adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

AQİL ABBAS: QİYAMƏT GECƏSİ - II (DAVAMI)

AQİL ABBAS
71954 | 2018-02-14 15:00

Nəhayət, bu donmuş dünyanın donmuş yollarında qara batıb qalmış bu donmuş maşında oturub bu ürək ağrısı ilə çovğunun haçansa kəsəcəyini və yolların açılacağını gözləməkdən O da yoruldu, daha doğrusu, buna ümidini tamamilə itirdi, butulkanın dibindəki axırıncı qurtum viskini də içdi, kürkünün boynunu qaldırdı və maşından düşdü, hər an ayağının altındakı yerin qaçacağından, əslində bu yer onun ayağının altından çoxdan qaçmışdı, qorxa-qorxa büzüşüb qara batmış maşınların yanından keçərək üz tutdu evlərinə tərəf.

Qəbiristanlıq da, batmış maşınlar da qaldı arxada. Və uzanıb gedən bu yolda Ondan başqa bir inni-cinni yox idi. Və bu yol heç qurtarana oxşamırdı, ona elə gəlirdi ki, evləri bu donmuş dünyanın lap qurtaracağındadı, hələ bir az da o yandaydı. Və bu qurtarmaq bilməyən yol yavaş-yavaş Onu əldən saldı, ürəyinin döyüntüsü də xeyli artdı. Döyüntü artdıqca tıncıxırdı, ağır-ağır nəfəs almağa başladı, bir tərəfdən də çovğun onu salmışdı şapalağının altına şapalaqlayırdı. Və bu şapalaqlar nəfəs almağını daha da çətinləşdirirdi. Axmaq öskürəyi yenə tutdu, dayandı və söykəndi neçə ildi İşığa Həsrət Qalmış İşıq Dirəyinə ki, bir balaca yorğunluğu çıxsın. Öskürək isə yaxasından əl çəkmirdi.
Lap bərk qorxdu, ürəyi ikinci dəfə tutsaydı... Özü də belə bir vaxtda, hayına kimsənin yetişə bilməyəcəyi bir vaxtda.
Dara düşəndə Allahı çağıran hamı kimi, sanki Allah yaratdığı insanlara yalnız və yalnız dara düşəndə lazım idi, O da Allahı çağırdı. Amma bircə onu bilmirdi ki, Allah bütün kainatın, bütün yaratdıqlarının və yaratmaqda olduqlarının problemlərini bir yana atıb Onun və yalnız dara düşəndən-düşənə Allahı yadına salanların problemləri ilə məşğul deyil.
Bir az dincini aldı, ağrıyan ürəyindən siqaret keçdi. Amma heç siqareti yandıra bilmədi, çovğun qoymadı, atdı yerə. Gördü ürəyi yerindən çıxır, başladı sinəsini ovxalamağa, bir-iki dəfə yenə möhkəm eşqırdı, hə, deyəsən bir az yüngülləşdi, öskürəyi də kəsdi, heç gözləmədiyi halda ürəyinin ağrısı xırp kəsdi, bir az rahatlandı, quş kimi oldu. Hə, indi getmək olar...
...Özünü saldı içəri, divin canı olan şüşəni sındırıb içindən uçan göyərçini sonuncu - üçüncü oxu ilə vurub daşa çevrilməkdən son anda qurtulan adamlar kimi rahat nəfəs aldı və qapını arxasınca örtdü, onunla birlikdə bir balaca qızınmaq arzusu ilə sivişib içəri keçmək istəyən şaxta da, insanları küçələrdən silib-süpürüb, bu boyda şəhəri bom-boş boşaldan çovğun da qaldılar qapının arxasında üşüyə-üşüyə.
Heç içəri də elə isti deyildi. Otağın küncündəki sobanın ağzını açdı, gördü ocaq küllənib və közlər də yavaş-yavaş sönməkdədi. Maşanı götürdü, ehmalca külü tökdü manqala, külün altındakı öləziməkdə olan közləri yığdı bir yerə, üstünə iki-üç odun atdı, möhkəm-möhkəm közləri üfürdü, odunlar alışdılar, bundan sonra donmuş əllərini ovuşdurub tutdu sobanın üstünə. İsti vurduqca bu isti yüzlərlə iynəyə çevrilib əllərinə batırdı, amma bu iynələrin ağrısı ona ləzzət eləyirdi.
