adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: ÖLÜLƏRDƏN YOX…

FAİQ QİSMƏTOĞLU
174711 | 2018-04-13 12:04
… Bir ağır xəstə son dəqiqələrini yaşayır. Və son dəqiqələr onu Allahın dərgahına bir qədər də yaxınlaşdırır. Çox keçmir ki, o xəstə dünyasını dəyişir. Ancaq sağlığında onu çox istəyənlərin əksəriyyəti rəhmətə gedənə yaxınlaşmaq istəmir. Daha doğrusu, qorxur. Və bu qorxu da bizim həmişə içimizdə olub. Başa düşmək olmur, niyə biz əzizimizi itirəndə bir çoxlarımız ona yaxınlaşa bilmirik?! Və qalırıq çətin bir durumda…

Dünyanın bəlkə də ən günahsız insanı Allah dərgahına qovuşmuş adamlardı. Bilmirəm, siz heç doğmalarınız dünyasını dəyişəndə onların çöhrəsinə, sifətinə diqqət yetirmisiniz, yoxsa yox?! Amma mən diqqət yetirmişəm. Həmin anda onlar dünyasını dəyişəndən sonra o çöhrəyə, o sifətə bir nur, işıq hopur. Elə bir nur ki, həmin nur heç sağlığında o insanın çöhrəsində hiss olunmur. Görünür, Allah da bəndəsini öz dərgahına aparanda ona qeyri-adi bir gözəllik bəxş eləyir…

Bizim millət dirilərdən çox ölülərdən qorxurlar. Yəni biri ölü görəndə bir ay özünə gələ bilmir. Özünə gələ bilmir ki, hardasa bir ölü görüb…

… Bir yolçu az gedir, çox gedir, axırda yorulub əldən düşür. Qabağa ha baxır bir yurd, bir ocaq, bir kənd görmür. Şər də qarışır. Bir aşağı baxır, bir də yuxarı. Babasının dediyi söz yadına düşür: «Oğul, qalmağa, gecələməyə bir yer tapmadın, onda harda qəbiristanlıq varsa, gecəni orda qal. Heç bir qorxusu yoxdu». Onda da yay vaxtı imiş. Oğlan da yaxınlıqdakı qəbiristanlığa gəlir və bir qəbirin yanında yıxılıb yatır. Səhər açılanda quşların, bülbüllərin səsi onu yuxudan oyadır. Və deyir ki, hələ indiyə kimi heç bir yerdə belə rahat yatmamışdım…

Maraqlı bir tamaşa var: baş rolda rəhmətlik Bəşir Səfəroğlu iştirak edir. Orda bir nəfər guya dünyasını dəyişir. Sıravi polislər də qorxularından ona yaxın dura bilmirlər. Axırda zabit (Bəşir Səfəroğlu) həmin ölüyə yaxınlaşır və görür ki, tərpənmir. Polislərə deyir ki, gəlin bunu tərpədin. Onlar da gəlir, ha orasını-burasını qıdıqlayır, ölü tərpənmir ki, tərpənmir. Polis də onlara bərk təpinir: «Heç ölünün də qıdığı gələr?» - deyir. Və polis rəisi oturur rəhmətə getmiş adamın çarpayısında. Birdən ölü dirilir. Bunu görən polisi titrətmə tutur. Digər əməkdaşlar ölünü aparmağa gələndə görürlər ki, ölü yoxdur. Onlar rəisdən soruşurlar ki, bəs ölü necə oldu? O da deyir ki, qaçdı. Qorxusundan əsməcə tutmuş rəisi götürüb aparırlar…

Bax, görürsünüzmü, hətta tamaşalarımızda belə ölüdən qorxma anları bir daha komik bir üslubda bizim diqqətimizə çatdırılır. Ancaq nahaq yerə! Heç vaxt dünyasını dəyişən adamdan qorxmaq lazım deyil. O kəslərdən qorxmalıyıq ki, onlar sənin imkanın olanda ətrafında pərvanə kimi fırlanırlar. Amma elə ki, bir balaca ayağın büdrədi, pulun-paran olmadı, bax, onların xəyanəti bir-bir üzə çıxır. Yəni uzun illər çörək verdiyin, gözünün yağını yedirtdiyin, adam eləyib ortalığa çıxardığın sənin üzünə ağ olur, çörəyini itirir, ölüm ayağında olanda belə səni axtarmır. Çünki tay sən ona lazım deyilsən… çünki onun altıda alımı yoxdu, beşdə də verimi…çünki hər şeyi başının altına yığıb, kefi də kökdü. Bax, belələrindən qorxmaq lazımdı… bax, belələrindən uzaq olmaq gərəkdi…

