adalet.az header logo
  • Bakı 19°C

Faiq QİSMƏTOĞLU: YEKƏXANA

FAİQ QİSMƏTOĞLU
57167 | 2018-05-11 18:13
… Və balaca boyu var. Balaca boyu olmasına baxmayaraq, yerə-göyə sığmır. Əlini aparıb şişman qarnını sığallayab sonra sağına-soluna boylanır və bir az da özünü dartır. Sanki alçaq dağları o yaradıb. Sanki hər şey onun ixtiyarında və əlində cəmləşib. Kənardakılara da diqqət yetirir, görür ki, ona göz qoyanlar çoxdu. Bu baxışlardan bir qədər də razılıq duyaraq hinduşka kimi özünü boğmağa başlayır və bir qədər də dartınır.

… Nə qədər dartınsa da elə boy həmin boydu. Amma içindəki iddia və təkəbbür çox böyükdü. Niyə də olmasın? 500 minlik bahalı maşın minir. Neçə-neçə də obyektləri var. Hələ üstəlik də xarici ölkələrdə də sərmayə yatırıb. Qara cipdən düşəndə bir daha özünü boğaraq ətrafına boylanır. Aftafa götürən yaltaq adamlardan bir neçəsi qaçıb onunla ikiəlli görüşür. O da murdar əsgi kimi üzanan ələ xalaxətrin qalmasın əlini uzadır…

… Belələrinin həmişə bəxti şeş gətirib. Və hər şeyi də ağlı, başı ilə deyil, bəxti ilə qazanıb. Hələ ki, bəxti onu harasa aparır. Bəxtə güvənənlər bir də görürsən ki, elə sabun köpüyü kimi nəyi vardısa, bir göz qırpımında yoxa çıxdı…

Yekəxana, özündənrazı, təkəbbürlü adamlardan «Qurani-Kərim»də buyurulduğu kimi Allahın da xoşu gəlmir. Bax, görürsünüzmü, bu da yekaxanalığın, özündənrazılığın bir nəticəsi. Və bu nəticə heç də həmin adamları əsla düşündürməz, əsla narahat etməz. Onların mayası bax beləcə, özündənrazılıqdan, təkəbbürlükdən yoğrulub. Kişinin hər şeyi var da! Buna görə də özündənrazı olacaq…

Deyirlər ki, Avropa ölkələrində hətta nazirlər, baş nazirlər belə çox sadə olurlar. Məsələn, onlar işə gedəndə xidməti maşından deyil, velosipeddən istifadə eləyirlər. Bunun da nədən ibarət olduğunu avropalılar bizdən yaxşı bilirlər. Çünki onlar bizdən fərqli olaraq elm dalınca gedirlər, kitab oxuyurlar və tərəqqi yolunu seçirlər. Bizimkilər isə ən çox dinə meyl edirlər, cəhalətə qatılırlar və eyni zamanda kitab da oxumurlar…

Əgər bizim məmləkətdə bir prokuror, bir icra başçısı, bir polis rəisi velosipedlə işə getsə, o dəqiqə onu hoydu-hoyduya salacaqlar və deyəcəklər ki, bu necə rəisdi, bu necə prokurordu, bu necə icra başçısıdı ki, camaatdan utanıb eləmədən velosiped sürür. Bax, bizim evimizi də yıxan «elə bu camaat nə deyər» ifadəsidir. Və həmişə də mental dəyərlərə və bir az da dəqiq desək, insanın mənəviyyatını aşılayan köhnə adətlərə söykənərək çoxlarımız bu cür düşünmüşük. Yəni düşüncəmizdəki bəsitlik, primitivlik və ən nəhayət, elmsizliyimiz çox vaxt bizi cəhalətə və qaranlığa çəkib aparır. Məsələn, bu dəqiqə hansısa bir dələduz, ekstrasens durub desə ki, mən ölümün qarşısını alıram, ən ağır xəstəliyi müalicə edirəm, Allaha and olsun ki, sabahı gün onun qapısının ağzında adam əlindən tərpənmək olmaz…

Məsələn, bir dəfə ötən əsrin 80-ci illərində «Sovetski» deyilən yerdə bir hadisə olmuşdu. Guya imamlardan kimsə gecələr həmin evə gəlir. Bir neçə gündən sonra bütün Bakı olmasa da, şəhərin əhalisinin xeyli hissəsi həmin məhəlləlyə yığışırdı. Kimi qurbanlıq qoyun gətirirdi, kimi nəzir aparırdı, kimi də yalvarırdı ki, o görünən şəxs onların dərdinə əlac eləsin! Sonradan məlum oldu ki, uzun müddət həbsxanada yatmış bir dələduz imamlardan birinin görüntüsü kənardan işıq vasitəsilə divara salırmış və divarda da bu görüntü yaranırmış. Bax, görün biz nə qədər avam, hər şeyə inanan millətik!..

