adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

ZİRVƏN MÜBARƏK, ŞƏHİDİM

FƏRİDƏ RƏHİMLİ
53196 | 2018-05-18 15:20


Yatan millət ya ölər, ya da kölə kimi oyanar

M.K.Atatürk


Torpağa bax, şəhid anası, itkin ordadı! Torpağı sev, oxşa, ağını da, laylanı da torpağa söylə. Çünki oğlun bu torpağı canından çox sevdiyi üçün oraya üz tutdu, oranı beşik seçdi özünə. Onun Vətən sevgisi də bu torpaqdan başlamışdı. Axı, qəhrəmanlıq ana qucağından, evdən, ailədən, ocaqdan başlayır. Vətən, torpaq sevgisi ailədə aşılanır insana. Süddən, qandan, gendən gəlir və demək ki, birbaşa anayla, atayla başlayır Vətən sevgisi. Bu ocaq da, ailə də, ev-eşik də torpağın üzərində pərvəriş tapdığı, ordan şirələndiyi, rişələndiyi, ordan bəhrələndiyi üçün ən ümdə sevgimizin içində torpaq xüsusi önəm daşıyır. Qeyrətli igidlər Vətənin dar günündə düşmən qarşısına, önə çıxır, sinəsini sipər edir və çoxu şəhid olaraq torpağa tapşırılır. İgidlər torpağa əkilir ki, qeyrət, qəhrəmanlıq, hünər, təəssübkeşlik bitsin...

Tarixən gülüstan torpağımız, onun yeraltı, yerüstü nemətləri "yağlı tikə” olaraq düşmənin gözünə batıb. Hər vəchlə bu cənnəti ələ keçirməyə hazır olan bədxahlar heç vaxt əksik olmayıb ətrafımızdan. Hər tərəfdən onu əldə etməyə çalışan acgöz qarğa-quzğunlar arasında barınmaq xalqımız üçün zaman-

zaman çətinliklər, məşəqqətlər yaradıb. Bu balaca Vətəni qorumaq üçün nə qədər qanlar tökülüb, İlahi! Azərbaycan kimsəyə arxayın olub, kürəyini söykəyə bilməyib. Yalnız qəhrəman oğul və qızlarına güvənib Vətən. Aslanın erkəyi, dişisi olmaz, deyib babalarımız. İgid qadınlarımız da dar gündə ərlərinə, ata və qardaşlarına arxa, kömək olublar. Bu mənada tarixin hər səhifəsində xalqımızın qəhrəmanlıq dastanını yazan oğullarımız, qızlarımız olub və bugün də var.

Amma, nədənsə onları kifayət qədər qiymətləndirmək, şəhadətlərinin aliliyini anlamaq gücündə olmamışıq zaman-zaman. Özümüzünkülər kənarda qalıb, yadları ideal seçmişik. Nümunə olaraq gözümüzün önündə Vətən üçün ürəyi təşnə olanı, yolunda canını verəni deyil, filmlərdəki, kitablardakı "qəhrəmanları” nümunə seçmişik.

Türk özünə dönəndə məğrur, məğlubedilməz, möhtəşəm olur,- deyə bir deyim, inanc var. Artıq tilsim qırılır, millət özünə dönür.

Şəhidlərimizin xatirəsini əziz tutmaq, əbədiləşdirmək, bugünkü və gələcək nəslə çatdırmaq üçün onların hər biri haqda ayrıca bir kitab yazmaq ideyasını, təşəbbüsünü Respublika Xatirə Kitabı Redaksiyası və "Bakı Xəbər” qəzeti birlikdə layihə ilə həll etməyə başlayıblar.

...İki il əvvəl ilk dəfə qonaq olduğum Naxçıvan şəhəri təmizliyi, gözəlliyi, tarixi abidələrinə diqqəti, göz oxşayan coğrafi mənzərəsi ilə yaddaşıma həkk olundu. Ən ucqar kəndlərinə belə çəkilən yolları ipək kimi rahat idi. Mən təyyarədən enib şəhərə üz tutan zaman uzun avtomobil karvanının şahidi oldum.

- Naxçıvandadamı Bakıdakı kimi tıxac olurmuş? – deyə sürücüdən soruşdum. O, qəmli-qəmli: - Yox, bacı,- dedi, - Şəhidimiz var, Qarabağdan indi gətirilir. Şəhərdən də, ətraf kəndlərdən də eşidən hər kəs bu igid Vətən oğluyla vidalaşmağa tələsir.

Bu kədərli xəbərdən, eyni zamanda qürurdan göz yaşlarımı saxlaya bilmədim (İndi yazarkən belə, kövrəlirəm). Xalqın şəhidinə verdiyi qiymət məni təəsirləndirdi. Şükürlər olsun, elin gözü tərəzidir, hər kəsin öz qiymətini verir, haqq gec-tez öz yerini tapır. Amma bu qədim torpaqdakı şəhidə qiymət bir başqaydı. Avtomobil karvanının ucu-bucağı görünmürdü. Geri dönüb, o karvana qoşulmağı o qədər istədim ki, həmin an. Bunu sürücü də hiss etdi deyəsən və:

- Hələ təyyarə nə zaman gələcək bəlli deyil, - dedi...

Xalqımız şəhidinə belə qiymət verir və mən buna bütün bölgələrimizdə hər şəhid qarşılama mərasimində bir daha əmin oluram. Amma bəzən yerində olmayan hansısa məmurun günahı ucbatından incidilən, qəlbi sındırılan, qaysaq bağlamamış yarası qanadılan şəhid ailələrimiz, əlillərimiz olur. Hətta: - Neyləyim ki, əlilsən (yaxud, şəhid ailəsisən), səni mənmi göndərdim müharibəyə, şəhid ailəsisən, gəl otur boynumda! - deyəcək qədər vicdansız, duyğusuz, nəinki o kürsüdə oturmağa, heç bu torpağın üzərində gəzməyə belə, haqqı olmayan qalın qafalılar var. Bunu mənə, torpağımız uğrunda iki balasını – İlqar və Etibar Məhərrəmovları şəhid vermiş bir məğrur ana danışdı, gözü-könlü tox, dövlətdən heç bir umacağı olmayan, hətta şəhid balalarına verilən imtiyazlardan imtina edən və Buzovna

sanatoriyasının binasında məskunlaşmış Ağdam rayonundan olan məcburi köçkün danışıb - dərdlərinin məhsulu başına səpələnmiş qar kimi ağappaq saçlı Qirayət xala...

Hər şəhid öz qanıyla bir ilk səhifə açır, hər şəhid qəhrəmanlıq dastanının bir hissəsi olur, igidlər o dastanları Vətən adlı nəhəng kitabın vərəqlərinə qeyrət, təpər, hünər qələmiylə yazırlar. O yazını pozmaq üçün bütövlükdə bu millətin yaddaşını, hafizəsini silmək, ürəyini, beynini, xatirəsini məhv etmək gərəkdi, bu isə mümkün olan şey deyil!

O məmurlar izsiz-soraqsız gedəcəklər, yaxud lənətlə xatırlanacaqlar, Şəhidlər isə həmişə bizim qeyrət simvolumuz olaraq qəlblərdə, Vətən tarixinin səhifələrində yaşayacaqlar.


TƏQVİM / ARXİV