adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

"Tamaşaçını sözlə aldatmaq olar, bədənlə isə..."

ETİBAR CƏBRAYILOĞLU
42249 | 2018-05-05 00:25
Elman Rəfiyevi xoşbəxt sənət adamı adlandırmaq olarmı? Niyə də yox? Seçdiyi və yüksək qiymətlərlə qəbul olunduğu ali məktəbi fərqlənmə diplomu ilə bitirib. Ustadı, Xalq artisti Bəxtiyar Xanızadənin yaratdığı Pantomima Teatrının qurulmasında yaxından iştirak edib. Bu gün həmin o unikal sənət ocağının - Dövlət Pantomima Teatrının direktoru vəzifəsində çalışır, gündəlik inzibati işlərlə məşğul olmasına baxmayaraq səhnədən uzaq düşməyib, teatrda yeni rollar oynayır, bədii filmlərə, teleseriallara dəvət alır. Teatr sənətinin inkişafındakı xidmətlərinə görə Əməkdar artist fəxri adına layiq görülüb.

- Belə bir məşhur deyim var - Teatr asılqandan başlayır...
- Nəyə işarə vurduğunuzu anladım. Azərbaycan Dövlət Pantomima Teatrının indi yerləşdiyi binasına gələnlər qapımızı açıb içəri daxil olan kimi teatr abı-havasına düşürlər. Ona görə də deyə bilərəm ki, bizim teatr məhz elə teatrdan başlayır.
Xatırladım ki, Xalq artisti Bəxtiyar Xanızadə Azərbaycanda yeganə olan bu teatrı hələ 1994-cü ildə yaradıb. "Dəli yığıncağı" adlanan bu teatr-studiya Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərirdi. 2000-ci ilin martında teatrımıza dövlət statusu verildi, buna baxmayaraq öz binamız yox idi. Yalnız 2006-cı ilin yanvarında bizim üçün bina ayrıldı, o vaxtdan da tamaşaçılarımızı bu məkanda qəbul edirik. Yaradıcı adamlar, xüsusi ilə teatr sahəsində çalışanlar yaxşı bilir ki, ayrıca bir binanın olması nə deməkdir. Mədəniyyət Nazirliyi kollektivimizin normal fəaliyyət göstərməsi üçün hər cür şərait yaradır, biz də bu məkanda çox sevdiyimiz işlə məşğuluq. Belə demək mümkünsə, asılqanın yoxluğunu özümüzə dərd eləmirik. İnanıram ki, Dövlət Pantomima Teatrının daha böyük bir binada fəaliyyət göstərəcəyi günləri də görəcəyik. Bu inam kollektivin hər bir üzvündə var.
- Pantomima janrından danışanda tez-tez "bədən dili" ifadəsi işlədilir. Oxucularımıza aydın olsun deyə bu ifadəni daha sadə necə anlatmaq olar?
- Bəlkə mən teatrımızın yaradıcısı, ustadım Bəxtiyar Xanızadənin sözlərindən istifadə etməklə məsələyə aydınlıq gətirim?
- Buyurun...
- Bəxtiyar müəllim həmişə bizə deyir ki, məni sözlə aldada bilərsiniz, amma bədəninizlə aldada bilməzsiniz. Bir var söz, bir də var bədən dili, mimika. Qarşınızdakı insan hər hansı bir sözü yalan deyəndə siz onun gözündən, üzündən, duruşundan, əlinin hərəkətindən yalan danışdığını o dəqiqə hiss edirsiniz. Bədən dili pantomimanın əsas silahıdır.
Bayaq ustadımdan nahaq yerə sitat gətirmədim, bizim teatrda yeni tamaşa üzərində çalışanda müəyyən məşq prosesində Bəxtiyar Xanızadə gəlib oturur zalda və deyir ki, mən tamaşaçıyam, buyurun, məni inandırın. Əgər məni inandıra bilmədinizsə, deməli, tamaşaçını da inandırmaq mümkün olmayacaq. Biz Bəxtiyar müəllimi teatrımızın barometri hesab edirik. Məhz onun işə belə peşəkar və ciddi yanaşması səbəbindən hər bir tamaşamız zərgər dəqiqliyi ilə hazırlanır.
- Dövlət Pantomima Teatrının bir özəlliyi də var - kənar müəlliflərlə əməkdaşlıq etmir...
- Həqiqətən də belədir, bizim teatra yeni pyes gəlmir, özümüz yazırıq. Repertuarımızdakı tamaşaların 95 faizi Bəxtiyar Xanızadəyə məxsusdur. Əməkdar artistlər Nargilə Qəribova və Bəhruz Əhmədlinin də əsərlərini tamaşaya qoymuşuq.
Bu gün Pantomima Teatrının səhnəsində gənc aktyorlarımız Səbinə Hacıyevanın, Elnur Rzayevin, Vüsal Rzasoyun əsərləri oynanılır.
- Söhbət boyu tez-tez Bəxtiyar Xanızadənin adını hörmətlə çəkir, sənətdə özünüzə müəllim sayırsınız. Ustadın öz tələbəsi olan direktoruna münasibəti sizi razı salırmı?
