adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

AYRILIQLAR

FƏRİDƏ RƏHİMLİ
28392 | 2017-09-23 10:01
İnsan qaranlıq dünyadan - ana bətnindən bu, işıqlı dünyaya düşəndən yenidən başqa bir dünyaya doğru irəliləyir. O dünyanı ölüm də adlandırırıq, "o dünya" da, sonsuzluq da... Amma məncə o dünyanın əsl adı ayrılıqdı.
Hər kəsin yaşadığı mühitdə bir simsarı, dostu, sirdaşı, heç olmasa "qulaq yoldaşı" olur. Bunsuz həyatda yaşamaq mümkün deyil. Amma ətrafındakılar sadəcə yoldaş deyil, dost, anlayan biri olursa, o zaman insan yarım qalmır, özünü xoşbəxt, arxalı, köməkli hiss edir və bu hiss onu yaşamağa həvəsləndirir. "Dost gedib, özümə gələ bilmirəm", "Aman ayrılıq", " Gedişin qəlbimi tari-mar etdi" və sair kimi kəlmələr də bu ayrılıığın hüznünün ifadəsi olaraq dilimizdə şeir, qəzəl, mahnı kimi dolaşmaqdadı.
Pikassoya xoşbəxtlik haqda sual vermişlər, "O insan xoşbəxtir ki, onun anlayanı var" demiş. Bəli, həyatda xoşbəxt yaşamaq üçün birinci növbədə səni anlayan, duyan, olduğun kimi qəbul edən birilərinin olması şərtdir. Var-dövlət, yaşamaq üçün zəruri olan digər şeylər ikinci plandadır.
Amma insan müəyyən yaşa gəldikdə içini bir qorxu sarır - yaxınlarını, dostlarını, anlayanlarını itirmək qorxusu. Heç bir sevdiyimizi istəyimizcə tutub saxlaya bilmirik bu həyatda, gələndə bizim istəyimizlə, iradəmizlə gəlmədiyi kimi, gedəndə də bizdən soruşan olmur biz buna hazırıqmı. Əslində doğma bildiklərini itirməyə heç vaxt hazır olmur insan. Doğuluşdan bəri ölümə doğru addımladığını hər kəs bilsə də, o əbədi ayrılığı kimsə qəbul edə bilmir, həzm edə bilmir. Bəziləri imanı sayəsində bu ayrılığı normal qəbul edərək - hamımızın yolu orayadır - deyib başqalarına təskinlik verə bilirlər. Üsyan edən, asi düşən, "nədən?" hayqırtısı ilə ətrafın göz yaşına səbəb olanlar daha çox olur.
Hər gün bir addım "oraya" yaxınlaşırıq, hər gün yuxudan oyandıqda kimsə həvəslə - o dünyama, məzarıma bir addım daha yaxınlaşdım demir. Halbuki ən real həqiqətimiz budur.
Biri Allaha üz tutub: Yarəbb, sənin varlığına inanmaq istəyirəm, mənə bir işarə ver ki, sənin olduğuna inanım - deyir. Bu zaman qonşuda bir uşaq doğulur, çığırtısı ətrafı bürüyür, ağacdan bir yarpaq düşür, gülün budağı üstündə bülbül cəh-cəh vurur. Külək əsib adamın saçlarını yellədir. Adam yenə deyir: Allahim mən səndən rica etdim axı. Mənə möcüzəni göstər. Tanrım məni cavabsız buraxdın. Qeybdən nida gəlir: Ey insan bir yarpağın düşməsi belə, Allahın iradəsindən asılıdır. Sən
ətrafındakı bu qədər möcüzəyə laqeyd qalıb yenə işarət istəyirsən? Sənin gözlərin, düşüncən bu qədərini görməyə qadir deyilsə, başqalarını günahkar bilmə.
Bəli, ətrafimiz möcüzələrlə doludur. Eyni zamanda o möcüzələri duyan insanlarla. O duyğulu insanların bir-birlərini anlamağı da asandır. Amma bəzən yolun yarısında itiririk onları və bir tərəfimiz boş qalır. Yeniləri gəlib onun yerində durur, ancaq o olmur bizim üçün...
Yaşlandıqca ətrafımız seyrəlir. O zaman "Bizim dost itirən vaxtımız deyil" deyirik. Məzarı üstündə "O dünyada görüşənədək, dost!" kəlməsiylə artıq həyata, fələyə təslim olduğumuzu ifadə edirik. Ölümdən qaçmağın mümkünsüz olduğunu təsdiq edirik.
Bir təsdiq də Əbülfət Mədətoğludan:

