adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

LEYLƏKLƏR DƏ HACIDIR...

FƏRİDƏ RƏHİMLİ
179422 | 2017-10-14 00:34
Həcc müsəlmanlara vacib olan əməllərdən biridir. Digər əməllərdən fərqli olaraq, ömürdə bir dəfə yerinə yetirilsə də, kifayət edir. Vacib Həcc ziyarəti hicri qəməri təqviminin Zülhiccə ayında yerinə yetirilir. İlin digər aylarında yerinə yetirilən müstəhəb ziyarətlərə isə "ümrə" deyilir. Həcc ziyarəti müqəddəs Məkkə şəhərində yerləşən Kəbə Evində və onun ətrafında yerləşən yerlərdə yerinə yetirilir. Həcc ən qədim ziyarətlərdən hesab olunur. Buraya ziyarətə gələnlərə hörmət əlaməti olaraq "Hacı" ləqəbi verilir. Həcc həm də Quranın 22-ci surəsinin adıdır. Həcc əməlləri: Həccin lügəti mənası "qəsd", "niyyət", "məqsəd" deməkdir. Həcc - şəriətdə müəyyən olunmuş zaman və şəraitdə Kəbəni ziyarət etmək və orada yerinə yetirilməsi vacib buyurulan əməllərə riayət etməkdir. Həccə gedən şəxs qohum-əqrabasından, dost-tanışlarından halallıq almalı, evində olmadıgı müddətdə ailəsinin maddi ehtiyaclarını təmin etməlidir. Həccə gedərkən vəsiyyət etməli, bütün borclarını ödəməli, kimdən alacagı varsa, ailə üzvlərinə bildirməlidir. Həcdən qayıdarkən insan mənən təmizlənmiş, paklanmış olur. Calışmaq lazımdır ki, tövbə olunmuş günahlar təkrarlanmasın və hacı adına layiq olsun. Allah-Taala Qurani
Kərimdə "Ali-İmran" surəsi, 97-ci ayədə buyurur: "Onun yoluna gücü çatan hər bir kəsin Həcc ziyarətinə gedib, o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu inkar edərsə, özünə zülm etmiş olar. Əlbəttə, Allah aləmlərə möhtac deyildir".
Həccə getmək ücün insanın həm maddi, həm mənəvi hazırlıgı olmalıdır. Həcc - insanlar arasında vəhdətin, bərabərliyin simvoludur. Dilindən, milliyətindən, sosial statusundan asılı olmayaraq, həcc zamanı hər kəs eyni olur!
Bəl, bu haqda yazını uzatmaq da olar, amma müsəlman ölkəsinin vətəndaşları olduğumuzdan hər kəsin az-çox bu barədə məlumatı var və bu yazıda məqsədim də bu vacib əməli sizə xatırlatmaq deyil, əksinə bu müqəddəs əməldən öz çirkin məqsədləri üçün istifadə edənlər haqdadır.
Bir zamanlar yalnız möminlər Həccə gedərdi, indi daha çox şeytanlar Həccə gedir. Şeytan daşlama mərasimində oradakı daşlanan şeytan başını çıxarıb bunlara: Səndəmi məni daşlayırsan, sənin əməllərinin yanında mənimkilər toya getməldi ki!- söyləsə, təəccüb etmərəm.
İndi imanı olandan çox, imkanı olanlar Həccə gedir. Ev yıxmaqla, işverənliklə, yaltaqlıqla, yarınmaqla, yetim malı yeməklə, böhtanla, şantajla pul qazanıb Həccə gedənlər günahlarını oradaca təmizləyib gələcəklərini zənn edirlər. Hər il Həccə getməklə ilboyu bilərəkdən etdikləri günahların yuyulacağından əmin olan bu zavallılar, bununla daha böyük günaha girdiklərinin fərqində belə deyillər.
İmanla yaşayan, Allahın vacib əməlini yerinə yetirə bilmək üçün özünü oda-közə vuran, halal zəhmətinin bəhrəsiylə Həcci qazanan möminlərə sayqım, hörmətim sonsuzdur. Hər bir müsəlmanın arzusudur ki, bu ziyarətə ömrünün sonunda da olsa nail olsun. Amma tanıdığım çox "hacı"lar var ki, əməlləri ilə hacı adları tərs mütənasibdir. Yəni, bildiyimiz bütün şərəfsizliklərə malik olan bu adam hər kəlməsində "mən hacı adamam", "mənim sözüm hacı sözüdür", "mənim əlim hacı əlidir" və sair kimi mənasız sözlərlə kimlərinsə gözlərini boyamaqla özlərinin mömin imicini yaratmağa çalışsalar da, əməlləri, nəinki müsəlmana, kişiliyə, insanlığa yaraşmayan hərəkətlərdir.
Riyakarlıq, yalan danışmaq, qeybət, qadınlara əxlaqsız təkliflər etməklə, böhtan atmaqla məşğul olan, "Mənim qəlbimə dəyən xeyir tapmaz" deyərkən, Quranda imanın şərtlərindən biri kimi göstərilən Qədərə, yəni olmuş və olacaq hər şeyin (xeyrin və şərin) Allahdan olduğuna inamsızlıq nümayiş etdirdiyindən xəbəri yoxdur. Yəni, Yaradandan başqa birindən xeyir tapmaq istəyini aşılamaq özü politeizmdir.
Qurandan xəbəri olmadan özünü mömin adlandıran belə imansızların üzündən Həcc və Hacı kəlməsi də artıq məsxərə yeri olub.
Şair Məmməd Qədirin bu şeiri mövzuya uyğun olduğundan nəzərinizə çatdırmaq istəyirəm.

