adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Aktyor öləndə...

ETİBAR CƏBRAYILOĞLU
50940 | 2018-04-21 09:28
Yeva məhz onun üçün yazılmış rolu oynaya bilsəydi görən nə olardı?

Aktyor əbədiyyətə qovuşanda oynadığı rollar da onunla birlikdə ölür...
Aktyor əbədiyyətə qovuşanda heç vaxt oynamadığı rollar da onunla birlikdə ölür...
Aktyor əbədiyyətə qovuşanda tamaşaçıları da onunla birlikdə ölür...
Aktyor əbədiyyətə qovuşanda səhnənin heç vaxt yanmayan projektorları da onunla birlikdə ölür...
Tanınmış xorvat nasiri və dramaturqu Miro Qavran belə düşünür, tamaşaçılarını da buna inandırmağa çalışır. Onun qəhrəmanlarına dünyanın müxtəlif ölkələrinin səhnəsində rast gəlmək mümkündür. Artıq növbə Azərbaycana da çatıb, bu yaxınlarda Akademik Milli Dram Teatrında xorvat dramaturqun "Arvadımın əri" pyesi əsasında "Qəribə, çox qəribə əhvalat" tamaşası hazırlanıb.
Şuşa Dövlət Musiqili Dram Teatrı isə Miro Qavranın "Aktyor əbədiyyətə qovuşanda" pyesinə müraciət edib. Teatr Xadimləri İttifaqındakı Mustafa Mərdanov səhnəsində ilk dəfə təqdim olunan tamaşanın cəmi iki iştirakçısı var - Tom və Yeva.

Tom - Nazir Rüstəmov

"Televiziya boş hay-küydür...
Kino saxta sənətdir...
Yaşasın teatr!"
Kiçik teatrlardan birinə rəhbərlik edən Tomun sənətə baxışı belədir. O, özünü dramaturgiya sahəsində də sınamaq qərarına gəlib və iki nəfərin - aktyor və aktrisanın həyatı barədə pyes yazıb. Tamaşaya quruluş vermək və Kişi rolunu oynamaq fikrindədir. Tom qələmə aldığı pyesdəki Qadın obrazında yalnız və yalnız məşhur aktrisanı görür və hələ tələbəlik illərindən pərəstiş etdiyi həmin sənətçi xanıma dəvət də göndərib. Tom möhkəm inanır ki, aktrisanı bu rolu oynamağa razı sala bilsə tamaşa böyük uğur qazanacaq. Yeni tamaşa üçün səhnə dekorlarını da özü hazırlayıb.
Tamaşada Tom obrazını Əməkdar artist, Cəfər Cabbarlı mükafatı laureatı, istedadlı rejissor-aktyor Nazir Rüstəmov oynayır. Nazir Rüstəmov həm də "Aktyor əbədiyyətə qovuşanda" tamaşasının quruluşçu rejissorudur.

Yeva-Bahar Abdullayeva-Həmzəyeva

Yeva böyük teatrlardan birinin məşhur aktrisasıdır. Düzdür, son vaxtlar rejissorlar ona rol vermirlər, unudulmaq, səhnədən uzaq qalmaq Yevanı üzür, sarsıdır. Belə bir vaxtda Tom adlı tanımadığı bir rejissordan əməkdaşlıq təklifi alır.
Kiçik bir teatrda, yaradıcılığına bələd olmadığı rejissorun tamaşasında oynamaq ona nə verə bilər? Tərəddüdlər içində qalan aktrisa Tomun teatrına gedir. Rejissor Yevanı inandırır və o, tamaşada Qadın obrazını oynamağa razılaşır. Hətta yeni tamaşanın afişaları da hazırlanır.
Lakin hadisələr Tomun və Yevanın planlaşdırdığı kimi getmir. Doğrudan da Yeva məhz onun üçün yazılmış rolu oynaya bilsəydi görən nə olardı?
Yeva obrazını istedadlı aktrisa Bahar Abdullayeva-Həmzəyeva təqdim edir. Maraqlıdır ki, Bahar xanım özü də "Aktyor əbədiyyətə qovuşanda" tamaşasındakı Yeva kimi bir müddət səhnədən uzaq düşüb. Bir vaxtlar həm Sumqayıt Dövlət Dram Teatrında, həm də Gənclər Teatrında müxtəlif obrazlar yaradan, Leyli ( M. Füzuli "Leyli və Məcnun"), Firəngiz (C. Cabbarlı "Oqtay Eloğlu"), Alagöz (H. Cavid "Afət"), Aqafiya Tixonovna (Qoqol "Evlənmə"), Lamiyə (R. N. Güntəkin "Dodaqdan qəlbə"), Pəri (M. Süleymanlı "Dəyirman") rolları ilə yaxşı tanınan Bahar Abdullayeva-Həmzəyeva yenidən səhnəyə qayıdıb. Bu gün artıq Şuşa Dövlət Musiqili Dram Teatrında çalışan aktrisanı "Aktyor əbədiyyətə qovuşanda" tamaşasında Yeva rolunda görmək tamaşaçılar üçün çox maraqlı olacaq.
Əməkdar artist Nazir Rüstəmovun quruluş verdiyi tamaşada Tonçi Huljiçin və Klod Debussenin əsərlərindən, xorvat musiqiçi Maksim Mrvitsanın ifasından istifadə olunub. "Aktyor əbədiyyətə qovuşanda" pyesini dilimizə Svetlana Həkimova çevirib.
Tamaşa Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində növbəti dəfə aprelin 23-də oynanılacaq.
Televiziya boş hay-küydür?
Kino saxta sənətdir?
Yaşasın teatr?
Aktyor əbədiyyətə qovuşanda oynadığı rollar da onunla birlikdə ölür?
Tamaşa bu suallara cavab tapmaqda sizlərə yardımçı ola bilər.



TƏQVİM / ARXİV