adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

BARZANİ - BARZANİLƏR - 3

SEYFƏDDİN ALTAYLI
64778 | 2017-12-02 00:16
İngiltərə, taqətdən kəsilən Osmanlı Dövlətini İraq yarımadasında məğlubiyyətə uğradıb indiki İraq və Suriya hissəsini ələ keçirdiyində Mosul bölgəsinin nəzarətini öz əllərində tutmaq məqsədi ilə bölgədə böyük nüfuza malik Bərzənci tayfasının rəhbəri Mahmud Bərzəncidən istifadə etmək fikrinə düşdü. Səbəbi də onun böyük mülkədar, atası Şeyx Səid ilə şöhrət qazanmış Bərzənci tayfasına mənsub və Qədiri təriqətinin şeyxi olmasındandı. Bərzənci, Osmanlı-İngilis müharibələrində öncə Osmanlı səfində döyüşüb, Osmanlının məğlub olacağını başa düşdükdə ingilislərə yanaşdı. Yeganə məqsədi də öz muxtariyyətlərini əldən verməmək oldu. Atalar deyib, yıxılan ağaca balta vuran çox olar...
Osmanlı dövləti imzaladığı Mondros sazişinə əsasən ordularını bu bölgədən çəkmək məcburiyyətində qaldıqda hər bir şeyi bilməsinə baxmayaraq Süleymaniyənin idarəsini Şeyx Mahmud Bərzənciyə tapşırdı.
İngilislər tarix boyu hakimiyyət qurduqları bölgələrdə özlərinə qulluq edəcək partnyorlar axtarıb-tapmaqda usta olduqlarından casusları minbaşı Noeli Süleymaniyəyə yolluyaraq Mahmud Bərzənci ilə görüş keçirməsini istədilər. O da gedib görüşdü və Bağdadda yerləşən yüksək komissar Arnold Wilsona bölgədəki vəziyyəti çatdırdı. Wilson da Bərzənciyə İngilis dövləti adına bir məktub yolluyaraq onu bölgənin valisi təyin etdiyini bildirdi. Mahmud isə bununla kifayətlənməyib nüfuz bölgəsini genişlətmək sövdasına düşdü, lakin onun bu fikri ingilislərin "parçala hökm et" prinsipinə uymadığından rəğbət görmədi. Hətta Wilson 1918-ci ilin dekabrında Süleymaniyəyə getdikdə onu bölgənin salahiyyətdar şəxsi elan etmək fikrində idi. Ancaq Bərzənci Wilsona təkidlə İngiltərənin dəstəklədiyi "birləşik müstəqil kürdüstan" sözünü verməsini istədi. Wilson isə bu salahiyyətin İngiltərənin ixtiyarında olduğunu ona başa sala bilmədiyindən Bağdada qayıdaraq Kərkük və Kifrini Süleymaniyə muxtar bölgəsinin salahiyyət sahəsindən çıxararaq Rəvanduz və ərbilə bağlamaq məcburiyyətində qaldı. 1920-ci ildə Osmanlı Dövləti tarixin qaranlıq qəbiristanlığına qərq olarkən Anadoluda Atatürkün rəhbərliyində yeridilən Azadlıq Mübarizəsi əsnasında imperialist ölkələr 1920-ci ilin avqust ayının 10-cu günü imzaladıqları Səvr Sazişi ilə Anadolunu bölüşmək sövdasına düşdülər, İngiltərə də kürd siyasətini yenidən tənzimləmək ehtiyacını hiss etdi. Səvr sazişinin xüsusi ilə 64-cü maddəsi bölgədə yaşayan kürdlərə "Türkiyə, Millətlər Cəmiyyəti Şurasının tövsiyəsinə uyarsa və bölgə üstündəki bütün hüquqlarından, salahiyyətlərindən əl çəkməyi qəbul edərsə" onlara müstəqil dövlətlərini yaratmaq hüququnu tanımışdı.
