adalet.az header logo
  • Bakı 20°C
22 Sentyabr 2017 10:46
162560
RUBRİKA
A- A+

Yuxularım boz rəngdə olur... - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı teleaparıcı, jurnalist Pərvin Əsgərlidir. Adalet.az müsahibəni təqdim edir.


-Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

-Əslində doğrudur. Gündəlik fəaliyyətimizdən bəzi məqamlar şüuraltı olaraq müxtəlif forma və vasitələrlə yuxumuzda ortaya çıxır. Bir növ bunu mesaj kimi də qəbul edə bilərik. Yuxu yozumu ilə bağlı qərb və şərq yanaşmasının tərəfdarı deyiləm. Amma Qərb alimlərinin fikirləri daha çox mənim fikirlərimlə üst-üstə düşür. Belə düşünürəm ki, burda xüsusi bir mistika axtarışına ehtiyac yoxdur. Yuxu sadəcə gündəlik yaşantımızdan geri qalan ən yaddaqalan məqamların yuxumuzda yenidən peyda olmasıdır. Sadəcə bir az fərqli və dəyişik formada.


-Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

-Yox mən yuxuya görə plan qurmuram. Realist biri olduğuma görə yuxuya elə yuxu kimi də yanaşıram. Düzünü desəm çox nadir hallarda yuxumu xatırlaya bilirəm. Adətən yuxuda gördüklərimi unuduram. (gülür) Səbəbini də bilmirəm.


-Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

-İnanın yuxuya mən bir az da əyləncəli bir hadisə kimi yanaşıram. Onu o qədər də ciddiyə almıram. Bəzən dostlar, tanışlar danışır ki, axşam çox əcaib və yaxud da qorxunc yuxu görmüşəm. Görəsən günüm necə keçəcək? Yəni bir az narahatçılıq keçirdiklərinin şahidi oluram. Məndə isə elə deyil. Yuxu idi, gördüm, bitdi, getdi. Vəssalam. Düzü o qədər məşğul oluram ki, gün ərzində gördüyüm yuxunun aqibəti haqqında düşünməyə vaxt qalmır.


-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

-Yox. İnanmıram.


-Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

-Çox yaxşı sualdır. Bir fikirləşim qoy. Yuxularımın çin olduğunu xatırlamıram. Adətən belə eşitmişik də.Yuxuda gördüklərimizin əksi olur reallıqda. Məndə isə heç biri olmayıb hələki. Amma bəzən çin olmasını istədiyim yuxularım olur. İnşallah bir gün onlar çin olacaq. Məmnuniyyətlə onda sizinlə bölüşəcəm. (gülür.)


-Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

-Ən yaddaqalan yuxumda çox hündür bir dağdan yıxılmışam. Hələ də unuda bilmirəm. Həqiqətən yuxuda çox qorxmuşdum.


-Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

-Yuxularım daha çox boz rəngdə olur. Düzünü desəm yuxunun ağ və yaxud da qara olub-olmaması məsələsi mənim üçün də müəammalı olaraq qalır. Çünki görüdüyüm yuxuların əksəriyyətinin hansı rəngdə olduğunu xatırlaya bilmirəm. Əslində yuxunun unudulması normaldır. Bunu alimlər də araşdırıb və sübut ediblər ki, yuxuların 90%-ni oyandıqdan 5 dəqiqə sonra unuduruq.


-Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

-Daha çox valideynlərimi yuxumda görürəm. Onu da qeyd edim ki, hər ikisi həyatdadır. Amma nədənsə yuxumda daha çox onları görürəm. Ola bilsin ki, həyatda daha çox dəyər verdiyim insanlar olduqlarındandır.


-Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: "Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

-Fikrimcə oyanıq olanların dünyasında mübarizə aparib qalib gəlmək və yaxud da uduzmaq daha mürəkkəbdir. Nəinki yuxuda olanların dünyasında.Yuxuda vaqe olanlar isə biz göz qapaqlarımızı açana qədər bizə hakim kəsilir.


-Dahi yazıçılardan, rəssamlardan, filosoflardan kimləri yuxunuzda görmüsünüz?

-Rəssam və filosof hələ ki, görməmişəm yuxuda. Sonuncu dəfə yuxuda Çingiz Abdullayev mənə yazdığı kitabı hədiyyə edirdi. İnana bilməzsiniz sevincimin həddi hüdudu yox idi. Ayıldım və yuxu olduğunu biləndə çox məyus olmuşdum. (gülür) Çingiz Abdullayevin daimi oxucularındanam. Və həyatımdakı müəyyən dönəmlər olub ki, oxuduğum Çingiz Abdullayev kitabları məni xilas edib. Oxuduqca sanki aydınlanıram və fikirlərim zənginləşir.


-Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

- Deməzdim ki, yuxularımız bizi həqiqətə çatdırır. Sadəcə olaraq həyatda reallaşmasını istədiyimiz lakin reallaşmayan hadisələr yuxumuza girir. Bu da onu göstərir ki, yuxu şüuraltı qatımızda qalanların inikasıdır.