adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Iyun 2018 14:09
45618
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: BU QARPIZ Kİ VAR…

İsti havalarda adamın ürəyi çox vaxt qarpız istəyir. Amma bu qarpız ki var, o çox şirin, həm də qorxulu məhsuldu. Yəni ona görə şirindi ki, yayın istisində qarpızı yeyirsən, sənə ləzzət eləyir və için buz kimi olur. Qorxulusu odur ki, vaxtından əvvəl süni yolla yetişdirilmiş qarpızı yeyərsən, sonra düşərsən qarın ağrısına. Bax, onda da bu məsələ elə belə ötüb keçməz. Ən azından xəstəxanaya düşməlisən, mədə-bağırsağın yuyulmalıdı və sənə sistem göçürülməlidi. Bu isə uzun bir haqq-hesabdı.

İndi də şəhərin əksər bazarlarında və mağazalarında nə qədər istəyirsən qarpız var. Tərs kimi havalar da çox isti keçir. Son günlər Bakıda havanın istiliyi +38 dərəcəyə çatıb. Belə havada adamın ürəyindən qarpız keçməsin, bəs nə keçsin?! Gedirsən mağazaya, görürsən ki, yumru-yumru, uzun-uzun qarpızlar səliqə ilə bir-birinin üstünə yığılıb. Özü də qiyməti bir o qədər baha deyil, yəni kiloqramı 30-35 qəpiyə.

Dünən axşam da mən işdən evə qayıdanda gördüm ki, yaxınlıqdakı marketdən bir qonşum qarpız alır . Dedi, müəllim, ürəyim qarpız istəyir, amma bilmirəm alıım-almayım. Nə məsləhət bilirsən? Mən də elə bir məsləhət vermədim. Bircə onu dedim ki, dədə-babadan bizdə qarpızı avqustun əvvəllərində yeyiblər. Day özün bilərsən, istəyirsən al, istəyirsən alma. O da qarpızı alıb apardı evlərinə. Axşam saat 10-da eşitdim ki, qonşum yediyi qarpızdan pis vəziyyətə düşüb. Və nə yaxşı ki hələ o qarpızdan evdəki ailə üzvləri və uşaqlar yeməyib. Qonum-qonşular töküldü, həkim çağırdılar, mədə və bağırsağı yuyulandan sonra özünə gəldi. Və gözləri solmuş halda dilləndi:

- Sənin sözünə baxsaydım öldüm-öldümə düşməzdim. Hələ Allahın mənə yazığı gəldi ki, uşaqlar bundan yemədilər.

Dedim, ay qonşu , guya indi kimin məsləhətinə və sözünə qulaq asırlar. Evdəki uşaqlara düz yol göstərirsən, heç adamı eşitmir, o ki qala sənin kimi tərs qonşu ola. Və bir də bu qarpız ki var, tamahı güclü olan adamları həmişə vaxtından tez yeyiləndə elə sənin gününə qoyub. Buna da şükür elə ki, yaxşı qurtarmısan. Yoxsa xəstəxanaya düşsəydin bir ətək pul xərclyəcəkdin və nə qədər də əziyyət çəkəcəkdin.

May ayının axırlarından Bakının əksər bazarlarında və mağazalarında qarpızlar satılır. Bu qarpızların bir hissəsi Türkiyədən, İrandan gətirilsə də, müəyyən hissələri də Sabirabadda, Kürdəmirdə istixana şəraitində yetişdirilir. Yəni may ayından bu günə qədər mağazalarda satılan qapızların heç biri təbii yolla yetişməyib. Ona görə də süni yolla böyüdülən qarpızları hətta mütəxəssislər məsləhət bilirlər ki, yemək olmaz. Yeyərsən ey, bax, mənim qonşum kimi öldüm-öldümə düşərsən.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi də əhaliyə xəbərdarlıq edib. Həmin agentliyin məsul şəxsləri bildiriblər ki, əhali indi bazar-dükanlarda satılan qarpızları yeməsinlər. Çünki onların tərkibində normadan artıq kimyəvi maddələr var və bu da hər an insanı zəhərləyə bilər. Qarpızın mövsümü avqust ayından başlayır.

Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edir, əksər insanlar da bu xəbərdarlığı bir qulağından alıb o biri qulağından buraxır. Yəni dəyirman bildiyini edir, çax-çax baş ağrıdır. Yolların kənarında, bazarlarda nə qədər desən maşınlarda qarpız satılır. Elə olmazmı ki, vaxtından əvvəl süni yolla yetişdirilmiş və bazara çıxarılmış bu qarpızların satışına icazə verilməsin?

Axı, əhalinin qida təhlükəsizliyi ilə bağlı agentlik fəaliyyət göstərir. O agentlik isə sadəcə olaraq, mövcud problemi yerində həll etmək əvəzinə əhaliyə xəöərdarlıq etməklə öz işini bitmiş hesab edir. Onsuz da bunu az-çox camaat da yaxşı bilir. Qoy bilənlər də bilməyənlərə desin ki, ay camaat, bax, qarpız alıb yeməyin ha. Yoxsa, öldüm-öldümə düşə bilərsiniz?!