adalet.az header logo
  • Bakı 16°C

YADDAŞDA MÜƏLLİM İZİ

FƏRİDƏ RƏHİMLİ
93460 | 2017-10-06 18:03

5 oktyabr Beynəlxalq Müəllim Günü münasibətilə yazılan xatirələrdən, təşəkkürlərdən ondan birində Makedoniyalı İsgəndərin, müəllimi Aristotel haqda, Əli əleyhüssəlamın, Ulu Öndər Heydər Əliyevin müəllimlər haqqında dedikləri sözlər mütləq xatırlandı. Bu onu göstərir ki, yaranışdan ta üzübəri hər bir zaman kəsiyində insan onu öyrədən, həyata hazırlayan, ona elm, bilik, həyat təcrübəsi verən insanı daim dəyərləndirib, qiymətləndirib və ömrünün sonuna qədər bu müqəddəs insanı unutmayıb.

Müəllimlərimi yalnız Müəllim Günündə deyil, tez-tez xatırlayıram. Dəfələrlə ilk müəllimim Güllü xanım Aslanova haqqında yazılarım olub. Bu günə qədər də onu minnətdarlıqla xatırlayıram. Sonrakı illərdə də üzərimdə zəhməti olan müəllimlərimə həmişə borcluyam, amma ilk müəllim sanki ilk məhəbbət kimidir – heç unudulmur...

Bu gün isə övladlarımın müəllimi haqda yazmağı özümə borc bildim. Bu borc uzun illərdir ki, boynumdadır. Uşaqlar böyüyüb, ailə quranı var. Amma elə şeylər var ki, onları illərin qarmaqarışıq olayları, qayğılar, iş-güc... unutdurmur.

Mənə üz vermiş ağır itkidən sonra həyat sanki durmuşdu mənim üçün. Qaçqınlıq illərinin təlaşları, narahatlıqları, əzizlərimin didərgin həyatı da bu itkinin üzərinə gələrək

üzüntümü bir az da artırmışdı. Təlatümlü okeanın ortasında avarsız qayıq kimiydim. O itkidən bir il keçməsinə baxmayaraq özümə gələ, oğlumun ilk dərs ilinə başlaması sevincini yaşaya bilmirdim. Ona özümü şən göstərməyə çalışsam da, içim qan ağlayırdı. O, sağ olsaydı, bu ilk dərs gününün başqa təmtəraqda olacağına əminliyim içimdəki leysanı durmadan üzümdən aşağı axıdırdı.

Uşaqları məktəbin zalına toplayıb ilk gün münasibətilə valideynləri təbrik edir, nələrsə danışırdılar. Mənsə onları duyacaq halda deyildim. İçimdən gözlərimə axan seli təmkinimlə güclə saxlayırdım. Ən böyük istəyim bu an zaldan çıxıb, kimsəsiz, sakit bir küncə qaçmaq, var gücümlə qışqıraraq ağlamqdı.

Bu zaman çiynimə bir əl toxundu. Leyla xanımdı – oğlumun müəlliməsi olacaq qadın. Yaşlı gözləriylə üzümə baxaraq: Halından anlayıram içindəkiləri, möhkəm ol, - dedi. – Səbirli ol, həyat belədir, dəyişə bilmərik. Qorxma, birlikdə böyüdəcəyik balamızı. Onu ən yaxşı kişilərdən biri edəcəyik!

Səsindəki inam, əminlik sanki içimə təpər gətirdi. Bayaqdan zorla tutduğum göz yaşlarım anlayışlı bir həmdərdim qarşısında aramsız axmağa başladı. O da mənə qoşuldu və məni qucaqlayaraq: Mənə inan!, - dedi.

Uşaqların elm, bilik qazanması üçün canını qoyurdu Leyla xanım. Sözünə xilaf çıxmadı. Təkcə mənim deyil, bütün sinif uşaqlarının eyni tərzdə qayğısına qalardı. Bilik əldə etmələri üçün dərsdən sonra da uşaqlarla çalışırdı. Tənəffüslərdə oynayıb tərləyən uşaqları öz balası kimi tənbehləyərək, evdən

məhz bunun üçün gətirdiyi əski parçasını kürəklərinə qoyar, soyuqdəymədən qoruyardı. İmkanı olmayan uşaqlara cüzi maddi imkanı ilə yardım da edərdi. Valideynlərin ayrı-ayrılıqda hər biri ilə rəfiqə kimi idi. Hər kəsin dərdinə şərik olmağa çalışırdı.

