adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

KAPİTAN CƏFƏROV

MƏZAHİR ƏHMƏDZADƏ
40291 | 2017-05-13 00:11
Bu yaxınlarda televiziyada bir nəfərin hüquq-mühafizə orqanında çalışırmış kimi dələduzluq fəaliyyəti göstərməsindən, adamları aldatma yolu ilə bu tip cinayətlər törətməsindən bəhs edən süjet təqdim olunurdu. Adam bu "fəaliyyətini" mülki geyimdə yox, məhz kapitan rütbəli uniformada reallaşdırırmış.
Bu hadisə mənə keçmiş sovet dövrünün oxşar, ancaq cinayət tərkibi olmayan başqa bir əhvalatı xatırlatdı. İndi mən yazım, siz də oxuyun.
Yetmişinci illərin əvvəllərində hərbi xidmətə gedən orta statistik Sovet Azərbaycanı gəncinin əsgərlik həyatı macərasız ötmürdü ki... Rayonda, kənddə, məktəbdə quzu kimi gəzən oğlanlar Rusiyada və daha ucqarlarda 3-4 ayın içində tamam dəyişirdilər, qorxmaz, cəsur "qarabala" olurdular, adamdöyən, haqq-hesab çürüdən nüfuz yiyələrinə çevrilirdilər, guya. Bu harasıdır, hərbi hissə ətrafındakı, yaxın qəsəbə və şəhərdəki qızlar onlara yaman vurulurdular, onları sevirdilər, onların arxasınca kazarmayadək gəlirdilər. Hətta hərbi hissə başqa yerə köçürülürdüsə, bu qızlar, bu xanımlar öz sevgililərinin hara göndərildiklərini öyrənib uzaq səfərə çıxırdılar. Lap elə o əfsanəvi dekabrist arvadları kimi, bəli!
Onların dost-tanışlara, özlərindən kiçik qohum-qonşu uşaqlarına göndərdikləri məktublar, bu məktublardakı dadlı xülyalar, çoxlarında taxikardiya yaradırdı. Bəzən də yuxuları qarışan bu oğlanlanlar ali məktəblərə qəbul oluna bilmədiklərinə görə bir elə heyfislənmirdilər. Axı uzaq-uzaq ellərdə onları qəhrəmanlıq və sevgi macəraları ilə dolu əsgərlik həyatı gözləyirdi. Bu məktublar, adi bir "Nataşa" ilə çəkilmiş fotolar bir çox yeniyetmə və gənclərə, necə deyərlər, əlaqədar təşkilatların, xüsusilə hərbi komissarlıqların və komsomolun rəngarəng tədbirlərindən daha təsirli olur, onları "vətənin müdafiəsinə" səsləyirdi. Keçmişlərdə qızılaxtaranların Alyaskada nə məşəqqətlər çəkdiyini oxuyub bilənlər isə tələsmirdilər, "lixoratkaya" (qızıl və canan eyni şeydir, təcrübəsiz adamı hara desən çəkib aparar) asanlıqla tutulmurdular.
Yoluxmanın bir səbəbi də belə izah olunmalıdı ki, məktub yazanların əksəriyyəti nə az, nə çox, tərtəmiz "külçədən" bəhs edirdilər. Yəni, general qızlarından! Məsələ burasındadır ki, əsgərliyə gedib bütün bunların əsasən xülya olduğunu görənlərin bir çoxu da sələflərinin bu "prestijini" davam etdirir, çağırışçı dost-tanışları yeni triumflara ruhlandıraraq illərlə formalaşan doğma, əziz mentalitetimizi zədələmirdilər. O hesabnan Sovet Ordusunda qız atası olan minlərlə, bəlkə daha çox general rütbəli hərbiçinin xidmət etməsi bir qədər tərəddüd yarada bilərdi. Hətta bəzən bu xüsusda "sənəd-sübut" da tələb olunurdu. Sonda məsələ yola verilirdi, gedirdi...
...Bizim tay-tuşumuz Ağacəfər Cəfərov əsgərlikdə olarkən qonşu oğlanlara, dost-tanışlara belənçik məktublar yazmadığına görə az qala onu unutmuşduq. Bəlkə də onun əsgərlik keçdiyi hərbi hissədə general rütbəli rəis xidmət etmədiyindən və yaxud da potensial generalın qızı, övladı olmadığından idi. Kim bilir? Hər nədirsə, Ağacəfər belə məktublar yazmamışdı və əsgərlikdən də bir qədər gec qayıdıb, heç rayona da gəlməmişdi. Gəlmişdisə də, görüşüb analoji macəralar danışmadığından, bu, sayılmırdı. Bir-iki dəfə məndən soruşmuşdular ki, Ağacəfəri Bakıda görüb eləyirəmmi, belə cavab vermişdim: rastlaşmamışam.
Bir müddət sonra qohumlarından biri Ağacəfərin Bakıda milisdə yaxşı bir vəzifədə çalışdığını söyləmişdi. Sübut üçün onun milis paltarında çəkilmiş 4x6 ölçüdə fotosunu da göstərmişdi. Özü də kapitan rütbəsi ilə.
Sonralar öyrəndik ki, Ağacəfər həqiqətən o vaxtlar "gecə milisi" geyilən mühafizə bölmələrinin birində sıravi əməkdaşdır. Gələcəkdə Mərdəkandakı milis məktəbinə qəbul olub, orada təhsil almaq, sovet milisində xalqa və dövlətə xidmət etmək arzusu varmış. Sadəcə bir az tələskənlik edərək milisdə çalışan qonşuları Mirzənin pencəyində şəkil çəkdiribmiş...

TƏQVİM / ARXİV