adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Adı "Forbes"ə düşməyən milyoner

MƏZAHİR ƏHMƏDZADƏ
31947 | 2017-12-08 22:49
İstedadlı jurnalist, həm də gözü-könlü tox, qəlbi saf, etibarlı dost olan Etibar Cəbrayıloğlunun 50 yaşı tamamlanır. Həyatının çətinliklərindən, kasıbçılığından heç vaxt şikayətlənməyən, nəyi varsa ona şükür edən Etibar Cəbrayıloğlu öz əxlaqı və qüruru ilə daim yüksəklərdə görünür. Mənəvi zənginliyi onun hər hansı maddi çətinliklərini də kölgədə qoyur, görünməz edir.
Canında, qanında mərdlik və ləyaqət yaşadan Etibarın bütün dost-tanışları onu özünün əzizi və doğması kimi sevir, bu dostluqdan zövq alırlar. Pozitiv insanların xarakteri, həyat tərzidir bunların hamısı. İstedad və şəxsiyyətlə qazanılan bu varidatın dəyəri milyonlarla ölçülür, əlbəttə ki.
Gözəl insan! Beləcə sənin milyonçu olmağın da üzə çıxır yavaş-yavaş. Mərdanəlik və kişiliklə qazanılan çörək və təmiz ad-san pul milyonçusundan daha üstün və əbədidir. O heç zaman tükənmir, sınmır, həmişə zirvələrə, qələbələrə doğrudur.
Əziz dost! Sənin 50 illik yubleyin bütün bunları bir daha bizlərə xatırlatdı da.
Nə yaxşı ki, sən varsan, Etibar!
Yarım əsrlik ömrün və ucalığın mübarək!
Ailəni, doğmalarını, dostlarını sevindirən bu gözəl ad günündə heç bilmirəm sənə nə hədiyyə edim. Bilirsən, ən yaxşısı sənə elə SÖZ hədiyyə etməyimdir. Sözlərdən seçib səfləyib sənə tac misallı bir diadem bağışlayıram.
...Sən ciddi olduğun qədər də şən və gülərüz, yumor əhvallısan. Bir neçə il qabaq sənə həsr etdiyim "Şarj" adlı yazım da belədə lap yerinə düşür. Necə deyərlər oxu, yaz-yarat, mənim səxavətli milyonerim...

