adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Yanvar 2018 12:48
157218
RUBRİKA
A- A+

Sabiri yuxumda gördüm... - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çölboyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanalitik Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı yazar Ayxan Ayvazdır. Adalet.az müsahibəni təqdim edir.


- Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

- Yuxu reallığın fiksiyasıdır. Realda gördüyümüz dünyanın dumanlı formasıdır. Sistemli deyil, dağınıqdır. Film kimi götürsək, montajsızdır. Tərifi teatr üzərindən qursaq belə deyə bilərik: "Yuxu karnavalı xatırladan tamaşadır”. Ədəbiyyata gəldikdə... Yuxu qafiyəsiz şeir, qurğusuz nəsrdir. Yuxu hüdudsuz, sərhədsiz, pasportsuz, biletsiz bir ərazidir. Hər insanın öz arzuları və xəyalları ilə silahlanmış cəbhə bölgəsidir. Biz yuxularda özümüzü aldatmaqla məşğuluq. Mənə elə gəlir ki, bəzən çox yatmaq və yuxu görməyi sevmək real həyatda bədbəxtliyimizin təsdiqidir. Yuxu Tanrının insanlara əzablar qarşılığında bəxş etdiyi hədiyyədir.


- Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

- Mənim yuxularımın özü planlıdır. Daha doğrusu, qurğusaldır. Bir az oyun kimidir. Mən yuxuya gedəndə gözümün qabağında variantlar gəlir. Eynən sosial şəbəkədəki dostluq təklifləri kimi. Bir neçə adam gözümün qabağında sıralanır. Təbii, bu altşüurumun toz-dumandan çıxdığı andır. Mən yuxuya giriş etməzdən öncə adamları seçirəm. Sonra süjeti seçirəm. Yuxularımın Tanrısı özüm oluram yəni. Mən idarə edirəm. Bəzən buna inanmırlar, gülüb keçirlər. Amma dəqiqdi. Mən eynən kamera arxasındakı rejissor kimi səhnədəki aktyorlarla işləyirəm. Yuxumdakı adama deyirəm ki, bax, sən bu sözü de. Ondan filan şeyi soruş. İstədiyim adamı yuxumda görə bilərəm. Fərq etməz. Sadəcə o adam mənim beynimin içində bircə dəfə gəzişmiş olsun. Vəssalam. Qalanı hazırdı. Yuxunu başladıram və özüm də oturub seyr edirəm. Öz yuxumun həm rejissoru, həm də tamaşaçısıyam. Düşünürəm ki, intellektual adamların hamısında belədir (gülür).


- Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

- Bu yuxu mənim yaradıcılığımdırsa, onun yozumları haqqında da baş sındırmıram. Bir yazıçı əsəri yazandan sonra orda nə demək istədiyi haqqında düşünmür. Mən yuxumu idarə edirəmsə, deməli, yozumlar bir o qədər də önəmli deyil. Hər şey ovcumun içindədir. Mənim nəyimə lazımdı yozum? Bir halda ki bu oyunun qurucusu mənəm, yozumunu nə edim? Sadəcə yuxularımı dostlarla paylaşmaqdan zövq alıram. Onlar da, sağ olsun, hər dəfə mənimlə məzələnirlər. Yuxularım ironik, yumoristik, postmodernist olduğu üçün onların yozumları da mənim üçün önəmsiz olur. Çalışdığım qədər yuxumu sadə qururam. Heç vaxt dərinliyə baş vurmuram. Hərdən yuxumun içinə çağrılmamış qonaq kimi dürtülənlər də olur. Onlara da yuxumun digər iştirakçıları vasitəsi ilə təpinirəm, hər şey qaydasına düşür.


- Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

- Əvvəlcə sizə bir maraqlı şey deyim. Mən dünyaya gəlmədən öncə iki yuxu görülüb. Biri atamın, o biri anamın yuxusudur. Atamın yuxusu pozitivdi. İndi xatırlamıram. Daha doğrusu, özü də xatırlaya bilmirdi. Amma əminəm ki, yuxu ona təbəssüm gətirmişdi. Yuxusunu Orxan Fikrətoğluya da danışır. Orxan Fikrətoğlu həmin məqamda namazını təzəcə yekunlaşdırıbmış. Deyir ki, oğlun olacaq, adını Ayxan qoyarsan. Və atamın danışdığına görə qəribə bir fikir də əlavə edib: "Dindar olacaq. İlahiyyatçı” Yəqin məni Elşad Miri ilə qarışdırıb. Burası təbii ki, zarafatdı. Mən bunu evdəkilərə danışdım inanmadılar. Orxan bəyə hadisəni danışanda yadına düşdü, gülümsəyərək "mən öncəgörənəm” dedi. Hər nə isə. Atam yuxunun gətirdiyi pozitiv enerji ilə gedir evə və anama da danışır bu yuxunu. Sən demə, anam artıq hamiləymiş və bunu atamdan gizlədirmiş. Eyni gecə o da yuxu görüb. Bu yuxu isə çox qaramat, bədbin bir yuxuymuş. Atam öyrənəndə ki, hamilədi, sevinir. Amma anam məni dünyaya gətirmək istəməyib. Yuxunun bərk təsirinə düşüb. Dava-qırğın, anamın öz dədəsi evinə getməyi, abort masasına əyləşməyi və s. Ərinin qorxusundan uşağı aldırmaq istəməyib və nəhayət mən dünyaya gəlmək biletini əldə etmişəm. Yəni məndən əvvəl yuxu gəlib dünyaya. Mən o yuxuların arasında dünyaya gəlmişəm. Dünyaya gəlməyim də böyük bir hadisə olub e. (gülür)

Mənə yuxularım aydındı. Sahibi mənəm. Amma hərdən süjet mən istəmədiyim axarla davam edir. Bax o zaman mistikanın olduğuna adım kimi əmin oluram. Bəzi hekayələrimi məhz yuxuda yazmışam. Elə hadisələr olub ki, onu əvvəlcə yuxuda görmüşəm. Məsələn, atamın ölümünü. Mən dəqiq bilirəm ki, o ölümü yuxuda görmüşəm. Sadəcə o yuxu çox qarışıq idi. Yas, qara paltarlı adamlar... Kimin adını çəkirdilər bilmirəm. Başıma gələn fəlakətləri yuxuda özümdən asılı olmadan görmüşəm. Gücüm çatmayıb ona. Yəqin Borxesin dediyi kimi, biz Tanrının gördüyü yuxuyuq. O da bəzən bu yuxuya müdaxilə edə bilmir. Mən o yuxuda "ölüm” sözünü pozmaq üçün nələr verməzdim. Amma təəssüf. Yuxularımda faciələrin qarşısını ala bilməyəcək qədər acizəm.


- Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

- O qədər absurd, qeyri-adi, irrosional yuxular görürəm ki, çətin onlar çin olsunlar. Məsələn, yuxumda görürəm (daha doğrusu, özüm qururam) Orxan Pamukla İstanbulda görüşürük, mənə deyir ki, kitablarını ingiliscəyə tərcümə elətdir. Mən də iki saniyənin içində dediyini yerinə yetirirəm. Kitablarım dünyanın hər yerinə yayılır, böyük səs-küy yaranır. Məşhurlaşıram. Saytlar yalvarır ki, müsahibə ver. Hətta pul təklif eləyən də olur. Yuxumu elə gözəl qurmuşam ki, ayılmaq da istəmirəm. Amma qəfil kimsə silkələyir. Ayılıb görürəm, bacımdı. Və təzədən hər şey öz yerinə qayıdır. Durub işə gedirəm və o yuxunu düşünə-düşünə bir xeyli kef eləyirəm. Bir azdan isə dərin depressiyaya düşürəm. Arzularım bəlkə də mənə belə böyük görünür. Əslində çox miskin arzularım var. Yuxumda boş avtobusda işə getdiyimi görmüşəm. Yəni belə arzularım da olur. Və təəssüf ki, çin çıxmır. Sadəcə əlim yuxunun rulundan çəkiləndə və başqa birisi yerimə keçəndə artıq yuxularım çin olur. O yuxular da görmək istəmədiyim yuxulardı. Məni bədbəxt edən yuxulardı. Dəhşətli yaşantılardı. O yuxuları xatırlamaq belə istəmirəm. Çünki o yuxulardan qorxuram. Yaşadıqlarımın hamısı onsuz da mənə yuxu kimi gəlir. Və o yuxudan ayılmaq üçün çox içmişəm.


- Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

- Ən gözəl yuxumu danışım. Deməli, Nobel mükafatının təqdimetmə mərasimidir. Realda bilmirəm necədir. Amma bu mənim yuxumdu. Dediyim kimi, reallığın fiksiyasıdır. Mənə Nobel verirlər və hər kəs rəqsə çıxır. Hamının tərəf müqabili var, mənimki isə yoxdur. Key-key ortalıqda dolaşıram. "Babıçka”lı adamların yanından keçib gedirəm. Və qəribədi, boşda qalan bircə qadın da yoxdu. Elə təəssüflənirəm ki... Bu dəm qolumdan kimsə tutur. Kim olsa yaxşıdır? Elif Şafak. Gülümsəyə-gülümsəyə məni zalın ortasına gətirir və biz rəqs edirik. Bu gördüyüm ən gözəl yuxu idi. Bir yuxumu da xatırlayıram, çox əyləncəli gəlmişdi mənə. Gənc yazıçının körpələrlə görüşü idi. Mən də gənc yazıçı kimi dəvət olunmuşdum. Beşikdəki körpələr mənə suallar da verirdi. Necə maraqlı suallar idi, bir eşitsəydiniz. Mən də ciddi-ciddi cavab verirəm. Belə qeyri-adi yuxuların müəllifiyəm.


- Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

- Mənim yuxularımın rəngi bozdur. Sadəcə adamları rəngli görürəm. Bozluğun içinə rəng qatıram. Özüm bəzən fonu dəyişə bilirəm. Başqa rəngləri yerləşdirirəm ora. Həyatıma qata bilmədiyim rəngləri yuxularımda eninə-boluna istifadə edirəm.


- Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

- Mən onları yuxumun xaricində tuturam. Qapıdan kənarda qoyuram. İstəmirəm, görmək. Məsələn, Mövludu heç vaxt istəməzdim. Özü də o yuxuma gəlmək istəyəndə yanında hündürmərtəbəli bina da gətirir. Dərhal yuxumda o səhnəni kəsib tullayıram. Mən doğmalarımın ölümünü qəbul etmirəm. Bəlkə də Allaha məhz buna görə acıqlıyam. Heç olmasa yuxumda məni incitməməsi üçün əlimdən gələni edirəm. Mən onları həyatda görürəm. Başqa adamların içində. Avtobusda, küçədə, yazıda və s. Bu da mənə bəs edir. Çünki onların yaşadıqlarına adım kimi əminəm. Sadəcə uzaqlara gediblər. Haçansa qayıdacaqlar.


- Dahi yazıçılardan, rəssamlardan, filosoflardan kimləri yuxunuzda görmüsünüz?

- Sevdiyim yazıçıları, aktyorları, rejissorları həmişə görürəm. Daha doğrusu, onları yuxuma dəvət edirəm. Sağ olsunlar, onlar da məni qırmır. Son vaxtlar bu ilin Nobel mükafatçısı Kazuo İşiquro yuxularımın daimi qonağına çevrilib. Gah Bakıya gəlir, gah mən Britaniyaya. Özü də qəribədir. İşiquro ilə heç vaxt ədəbiyyat söhbəti etmirik. Mən deyirəm, yapon, çin, koreya qızlarını ayırd edə bilmirəm, o da başlayır izah etməyə. Hərdən özü də qarışdırır. Məndən bizim yazarları soruşur. Deyir, nə edirsiniz. Mən də danışıram ki, bir kafemiz var, hərdən orda gedib 1 manata çay içib boş-boş söhbətlər edirik.

Sonuncu dəfə Sabiri gördüm yuxumda. Dəvət elədim, oturub bir çay içdik. Mənə dedi ki, görürsən, bu xalqı? Dedim, hə. Mən də onu demək istəyirdim elə dedi gülümsəyərək. Sən kefini pozma, nə dediyini başa düşürəm, amma bu adamlarla çətindi. Mən də dedim, axı sevirəm hamını. Əlini çiynimə qoydu. Sonra şeir də oxudu deyəsən. Mənimlə məzələnən bir şeir də qoşubmuş. Bədahətən dedi və çıxıb getdi.


- Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

- Mən yuxuda sadəcə dincəlirəm. Həqiqət axtarışında deyiləm.