Gedən bir sıra konfranslardan sonra İngiltərə Winston Churchillin rəhbərliyində Qahirədə təşkil edilən yığıncaqda Bağdadda yaradılacaq yeni sistemin əsaslarını müəyyənləşdirdi. Həmin yığıncaqda Osmanlı Dövlətinin üç vilayəti yaradılan İraq dövlətinin ixtiyarına buraxılmasına və Fransızların Suriya torpaqlarından qovduğu Faysalın İraq kralı təyin edilməsi qərarına yetişildi və Faysal 1921-ci ilin avqust ayında kral elan edildi. Həyata keçirilən dırnaqarası referendumda Süleymaniyə xalqı iştirak etmədi, referendum haqda mənfi səs verənlərin böyük əksəriyyəti Osmanlı idarəsini tələb etdiklərini bildirdi ki, bunlar bölgədə yaşayan kürdlər və türkmənlərdi. Faysalın krallıq taxtında əyləşməsi mərasimində isə nə Süleymaniyə, nə də Kərkükdən heç kəs iştirak etmədi.
İngilislər isə özlərinə mane olar deyə Mahmud Bərzəncini Hindistana sürgün etmişdilər. Atatürk 1921-22-ci illərdə Mosula hərbi hissələr yolluyaraq əməliyyatlar həyata keçirtdi, Misirdən Çərkəz Özdəmir bəyə xəbər yolluyaraq bölgəyə getməsini əmr etdi. O da öz hərbçiləri ilə bölgəyə getdi. Surçi, Barzan, Zəbar, Nadost və Pistar adlı kürd tayfaları türkləri dəstəklədiyindən onları yanına alaraq bütün kürd tayfaları ilə ünsiyyət yaratdı və kürdüstan məsələsinin ancaq ingilis oyunu olduğunu onlara başa saldı. Rəvanduz bölgəsində yığışan kürd və türkmən dəstələri ingilislərə qarşı üsyan etdilər, bu da onları qorxuya saldı. İngilislər bu dəfə 1919-cu ildə Hindistana sürgün etdikləri Mahmud Bərzənciyə, Kərkük və ərbil məsələsinə qarışmaması şərti ilə ölkəyə qayıda biləcəyini bildirdi, o da bunu qəbul edərək qayıtdı, qayıtdıqdan bir ay sonra özünü Kürdüstan kralı elan etdi. Bərzənci, Özdəmir bəy vasitəsilə türklərlə əlaqə yaradaraq özlərinə müəyyən səviyyədə muxtariyyət verilməsi şərti ilə ingilislərə qarşı mübarizə edəcəyini bildirdi. Hətta 1923-cü ildə tayfa rəhbərləri ilə təşkil etdiyi bir yığıncaqda Qurana əl basıb and içərək Türkiyənin verəcəyi qanuni muxtariyyəti ingilislərin verəcəyi istiqlaliyyətdən daha üstün tutduğunu bildirdi. Türkiyə isə öz canının dərdinə düşdüyündən və qarşısındakı güclərlə mübarizə yeridə biləcək qüdrəti olmadığından Özdəmir bəyə nə yardım edə bildi, nə də onun kürdlərlə etdiyi bazarlığa müsbət yanaşdı və beləliklə bölgədəki avtoriteti sarsıldı. Barzan və Balik adlı kürd tayfaları bu dəfə ingilislərlə bazarlığa başladılar. İngilislər də qırıcı təyyarələri ilə Mosula hücum çəkərək Özdəmir bəyin qüvvələrinin bölgəni tərk edərək İrana keçməsinə nail oldular. Beləliklə Mosul tamamilə ingilislərin hakimiyyəti altına daxil oldu. Lozan sazişində isə Millətlər Cəmiyyəti İngiltərənin hakimiyyətində olduğundan Türkiyənin təkidlə ayaq dirəməsinə baxmayaraq Kərkük-Mosul-Ərbil-Süleymaniyə bölgələri İraqın, dolayısı ilə də İngiltərənin ixtiyarına buraxıldı. Dünyanın qüdrətli dövlətləri imperialist Britaniya İmperiyasının işarəsinə görə hərəkət etdiyindən Türkiyə öz müstəqilliyini əldə edib Anadolu coğrafiyasını işğaldan xilas etməkdən savayı heç nə edə bilmədi.
