adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
15 May 2018 22:19
48671
GÜNDƏM
A- A+

Yüz kilometr yaxınlıqdakı əsrarəngiz gözəllik

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkına təşkil etdiyi press-turdan qeydlər
Gərgin iş həftəsindən sonra paytaxtın səs-küyündən uzaqlaşmaq, təbiəti daha yaxından hiss etmək gözəl duyğudur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir qrup mətbuat nümayəndəsi üçün belə bir fürsət yaratmışdı. Azərbaycanın ilk milli parklarından sayılan Şirvan Milli Parkına səfər nazirliyin yeni start verdiyi "Təbiətimiz-Evimizdir" ekoloji turizmin mediada təbliği layihəsi çərçivəsində reallaşırdı. Bu maraqlı layihənin məqsədi və hədəfləri barədə daha ətraflı bəhs edəcəyik. Hələliksə yolumuz Salyanadır.

Ceyran qaçar...

Şirvan Milli Parkı Bakı-Ələt-Astara yolunun üzərində, paytaxtdan təxminən 100 kilometr məsafədə yerləşir. Bakının Qaradağ rayonunun, eləcə də Salyan və Neftçala rayonlarının inzibati ərazisinin 54, 3745 hektarında yaradılan Şirvan Milli Parkı ölkədəki ilk milli parklardandır. Dövlət başçısının 5 iyul 2003-cü il tarixli Sərəncamı ilə fəaliyyətə başlayıb. Azərbaycanın son toxunulmamış yarımsəhraları məhz bu Milli Parkın ərazisindədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə yolboyu Şirvan Milli Parkı haqqında press-tur iştirakçılarına ətraflı bilgi verir: "Avropadakı ən böyük ceyran yatağı məhz Şirvan Milli Parkındadır. Parkın ərazisinin xüsusi mühafizə rejimində olması ceyranların artması üçün əlverişli şərait yaradır. Bu gün Şirvan Mili Parkda 7 mindən çox ceyran var".
Nazirlik rəsmisi heyvanlar aləminin şahzadəsi sayılan ceyranın sayının artırılması və tarixi ərazilərinə köçürülməsi ilə bağlı görülən işlərdən də danışır: "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Heydər Əliyev Fondunun və Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq - İDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə ceyranların tarixi ərazilərinə köçürülməsi layihəsi çərçivəsində artıq 171 baş ceyran Şirvan Milli Parkından Abşeron Milli Parkına, Ağcabədidəki Ağgöl Milli Parkına, Qobustan rayonuna, Qax-Acınohur düzünə köçürülüb. İstər Azərbaycanda, istərsə də xarici ölkələrdə böyük maraqla qarşılanan bu uğurlu layihəni qarşıdakı illərdə də davam etdirmək nəzərdə tutulub".

... Quşlar uçar

Şirvan Milli Parkında bizi müəssisənin direktoru Füzuli Məmmədov və əməkdaşları qarşılayır. Direktor bildirir ki, Şirvan mühüm köç yollarından sayılan Xəzər köç yolunun üzərində yerləşir. Hər il martın əvvəllərində Milli Parkın ərazisində qışlamış bəzdəklərin son dəstələri yuvalamaq üçün Şimala-Rusiyaya uçub gedirlər. Eyni vaxtda Afrikadan geri dönən çöl quşları parkın ərazisində olan qutularda yuva salmağa tələsirlər. Çöl qartalı və çöl belibağlısı kimi yırtıcı quşlar da daxil olmaqla digər quşlar köç zamanı Şirvan Milli Parkında azacıq dincəlir və ya parkın üzərindən uçub gedirlər.
Füzuli Məmmədov deyir ki, Şirvan Milli Parkında 230 növ su quşu, 82 bitki növü, 17 növ isə sürünən heyvan var: "Dünyada və ölkəmizdə təhlükədə olan quşlardan 34 növünə bizim milli parkın ərazisində rast gəlinir. Bura Avropa ölkələrindən, uzaq Afrika və Avstraliyadan quşlar qışlamaq üçün gəlir. Milli Parkımızda Xəzər suitisi, canavar, tülkü, çaqqal, ərəb dovşanı, qamış pişiyi, çöl pişiyi, safsara da rast gəlinir. Ceyran, bəzdək, qamışlıq pişiyi, çaqqal Azərbaycanın "Qırmızı Kitab"ına daxil olunub".

Bənd olmalı Bəndovan

Parkın əməkdaşları jurnalistləri Ekoturizm Mərkəzindəki eksponatlarla da tanış edirlər. Məlum olur ki, Şirvan Milli Parkının dəniz sahilindəki ərazilərində qazıntılar aparan alimlərimiz su altında xeyli maddi mədəniyyət nümunələri aşkar ediblər. Tunc və gümüş sikkələr, qolbaqlar, saxsı çıraqlar, dəyirman daşları yerli və xarici turistlərin marağına səbəb olur. Yeri gəlmişkən, Şirvan Milli Parkına gələn turistlərə 11 marşrut təqdim olunur. "Bəndovan dağı - Palçıq vulkanı", "Yulğun piri", "Flaminqo gölü", "Şalaş" marşrutları ilə gedən turistlər əsrarəngiz gözəlliklərlə qarşılaşırlar, tarixi yerləri ziyarət edirlər. Direktorun sözlərinə görə, təkcə ötən il Şirvan Milli Parkı 1800 turist qəbul edib. Qonaqların əksəriyyəti Avropa ölkələrindən gələnlərdir.
Parkın əməkdaşları press-tura qatılan media nümayəndələri üçün piknik təşkil etdilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə "Təbiətimiz-Evimizdir" Ekoloji turizmin mediada təbliği layihəsi barədə ətraflı məlumat verdi: "Layihəmizin əsas məqsədlərindən biri məhz mətbuat nümayəndələri və turizm şirkətləri ilə sıx əməkdaşlıq çərçivəsində ölkəmizdə xüsusi mühafizə olunan təbiət ərazilərinin həm Azərbaycanda, həm də xaricdə tanıdılmasıdır. Təbiətin və təbiət ərazilərinin hamılıqla qorunmasının vacibliyini önə çəkmək, ölkəmizdə ekoloji turizmin daha da inkişafına nail olmaq da əsas işlərimizdən biri olacaq".
Nazirlik sözçüsü onu da bildirdi ki, layihə çərçivəsində ölkədəki milli parklara yerli və xarici jurnalistlər üçün press-turları təşkil edilməsi də nəzərdə tutulub.
Şirvan Milli Parkında gördüklərimizə əsasən deyə bilərik ki, layihəyə cəlb olunacaq həmkarlarımızı maraqlı istirahət gözləyir.