adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Sentyabr 2017 21:08
170852
RUBRİKA
A- A+

"İmam Hüseyn mənə dərs deyirdi..." - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı aktyor, şair Orxan Bahadırsoydur. Adalet.az müsahibəni təqdim edir.

-Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

-Əlbəttə, yuxular bəzi hallarda insanın zaman-zaman baş qaldıran arzu və istəklərinin nəticəsidir. Lakin bu hər zaman belə deyil. Məsələn, mən bir dəfə yuxuda görmüşdüm ki, ölmüşəm, bədənim bozumtul-göy rəngdədir, buz kimi soyuğam və ağzımın suyu tükənib, dilim, damağım bir-birinə yapışıb. Məni tanımadığım adamlar məzara qoyub, üstümə taxta düzmədən, birbaşa torpaq tökürlər. Torpaq dənələri dodaqlarımın arasındakı kiçik boşluğa dolur. Mən də məzarımın sağ tərəfində durub öz dəfn prosesimə qorxu ilə tamaşa edirəm. Belə bir vəziyyəti heç vaxt arzulamamışam, istəməmişəm, amma yuxuda görmüşəm. Odur ki, yuxu təkcə arzuların, istəklərin, xəyal və ümidlərin deyil, həm də qorxuların, təlaşların, problemlərin, faciələrin bir başqa xəyali təzahürüdür.


-Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

-Mən, ümumiyyətlə, xəyali vəziyyətlərə qapılmamağa çalışıram. Mistik hadisələrə də inanmıram. Baxmayaraq ki, bu cür hadisələrlə çox qarşılaşmışam. Yəqin ki, doğulduğum yer, yaşadığım və böyüdüyüm mühit bunlara səbəb olub. Bilirsiz, mən mistik, mövhumi və xurafi inancların zirvədə olduğu bir bölgədə - Lerikdə doğulmuşam, uşaqlığım da orda keçib. Hər ayın ikinci ongünlüyündə "Bu gün Ay bədirlənib, Allah bizi bəladan qorusun!” nidaları dörd yanımdan göyə ucalardı. Onlar ianır ki, Ay bədirlənəndə, pis hadisələr baş verir. Gecə yuxusunda toy görəndə səhər evdən nəzir çıxaran insanların içində böyümüşəm mən. Onlar inanırdı ki, yuxuda toy görüblərsə, ölüm xəbəri eşidəcək, ya da ölüm hadisəsi ilə qarşılaşacaqlar. Hətta mən özüm də iki dəfə yuxumda toy görümüşəm, hər ikisində səhəri ölüm xəbəri ilə açmışam. Lakin bunu da təsadüfdən başqa bir şey hesab etmirəm. Bir sözlə, gördüyüm dəhşətli yuxuların gecəni narahat yatmağımdan başqa həyatıma heç bir təsiri yoxdur və yuxularıma görə heç bir işimi planlaşdırmıram.


-Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

-Əsla. Bu heç vaxt olmayıb. Çünki yuxu yozumlarını qədimdən gələn inanclara uyğun əzbərlədiyim üçün belə bir ehtiyac duymamışam. Nənələrim, xalalarım, bibilərim, digər qohumlarım yuxuları qədim inanclarla o qədər yozublar ki, artıq hamısını bilirəm. Yuxuda ilan görmək səfərə çıxmaqdır, balıq görmək pul qazanmaqdır, it görmək düşməndən xəbər verir, zirvə görmək uğurdur, su görmək xoşbəxtlikdir və s. Bunları o qədər bilirəm ki, hərdən özümü münəccim kimi hiss edirəm.


-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

-On yaşım var idi. Orta məktəbin dördüncü sinifinə yenicə başlamışdım. O vaxt orta məktəbdə bibim mənə dərs deyirdi. Bir gecə yuxuda gördüm ki, sinifdə təkəm. Həyəcanla bibimi və sinif yoldaşlarımı gözləyirdim. Biraz sonra bəstəboy, yumrusifət, ağ libasda, ağ əmmamədə, nurlu siması olan bir kişi sinifə girdi və təbəssümlə salamlaşdı. Mən ayağa qalxıb onun kim olduğunu soruşdum. O əli ilə başıma sığal çəkib, dedi ki, "Mən İmam Hüseynəm, sənə bundan sonra mən dərs deyəcəyəm”. Səhər oyanan kimi yuxunu nənəmə - daha doğrusu, anamın nənəsinə danışdım. O da gülmsəyib, "Sən savadlı, ziyalı, şöhrətli və var-dövlətli olacaqsan” dedi. Həmin vaxt buna ümid etmişdim, inanmışdım. Sonralar anladım ki, az qala hər gün İmam Hüseyn adını eşidən, Məhərrəm aylarında matəm mərasimlərinə qatılıb mərsiyələrə, moizələrə qulaq asan, əlində ələm tutan dəstənin içində sinə döyə-döyə piyada pirlərə gedən bir uşağın bu cür yuxu görməsi də normaldır.


-Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

-Xatırlamıram. Olubsa da xüsusi bir iz buraxmayıb həyatımda. Bir dəfə yuxumda Nobel aldığımı və sevincdən tutulmuş boğuq bir səslə nitq söylədiyimi görmüşdüm. Əlbəttə, bir ədəbiyyat adamı kimi, yuxuda Nobel aldığımı görməyim nə qədər normaldırsa, bir gün buna nail olmağım da o qədər normaldır. Hər halda, ümid edirəm ki, bu yuxum çin olar.


-Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

-Ən yadda qalanı az əvvəl nəql etdiyim nəşimin məzara qoyulması ilə bağlı yuxu olub. O qədər dəhşətli və qorxulu idi ki, heç vaxt onu unutmaram. Ən gözəl yuxu isə həm də mənə uğur gətirən yuxum olub. Bir gecə gördüm ki, köhnə bir binanın son mərtəbəsinin pencərəsindən yaşlı, amma gözəl bir qadın kədər dolu baxışlarını mənə zilləyib. Başına qara yaylıq bağlayıb. Mən də binadan biraz aralıda dayanıb, təəccüblə ona baxıram. Qəribə olan isə bu idi ki, mən pəncərədən evin içini açıq-aydın görürdüm. Divarda ağ-qara şəkillər asılmışdı və masanın üzərində uzun, qara saçlar sərilmişdi. Ertəsi gün "Saçını satan aktrisa” əsərini yazdım. Evi və qadını yuxuda gördüyüm kimi təsvir etdim. Məlumunuzdur ki, həmin əsər də bu il Almaniyada səhnələşdirildi və məni Avropaya aparıb dünya mədəniyyəti, dünya teatrları ilə tanış etdi.


-Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

-Hər halda, alimlərə, elm insanlarına sonsuz inancım, dərin sevgim və hörmətim var. Amma mən yuxularımda hər şeyi müasir filmlərdəki kimi rəngli, effektli görürəm.


-Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

-Mənim ən doğmam, ən əzizim, ən müqəddəsim sənətimdir. Ədəbiyyat və teatr! Odur ki, yuxularım da daha çox bədii və teatral olur.


-Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: "Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

-Tamamilə razıyam. Yuxular qəribədir. Qorxulu olmasa, kabusa çevrilməsə gözəl də ola bilər. Mən isə daha çox qorxulu, dəhşətli, faciə dolu yuxular görürəm. Bunu biraz da öz yaradıcılıq janrımla əlaqələndirirəm. Təsəvvür edin, bu günə qədər iyirmidən çox pyes yazmışam, onlardan cəmi biri komediyadır. Onu da çox uğursuz hesab edirəm. Digərləri isə dram, faciə janrlarındadır. Romanlarımın, hekayələrimin də heç biri xoşbəxt sonluqla bitmir. Şeirlərimdə də nikbin əhval-ruhiyyə yoxdur. Bir aktyor kimi də komik obrazları ruhuma yaxın hesab etmirəm. Kabus kimi yuxularımın səbəbi də bu olsa gərək. Odur ki, mənim yuxulardakı dünyam arzuolunmaz bir dünyadır.


-Dahi yazıçılardan, rəssamlardan, filosoflardan kimləri yuxunuzda görmüsünüz?

-Mikayıl Müşfiqi görmüşəm. Onu sevərək, onu oxuyaraq, ondan ilhamlanaraq ədəbiyyata başladığım üçün, Mikayıl Müşfiqlə yuxularda görüşmək mənim üçün xoşbəxtlik idi. Əlbəttə, bu 15-17 yaşlarımda olurdu. Hər gecə Müşfiqi görmək ümidi ilə yatırdım. Hətta o vaxt, bu yuxulardan birini "Müşfiqlə görüş” adlı poemaya da çevirmişdim. İndi də əlyazmalarımın içində qalır o poema. Başqa heç kəsi görməmişəm.


-Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

-Yuxularımızın gələcək həyatımızda rol oynadığını düşünmürəm ki, bizi həqiqətə çatdırdığını da düşünüm. Bizi həqiqətə elm və sənət çatdırar. Yuxulara, dualara, cadulara, mistik varlıqlara ümid etməklə həqiqətə çatmarıq, əksinə, yalanlara aldanıb, geridə qalarıq. Mənə görə bütün bəşərin xilası elmdə və sənətdədir. Başqa heç bir şeydə.