adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

NƏ YAZIM?

SEYFƏDDİN ALTAYLI
542267 | 2017-10-21 00:17
Salam, əziz oxucular! Neçə müddətdir müəyyən səbəblərə görə yaza bilmirdim. Nəhayət ki, imkan tapdım və inşallah bundan sonra daimi olaraq sizinlə görüşə gələcəyəm. Tanrının bəşəriyyətə yolladığı sonuncu din olan İslamın peyğəmbəri Hz. Məhəmməd yazmaq haqda deyib ki, "Biliyi, yazı ilə möhkəmləndirin!", deməli, yazmağın birinci şərti bilikdir, məlumatdır. Ludwig Wittgenstein isə, "Yazmağa başlamazdan qabaq düşünməyi öyrənmək vacibdir" deyib. Mən də yazmağa başlamazdan öncə bir xeyli fikirləşdim, nə yazım, nəyi dilə gətirim?
Düşündüm ki, müsəlman dünyasının indiki vəziyyətinə öz prizmamdan yanaşım. Müsəlman ərəb dünyası Ulu Peyğəmbərimiz zamanında dirçəlib, xəlifə Hz. Ömər zamanında imperiya olmuşdu. Bəzi din alimləri, xüsusi ilə də fars şovinizminin ideoloji tələsinə düşənlər uzun illərdən bəridir Hz. Əli ilə digər üç xəlifə, yəni Hz. Əbubəkr, Hz. Ömər və Hz. Osman arasında siyasi ixtilaf olduğuna inanır. Mən şəxsən onların arasında belə bir ixtilafın olduğuna inanmıram. Səbəbi də budur: Hz. Əli, Allahın "aslanım" dediyi bir şəxsiyyətdi, heç kəs onun gücü qarşısında dözüm gətirə bilməzdi. Üstəlik dörd xəlifənin ikisi Ulu Peyğəmbərimizin kürəkəni, ikisi də qayınatası idi, yəni Hz. Əli də Peyğəmbərimizin kürəkəni idi, dolayı yolla da Hz. Əli digər xəlifələrlə qohum idi. İkincisi, isə Hz. Əli onlar xəlifə olduğu vaxt gedib arxalarında dayanıb namaz qılmışdı, yəni onların xəlifəliyinə qarşı çıxmamışdı. Bir digər önəmli nöqtə isə Hz. Osmanın öldürüləcəyi haqda xəbər aldıqda oğulları Hz. Həsən ilə Hz. Hüseyni yolluyaraq gecə onun qapısında keşik çəkdirərək qorumuşdu. Yəni Hz. Əli ilə digər xəlifələr arasında hər hansı probləm yoxdu, olsa belə indi durub 1400 il qabağın məhkəməsini qurmağa haqqımız yoxdur, onlar artıq Haqqın dərgahına köçüblər, hər bir şey Tanrının hökmünə tabedir, kim səhvdir, kim düzdür, onu təyin edəcək qüdrət də odur.
İranda Hz. Əli xaricində, xüsusi ilə də Hz. Ömərə qarşı bəslənən kinin kökündə İranın onun vaxtında qılınc zoruna İslam dövlətinə tabe edilməsi və atəşpərəst olan farsların qılınc gücünə islamlaşdırılmasıdır. Bu əsnada da on minlərlə fars qətlə yetirilib, buna görə farslar Hz. Ömərə kin bəsləyir. Onların eybəcər siyasəti İran coğrafiyasında yaşayan Güneyli qardaşlarımıza və digər bölgələrdəki şiələrə də yoluxub.
İslam dünyasına bu gün nəzər saldığımız zaman isə qarşımızda içindən çıxılması çətin olan həddən artıq mürəkkəb problemlər dayanır. Demokratiyanı öz şəxsi mənafeləri uğrunda yüksək səviyyədən dilə gətirərək bəşəriyyətin başına bəla kəsilən soyğunçu ABŞ, demokratiya terminini hardasa din səviyyəsinə çatdırıb. Minbir bəhanə ilə İraqı işğal etdilər, ərəblərin burnuna noxta salıb istədikləri tərəfə yönləndirirlər, onlara İraqın qüzeyində yaşayan yazıq kürdləri də caladılar, İsrailin qarşısında basılmaz bir ərəb gücü kimi dayanan Suriyanı xarabazara çevirdilər, Livya isə Qəddafi gedəndən sonra hərdənbir ölüm xəbərləri yüksələn bir çölə dönüb. Myanmarda müsəlmanlar buddistlərin soyqırımına məruz qalıb. Axı Buddizm adam öldürməyi, insana əziyyəti qəbul etmir! Üstəlik Birmaniyada və Sri-Lankada yaşayan müsəlmanlar dövlət üçün təhlükə yarada biləcək qüdrətdə və gücdə deyil... Bəs bunlar niyə edilir? Təcavüz olayı Buddizmdə olmadığı halda Myanmarda həyata keçirilən soyqırım qarşısında nə demək olar? Digər tərəfdən İsa Peyğəmbər "Düşmənlərinizi sevin və sizə əziyyət edənlər üçün dua edin" deyib. Deməli, nə indiki Buddizm, nə də indiki Xristianlıq müsəlmanlarla bağlı fikirdə eyni nöqtədə birləşir. Özlərinin soyğunçu siyasətini və ya səriştəsizliklərini gizlətmək üçün günahı müsəlmanların boynuna yıxmaq onlar üçün ən ümdə əqidə olub. Dostlar, Səlib Yürüşləri dayanmayıb hə... Qəbrin nurla dolsun, əziz Məmməd əmim, nə gözəl demisən: "Ömrünə vay salar, vaydan utanmaz, Saç yolub-hay salar, Haydan utanmaz, Günəşdən utanmaz, Aydan utanmaz, Mən belə dünyanın nəyindən küsümə".

TƏQVİM / ARXİV