Axı, velosipeddən danışırdıq. Bu velosiped ki, var, «Bəyin oğurlanması» filmində kolxoz sədri rolunu oynayan rəhmətlik Səməndər Rzayevin sözləri ilə demiş olsaq, çox qəliz, həm də mürəkkəb bir şeydi. Qəliz bir şeydi ki, bizim millətin vəzifəli şəxslərinin və o cümlədən çoxlarının o velosipeddən xoşları gəlmir. Noolsun ki, avropalılar velosiped sürürlər, bizimkilər isə əksinə, dünyanın ən bahalı maşınlarını idarə edirlər. Və bu bahalı maşınlardan da atmosferə normadan dəfələrlə artıq zəhərli qazlar atılır. Bakının da zəhərli qazından insanları Allah qorusun! Amma onsuz da bu zəhərli qazı udmağa məcburuq. Onu uduruq ya xərçəng xəstəsi oluruq, ya da ağciyər xəstəsi…

… Birdən velosipeddən istifadə edib zəhərli hava udmaqdan xilas olarıq ha! Aman gündü, velosiped sürməyin! Çünki yıxılarsınız qolunuz-qılçınız sınar. Sonra da kənardan baxan deyər ki, buna bax e, yekə kişidi, nəvəsi-nəticəsi var, utanıb-qızarmır velosiped sürür! Axı, biz hər şeyə ağız büzən, şəbədə qoşan, torba tikən adamlarıq…

… Bir dostum var, düz 20 ilə yaxındır ki, Almaniyanın Nürenberq şəhərində yaşayır. Özünün də, həyat yoldaşının da şəxsi avtomobilləri var. Deyir ki, Avropa ölkələrini gəzməyə gedəndə avtomobilin sükanı arxasına keçirik. Ancaq şəhərdə hər ikimiz işə velosipedlə gedib gəlirik. Baxırıq ki, bizdən də savayı o şəhərdə velosiped sürən adamlar çoxdur.

İndi qayıdaq yenə öz məmləkətimizdə velosipedi olan həvəsə. Məsələn, mən bir dəfə Bəhmənliyə gedəndə gördüm ki, bir neçə yaşlı adam velosiped sürür. Elə mənim bacım oğlu Fikrət ailə-uşağı olduğuna baxmayaraq, kənddə bazar-dükana velosipedlə gedir. Hətta babası Qurban kişi deyir ki, ay oğul, gəl, maşını götür, sür! O isə velosipedə üstünlük verir. Kənddə yaşlı adamlar velosiped sürsə, ona bəhmənlilər şəbədə qoşarlar. Deyərlər ki, saçı-saqqalı ağarıb, buna bax e, velosiped sürür!..

Avropalılar vallah bizdən elmli adamlardılar. Amma biz onlardan yekəxana, özündənrazı, təkəbbürlüyük. Onlar velosiped sürməklə həm şəhərin təmiz havasını qoruyurlar, həm də sağlam həyat tərzi yaşayırlar. Çünki hər gün çox yox, bir saat velosiped sürmək ürək-damar, şəkər, prostat və mədə-bağırsaq xəstəliklərinin qarşısını əsaslı surətdə almış olur. Əgər belədirsə, bəs biz niyə yekəxanalığımızdan, özündənrazılığımızdan əl çəkib sağlam həyat tərzini seçmək istəmirik?

Bizdə də elə vəzifəli şəxs var ki, velosiped sürür. Məsələn, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev dəfələrlə özü və əməkdaşları Bakıda keçirilən velosiped yarışlarında iştirak edib. Hətta belə bir cəmiyyət də yaradılıb. Bax, bu cənab Mədət Quliyevin çox gözəl bir addımıdı və başqalarına nümunəsidi. Baxın, öyrənin, digər vəzifəli cənablar!

Artıq Bakıda Milli Parkda xüsusi bir yerdə velosipedlər saxlanılır. Kim istəsə 3-5 manat arasında pul ödəyib ondan istifadə edə bilər. Milli Parka gedəndə çoxlu sayda gənclərin və orta yaşlı insanların velosiped sürməyinin şahidi olmuşuq.

Bizdə də bunun zamanı çatıb. Bakı şəhərində ehtyiac var ki, velosipedlərin hərəkəti üçün normal şərait yaradılsın. Artıq belə bir şərait Bakının qəsəbələrində yaradılıb. Deməli, yekəxanalığın, özündənrazılığın və təkəbbürlüyün də ömrünə bir şey qalmayıb. Sağlam həyat tərzi yaşamaq və şəhərimizin havasını qorumaq üçün velosiped sürməyin özgə bir yeri var. Kimin ürəyi istəyirsə, bu addımı ata bilər…


TƏQVİM / ARXİV