Harama meyillidir,
Ürək müsəlman deyil.
Vaxtında kəsilməyib,
Külək müsəlman deyil.

Hər şüşədən div çıxır,
Şeytanı min növ çıxır,
Gündə neçə ev yıxır,
Fələk müsəlman deyil.

Nəfsdən tutdum pəhriz,
Belə buyurmuş hədis,
Nə şeytan, nə də iblis,
Mələk - müsəlman deyil.
Elm başın tacıdır,
Hər zirvədən ucadır,
Doğulandan hacıdır -
Leylək müsəlman deyil...

Dünyada 1.2 milyarddan çox müsəlmanın mövcud olduğunu deyirlər. Hər gün də bu rəqəm artmaqdadır. Amma onlardan hamısının müsəlman olmadığı açıq-aydın ortadadır. Bunların əksəriyyəti əməllərinə görə müsəlmanlıqdan çox-çox uzaqdırlar. Riyakarlıqla, ikiüzlülüklə insanların inamından istifadə edərək özünü müsəlman kimi qələmə verib, hacı adından titul kimi istifadə edən bu zavallılar düşünmürlər ki, bütün bunların cavabını verəcəkləri yerdə heç kim, heç nə köməklərinə gəlmək gücündə olmayacaq. Və iyrənc əməlləri ucbatından sol çiyninin əyildiyindən (pis əməlləri yazan mələklər insanın sol çiynində olur) xəbəri olmayan bu imansızlar müsəlman adına da, insan adına da ləkədirlər.
İmanın altı şərti var: 1.Allaha iman. 2.Mələklərə iman. 3.Kitablara (səmavi- F.R) iman. 4.Peyğəmbərlərə iman. 5.Axirətə iman. 6.Qədərə iman.
Bu şərtləri qəbul etmiş, mənimsəyib içində daşıyan insansa, pis əməl sahibi ola bilməz.
Son zamanlar hicablı qızlarımızın da, saqqallı oğlanlarımızın da sayı sürətlə artmaqdadır. Gənclərimizin elmlə bərabər, dinimizi, müqəddəs kitabda buyurulanları da mənimsəmələri, əməl etmələri gözəldir. Amma cahilcə, fanatikcə, xurafat anlayışıyla (bəzən də dəb üçün) kütləvi şəkildə bu sahəyə axın təriqət ayrı-seçkiliyi kimi, hətta İŞİD kimi təhlükələrin yaranmasına gətirib çıxarır.
Hacılar, məşədilər, kərbəlayılar çoxaldıqca, əsl müsəlmanlar, imanlılar azalmağa başladı. Bu adları bir titul kimi fəxrlə öz adlarının qarşısına pərçimləməklə cəmiyyət arasında hörmətli olacaqlarını düşünənlər bilmirlər ki, onlara inanıb, hörmət edənlər də ya onların özü kimi cahillər, ya da abırına qısılıb onların əməllərinə göz yumaraq susanlardır. Din pərdəsi altında Qərbin missiyasını yerinə yetirən təriqətlərin, sektaların, qrupların fəaliyyətləri get-gedə güclənməkdədir. Bunların üstünə də cahil, özündən müştəbeh imansız "hacıları" da gəlsək, onda vay müsəlman ölkəsi kimi bizim halımıza! Müsəlman ölkəsində doğulmaq hələ, müsəlman olmaq deyil.
Şeirdə deyildiyi kimi, leylək anadan hacı doğulsa da, müsəlman deyil...


TƏQVİM / ARXİV