Bir neçə il keçdi və qızım da məktəb yaşına çatdı. O da Leyla xanımın sinfində oxumalı oldu. İlk gündən bu cılız, balaca qarayanız qıza qanı qaynamışdı müəllimənin. Bir də atasız böyüməsi Leyla xanımın mərhəmətli ürəyini ona daha çox qayğı göstərməyə sövq edirdi. Ənənəyə görə, birinci sinif şagirdləri on birincilərə gül hədiyyə edir, onlar isə kiçik fidanlara müxtəlif hədiyyər bağışlayırdılar. Qızımın ilk dərs ilində onun da oğlu məzun olurdu. Leyla xanım oğlunun bağışlaması üçün aldığı hədiyyənin qəsdən qızıma düşməsini təşkil etmişdi və sıxılmayım deyə, bunun guya təsaüfən olduğunu söylədi.

Evin , ailənin idarəsi iki adam – qadın və kişi tərəfindən olarsa, hər şey düzənində olur. Amma ailənin bir üzvü iki nəfərin vəzifəsini, yükünü çiyinlərinə daşımaq məcburiyyətində qalanda həyat yolunda addımlamaq çox çətin olur. İçində gəzdirdiyin qüssə bir yana, qayğılar, möhnətlər, maddi, mənəvi sıxıntılar və milli dəyərlərin, mentalitetin, "ağzıgöyçəklərin qanunlarına” uyğun davranış tərzini gözləmək asan olmur. O üzdən ailə dolandırmaq üçün hər istədiyin yerdə işləmək də mümkün olmur. Gözlərdən – baxışlardan oxuduğun qınaqlar, təəssüflər, "əhsən”lər bir-biriylə tərs mütənasib olur. Nəysə, bunlar keçmişdə qaldı artıq... demək istədiyim oydu ki, elə bir zamanda uşaqları tələb etdikləri, arzuladıqları hər şeylə təmin etmək gücüm yox idi.

Adətən valideynlər , uşaqlarına çəkdikləri zəhmətə görə müəllimlərə hədiyyələr verirlər. Dördüncü sinfi bitirəndə isə müəlliməsi qızımın sevdiyi və o zaman mənim almaq imkanım olmayan bir gəlincik hədiyyə etmişdi. O (o vaxt üçün dəbdə olan "mama, papa” deyərək uşaq səsi çıxaran gəlincik) hədiyyə uşağı elə xoşbəxt etmişdi ki, hətta müəlliməni qısqandım belə.

Bəli, indi uşaqlar böyüyüb, çox şükürlər olsun istədiklərini mən də, özləri də qazanıb ala bilirlər, amma uşaqlıqda arzulayıb, nail olmadıqların heç zaman unudulmur. Bir haşiyə çıxım: Tanıdığım bir hörmətli adam danışırdı ki, ögey ana əlində böyüdüm. Analığım evdə olan almanı öz uşaqlarına yedirirdi, mənə vermirdi. İndi oxumuşam evim, işim, yaxşı maaşım, hətta yük maşınıyla bir almanı alıb, yetim uşaqlara paylamaq gücüm var, amma içimdəki o kiçik uşağın nisgili – alma istəyi keçmir ki, keçmir... Bəli, qızımın o zamankı arzusunu çin eləyən Leyla xanıma o qədər minnətdar oldum ki, o gün, həm də doyunca ağlatdı məni bu diqqət... İndiyə qədər də qızım o gəlincikləri (həm oğlunun, həm də özünün bağışladıqları) ən əziz xatirə saxlayır.

Leyla xanım Məmmədova Xırdalan şəhər 3 saylı B.Cəfərov adına məktəb-liseyin sinif müəlliməsi idi, yaşla əlaqədar təqaüdə çıxıb İşdən getməsinə baxmayaraq adı həmişə hörmətlə yad edilir. Qızımla onu tez-tez xoş təəssüratlarla xatırlayırıq. Hər dəfə gedib ziyarət etmək barədə sözləşirik, amma gündəlik qayğılar, iş-güc bəhanəmi, manemi olur, hər nəysə, gedə bilmirik, ömür də beləcə keçir.

Müəllim gününüz – hər gününüz mübarək, Leyla müəllimə! Siz müəllim adına ən çox layiq olan, o adı şərəflə daşıyan və həyata hazırladığınız yüzlərlə şagirdin və onların valideynlərinin qəlbində əbədi yaşayan xoşbəxt insansınız. Sizə uzun, sağlam, qayğısız ömür arzulayıram!


TƏQVİM / ARXİV