiqlal Mübarizəsində Azərbaycandan pay-piyada yola düşərək Anadolu torpaqlarında Məhmədçiklərlə çiyin-çiyinə döyüşərək şəhidlik şərbətini içən Azərbaycanlı oğulların müqəddəs məsləkinə də o günün pəncərəsindən baxılmalıdı.
İndiki Türkiyədə yaşayıb qəhrəmanlıq nitqləri irad etməyə, ona-buna barmaq silkələməyə nə var ki...g
Atatürk və silahdaşları Türkiyə Cümhuriyyətini yuxarıda dərdlərinin kiçicik bir hissəsini çatdırdığım Anadolu xalqıyla Tanrının köməyi sayəsində yaratdı. O məclis Türkiyə Cümhuriyyətnin qanunlarını müzakirələrlə, məşvərətlərlə qəbul etdi. Türkiyə illər uzunu o qanunları həyata keçirərək, vaxt-vaxt kəm-kəsirlərini aradan götürüb yenilərini qəbul edərək bu günə gəlib çatdı.
Bir vaxtlar biri çıxıb belə demişdi: "Bu qanunları iki dənə əyyaş qəbul edib".
Kül başına ay Araz, üstündən təzək adlanır...

Seyfəddin Altaylı,
Ankara

TƏQVİM / ARXİV