adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

MİLLİ QƏHRƏMAN XALQIM...

FƏRİDƏ RƏHİMLİ
24715 | 2017-12-16 00:30
Bütün dünyada çoxlu sayda xalqalr yaşayır ki, bunlar bir çox xüsusiyyətləri ilə tanınır, seçilir, qəbul olunur və başqalarından fərqlənir. Anlayış, dil, din, adət-ənənə, musiqi və sair kimi xüsusiyyətlərlə seçilən bu xalqların ən böyük fərqliliyi mədəniyyətlərindədir. Bəzən bir ölkədə yaşayan müxtəlif xalqların mədəniyyətində kəskin fərqi görərək təəccüblənməyə bilmirsən ki, bir-birinin içində yaşayaraq, eyni dövlətin qanunlarına tabe olaraq yaşayan, eyni havanı, suyu, təbiəti və.s bölüşən bu insanlar mədəniyyət fərqini necə qoruyub saxlaya bilirlər. 70 illik zaman kəsiyində sovet hakimiyyətinin bir bayraq altında birləşdirdiyi xalqlar o ağır rejim altında da öz mədəniyyətlərini, adət-ənənələrini, dillərini, dinlərini məharətlə yaşada bildilər. Acı da olsa söyləyim ki, bu 70 il ərzində bizim xalqa, rus xalqı səliqə ilə riayət etdikləri növbəyə durmaq adətlərini belə, aşılaya bilmədilər. Biz heç bir standarta sığmayan xalqıq! Elə o zamanlarda da ruslar taksi, yaxud mağazada alış-veriş növbəsinə dayananda bizim "fərasətlilər" müxtəlif yollarla növbədənkənar geçib, qarışıqlıq yaradardılar. Bunu elə-belə yazdım, məqsədim zaman-zaman məşhurlarımızın bir-birinə olan münasibətini xatırlamaqdı.
Böyük sənət, mədəniyyət, incəsənət, ədəbiyat adamlarımız çox olub. Bir tək Nizaminin, Füzulinin şöhrəti xalqımızın dünyada tanınması üçün vəsiqədir. Amma məni narahat edən bu "üzdə olan" məşhurlarımızın bir-birləri ilə yola getməməsi, hətta düşmən olması səbəbidir. Halbuki onların ayrı-ayrılıqda dünyanın məşhurları ilə dostluğu, fikir bölüşmələri, sənətlərini müzakirə etmələri vardı. Məsələn, üç dünya şöhrətli məşhurumuz - görkəmli bəstəkar və pedaqoq, Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Qırmızı Əmək Bayrağı ordeni laureatı, AMEA-nın akademiki, müharibədən sonrakı dövr Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri olan Qara Qarayev, görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirov və məşhur dirijor və bəstəkar, Xalq artisti, Dövlət Mükafatı laureatı, Beynəlxalq Nehru mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı maestro Niyazi - üçü də bir-birləri ilə küsülü olublar.
Nəsibə Zeynalova, Hacıbaba Bağırov və Səyavuş Aslanın "Hicran" tamaşasında çox möhtəşəm komik rolları çoxlarının xatirindədir. Hər üç sənətkar həmin tamaşa çəkilişi zamanı küsülü olublar. Sənətkarlıq qabiliyyətinə, bacarığına baxın ki, bir-birilə danışmadıqları halda necə gözəl obraz yaradıblar.
Gözəl səsi ilə dünyada sevilən Rəşid Behbudov və həm lirik musiqi ehtiyacımızın doxsan faizini təmin edən, həm filmlərimizdə səslənən mahnıları ilə sevdiyimiz Mirzə Babayev də küsülü olublar.
İki sevimli müğənnimiz, ayrı-ayrılıqda səslərinə heyran olduğumuz Flora Kərimova və İlhamə Quliyeva isə əsl düşmən idilər.
İndiki şoubiznesi isə yada salmağa dəyməz, sanki gündəmə ancaq dava-dalaşla, saçyoldu, yumruq davası ilə gəlməyə and içiblər.
Bu sadaladıqlarım təkcə incəsənət - musiqi sahəsindəki məşhurlarımızdan bir qismi idi. Təsəvvür edin ədəbiyyat, elm, mədəniyyət və s. sahələrdə nələr baş verir!
Yaxınlarda Şöhlət Əfşarın bir tarixi yazısını oxudum - Nadir şah Əfşar haqqında. "XVIII əsrin əvvəllərində dağılmaqda olan Səfəvilər dövlətini Nadir şah yenidən bərpa etdi. Birinci xarici işğalçıları (əfqanları, özbəkləri, çar Rusiyasını, Osmanlı imperiyasını) ölkədən çıxardı və Əfşar imperiyasını iki dəfə genişləndirdi. O, Muğanda, tarixdə ən demokratik olan qurultay keçirərək şah elan olundu və Azərbaycan Nadir Əfşar imperiyasını yaratdı. Bu imperiyanın tərkibinə Azərbaycan, Gürcüstan, indiki Ermənistan, Dağıstan, Türkiyənin şərq hissəsi, Əfqanıstan, İraqın cənubu, Fars körfəsi, İran körfəzi ətrafı ərazilər (Bəhreyn, Küveyt). Nadir şah hind ordusunu darmadağın edərək 350 illik xəzinəni ələ keçirdi... sonra nə oldu? Böyük bir Azərbaycan dövlətini quran şahımıza öz milləti, hətta tayfasından olanlar tərəfindən sui-qəsd edildi və beləliklə də Əfşar imperiyası süquta uğradı...".
Bəli, bir daha əmin oldum ki, bu, bir-birini gözü götürməmək, irəli gedənin ayağından yapışmaq, parçalanmaq, ayr-ayrılıqda, tayfa şəklində yaşamaq, paylaşmamaq, bir sözlə, şəxsi mənafeyi milli mənafedən üstün tutmaq həvəsi qanımızdadır... o üzdən bizim birliyimiz heç zaman baş tutmayıb. Və bizi parçalamağa kənar qüvvə gərək deyil, bu işi biz zaman-zaman "layiqincə" görmüşük. Elə, Bakıda hər gün regional intriqaların - yerlibazlığın, tayfabazlığın şahidi olursan. Bunları düşündükcə içimizdəki çarəsizlikdən qurtula bilmirik. Bütün bunlarla hara gedirik, hara qədər gedə biləcəyik? Bu millətin sonu necə olacaq? Yəni, düzəlmə ehtimalı mümkündürmü?
Şair-publisist Zülfüqar Şahsevənli: Xəlil Rza deyirdi ki, Milli Qəhrəman filankəs. Deyirdim axı o, Milli Qəhrəman deyil. Deyirdi ki, olmasa da deyim, qoy boynuna yük düşsün, olsun!
Ona görə də gəlin düşünək ki, hər şey yaxşı olacaq...


TƏQVİM / ARXİV