adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Düz saya bilməyənlər

ETİBAR CƏBRAYILOĞLU
59820 | 2018-05-18 22:17
İdman mətbuatındakı meydan gör kimlərə qaldı, Koroğlu... Sənin zamanında belə cızma-qaraları ortaya çıxarmaqmı olardı? Həmin jurnalisti Çənlibeldəki teleqüllədən üzüaşağı tullayardın, o da gedərdi öz işinin dalınca. Ən yaxşı halda Dəli Həsənə deyərdin, reklam pulunu kəsərdi, qələmi köndələn tutan da qalardı pulsuz-parasız.
Qocalana yaxın kitablara düşə bilən bir söz dedin, yadındamı? Hə... anladım. Qocalıq pis şeydi, hər sözü yadda saxlamaq olmur. Dedin ki, internet çıxandan igidlik keçdi arxa plana.
Sənin zarafatoloq-politoloq Mübariz Əhmədoğlunun qızıldan qiymətli fikirlərindən də dəyərli sözünün qədir-qiymətini indi bilməyə başlamışıq. Çənlibelin "Ağ Ev"dən də populyar olan vaxtında hər yerindən duran sayt aça bilirdi, bu gün isə hətta yerindən dura bilməyən də sayt yaradır, özünə jurnalist deyir, Azər Həsrətə dərs demək iddiasına düşür. Həndbolla voleybolun fərqini bilməyən idman yazarı kimi mətbuata sırınır, AFFA-nı götürüb PFL-ə, PFL-i götürüb AFFA-ya qatır.
Belələlərinə cavab verməmək də olar, indi heç BMT Təhlükəsizlik Şurasının qətnamələrini saya sayan yoxdu. Bir-iki sayt yazmaqla AFFA və PFL-in ələ-ələ verib keçirdiyi gül kimi futbol çempionatımız gözdən düşməyəcək ki? Bizim 7,5 komandalıq premyer-liqamızı gecə-gündüz demədən tənqid edənlər, yuxarıdan aşağı baxanlar düşmən stadionunu sulayanlardı. Belələri heç vaxt istəklərinə çata bilmirlər. Keçəl Həmzə də bir vaxtlar Koroğlunun avtomobilini, pardon, atını oğurlamışdı, sonra nə oldu? Qıratı da qaytardı, üstəlik cəriməsini də ödədi, ara yerdə el-aləmdə biabır oldu.
İndi bütün yaradıcılıqlarını AFFA və PFL-ə həsr edənlər guya nə yaza bilirlər ki? Şər-şəbədə, yalan-palan, vəssalam. Onların cızma-qaralarına görə Azərbaycandan başqa dünyanın hər yerində milli çempionatlar maraqlı keçir. Siz yazdınız, biz də inandıq, ölmüşdü elə Kim Çen İr... Hər yerdə çempionat belə gərgin və maraqlı keçirsə niyə dünya bir Messinin əlində girinc olub? Niyə Gürcüstanda Ronaldo, Tacikistanda Beyl, Türkmənistanda Qrizmann, Özbəkistanda Məhəmməd Salah, Moldovada Ramos yoxdu?
Bir neçə gün qabaq əksər idman saytlarında bir yazı oxudum. Elə əsəbiləşdim heç bizdə futbol mövsümünün bitməsini gözləməyə də səbrim çatmadı. Sanki sözü bir yerə qoyub yazıblar ki, guya Azərbaycan premyer-liqasının oyunları az qala boş tribunalar qarşısında keçir, guya hər qarşılaşmanı cəmi 200-300 azarkeş izləyir. Yalançının əmisi oğlu "Bakı" klubunda baş menecer işləsin. AFFA və PFL-ə şər atanın dayısı oğlu "Xəzər Lənkəran"da inzibatçı olsun, bibisi oğlu "MKT Araz"ın həkimi maaşını alsın, xalası oğlu "Viləş"də tərcüməçi işləsin, qaynının bacanağı "Karvan"da qapıçılarla işləyən məşqçi olsun... Koroğlu ortalıqda yoxdur deyə ağzınıza gələni yazıb bu yekəlikdə çempionatımızı lağa qoymalısınız? Statistikanı qəsdən təhrif etməkdə, azarkeş sayını az yazmaqda məqsədiniz nədir axı? Hətta Monqolustanda da hamı yaxşı bilir ki, bizim premyer-liqanın oyunlarını stadionlardan canlı izləyənlərin sayı sizin saytlarda yazıldığından qat-qat çoxdur. Sizin yazmağınızla deyil ki?
Futbolla maraqlanmayanlara da aydındır ki, oyun günü hər iki komanda stadiona öz avtobusu ilə gəlir. Amma siz nədənsə azarkeş statistikasında həmin o iki sürücünü göstərmirsiz. Və yaxud da matçın gedişində stadionun hər tərəfində top daşıyan xeyli uşaq-muşaq olur. Bəs onları niyə saymırsız? Bu balaca uşaqları stadiona gətirən valideynləri niyə hesaba almırsız? Hələ mən stadionunun üstündən uçan quşları, süni örtüklü arenalarımızın böyür-başından əsən Xəzrini, Gilavarı yazmıram. Ay sizin nəyinizi deyim, ay düz-əməlli saya bilməyənlər...
Azarkeşlərlə bağlı statistikanı qəsdən azaltmaq qəhrəmanlıq deyil, gedin özünüzə ciddi iş tapın. Heç olmasa Samiraldo kimi stilist olun, Tolik kimi televiziyada aparıcılıq edin, heç olmasa Zaur kimi efirə hamam xalatında çıxın...
Statistika qəliz məsələdi, sizlik deyil. İspaniya çempionatını hər cızma-qaralarınızda gözümüzə soxmayın. Messi, Ronaldo olmasa adını yazdığınız ölkədə bir azarkeş stadionun qapısını açıb içəri boylanmaz. Düzdür, hələ biz Messi, Ronaldo kimi ulduzlar yetişdirə bilməmişik, amma AFFA-mızın baş katibi Elxan Məmmədov bu problemi də həll edəcək, inşallah.
Onda görüm azarkeş sayını qəsdən necə az yaza biləcəksiz...

TƏQVİM / ARXİV