adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

TƏSADÜF

FƏRİDƏ RƏHİMLİ
54575 | 2017-05-12 15:32

Keçən həftəki yazımda şair Əbülfət Mədətoğlunu köçü münasibətilə təbrik etmişdim. Amma onun yerləşdiyi küçənin adının "Qaçaq Nəbi” olması ilk duyduğumda məni bir az güldürsə də, düşünməyə də vadar etdi. Onun doğulduğu, sonra zaman-zaman didərginlik taleyində məskunlaşdığı yerləri bir-bir xatırlayıb, bunun bir təsadüf olmadığına əmin oldum. Çünki onun doğulduğu kəndin adının bir mənası "ələm gəzdirən”, "iki dağ arası” idi. Sonrakı məcburi köçkünlüyündə Füzuli şəhərində yerləşdiyi məhəllənin adı "Sürücülər” idi. Bu da yolu göstərirdi... Sonra Beyləqandakı ünvanı "PMK-4” idi ki, (SDM - Səyyar Mexanikləşdirilmiş Dəstə) bunun izaha ehtiyacı yoxdur. Daha sonrakı ünvan olan "Motodrom”sa daha sürətli moto yarışların alanıdır. İndi "Qaçaq Nəbi” küçəsinə yerləşməsi də düşdüyü yurdun sabitliyinə əminlik vermir. Allah axırını xeyir eləsin!..

Bu düşüncələr məni - həyatda təsadüf deyə bir şey varmı? – sualı qarşısında qoydu. "Mən filankəsi təsadüfən gördüm, onunla təsadüfən rastlaşdım”, "təsadüfən əlimdən düşdü”, "dünya təsadüflərlə doludur” kimi cümlələr sanki nitqimizin və söhbətlərimizin ayrılmaz hissəsinə çevrilib. Təsadüf nədir? Bir hadisənin təsadüfən baş verməsimi? Yaxud təsadüfi proseslər dedikdə, əslində nə nəzərdə tutulur?

Təsadüf – hadisələrin məqsədsiz və səbəbsiz şəkildə cərəyan etdiyini təsvir etmək üçün işlədilən anlayışdır. Əgər ortada hər

hansı bir səbəb və məqsəd varsa, onda təsadüfə yer yoxdur. "Təsadüf” sözünün mənası "özü-özünə meydana gələn, hansısa bir səbəbdən asılı olmayan” deməkdir. Yəni, təsadüf adlandırdığımız bir olay guya hansısa səbəbdən baş vermir, özü-özünün səbəbi kimi meydana çıxır. Beləliklə, təsadüf dedikdə bir şeyin səbəbsiz meydana gəlməsini başa düşürük. Həyatda təsadüf varmı, yoxsa bütün baş verənlər olması mütləq olan hadisələrdir?! Təsadüf adlandırdığımız bir çox hadisələr bəzən bir insanın, bəzən bir dövlətin, bəzən isə bütün dünyanın düzəninin dəyişməsinə səbəb ola bilir. Gündəlik həyatda təsadüf sözünü çox işlətməyimizə baxmayaraq, bu cür hadisələri təsadüf adlandırmaq gülünc səslənir. Ancaq insanların çoxu təsadüflərin varlığına inanmağa üstünlük verir.

Quranın bildirdiyinə görə, bir yarpağın budağından qopub düşməsi belə, Allah-Təalanın bilgisi və iradəsi daxilindədir. Kainatdakı möhtəşəm sənət, hikmət və nizam təsadüfü rədd edir. Dünyada hər bir şeyin idarə olunduğunu qəbul edən, təsadüfün də idarəolunan olduğunu qəbul etməlidir. Dünyanın istər öz oxu, istərsə də günəş ətrafında sürətlə fırlanması, bu böyük sürətə baxmayaraq həyatın öz axarı ilə davam etməsi, gecə-gündüz, yaz-payız, yay-qış hadisələri kamil elmin və sonsuz qüdrətin ifadəsidir. bütün bunların təsadüfən baş verməsi qeyri-mümkündür. Yəni, kainatdakı möhtəşəm sənət, hikmət və nizam təsadüfü rədd edir.

İstənilən təsadüf hesab etdiyimiz heç olub getmir, özündən sonra bir iz qoyur. İnsanın başına gələn bir hadisə, onun həyatında müəyyən bir dəyişikliyə səbəb olur, gələcəyini dəyişir, fikirlərini dəyişir, ona həyat təcrübəsi qazandırır.

"FeaT.Az”-ın səhifələrində diqqətimi çəkən "təsadüflər”i siz də oxuyun:

İngiltərənin Bristol limanı yaxınlarında 5 dekabr 1668-ci ildə bir gəmi batdı. Yalnız Hugh Villiyams adlı bir yolçu xilas oldu.

1784-cü ildə eyni bölgədə yeni bir qəza oldu. 60 dənizçi arasında yalnız Hugh Villiyams adlı ikinci kapitan xilas oldu. 1952-ci ildə eyni yerdə üçüncü gəmi batdı. Xilas olan tək yolçunun adı Hugh Villiyams idi...

Amerikanın Kaliforniya ştatında Riçard Bensinger adlı təqaüdçü dəmiryol işçisi Eureka qəsəbəsindəki körpüdə gedərkən hali pisləşdi və öldü. İki il sonra oğlu Hiram eyni körpüdə həyatını itirdi. Altı il sonra Hiramın oğlu Devid həmin körpüdə avtomobil qəzasında həlak oldu...

Kristina Veronu 19 91-ci ildə İtaliyanın Torino şəhərində tramvay çarpması nəticəsində öldü. 4 il sonra atası Vittorio eyni keçiddə, eyni sürücünün istifadə etdiyi eyni tramvay çarpması nəticəsində öldü...

Cənubi Afrika Respublikasında Cape Tawn Ticarət Otağının illik konqresində iş adamı Daniel de Toit leksiyasını belə bitirdi: "Həyat gözlənilməz bir zamanda gözlənilməz şəkildə sona çata bilər...” De Toit kürsüdən enərkən ağzına atdığı şəkərin boğazında qalması nəticəsində elə oradaca öldü...

1898-ci ildə jurnalist-yazar Morqan Robinson "Titan” adlı bir kitab yazdı. Kitabda böyük bir reys gəmisi okeanda aysberqə çarpırdı. 14 il sonra "Titanik” faciəsi baş verdi...

Təsadüf zəncirinin ən inanılmazı 1981-ci ilidə ABŞ-ın Boston şəhərində meydana gəldi. Randolp Matika ildırım vurması nəticəsində evinin qarşısında öldü. Onun dul həyat yoldaşı yenidən evləndi. Yeni həyat yoldaşı toy gecəsi siqaret çəkmək üçün balkona çıxdı. Düşən ildırım onun da ölümünə səbəb oldu. Qadın sinir krizi keçirdi. Müalicə üçün getdiyi klinikada bir həkimə aşiq oldu və evləndi. Bir həftə sonra xəstəsini ziyarətə gedən həkimi də ildırım vurdu...

Beləliklə, əslində təsadüf olmayan "təsadüflərə” barmaqarası baxmayın, onlara inanın, qiymətləndirin ki, sonra peşman olmayasınız!


TƏQVİM / ARXİV