Üzeyir Hacıbəyovun «Dost» adlı felyetonu yadıma düşür. Felyetonun məzmunu belədir ki, bir imkanlı adam aciz, zəif, yazıq, çətin gündə olan insana arxa durur. Ona hər cür şərait yaradır. Amma həmin adam isə bunların hamısını unudur, yaddan çıxarır. Yaxşılıq eləyən adam yanıb tökülür. Dərdini bir dostuna danışır. O da onu dinləyir və axırda deyir ki, əgər qəlbinin çırağı sönübsə, çətin ki, sənin ürəyin onunla düzəlsin. Çünki sən ona can demisən, o sənin canına dərd deyib. Ona görə də belə adama tay yaxşılıq eləmə. Kişi də anlamır. Soruşur ki, necə yənı yaxşılıq eləməyim?! Deyir ki, ay rəhmətliyin oğlu, demirdin ki, onu adam eləmisən? Çörək vermisən? Kişilərin cərgəsinə qoşmusan? Bax, indidən sonra o yaxşılıqlarını eləmə. Görəcəksən ki, həmin adamı sənin verdiyin çörək necə tutdu…

… Çörəyi itirən, yaxşılığı unudan adamlar haqqında çox şeylər deyiblər. Deyiblər ki, belələri çörəyi dizinin üstündə olur. Adolf Hitler xatirələrində yazır ki, mən insanları tanıyandan sonra itlərlə dostluq elədim. Görürsünüzmü, bu da bir tarixi şəxsin qarşılaşdığı anlar. Hələ indiyə qədər mən görməmişəm ki, it ona çörək verəni, yal verəni tutsun… mən hələ indiyə qədər görməmişəm ki, it çətin vəziyyətdə sahibini qoyub harasa çıxıb getsin… mən hələ indiyə qədər görməmişəm ki, iti sahibi döysə də, vursa da onu qapsın…

Bu itin sədaqəti, bu da insanların bir-birinə olan münasibətləri. Bir dəfə harasa gedirdim, iki yaşlı kişinin o birisinə dediyi sözləri eşitdim: «Heç vaxt ölülərdən qorxma, özünü dirilərdən qoru!» Sözün düzü, bu söz məni yaman tutdu… sözün düzü, bu sözü eşidəndən sonra elə mənim bəzi qohum-əqrəbam da yadıma düşdü… sözün düzü, bu söz məni əməlli-başlı silkələdi, düşündürdü…

Bəlkə də dünyada ən sakit, ən rahat və ruhlarının dincəldiyi yer qəbiristanlıqdı. Mən heç yerdə qəbiristanlıqda olduğu kimi özümü rahat, duru və sakit hiss eləmirəm. Orda əsəblərim, iç dünyam tamamilə susur. Və qəbiristanlığa gedəndə atamın, anamın, qardaşımın qəbrini ziyarət edib bir az da sakitləşirəm. Düzdür, orda göz yaşım içimə axır və çox vaxt da ailəmin, balalarımın yanında göz yaşımı gizlədirəm. Əvəzində isə bu dupduru, bulaq suyu kimi göz yaşı içimə axdıqca sanki onların ruhlarıyla danışıram. Və düşünürəm ki, elə onlar mənə ən sədaqətlidilər. Çünki onlar başqa qohumlarım kimi qeybət eləmirlər, elədikləri yaxşılıqları kiminsə boynuna minnət qoymurlar və əbədi susurlar. Əbədi susqunluq bir daha elə dirilik deməkdir. Axı, biz müvəqqəti dünyada yaşayırıq, onlarsa əbədi dünyada Allahın dərgahında ömürlük yuxuya gediblər…

… Qorxmaq lazım deyil! Onları sağlığında olduğu kimi sevməliyik, ruhlarını, xatirələrini əzizləməliyik. Və bir yaz günündə, bir yay günündə, bir payız səhəri, bir qış axşamı ora ziyarət etsək, ora üz tutsaq iç dünyamız da, qəlbimiz də, ürəyimiz də təmizlənər, durular. Və sizi inandırım ki, hələ heç bir ölü kiməsə pislik eləməyib… hələ heç bir dünyasını dəyişmiş insan kiminsə haqqını əlindən almayıb. Əgər belədirsə, biz özümüzü ölülərdən yox, dirilərdən qorumalıyıq. Dirilərdən qorumalıyıq ki, halal haqqımızı əlimizdən alıb yeməsinlər. Hər dəqiqə, hər an kiminsə barəsində qeybət eləyib şər-böhtan deməsinlər. Bax, beləcə, özünüzü dirilərdən qoruyun!!!..


TƏQVİM / ARXİV