Bəs indi necə? Aradan yüz il ötməsinə baxmayaraq imperialist qüvvələr barmaqlarını bölgədən çəkiblər?
Səddamın əlində kimyəvi və nüvə silahları vardır deyə ABŞ İraqı işğal etdi və "Çəkic Güc"ün himayəsində Bərzani rəhbərliyində Qüzey İraqda fədəral kürd bölgəsini yaratdılar. Onlar əlqaidə təşkilatını nə cür yaratmışdılarsa eyni şəkildə İŞİD terror təşkilatını yaratdılar və onu İraq ilə Suriyaya daxil etdilər. İŞİD ilə bir daşla bir neçə quşu birdən vurdular. Onun vasitəsi ilə İslam dininin terrorist olduğunu dünya səthində carradılar, İslam dinini insanların gözündən salmaq istədilər və müəyyən qədər də buna nail oldular. İŞİD vasitəsi ilə İraqda və Suriyada müəyyən yerlərin işğal edilməsinə, yerli idarələrin ləğvinə və demoqrafiyanın öz istəklərinə görə şəkillənməsinə, hər iki dövlətin içində Şiə-Sünnü, Kürd-ərəb-Türk kimi ayrı-seçkiliklərin yaranmasına, İŞİD-in daha sonra boşaltdığı yerləri PKK/PYD/YPG terror təşkilatı tərəfindən işğalına nail oldular.
Amerikanın başda prezidentləri olmaqla bütün dövlət xadimləri terrorizmə qarşı olduqlarını dilə gətirirlər, ancaq Pentaqon PKK-lı terrorçuları ağır silahlar və zirehli vasitələrlə, silah-sursatla təçhiz edir. Trump bəyanat yayıb, "Artıq PYD-yə silah vermiyəcəyik, onlara silah verilməsi saçmalıqdır" deyir, Pentaqon isə, "biz YPG-li kürdlərlə əlaqəmizi davam etdirəcəyik" deyir, bölgəyə silah-sursat və hərbi vasitələr yollamağa davam edirlər.
Bölgədə yaşayan Kürd və ərəb xalqları olmaqla tamamına yaxınını Amerika-İngiltərə-İsrail triosu idarə edir. Yazıq və axmaq PKK-lı kürdlər başda olmaqla digərləri elə bilirlər ki, Amerikanın verdiyi silahlarla döyüşüb müstəqil olacaqlar. Bir vaxtlar Molla Mustafa Barzani də qərblilərə sonra da ruslara bel bağlamışdı, ancaq özgələrinin taxdığı qanadlarla bir müddət göylərdə uçarkən böyük bir qüdrətə malik olduğunu zənn etmişdi. Haçan ki ona taxılan qanadların teləkləri yenə onlar tərəfindən yandırılıb kəlləmayallaq yerə dəydi, onda ağlı başına gəldi və xatirələrində "bizi illər uzunu aldatdılar" dedi.

"Azadlıq alınar yaddan umulmaz
Azadlıq verilməz ərməğan təkin
Verilən azadlıq azadlıq olmaz
Başqa bir rəngidir o əsarətin"

Bəli, bu dünya aldananlarla aldadılanların dünyasıdır. Peyğəmbərimiz hz. Məhəmməd "Heç bilənlə bilmiyən bir olarmı?" deyib.
Bilməyin yolu da elmdən, irfandan, mədəniyyətdən keçir...
Görəsən xalqlarımızın yeni nəsillərini elm ilə layığınca silahlandıra bilirikmi?

Seyfəddin Altaylı,
Ankara,

TƏQVİM / ARXİV