- Bu gün sənətdə qazandıqlarım üçün Bəxtiyar müəllimə çox borcluyam. Belə bir insan və sənətkarla birgə çalışmağıma görə taleyimdən razıyam. Uzun illərdir ki, ondan öyrənirəm.
Söhbətimizin əvvəlində vurğuladığım kimi, Pantomima Teatrı "Dəli yığıncağı" studiyasının əsasında yaradılıb və böyük fəxrlə deyə bilərəm ki, Bəxtiyar Xanızadənin rəhbərliyi ilə bu teatrın təməlini qoyanlardan biri də mənəm. Hələ tələbəlik illərində Bəxtiyar müəllim deyirdi ki, nə vaxtsa öz teatrımı yaratsam Əsəd İsmayılov dramaturqumuz, Rövşən İsax rejissorumuz, Səyavuş Hüseynli aktyorumuz, Elman Rəfiyev isə...
- ...direktorumuz olacaq?
- Bəxtiyar müəllim eyni zamanda başqa sahələrdə də istedadımızı göstərmək üçün bizə meydan verməyə çalışırdı və məni də belə demək mümkünsə direktor vəzifəsinə hazırlayırdı. İllər keçəndən sonra ustad öz arzusuna çatdı və yaratdığı teatr 2000-ci ildə rəsmi dövlət statusu alanda Bəxtiyar müəllimin tövsiyəsi ilə direktor müavini təyin olundum. 2009-cu ildən isə artıq bu doğma kollektivin direktoruyam. Bu vəzifəyə təyinat almazdan öncə Bəxtiyar müəllim dedi ki, Elman, vaxt yetişib, sən artıq direktor ola bilərsən. Nazirliyin rəhbərliyi də bu məsələdə Bəxtiyar Xanızadənin fikrini dəstəklədi.
Məncə, sualınıza ətraflı cavab verə bildim. 30 ildir ustadla birgə çalışıram, nəzərə alın ki, bu, heç da az müddət deyil.
- Bəzən deyirlər ki, aktyorun direktor təyin edilməsi onun yaradıcılıq işlərinə mane olur...
- Şəxsən mən bu fikirlə razı deyiləm. Teatra direktor təyin olunmazdan əvvəl də, sonra da həmişə səhnədə olmuşam, bu gün də səhnədəyəm, filmlərə, teleseriallara çəkilirəm. Çünki aktyorluq mənim sənətim, necə deyərlər silahımdır. Küçədə gedəndə heç kim demir ki, Pantomima Teatrın direktoru gəlir, "Bu, aktyor Elman Rəfiyevdir" - deyirlər.
Uzun illər boyu Qurban Məsimov, Pərviz Məmmədrzayevlə birgə Pantomima Teatrının siması kimi tanınmışam.
- Son vaxtlar "Ata ocağı" teleserialındakı rolunuza görə də tanıyanlar var. Yeri gəlmişkən, yerli teleseriallarımızı necə görmək istəyirsiz?
- "Xəzər" telekanalında yayımlanan "Ata ocağı" teleserialındakı rola görə də tanıyanlar olur və mən bunu təbii sayıram. Çünki "Ata ocağı" bu gün reytinqlərdə birincidir. "Xəzər"ə, serialın yaradıcı heyətinə yaxın uzaq ölkələrdən tamaşaçılar yazır, sosial şəbəkə üzərindən fikirlərini bildirirlər. "Ata ocağı" bir daha sübut elədi ki, işi peşəkarlara tapşıranda uğur qazanmaq heç də çətin deyil. "Ata ocağı"nın ətrafında toplaşan peşəkar komanda buzqıran gəmi kimi buzları qıra-qıra irəli gedir. Sualın ikinci hissəsinə keçid edib deyə bilərəm ki, mən bizim teleserialları məhz belə görmək istəyirəm. Bəlkə də deyəcəyim fikir birmənalı qarşılanmayacaq, amma uzun illər bu sənətlə məşğul olan bir insan kimi deyə bilərəm ki, Azərbaycanda teleserial sənayesi inkişafdadır. Təkcə arxada qalan 10 ili müqayisə edəndə işlərin xeyli və sürətlə irəli getdiyini görmək mümkündür. Düzdür, indi çoxları Türkiyəyə ilə müqayisə aparmağı sevir, lakin nəzərə almırlar ki, onlardakı seriallar bu səviyyəyə bir-iki günə çatmayıblar.
- Teatrın direktoru kimi təşkilati işlərlə məşğulsunuz, aktyor kimi həm səhnədə, həm də çəkiliş meydançalarındasınız. Bütün bunlara necə vaxt tapmaq olur?
- İcazə versəydiniz Bəxtiyar Xanızadədən bir sitat da gətirərdim...
- Buyurun...
- Ustadım həmişə tələbələrinə deyir ki, əgər siz bir işlə məşğulsunuzsa həmin işlə bağlı bütün məsələlərə vaxt tapmağı bacarmalısınız.
Mən müsahibəyə gəlməzdən əvvəl "Dalğa" TV-də dublyajda idim, axşam teatrımızın səhnəsində tamaşa oynayacam, ordan da çəkiliş meydançasına gedəcəm. Kim vaxtdan gileylənmirsə, deməli, problem vaxtda, zamanda deyil. Həmin insanın özündədir.

TƏQVİM / ARXİV