Yerdəki çaydanı da götürüb qoydu sobanın üstünə.
Bu otaqla onun kitabxanasını taxtadan düzəldilmiş bir arakəsmə ayırırdı və bu arakəsməni istədiyi vaxt beşcə dəqiqəyə sökmək mümkün idi. Onda böyük bir zal alınırdı.
Toyunda atası arakəsməni götürdüb Bakıdan gələn şair dostları üçün bu zalda ayrıca süfrə açmaq istəmişdi, amma O qoymamışdı:
- Ata, mən onların çoxunun kitabxanasından kitab çırpışdırmışam.
Dostlar mənimdisə, yaxşı tanıyıram, hayıflarını çıxmaq üçün fürsət axtarırlar. Özü də bilirsən ki, şairlər hamısı vuran olur, sən də evə içki buraxmırsan, içkisiz süfrə də onlara ləzzət eləməyəcək.
Atası da razılaşmışdı.
Və toyunda indiyədək heç bir toyda görünməmiş və hamıya çox qəribə görünən qeyri-adi bir hadisə baş vermişdi, uzun müddət də bu hadisəni eldə-obada danışmışdılar, hətta lağ eləyənlər də olmuşdu:
- Bu şairlərin doğrudan da başları xarab imiş ey, durub Bakıdan basa-basa gəliblər kişinin toyuna, dəftərə də pul əvəzinə kitab yazdırıblar.
Bir maraqlı hadisə də o olmuşdu ki, toyun səhərisi nəmərləri yazan xalası oğlu yığılan pulla bərabər dostlarının nəmər əvəzinə toya saldıqları kitabları da stolun üstünə qoyub təhvil verəndə anasının üzü gülmüşdü:
- Oğul, sənin nə ağıllı dostların varmış?
Və anası həmin kitabları ayrıca bir rəfə yığmışdı, evə gələn qonaqlara göstərib deyirdi:
- Görürsünüz, dostları mənim oğlumun toyuna nə gözəl kitablar bağışlayıblar.
Kürkünü çıxarıb atdı divanın üstünə və keçdi kitabxanasına...
Anası onları hardan qoyub getmişdi elə orda da - öz köhnə dəmir çarpayısında üzünü iki əli üstə qoyub adətinə uyğun sol böyrü üstə yatmışdı və onlardan ayrılıb gedən zaman üz-gözündəki yorğunluq da elə üz-gözündəydi. Amma bu yorğunluq onun gözəlliyini soldura bilməmişdi. Hamı kimi Ona da elə gəlirdi ki, bu dünyada onun anasından gözəl ana yoxdu. Və indi dünyanın ən gözəl anası xəstəliyin gətirdiyi yorğunluqdan elə möhkəm yatmışdı ki, oyatmağa ürəyi gəlmədi.
Əvvəllər bu otaqda çarpayı yox idi, elə ki, anası xəstələnib düşdü yorğan-döşəyə, onda öz dəmir çarpayısını köçürtdürdü bura.
Otaqda kitab rəflərindən başqa bir taxta divan, üstünə qoyun dərisi atılmış iki taxta kreslo, bir jurnal mizi - bu mizin üstündə həmişə nərdtaxta olardı və O, bu nərdtaxtada dostu Surxayın bəlkə də bir "Jiquli" kitabını udmuşdu - bir də köhnə radioqəbuledici vardı. O, bu radioqəbuledicidən əsasən gitara çalanda, gitara çalanda deyəndə yekə çıxır, dınqıldadanda, səsgücləndirici kimi istifadə edirdi. Anası da əsəbiləşirdi:
- Ay bala, baş-beynimizi aparma, sənin musiqi duyumun yoxdu, qırx il də özünü öldürsən düz-əməlli bircə mahnı da çala bilməyəcəksən.
Və elə qırx il idi o gitaranı dınqıldadırdı, amma anasının dediyi kimi, bircə mahnını da düz-əməlli çala bilmirdi. Uşaqlıqda anasının zəhləsini tökürdü, indi də xanımının.
Divardan Leonid İliçin portreti asılardı, o portreti də balaca bacısı çəkmişdi. İlk dəfə Xəlil Rza onlara qonaq gələndə divardakı portretə baxıb demişdi:
- Bu şəngülümün şəklini kim çəkib?
Atası təəccüblə soruşmuşdu:
- Kimin?
- Şəngülümün də!
Sonra hər ikisi qəh-qəhə çəkib gülmüşdülər. Və Xəlil Rza birinci dəfə ayaq basdığı evdə çox böyük bir ərklə portreti çıxarıb atmışdı yerə:
- Əşi, atın getsin. Hər itin-qurdun şəklini divardan asmayın.
Sonra da uşağa məsləhət görmüşdü, - qızım, bir də belə mənasız adamların portretini çəkmə.
Amma Xəlil Rza gedəndən sonra itin-qurdun portretini yenidən qaytarıb öz yerindən asmışdılar, Leonid İliçin xətrinə yox, uşağın xətrinə. O da şəkil çəkməyi sevirdi, elə balaca bacısı da bunu Ondan öyrənmişdi. Amma O, portret yox, mənzərə çəkməyi daha çox xoşlayırdı. Hər il yayda alaçıq qurub yayladıqları Kəlbəcərin, Turşsuyun dağlarını, qayalarını, cığırlarını köçürərdi vərəqlərə. Yaylaqdan dönəndən sonra da göndərərdi "Pioner" jurnalına, amma birini də çap eləmirdilər. Bir az böyüyəndən sonra daha gördüklərini çəkmək Ona ləzzət eləmədi, bir də ki, belə şəkilləri hamı çəkə bilərdi, biri bir az pis, biri bir az yaxşı. O isə hamının çəkə bildiklərini çəkmək istəmirdi, heç kəsin çəkə bilmədiyini çəkmək istəyirdi. Və heç kəsin çəkə bilmədiyini əslində heç özü də çəkə bilmirdi, əcayib-qərayib şeylər alınırdı. Gah yuxusunu çəkirdi, gah xoşuna gələn qızın ürəyini çəkirdi, gah həmin qız haqqında fikirləşdiklərini çəkirdi və nə çəkdiyini də heç kimə başa sala bilmirdi.
Evdə atası, məktəbdə də müəllimlər Onu belə əcayib-qərayib şəkillər çəkdiyinə görə danlayırdılar:
- Gül kimi qabiliyyətin var, amma səfeh-səfeh şeylər çəkirsən.
Onu danlayanlar çəkdiklərini başa düşmədikləri kimi O da danlayanları başa düşə bilmirdi, burda nə var ki... bu daş sevdiyi qızın ürəyidi, onun sevgisindən əriyib axır.
Nə qədər danlasalar da xeyri yoxuydu, çünki Onun belə səfeh şəkillər çəkməkdən çox xoşu gəlirdi.
- Oğul, bu çəkdiklərin nədir?
- Bilmirəm.
- Necə yəni bilmirsən?
- Bilmirəm də.
- Bəs niyə çəkirsən?
- Nə bilim niyə çəkirəm, xoşum gəlir çəkirəm.
Öz qəşəng baldırları, dolu məmələri ilə təkcə sinifdəki oğlanları deyil, məktəbdəki qoca müəllimlərin də ağzını sulandıran, təbii ki, O da bu baldırlara, bu məmələrə biganə deyildi, Nəğmə Müəlliməsindən zəhləsi gedirdi. Bu Nəğmə Müəlliməsinin hər dərs Onu qaldırıb danlamaqdan və ona "iki" yazmaqdan xoşu gəlirdi, sanki bundan ləzzət alırdı. Və elə bil bunu bütün məktəbə meydan oxumaq üçün eləyirdi.
Direktor dəfələrlə Nəğmə Müəlliməsinə demişdi:
- Müəllimə, bu uşaq nə Qədir Rüstəmov olacaq, nə də Rəmiş, bu uşaq riyaziyyatçıdı, incitmə.
- Biri deyir rəssam olacaq, biri deyir şair olacaq, siz də deyirsiniz riyaziyyatçı olacaq. Heç nə olmayacaq ondan! Heç nə! Görəcəksiz! Atasının bir az pulu var deyin tərifləyə-tərifləyə mindirmisiniz boynunuza, bəlkə onu dalıma alıb gəzdirim?
- Yox, sağ ol Müəllimə. Dalına alıb gəzdirmə, amma əl çək o uşaqdan. Özü də bunu sənə bir direktor kimi deyirəm.
Sinif yoldaşları da zarafatla:
- Ə, şair, sən öl, müəllimə səndən kəsir, eşitdin də, Əli müəllimə deyirmiş ki, istəyirsiniz onu dalıma alıb gəzdirim.
O:
- Ə, boş-boş danışmayın. Onun dalını çoxdan...
Dostu Eynur da Onun xətrinə bir dəfə Nəğmə Müəlliməsinin dərsində stula elə bir mıx qoydu ki, müəllimə düz on gün məktəbə gələ bilmədi.
Nəğmə Müəlliməsinin hərəkətlərindən boğaza yığılmış və bəlkə də müəllimədən umduğunu ala bilməmiş direktor da buna görə onlara elə bir ağır cəza vermədi. Sadəcə olaraq gəldi girdi sinfə, bir az uşaqları danladı, bir az tərbiyədən danışdı, bir az öz uşaqlığından, sinfə qurbağa gətirməsindən, buna görə direktorun onu toqqayla döyməsindən danışdı, amma heç kimi toqqayla döyməyib getdi.
O da Nəğmə Müəlliməsinin əcayib-qərayib bir şəklini çəkdi. Atası həmin şəklə diqqətlə baxıb soruşdu:
- Oğul, bu nə şəkilidi?
- Ata, bu nə yox, kimin şəkilidi.
- Olsun kimin.
- Ramellanın.
- Ramella kimdi?
- Nəğmə Müəlliməsi.
- Ə, bu nə təhər adam şəklidi ki, baş yerində arxa çəkmisən, arxa yerində baş.
- Hə də, ata, bizim o Nəğmə Müəlliməmizin başının əvəzinə elə orası işləyir.
Atası gözlənilmədən oğlunun onunla belə açıq danışmasından bərk əsəbiləşdi, möhkəm danladı, şəkli də cırıb atdı:
- Sənə neçə dəfə demişəm, bir də belə səfeh şeylər çəkmə.
Amma gecə hamı yatandan sonra həmin səfeh şəkli yenidən çəkdi və səhər aparıb asdı məktəbdə divar qəzetinin üstündən, uşaqlar da yığışdı divar qəzetinin başına. Nəğmə Müəlliməsi də məktəbə girəndə həmin şəkli görüb əvvəl-əvvəl diqqətlə baxdı, sonra şəkli qoparıb ağlaya-ağlaya getdi direktorun yanına:
- Bu da sizin tərbiyəli, əlaçı şagirdiniz! Onu bu məktəbdən qovdurmasam heç atamın qızı deyiləm.
Dəxli yox idi ki, o atasının qızıydı, ya qızı deyildi, amma Onu məktəbdən qovdura bilmədi. Bircə pis o oldu ki, atasını məktəbə çağırdılar, direktorun otağında direktor, Nəğmə Müəlliməsi və atası xeyli söhbət elədilər, sonra bildi ki, atası Nəğmə Müəlliməsindən üzr istəyib.
Axşam günahkarcasına atasının qarşısında dayanıb hərəkətinə görə yox, atasına Nəğmə Müəlliməsindən üzr istətdiyinə görə bağışlanmasını xahiş eləyəndə Kişi gözlənilmədən dedi:
- Oğul, deyəsən axı sən o şəkli düz çəkmisənmiş.
Və nəhayət gördü ki, kimsə Onun çəkdiklərindən heç nə başa düşmür, hətta hamıdan ağıllı bildiyi atası da onun bu rəssamlığından əsəbiləşir, ruhdan düşdü və belə səfeh şəkillər çəkməyi yavaş-yavaş tərgitdi.
Sonralar, lap sonralar qadağan olunmuş kitabları minbir müsibətlə tapıb, oxuyub, qadağan olunmuş dünya ilə tanış olanda gördü ki, heç demə belə səfeh şəkillər çəkən tək O deyilmiş və onların tanımadığı dünyada Salvador Dali adında bax belə səfeh şəkillər çəkən çox məşhur bir rəssam varmış, o rəssamın çəkdiyi belə səfeh şəkilləri dünyanın ağıllı adamları ən azı bir milyon dollara alıb asırmışlar evlərinin ən görkəmli yerindən, bununla da fəxr edirmişlər...

(ardı var)

TƏQVİM / ARXİV