Qurtardım dünyanın əzablarından
Axır ki, gözümdə yaş da sevindi...
Məni qucaqlayan torpaqla birgə
Nişanəm olacaq daş da sevindi.

Amma qurtarırıqmı əzablardan, o müəmmadı hələ...
İlk ağlım kəsən itkilər uşaqlıq illərimə təsadüf edib. O illər o qədər qorxunc təsir edirdi ki, qırx gün qaranlıqda vahimədən evdən bayıra çıxa bilmirdik. Böyüklər elə bir hüzn içində idilər ki... Babam, qohumlar, qonşunun əsgər oğlunun bütün kəndin hüznünə çevrilən itkisi - yavaş-yavaş alışdığımı zənn etdim...
Bəzən həyatda elə insanlar olur ki, görüşməsən də, düşüncələrin, fikirlərin, mənəvi dünyan o qədər üst-üstə düşür ki, o insanı dostun, sirdaşın bilirsən. Həyatı anladıqca dostlardan, anlayışlı insanlardan daha bərk yapışmağa çalışırsan. Amma olmur, getdilər mənəvi dostlarım ard-arda - qəzetimizin dərdli, duyğusal yazarı Vəsilə Usubova, Qarabağ həsrətli, qiymətini bu dünyada ala bilməyən dəyərli şair Vahid Əlifoğlu, qəzetimizin duzlu-məzəli yazılarının əvəzolunmaz müəllifi Oktay Salamov və bir də sizin tanımadığınız, amma mənim həyatımda izləri qalan çoxlu sayda insanlar... Düşünün ki, arxalandığın, hər zaman güvən, inam, məsləhət yerin olan insan bir gün səni tərk edir və həyatda yetim uşaq kimi köməksiz qalırsan. Əlin, səsin heç yerə çatmır, yarım qalırsan və bu həyatı o insanlarsız başa vuracağını düşündükcə bağrın çatlayır. Küsürsən həyatdan, insanlar səni qaraqabaq, adamayovuşmaz zənn edir, amma içindəki fırtınadan kimsənin xəbəri olmur - Dost gedib, özümə gələ bilmirəm - fəryadı içini yandırır, tüstün təpəndən də çıxmır, içini dumanlandırır, içini zəhərləyir zaman-zaman...
Həyat çox qısadır - zənn etdiyimizdən də qısa. Bu qısa həyatda könül qırmaq, təkəbbürlə başqalarını naümid qoymaq, özünü başqalarından üstün tutmaq, əlində olan imkanları yalnız özünə sərf etmək, ehtiyacı olanları görməzdən gəlmək insanın bu dünyanı anlamadığı, faniliyini dərk etmədiyi anlamına gəlir. Amma bir təbəssümlə də olsa birini sevindirmək, maddi-mənəvi imkanınla başqalarına ümid yeri olmaqdan gözəl heç nə yoxdu bu həyatda. Ən çox sevdiyin birini bu dünyada tutub saxlaya bilmirsənsə, o zaman niyə anlamırsan ki, bu saxtakarlıqların, artistiklərin, ikiüzlülüklərin, buqələmun tipli dəyişmələrin kimsəyə gərək deyil?
Dünyada yalnız sevgi, yaxşılıqlar qalacaq. Ona görə də bir-birinizdən təbəssümü, sevgini əsirgəməyin və sevdiyinizi etiraf edin!

TƏQVİM / ARXİV