adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Yanvar 2021 13:33
51502
İDMAN
A- A+

Baggionu "Yuve"dən ayıran oğlan

O, "Yuventus”da futbolun Tanrısı idi. Məhəllədə futbol oynayarkən formasını geyindiyimiz, məktəbə gedərkən yemək pulumuzu xərcləməyib onun şəkillərini alan, uşaqlığımızın qəhrəmanı olan Allesandro Del Pierodan söhbət açacağıq.

Dünya futboluna adını qızıl hərflərlə yazdıran italyan Del Pieronun dahiyanə futbol oynamağı vardı. O, futbolun özüydü, topa sehrli toxunuşu, zərbə texnikası, driblinq tərzi, cərimə zərbələri, meydanda duruşu, böyük matçlarda meydana çıxması, əks-hücumda və ya mövqe hücumunda necə oynanılmalı olduğunu çox yaxşı bilirdi. Biz bu futbol ulduzunu hamıdan yaxşı tanıyırıq. Çox şanslı nəsilik, çox...

 

 

İşsiz ata, qulluqçu ana...

 

9 noyabr 1974-cü ildə İtaliyanın Vento bölgəsində yaşayan kasıb bir ailənin 2 oğlan uşağından ən balacası Aleks idi. Atası hansı işə əlini atsa bəxti gətirmirdi. Anası evlərdə qulluqçuluq edib evin dolanışığına köməklik edirdi. Atasının işlərinin yaxşı getməməsi ailənin didərgin olmağına səbəb olmuşdu. Bir yerdə qala bilməmək Del Pieronu o qədər bezdirmişdi ki, bütün günü qardaşı ilə futbol oynayırdı. Futbol onu sakitləşdirirdi. Bir dəfə dostlarına gələcəkdə yük maşını sürücüsü olub dünyanı gəzmək istədiyini demişdi...

 

 

Futbola qapıçı olaraq başlayır

 

 

Del Pieronun həyat yolu elə bir xətt üzrə gedirdi ki, futbola olan sevgisi ondan əl çəkmirdi. 13 yaşında "Padova” klubunun gənclərdən ibrarət komandasında oynamağa başlayır. 17 yaşında "Padova” ilə ilk müqaviləsini bağlayır. Aleks futbola anasının təkidləri ilə qapıçı olaraq başlayır. Bir vaxtlar "Sampdoria” klubunun formasını geyinən qardaşının təzyiqilə meydanın mərkəz mövqeyində oynamağa başlayır. İki illik "Seriya B” macərasından sonra 19 yaşında olan gənc Del Piero ölkənin ən böyük klublarından olan "Yuventus”un formasını geyinəcək və bu forma ilə böyük uğurlara imza atacaqdı...

 

 

 

İlk qolunu ilk oyunda vurur

 

1993-1994-cü illərdə "Yuventus” formasını geyinməyə başlayan Del Piero ilk qolunu ilk oyununda vurur. Maraqlısı odur ki, əvəzlənmədən sonra oyuna girib rəqib qapısına qol vuran Del Pieronu həm azarkeşlər, həm də klubun məşqçilər heyəti bəyənir. Sonrakı oyunda rəqib "Parma” klubu idi. Bu oyunda ilk 11-də meydana çıxıb "het-trik” edir. Aleksin bu gözəl oyunu milli komandanın məşqçilərinin gözündən yayınmır. İlk olaraq İtaliyanın gənclərdən ibarət milli komandasında forma geyinmək şansı qazanır. "Yuventus” 8 ildən sonra ölkə çempionluğunu yaşayır. Bu uğurda Del Pieronun rolu danılmaz idi. O dövrün istedadlı futbolçularından olan Roberto Baggionu əvəzedici heyətə salan Aleks "Yuventus”un əvəzedilməzi olur. Bu mübarizədə uduzan Baggio "Yuventus”la yollarını ayırıb "Milan”a üz tutur. Lippinin məşqçilik dövründə karyerasının yüksəliş dövrünü yaşan Del Piero meydanlarda şou göstərməyə davam edir. Sezonun sonunda Çempionlar Liqasının kubokuna sahib olur.

 

 

 

 

 

10 nömrə "Yuventus”un tarixinə çevrilir

 

10 nömrəli forması ilə "Yuventus”un tarixinə çevrilirdi. ”Yuventus” dedikdə ilk olaraq ağıla Del Piero gəlirdi. Cərimə vuruşları, uzaqdan vurduğu zərbələrilə rəqib komandaların qorxulu röyası olmuşdu. Ancaq işlər hər zaman yolunda getmir. Kapellonun məşqçilik illərində zədələr ucbatından çox vaxt əvəzedici heyətdə qalır. Bütün bunlara baxmayaraq zədələrini sağaldaraq meydana qayıtdı. Qollar vuraraq azarkeşlərini sevindirməyə davam edən Del Piero 2005-2006-ci illərdə 20 qol vuraraq yenidən İtaliya milli komandasının düşərgəsinə çağırılır.

 

Bundan əvvəl isə 2000-ci ildə milli komanda ilə Avropa çempionatının gümüş medalına sahib olmuşdu. 2006-ci ildə Almaniyada keçirilən Dünya Çempionatında finalda Fransanı məğlub edərək çempionluq yaşayır.

 

 

Dünya kubokunu başı üzərinə qaldırır

 

Dünya Çempionatından sonra Del Piero "Yuventus”un heyətində yenidən əvəzedici heyətdə qalır. Sezon sonunda baş məşqçi Kapello klubdan ayrılır. Aleks baş məşqçinin gedişi ilə bağlı maraqlı açıqlama verir: "O, getməsydi mən klubdan ayrıla bilərdim”.

 

 

 

"Yuventus”un bəxtsizliyi

 

2006-cı ildə İtaliya futbolunda "Yuventus” azarkeşlərini qorxudan hadisə baş verir. "Yuventus” oyun alqı-satqısına görə aşağı liqaya göndərilir. Bəzi ulduz futbolçular klubu bu çətin vaxtda tərk edirlər. Digərlərinin getməsinə baxmayaraq, gəmisini tərk etməyən kapitan və onun dostları Buffon, Birindelli, Takkinardi, İqor Tudor, Trezeqe, Kamoranesi və Nedved komandasını tərk etmir və sadiq qalırlar. Komandanı tərk etmiş Viera və İbrahimoviç haqqında Nedved maraqlı açıqlama ilə gündəmə gəlir: " Bir komanda ikinci liqaya düşə bilər, futbolçular gedər, geriyə sadəcə adamlar qalar”.

Trezeqenin açıqlaması isə daha maraqlı olmuşdu: " Bu vaxt ərzində məni mən edən "Yuventus”a bağlılığımı dərk etdim. Əgər getsəydim komandaya arxa çevirmiş olardım”.

 

İkinci divizionda oynayan "Yuventus” uğurlu mövsüm keçirərək çempion olur. Bu çempionluqda şübhəsiz Del Pieronun danılmaz rolu vardı. Aleks 21 qol vuraraq bombardir olur. Növbəti mövsüm əsas liqaya qayıdan "Yuve” yenidən möhtəşəm oyunlar sərgiləyir. Del Piero yenə 21 qol vuraraq çempionatın ən çox qol vuran oyunçusu olur. Ancaq Del Pieronu zədələr qarabara izləyir, durmadan zədələnən və formasını itirməyə başlayan Aleks karyerasında çöküş yaşayır. 2011-ci ildə "Yuventus”la çempionluq yaşayan Del Piero azarkeşləri sevindirir. Bu çempionluq sevinc gətirsə də, azarkeşləri məyus edən Del Pieronun komandadan getməsi idi...

 

 

Ayrılıq...

 

Azarkeşlər bir il daha Aleksin "Yuventus”da qalmasını istəsələr də rəhbərlik buna yox deyir. Və beləliklə, "Yuventus”la Del Pieronun yolları ayrılır...

Bir çox klubdan təklif gəlməsinə baxmayaraq, Aleks bu təklifləri rədd edir. 19 illik tər tökdüyü "Yuventus”dan sonra kluba və azarkeşlərə yazdığı məktub hər kəsi duyğulandırır: "Sizlərlə güldüm, sizlərlə ağladım. Amma ən doğrusu odur ki, mənim üçün bir yuxunu gerçək etdiniz. Hər zaman sizlərləyəm, oyunçular gedər, "Yuventus” qalar. Qarda, yağışda və isti günəş altında bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm. Məndən sonra gələnlər "Yuventus”u daha irəliyə aparacaqlar. Əlvida!”

 

 

10 nömrə

 

Del Pieronun bu məktubundan sonra rəhbərlik 10 nömrəli formanı muzeyə qoymaq istəyirdi. Ancaq Del Piero bu addımın doğru olmadığını bildirmişdi. Ən yaxın dostlarından olan Pirlo bu qərarına belə cavab vermişdi: "Aleksin dediklərinə qatılıram, 10 nömrəli forma muzeyə getməməlidi, gənc oyunçular o nömrənin xəyalı ilə böyüməlidir”.

Del Piero televiziya aparıcısı Sonia Amuroso ilə ailə həyatı qurub. Bu evlilikdən onların iki övladı dünyaya gəlib.

 

2012-ci ildə "Yuventus”dan ayrılaraq Avstraliyanın "Sidney” klubu ilə 2 illik müqavilə imzalayır. 28 avqust 2014-cü ildə "Delhi Dynamos” klubu ilə 4 aylıq müqavilə imzalayır. 2015-ci ildə futbol karyerasını bitirir.

 

Del Piero bu illər ərzində bir çox uğurlara imza atır:

21 yaşadək milli komandalar arasında Avropada ilin futbolçusu, 1997-1998-ci illərdə Çempionlar liqasının bombardiri, 2002- ci ildə Avropada ilin futbolçusu, 2000-ci ildə İtaliyada bombardir, 2006-cı ildə "Yuventus”da ən çox qol vuran futbolçu, 2007-ci ildə qızıl butsı və 2008-ci ildə "Yuventus” tarixinin ən çox hörmət bəslənən oyunçusu olur.

 

Sübhan Mahmudov