adalet.az header logo
  • Bakı 16°C

GÖZƏGÖRÜNMƏZ KİLLER

FƏRİDƏ RƏHİMLİ
39474 | 2018-01-06 00:38
Hər il qış fəsli dəm qazından ölənlər haqda eşidəndə fikirləşirəm ki, görəsən qazı qızıl qiymətinə, yarı qiymətinə, su qiymətinə satdığımız, havayı (?) verdiyimiz ölkələrdə niyə dəm qazından ölən olmur, qazın istehsal olunduğu gözəlim ölkəmizdə bu sərvətimiz başımıza bəla olub?!. Onlarda bizdəki kimi "İran sobası", "pitiminutka", "ceyran peçi" işlənməyə bilər, amma qaz ki, bizimkindəndi. Yoxsa ürəyiaçıq, qonaqpərvər, tolerant olduğumuz üçün hər şeyin ən yaxşısını onlara veririk? Sovet dövründə Lənkəran çayını bəyənib almazdıq. Çünki fərli dəmi olmazdı. Amma xaricdən bir çamadan Lənkəran çayı alıb gətirən bir tanışım uzun müddət o çayı matah mal kimi gələn qonaqlarına təklif edərdi. Ləzzətindən doymaq olmurdu (Bu yerdə filmimizdəki "Monqol turistləri monqol dublyonkalarını niyə gəlib burdan alırlar" ifadəsini xatırladım).
Qazımız bol olduğu üçündümü, nədənsə qaz haqda çoxlu deyimlərimiz, məsəllərimiz, jarqonlarımız var: "filankəsin qazlı vaxtıdır", "bala, qazından al bir az" və sair. Amma elə qazın özü haqda da bunu düşünmək olar. Çünki bəzən elə gur verirlər ki, mətbəxdə, yaxud hamamda açmaq mümkün olmur sanki bomba partlayır. Bəzən də o qədər cüzi verilir ki, şam işığını xatırladır. İllərdi bu "nizam" dəyişmir ki, dəyişmir. Ona görə də hər qış gələndə çoxlu sayda yanğınlar, partlayışlar qaçılmaz olur. Son illərin ən böyük təhlükəsi isə dəm qazından zəhərlənmələrdir. Nədən adı "Dəm"dir - onu özüm də zəhərlənəndə anladım. Elə bir dəm verə-verə zəhərləyir ki, adamın ruhu da incimir. Özünü çəkisizlikdə, ruh halında, rahat, qayğısız hiss edirsən ki. Sənə elə gəlir ki, bir təkan versən tavana qalxa bilərsən, amma tənbəllik edirsən, barmağını belə tərpətmək istəmirsən, yatmaq, dərin bir yuxuya getməkdən başqa bir istəyin olmur o an. Dəm qazından boğulanlar üçün "faciəli öldü" deməyin. Çünki elə bir "ləzzətlə" ölür ki insan, əzabla ölənlər həsəd apara bilərlər! Tutaq ki, biri qəzada ölür - ağrı, qan gölü, vahiməli mənzərə, amma bu dəm qazı ki var, reklamçı həkimlər demiş, "izsiz, çapıqsız, qansız, ağrısız" aparır. Həm də hazır yuyunmuş, qüsul almış olursan, bir "Kəlimeyi-şəhadət" də oxumağa imkan tapsan, tamamdı - Cənnətə yolun görünür. Ən ucuz ölüm! Amma ağrılar biri səni xilas edəndən sonra başlayır - boğulma, sinədə göynəmə, ürəkbulanma, qusma, başda qan damarlarının partlayacaq kimi atışı, dağ çayını xatırladan qıjıltısı, saniyədə hesabını tuta bilmədiyin ürək döyüntüləri, kəskin başağrıları, halsızlıq və sair. Amma yenə də ölümdən qurtarılmış olursan. Biz insanlar da qəribə varlığıq. Kasıblıq çək, haqsızlıqlarla hər gün üzləş, insanlıqdan bixəbər, amma pulu bol olanların əməlini, sözünü qəbul etməyə məcbur edil, özünü yarımçıq arzuların, xəyalların gerçəkləşəcəyinə inandıra-inandıra aldadaraq yaşa, amma o cür ləzətlə ölmək istəmə! Hörmət bəslədiyim bir şairə xanıma bunları danışdığımda, "Aman, yazma!" - dedi, - intiharların sayını artırmış olarsan...
Bəs əslində, dəm qazı nədir, o, insanı necə zəhərləyir? Kimyəvi adı karbon monoksid (CO) olan dəm qazı yanacaq məhsullarının xaric olması üçün yer olmadıqda və ya həmin yer tutulmuş olanda natamam yanma nəticəsində əmələ gəlir. Eyni zamanda alışma sistemi pis işləyən avtomobillər də dəm qazı istehsalçısı sayıla bilər. Avtomobilin havaya buraxdığı dəm qazı ümumi ekoloji ağırlıq yaratsa da, insan həyatını ölüm həddinə çatdıra bilmir. Çünki dəm qazı qapalı şəraitlərdə təhlükəli olur. Karbon monoksidə gözəgörünməz killer də demək olar. Bu qaz iysiz, rəngsiz olduğundan insan onu hiss etmir. İnsan bu qazla zənginləşmiş hava ilə tənəffüs etdikdə karbon monoksid qana daxil olur və nəticədə karboksihemoqlobin yaranır. Məhz bu birləşmənin hesabına toxumalar oksigensizləşir, hipoksiya yaranır. Dəm qazıyla zəhərlənmə 3 dərəcədə: yüngül, orta, ağır ola bilər. Mütəxəssislər məsləhət görür ki, belə zəhərlənmələrdə ilkin tibbi yardım kimi xəstə zəhərləndiyi sahədən çıxarılmalı, ona süni tənəffüs tətbiq olunmalıdır. Sonrakı yardımlar isə həkimlər tərəfindən aparılır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov: Əhalinin qazdan istifadə qaydaları haqqında, onun təhlükələri haqda məlumatı azdır: "Əhali ilə bu sahədə heç bir profilaktik tədbir keçirilmir. Şəxsən mən ömrüm boyu bir dəfə də görməmişəm ki, camaata geniş məlumat verilsin, qol çəkdirilsin ki, filan təhlükəsizlik qaydalarını öyrəndim və s. İran sobaları ilə bağlı neçə faciəli hadisə baş verib. Niyə televiziyalarda bu haqda marifləndirici reklamlar, verilişlər üstünlük təşkil etmir? Azərbaycanda istehlakçı siyasətinin olmaması bizim bu faciələrimizi doğuran əsas səbəblərdəndir.
Haqlı və hər kəsin təsdiq edəcəyi bir iraddı.


TƏQVİM / ARXİV