adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

TƏNHA SÖYÜDÜN DƏRDİ

FƏRİDƏ RƏHİMLİ
64679 | 2013-03-16 11:28
Balkondan aşağı baxaraq tumurcuğu yenicə çırtlamış tənha söyüd ağacını müşahidə edirəm. Söyüdün görkəmi məni onunla söhbətləşməyə vadar edir...
Günahkardı - çünki hər kəs onu barsızlıqda suçlayır. Amma gözəlliyini, kölgəsinin sərinliyini, bahar müjdəçilərindən biri olduğunu heç kim dilə gətirmir... Didərgindi - yaşadığı çay kənarından zorla uzaqlaşdırılıb. İndi günlərlə suya həsrət qaldığı vaxtlar olur. Bir qadının üçüncü mərtəbədən üzərinə atdığı suya möhtacdı... Tənhadı - ətrafındakı həmcinslərini qırıb qurtarıblar. Onların qırıldığını görəndən sonra özü üçün heç qorxmamışdı. Əksinə, kaş ki, məni də doğrayaydılar! - deyir... Ümidsizdi - qaçqınlar yurda dönərsə, onu da aparacaqlarını düşünmüşdü. Ancaq illər ötür, o da qocalır. Kimə lazım olacaq ki, bundan sonra. Olsa - olsa yandırmaq üçün kəsəcəklər... Lazımsız hiss edir özünü - çünki bu tərəfdə tikilən bar, kafe yataqxana sakinlərini, arxa qapıdan girib - çıxmağa məcbur etmişdi. İndi artıq ümumi qapıdan çıxarkən rastlaşan qonşular onun kölgəsində dayanıb söhbət etməyəcəklər...
Əvvəllər tənha deyildi. Qaçqınlar və məcburi köçkünlər təzə gələndə əkmişdilər bu ağacı. Onunla bərabər iyirmi beş ədəd şam, küknar, akasiya ağacları da əkilmişdi yataqxananın həyətində. Dağın, meşənin təmiz havası ilə nəfəs almağa öyrəşmiş gəlmələrin havası çatmırdı Bakıda. Bu üzdən də həyətdə uyğun yerlərdə ağaclar əkməyə başlamışdılar. Tez bir zamanda da bitdi, böyüdü ağaclar. Amma bəhrəsini görə bilmədi əkənlər. Əlbəttə, bəhrə sözünü meyvə anlamında demədim, bildiyiniz kimi bu ağaclar meyvə gətirmir. Bəhrə dedikdə əkənin məqsədinə çatması, yəni kölgəlik, oksigen mənbəyi olan bu bitkilərdən istifadə etmək məqsədlərinə çatmadıqlarını nəzərdə tuturam. Səbəb isə çox sadə idi - imkanlı birisi bu həyətdəki bir - iki sot torpaqdan gəlir mənbəyi kimi istifadə etmək fikrinə düşdü və o pullunun arzusu kimlərə sərf etdisə, beşəlli razı oldular. Nə qaçqının kiçicik mənəvi təskinliyi olan bu ağaclara rəhm elədilər, nə ilahi ədaləti göz önünə gətirdilər...
Onların əlindən bircə bu söyüd ağacı qurtula bildi, çünki o, pəncərəyə lap yaxın əkilmişdi. İstifadə olunan tikinti yerindən uzaq idi...
Mən bitkilərin də canlı olduğuna, onların insanı duyduğuna inanıram. Bunun dəfələrlə sübutunu görmüşəm. Dibçək gülünün sahibi dünyasını dəyişərkən gülün də quruması, bir evdən başqa evə bağışlanarkən solmasını görmüşəm. Zümzümə edilərək, sığallanaraq becərilən güllər daha təravətli olur. İki eyni növ gülü ayrı-ayrı şəraitlərdə becərərək bunu müşahidə edə bilərsiniz.  
Bunları xatırlayaraq tənha söyüd ağacına baxıram. Yaxınlığında  ağaclar olarkən qol - budaq atıb şaxələnən salxım söyüd indi büzüşmüş vəziyyətdədi. Budaqlarında yaranı xatırladan qara qabıqlar əmələ gəlib. Ağaclar kəsiləndən bəri heç artmayıb, elə olduğu kimi qalıb. Halbuki söyüd ağacını yazda əkərdilər, payıza qədər iri kölgəliyə çevrilərdi. Hər ağacdan qabaq yarpaqlayardı. Çay kənarının, arx üstünün yaraşığı olardı. İndi görünüşündən yazıqlıq tökülür. Rayon yerlərində ağacların budaqlarına quş yuvaları olur. Əhaliyə güvənən quşlar çəkinmədən bir ağacda bir neçə yuva qururlar. Qaranquşlarsa, tövlədə, hətta evlərin balkonunda qorxmadan "ev tikərdilər". Bilənlər bilir, qaranquşlar insanlar kimi palçıq və samanı qarışdıraraq özlərinə ev qədər etibarlı yuva qururlar. Uşaq vaxtı saatlarca onları izləməkdən doymazdım...
Burda heç ağaclarda yuva görməmişəm. Maşınların, texnikaların səsindən ehtiyat edirlərmi, yoxsa insanlara güvənmirlər, bilmirəm.  Tənha söyüd ağacının üstündə isə yuxarı mərtəbələrdən atılan zibillər, selofan torbalar, zivələrdən düşən paltarlar "yuva qurur".
Söyüd ağacıyla söhbətimiz nəyə vardı, bilirsinizmi? Hər kəs öz layiq olduğu, özünə uyğun olan yerdə, özüylə səviyyəcə bərabər olanların arasında rahat ola bilir. Onu anlayanların, dəyər verənlərin, qiymətini bilənlərin arasında xoşbəxtdi. Eyni zamanda kimlərinsə sənə ehtiyacı olduğunu hiss edəndə, bu ehtiyacı qarşılamaq gücünü özündə kəşf edəndə, ətrafındakıların hisslərinin səmimi, təmənnasız olduğunu duyanda və bu sevginin səni yaşamağa həvəsləndirdiyini hiss edəndə xoşbəxtsən! Fərqi yoxdu - istər dibçək gülü ol, istər insan ol, istərsə də ağac...
Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV