"Mən uzun müddət anamla eyni çarpayıda yatmışam" - Marcello Mastroianni
Marcello Vincenzo
Domenico Mastroianni – "italyan sevgili”, "italyan nişanlı” təxəllüslü məşhur
aktyor, dahi Fellininin alter-eqosu, Sofi Lorenin daimi tərəf müqabili, aktyor
Marcello Mastroianni 1924-cü ilin 28 sentyabrında İtaliyada, Fontana-Liri adlı
dağ kəndində xarrat ailəsində anadan olmuşdu. Atası Ottorino Mastroianni kasıb
xarrat, anası, yəhudi mənşəli İda İrolle (İdolson) isə evdar qadın idi. Bir qədər sonra ailə
Turinə köçmüş, ailənin ikinci aktyoru, Marcellonun kiçik qardaşı Rudjero da
orda doğulmuşdu.
Mastroiannilər
ailəsi çox kasib idi. "Mən uzun müddət anamla eyni çarpayıda yatmışam, çünki
otaqda yer yox idi. Qardaşlarım bizim yanımızda döşəmədə yatırdılar, atam isə dəhlizdə.
Ancaq mən bunda pis heç nə görmürdüm, çünki yaşıdlarım da eyni vəziyyətdə idilər”
– Mastroianni uşaqlığını xatırlayanda deyirdi.
Alman düşərgəsindən qaçmağı bacarmışdı
Gələcək
aktyorun uşaqlıq və gənclik illəri nasizm dövrünə düşmüşdü. Hətta Marcello
faşistlər tərəfindən Almaniyanın şimalındakı əsir düşərgələrindən birinə
deportasiya olunmuş, bir müddət orda işləmişdi. Düşərgədən qaçmağı bacarmış
Mastroianni bir neçə ay Venesiyada gizlənmiş, müharibə başa çatandan sonra
Romaya köçmüş, kino şirkətlərinin birində mühasib işinə düzəlmişdi. Bu
vəzifədə işləyə-işləyə Roma universitetində inşaat və memarlıq fakultəsinə daxil
olmuşdu. Universitetdə dərslərinə hazırlaşmaqla paralel tələbərin
hazırladıqları tamaşalarda da iştirak eləyirdi. Elə Giulietta Masina ilə də
orda tanış olmuşdu. Hərçənd bir qarnı ac, biri tox yaşamaqdan yorulmuş Marcello
aktyor yox, memar olmaq istəyirdi, çünki bu peşədə yaxşı pul qazanacağına
inanırdı.
Ancaq Marcellonun memar olmaq arzusu "gözündə qalır”. Luchino Viscontinin
ucbatından. Universitetin tamaşalarından birində onun ifasını bəyənən Visconti,
Mastroiannini "Elizeo” teatrının truppasına dəvət eləyir.
Mastroianni Viscontinin diqqətini niyə cəlb elədyini anlamırdı. O, zahiri görkəmini
– 176 sm-lik boyunu, kobud formalı burnunu, dolu dodaqlarını və nazik əllərini
bəyənmirdi. Lakin Visconti onun rola girməyi bacardığını, qəhrəmanlarının ən
incə duyğularını belə çatdıra bildiyini düşünürdü. Yəqin elə buna görə bir neçə
tamaşadan sonra onu özünün "Bəyaz gecələr” filmində baş rola dəvət eləmişdi. Bu
filmdə Mastroianni ilk dəfə melanxolik intellegent obrazını yaradır. Onun ifası
Fellininin o qədər xoşuna gəlir ki, gənc aktyor "Şirin həyat” filmində baş rolu
alır. Beləcə, onların birgə fəaliyyətlətinin əsası qoyulur. Hərçənd Fellini
Marcellonu təkcə aktyorluğuna görə bəyənmirdi: "O, həmişə çox yeyirdi. Bu cəhəti
diqqətimi çəkmişdi, çünki yaxşı iştahası olan insanlara simpatiya duyuram. Odur
ki, Marcello ilk dəfə diqqətimi oyunu ilə yox, yeməyi ilə cəlb eləmişdi. O, əsl
qurman idi” – özü də dadlı yeməkləri sevməyi ilə məşhur olan Fellini M.
Mastroianni haqqında deyirdi.
Əslində Fellini "Şirin həyat” filminə Marcellonu yox, amerikalı Paul Newmanı çəkmək
istəyirdi. Amma Newman özünü "yuxarıdan aparıb” şərtlər qoymağa başlayanda
rejissor rolu adi zahiri görkəmə sahib, tanınmamış aktyora vermək qərarına gəlir.
"Şirin həyat” 1960-cı ildə Kann Kinofestivalında baş mükafata layiq görülür.
Marcello Mastroianniyə isə vətənində ilin ən yaxşı aktyoru adı verilir. Bundan
sonra Mastroianni Fellininin "Səkkiz yarım”, "İntervyu”, "Cincer və Fred”,
"Qadınlar şəhəri” filmlərində də çəkilir.
"Deyəsən, mən Fellininin ruhunun vizual təcəssümü idim, — Marcello deyirdi, —
Fellininin alter egoya, öz zəifliklərini yükləyə biləcəyi personaja ehtiyacı
vardı. "Səkkiz yarım” filmində mən içimdəki antiqəhrəmanın mahiyyətini üzə
çıxartmışam. Ümumiyyətlə, Fellininin filmlərində oynadığım bütün personajlar bəxtsiz
insanlardı. Və onlardan çox xoşum gəlirdi, çünki ruhən mənə yaxındılar”...
Aktyorun yaradıcılığında xüsusi yeri olan daha bir rejissor vardı — Vittorio de
Sica
O, aktyorun Sofi Lorenlə duetinin "dirijoru” idi. "İtalyansayağı nigah”, "Dünən,
bu gün, sabah” filmləri tənqidçiləri də, tamaşaçıları da səmimiyyəti və
ehtirası ilə heyran eləmişdi və dünya kinosunun şedevrləri heab olunurdu.
Sözügedən filmlər Mastroiannini bütün Avropada məşhurlaşdırır. 1961-ci ildə tənqidçilər
Mastroianninin digər bir dahi italyan rejissoru M. Antonioninin "Gecə” filmində
oynadığı rolu da çox bəyənirlər. Onun soyuq ifası rejissorun vermək istədiyi "müasir
cəmiyyətdə yadlaşma” ideyasını dəqiq çatdırırdı.
70-80-ci illərdə aktyor əvvəlkindən daha çox çəkilməyə başlayır. Hər il
ekranlara onun iştirakı ilə bir neçə film buraxılır. Onlar tamaşaçılar arasında
o qədər də uğur qazanmasalar da, Mastroianni əvvəlki kimi kinotənqidçilərin
sevimlisi idi.
1986-cı ildə aktyor, Nikita Mixalkovun "Qara gözlər” filmində oynadığı rola görə
üçüncü dəfə "Oskar”a namizəd olur.
Aktyor sonuncu rolunu
rejissor Robert Altmanın "Pret-a-porte” filmində oynayır. Bu filmdə Sofi Lorenlə
tərəf müqabili olan M. Mastroianni Rusiyadan vətəninə qayıdan və Lorenin
personajına aşiq olan italyanı canlandırır.
Xərçəng onun da axırına çıxdı
Mədəaltı vəzinin xərçəngindən əziyyət çəkən Mastroianni "Pret-a-porte” filmindən
iki il sonra dünyasını dəyişir. Aktyorun dəfn mərasimi ərəfəsində Romada yerləşən,
"Şirin həyat” filmi ilə məşhurlaşmış Trevi fəvvarəsi aktyorun xatirəsinə hörmət
əlaməti olaraq söndürülür və üzərinə qara örtük salınır.
Marcello Mastroianni öz sənət fəlsəfəsini belə ifadə eləyirdi: "Mən çox tənbəl,
passiv insanam. Mən- hərəkət adamı deyiləm, müşahidəçiyəm. Mən- pəncərə
qarşısında dayanıb başqalarına baxan insanam. Fəlsəfəm də italyan fəlsəfəsidi –
hər şeyi sabaha saxla. Gecələr mənə bir boşqab spaqetti, bir şüşə şərab və
dostlarım lazımdı. Yaxşı filmlərimin hamısında da hərəkət eləyən yox, reaksiya
verən personajları oynamışam. Belə rollarda özümü daha rahat hiss eləyirəm...”.
1950-ci ildə, teatr karyerası təzə başlayanda, hələ qadınların üzünə baxmadığı
vaxtlarda Mastroianni italyan bəstəkarı Ezio Corabellanın qızı, aktrisa Flora
Carabella ilə evlənir. Bir il sonra onların Barbara adlı qızı dünyaya gəlir.
Flora Marcellonun qanuni nigahla evləndiyi yeganə qadın olur. Aktyor uzun,
qısa, bütün sevgi macəralarından sonra onun yanına qayıdır. Harda, kiminlə
olur-olsun, hər il toylarının ildönümündə Floraya zəng vurur və qızılgül buketi
göndərirdi.
"Əvvəllər onun macəralarından xəbər tutanda dəli olurdum, evdə mebelləri
sındırır, qışqırıb-bağırırdım. Amma sonra Visconti mənə həyati-vacib bir məsləhət
verdi. Dedi ki, "əgər o azad olsa, həmişə sənin yanına qayıdacaq. Marcellonun təbiəti
belədi – o, pərvanə kimidi, şamdan şama uçur”- deyə Flora müsahibələrinin
birində deyirdi.
"İtalyan sevgili”nin tərəf müqabili olduğu hər aktrisa ilə macəra yaşadığı
deyilirdi, hətta Sofi Lorenlə də. Lakin hər ikisi bu şayiələri
inkar eləyir, israrla "sevgi münasibətlərinin” ekrandan kənara çıxmadığını, həyatda
yalnız yaxşı dost olduqlarını təkrarlayırdılar.
Əvəzində aktyorun amerikalı aktrisa Faye Dunawaylə münasibəti daim mətbuatın
gündəmində idi. Onlar çəkiliş zamanı tanış olmuşdular, dərhal da aralarında
"elektrik” yaranmışdı.
"Bizim münasibətimiz çəkiliş meydançasında öpüşlə başlamışdı. Ssenariyə görə mən
onu qucaqlayıb öpməli idim. Elə həmin öpüşdən sonra məhv olduğumu başa düşdüm.
O, şimşək kimi gəlmişdi”, — deyə M. Mastroianni deyirdi.
Onların qitələrarası "gizli” sevgisi üç il davam eləyir və Faye Mastroiannidən
boşanmasını tələb eləyəndə hər şey bitir. Ayrılıqlarından bir həftə sonra Faye
ictimai şəkildə "Marcello ana uşağıdı, müstəqil qərar verməyə qadir deyil”, —
deyə bəyan eləyir.
Marcellonu isə bu ayrılıq çox pis yaralamışdı. "Mən Faye-i çox sevirdim, ancaq
hər şey ağrılı bitdi və biz bir daha danışmadıq. Mən bir də onu görmək istəmirdim”,
— deyə aktyor sonralar etiraf eləyirdi.
Bir sevgi yarasını nə sağalda bilər? Başqa bir sevgi. Mastroiannidə də belə
olur. "Bu yalnız başqalarının başına gələ bilər” filminin çəkilişlərində tanış
olduğu 27 yaşlı Catherine Deneuve 46 yaşlı aktyora keçmiş sevgilisini nəinki
unutdurur, hətta onun həyatının ən vacib qadınına çevrilir. Floranın nifrətlə
"o əcinədi” adlandırdığı Catherine-lə Marcellonun münasibətləri bir neçə il
davam eləyir. Bütün bu vaxt ərzində aktyor Parislə Roma arasında yaşayırdı. O,
dəfələrlə Catherine-ə evlənmək təklif eləsə də, hər dəfə rədd cavabı alırdı.
Bir tərəfdən onun ailəsini dağıtmaq istəməyən Catherine digər tərəfdən ailə
institutuna inanmırdı. Ümumiyyətlə, deyilənə görə, fransız aktrisası
Mastroianni ilə soyuq və qapalı davranırmış.
Ancaq Marcello onun soyuqluğuna inanmırdı. Müsahibələrinin birində münasibətləri
haqqında soruşan jurnalistlərə "Sevir! O mənim sevimli yeməyimi bişirir- lobya!
Təsəvvür eləyirsiz, Catherine və lobya!”, — demişdi.
Həqiqətən də, yemək bişirməkdən zəndeyi-zəhləsi gedən Catherine lobya bişirməyin
34 üsulunu öyrənmişdi. Ancaq 1972-ci ildə doğulan qızları Chiara da
Catherine-in evliliklə bağlı fikrini dəyişmir. Hətta Marcellonun Flora ilə
boşanması da ona təsir eləmir. Deyilənlərə görə, bunu eşidən Giulietta Masina ərinə
"Yazıq Marcello fransız müstəqilliyinin sarsılmaz qalasını almaq üçün sonuncu
vasitəni də istifadə elədi” söyləyibmiş.
Deneuve-ün növbəti rədd cavabından sonra Marcello arvadına zəng vuraraq:
"Flora, o, yenə yox dedi. Hətta sən də onunla evlənməyimə razılıq vermişdin,
amma o, yox dedi. Mən ölmək istəyirəm”, — deyir və tezliklə İtaliyaya Floranın
yanına qayıdır. Ancaq o, sevdiyi qadını və qızını görmək üçün tez-tez gizlincə
Parısə gedir. Chiara onun sevimlisi idi.
Sonralar Chiara Mastroianni valideynlərinin yolunu davam etdirir və aktrisa
olur, hətta anası ilə birlikdə Claude Lelouchun "Yalnız ikimiz” filmində çəkilir.
Ancaq Marcello Mastroianni ölümlə əlləşdiyi günlərdə həyat yoldaşı Flora ilə
birlikdə Catherine Deneuve qızı Chiara da onun yanından ayrılmır.
Aktyorun sonuncu sevgisi
rejissor Anna Maria Tato olur. Onlar Parisdə yaşayırdılar, aktyor artıq xərçəng
olduğunu bilirdi. Buna görə də ömrünün son günlərində ürəyini boşaltmaq qərarına
gəlir. Anna Maria onun yeddi saatlıq etirafını lentə yazır.
Ancaq aktyorun ölümündən bir il sonra lent yazısını kitaba çevirmək istəyəndə əməmlli-başlı
qalmaqal başlayır. Mastroianninin qadınlarından heç biri etirafın çap
olunmasını istəmir, Anna Marianı aktyorun adından yararlanmaqda ittiham edirlər.
"Mən heç vaxt birlikdə olduğum qadınları saymamışam – sadəcə sevmişəm! Onlar bu
həyatda mənə çox şey veriblər. Bəlkə də mən onlara daha az şey vermişəm”, deyə
Marcello müsahibələrinin birində etiraf eləyirdi.
Digər Xəbərlər
17 Aprel 2024 18:30
Baba Mahmudoğlu: Ceyran bala - VİDEO
17 Aprel 2024 17:55İki böyük sənətkar - Aşıq Ədalətlə Rəmiş! - VİDEO
17 Aprel 2024 14:54Troya xarabalıqları – FOTOLAR
17 Aprel 2024 13:26Bəlkə ictimai kanal cəmiiyyətin bütün təbəqələrini qucaqlamaq istəyir? - Jurnalistdən MÖVQE
16 Aprel 2024 18:50