adalet.az header logo
  • Bakı 13°C
08 Dekabr 2017 10:53
156848
RUBRİKA
A- A+

Tez-tez maşınla qəzaya düşdüyümü görürəm... - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanalitik Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı xanım yazar Hədiyyə Şəfaqətdir. Adalet.az müsahibəni təqdim edir.


-Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

-Froydla tam da eyni fikri bölüşmürəm. Mənası olduğu tərəfiylə razıyam, amma arzularla bağlı tərəfiylə deyil. Yuxularla çox maraqlandım, çox oxudum, çox düşündüm, amma gənəl anlamda. Məsələn yuxu nədir, harda yaranır, beynin yuxu funksiyası nə dərəcədə öyrənilib, bilim adamları nə düşünür, fəlsəfə necə yorumlayır yuxunu, psixologiya nə deyir, mistika necə yanaşır və s.. Ölümlə yuxunun fərqi... Yuxu özlüyündə çox maraqlıdır və sirrdir. Məsələ məhz görülən yuxuya gəlib çatanda... Dəqiq deyim ki, heç bir xatirə. Yuxularımda heç zaman keçmişə qayıtmadım. Arzularımı yuxuya daşımadım... Bəlkə də arzulara odaqlanan adam deyiləm deyədir... "Etmədim” deyirəm, çünki əminəm. Ən gözəl, ən ağrılı anlar, heç biri yuxumda təkrarlanmadı, keçmişə kiçicik də olsa heç bir qayıdış olmadı...


-Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

-Yuxuların həyatımıza təsir etməsini qəbul etmirəm. O başqa dünyadır, bu başqa, bir-birindən ayrı, uzaq saxlamaq da olar. Tez-tez və adi yuxular görmürəm, artıq öz yuxu potensialımı bilirəm, bilirəm hardan-haracan yuxu sərhədlərim var. Hətta gördüyüm anda "indi ayılmalıyam” dediyim olub. Sadəcə "çıxar bu gün xəbəri” deyirəm və mütləq və mütləq çıxır. Xəbərin yaxşımı, pismi olacağını bilmirəm. Dəhşətli yuxular gördüm və həmin gün çox yaxşı nəsə oldu məsələn. Qətiyyən yuxuma görə plan qurmaram və bu mənim üçün çətin deyil, onsuz da plansız adamam. Uzaq başı uşaqlarıma deyərəm ki, bu gün daha diqqətli olun və ola bilsin ki, həmin gün onlara məktəb dönüşü, axşam tərəfi bir zəng edərəm. Amma bir yerə gedəcəkdim, gecə pis yuxu gördüm, bunu təxirə salım, əlaqəsi yoxdur.


-Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

-Qətiyyən baş sındırmıram. Yuxunu min illərdir çözələdilər, gedib bir tərəfə çıxmadı, ən yaxşısı onu rahat buraxmaqdır, özü-özünü aşkar edəcəkdir və hər yuxu ancaq və ancaq özü-özünü aşkar edər. Bir əlamət müstəsnadır...


-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

- Yuxularin bir hadisə olaraq nəyə bağlanmalı olduğunu necə müəyyən etmək olar? Nəylə müqaisə etməklə, nəylə tutuşdurmaqla? Yuxu mistik hadisədirmi? Yuxu axı heç hadisə deyil.


-Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

-Az olub. Eyniylə yaşadığım yuxularım olub. Dejavü deyilən şey məndə yuxularla əlaqəlidir. Bir şey olur və qarşımdakının indi nə edəcəyini, nə deyəcəyini bilirəm. Mən yuxunu daha çox zamanı, özümdən keçib özümü qabaqlamaq hesab edirəm. Hətta işarələr varsa belə. Xəbərdarlıq ya hər nəsə.


-Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

- Bir neçə yuxum oldu... Ən gözəl yuxumu 17 yaşımda gördüm - batan qıp-qırmızı, iri günəş, üfüqdə itincə dayanıb baxdım. İndi də gözümün qarşısındadır. Bir dəfə isə yuxuda şeir pıçıldadım və oyanıb gördüm ki, pıçıldamağa davam edirəm ki, unudulmasın - "Atamın yatağı” şeiri. Daha bir neçə yuxum var. Avtomobil qəzası, adətən sükan arxasında mən olmaram. Kainatın dağılması, dünyanı su tutması... Çox az hallarda oyanıb həqiqət olmadığını düşünüb dərindən nəfəs aldığım yuxular oldu. Məsələn tez-tez bir dostumun maşınında getdiyimi və bir döngədə qəzaya düşdüyümü görürəm. Tez-tez yuxumda uçub göyə millənən ağ quşlar görürəm, amma görməkdən artıq, qanadların səsini eşidərəm. Bu yaxında bunu mənə belə izah etdilər ki, intihara təhrik və meylilik işarəsidir. Oyaqkən də yuxuya dala bilərəm, tutaq ki, küçədə gedirəm, gözümü yumub qarşıda gedən özümü seyr edirəm, ya da qarşıdan gələn özümü. Dumanlı bir şeydir və bunu izah edə bilmərəm. Yuxu bir neçə an içində görünür deyilənə görə və məni ən çox bu heyran edir, zamanın və məkanın nə qədər necə deyərlər ipə-sapa yatmayan bir şey olduğunu göstərir. Zamansızlığın özü məni o qədər həyəcanlandıran şeydir ki, bunu yuxuda duymaq xoşuma gəlir. Zamanı saxlamaq, mən bunu sınamışam və bacarmışam. Bəlkə qarşıda yenə sınayacağam. Bir də görüb unutduğum yuxular olur. Yəni gün içində nəyə işarə etdiyi aydın oldumu, unudulub gedir.


-Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

-Mən təbii fəlakətləri ağ-qara görürəm, tam bir ssenari... Yuxu içində yuxu gördüyüm olub, ağ-qara yuxumun içində rəngli yuxu gördüyüm yadımdadır, ya da əksinə. Yuxularımda narıncı və yaşıl rəngin çalarları çox olur...


-Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

-Atamı, anamı və oğlumu. Sıx-sıx da deyil, ildə bir dəfə, beş-altı aydan bir.


-Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: "Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

-Razıyam. Lakin fırlandığımı deyil, sadəcə o an orda olduğumu düşünürəm. Zamanda irəliyə səyahət etdiyimi. Amma o mənəmmi, mən deyiləmmi, kim bilir?


-Dahi yazıçılardan, rəssamlardan, filosoflardan kimləri yuxunuzda görmüsünüz?

-Heç kimi


-Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

- Həqiqət özü mübahisəlidir. Yuxu məni həqiqətə apara bilməz, o yoxdur. Lakin qarşıda olacaqlara işarə edir. Məhz mənim yuxularımdan söhbət gedirsə onlar nə səbəb, nə də nəticədir, nə həqiqət, nə yalan, sadəcə nəyinsə olacağına işarələr, onlar da baş verərkən düşünürsən ki, deməli buymuş...