***
... Bu həmin o vaxtlar idi ki, məqalələrimi hər dəfə istədiyim kimi qələmə ala bilmirdim, tərəddüd edirdim. Sanki məni başa düşmürdülər, qəliz yazırsan deyirdilər. Heçmi başa düşmürdülər? Güman ki, tamam belə olmazdı. Doğrusu, o vaxtlar tələbat başqa cür idi, estetik üslub ciddiyə alınmırdı. Bəlkə də müəyyən yazarlar üçün alınırdı. Sadəcə, mənim gücüm çatmırdı özümü təsdiq etməyə. Təhsilin, dünyagörüşün, intellektin də labirintlərdə azıb qalan məqamları olur.
Bu həmin o vaxtlar idi. O vaxtlar idi ki, mən həm də Səməd Behrənginin "Balaca qara balığı" kimi yosunların arasından ətrafı ürkək baxışlarla seyr edirdim. Və hərdən cürətə gəlib düşünürdüm: nə olsun ki, məni saymırlar, məni görmürlər? Mən axı bu çayda, bu çayın axıb qovuşduğu böyük dənizdə öz bildiyim kimi azad və sərbəst üzmək üçün doğulmuşam. Elə həmin vaxtlar birdən-birə mənə qəribə, ancaq hardasa çox doğma görünən məktublar gəlməyə başladı. Mən bu məktubları zövqlə oxuyub ürəklənirdim. Çünki mənim üzdüyüm sularda hələ ki, o Dəniz Pərisini görən olmamışdı. Yəqin günlərin birində görünəcəkdi. Ancaq bu tamam başqa mövzudur, bəzi məqamlarını əvvəllər yazmışam da.
...Hə, qəzetdəki bığlı, eynəkli fotosuna baxıb elə zənn etmişdim ki, o, ya məndən böyükdü, ya da mən yaşdadı. Şəxsən, yəni bünövrəli tanışlığımız olmasa da, onun məni tanıması, hər gün zəhmət çəkib Yasamaldan məktub yazıb göndərməsi üzümü güldürürdü. Sanki hər gün Əziz Nesini, Bronislav Nuşiçi oxuyurmuş kimi, hər cümlənin, hər ifadənin "o biri üzünü" axtarırdım. Və tapırdım mənə demək istədiklərini...
Sonralar bu məktubların ardı kəsildi. Bu üzdən də bizim əyani görüşümüz bir qədər gecikdi.
Nəhayət görüşdük. Baxıb nə görsəm yaxşıdır? Boyu, maşallah, iki metrə çatan bu simpatik yazar məndən azı 14-15 yaş kiçikmiş. Ancaq eynəyi də, bığları, ciddi görkəmi də öz yerində, fotoda necə görmüşdüm, eləcə. Onun yazılarındakı, söhbət və hərəkətlərindəki yumor, bəzən sarkazm, bəzən də heç janrı bəlli olmayan nələrsə, durduğun yerdəcə səni haqlayar; düşündürər də, qımışdırar da, çaşdırar da...
Daha neçə illərdir ki, tez-tez görüşürük. İlahi, insanın nə qədər dostu-tanışı olarmış, insana nə qədər salam verən, zəng edən olarmış? Bu insanın sözü, xahişi, hətta göstərişləri haralara gedib çıxarmış? Adi vətəndaşlardan tutmuş, rəhbər işçilərə qədər! Onunla ya piyada, ya da maşınla şəhərə çıx, ləzzətini gör! Tutalım hansısa mərkəzi küçələrdən birində aparılan qısamüddətli təmir işləri onun diqqətindən yayına bilərmi? Əlbəttə mümkün deyil. Tez müvafiq təşkilatın rəhbərinə "zəng vurub" ərkyana söylənər: "Axı mən sizə hər dəfə bütün bunları izah etməli deyiləm... Mən sizə neçə dəfə demişəm ki, belə tədbirlər üçün daha münasib vaxt seçəsiniz! Böyük şəhərdi, qonaq-qara olur, elə indi də var... Bir daha təkrarlanmasın!" Elə bil şəhərin meridir...
Və yaxud aradan qaldırılması müəyyən qədər mümkün sayılan tıxac görür. O dəqiqə Nəqliyyat Nazirliyinin, Dövlət Yol Polisinin rəhbərliyinə zənglər, dostcasına iradlar... Respublikada elə bir mühüm şəxs, vəzifə sahibi tapa bilmərsən ki, onunla tanışlığı, münasibəti olmasın.
Bütün bunlar və buna bənzər əhvalatlar 2-3 saatlıq yol yoldaşlığının xronikasıdır.
Birdən çaşıb və yaxud tələskənlik edib hər ehtimala qarşı naharın yaxınlaşdığını xatırladasan... Eh, görün nələr baş verəcək. Hansısa çox imkanlı bir şəxsə zəng edib məşhur restoranın məxsusi qonaqlar üçün ayrılmış super kabinetini sifariş elətdirəcək. Və həm də tapşıracaq ki, orada qarşılanma, maşınların park edilməsi və yeyib-içdikdən sonra yolasalınma ən yüksək səviyyədə təşkil olunsun. Bir sözlə, protokol qaydalı təmtəraq!
Sən bütün bunlara o qədər sevincəksən ki, yeyib-içməmiş də doyacaqsan, xoşbəxt olduğuna inanacaqsan. O elə edəcək ki, bütün problemlərin yaddan çıxacaq, dərdi-qəmi unudub rahat və gözəl bir həyat yaşayacaqsan...

TƏQVİM / ARXİV