adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: MÜŞFİQSİZ GÜNLƏR

FAİQ QİSMƏTOĞLU
48977 | 2018-07-11 12:58
… Bu yazı yeddi gündən sonra qələmə alınmalıydı. Çünki yeddi gündən sonra xalq şairi Cabir Novruzun oğlu Müşfiq Cabiroğlunun dünyasını dəyişməsinin 40 günü tamam olur. Heç özüm də bilmirəm niyə bu yazını yeddi gün əvvəl qələmə aldım. Deyəsən mənim də ürəyim şıltaqlıq eləyir, sözümə baxmır. Elə bu şıltaqlığa, bu dəcəlliyə görə də ürəyimə etibar eləməyib uzun müddət dostluq elədiyim Müşfiq Cabiroğlu barəsində qəlbimdən keçənləri bir daha yazıya çevirdim.

Onun bacanağı, böyük bəstəkar Oqtay Kazıminin oğlu, polis polkovniki Elçinlə Müşfiqin ölümündən sonra tez-tez əlaqə saxlayırıq. Və bir gün də zəng eləyib mənə dedi ki, cümə axşamı vaxtın olsa gəl gedək Müşfiqgilə. Onsuz da mən hər cümə onlarda oluram. Danışdığımız kimi də razılaşdıq. Və bir cümə axşamı onların Nərimanov heykəlinin yanındakı mənzillərinə getdik. Liftlə 3-cü mərtəbəyə qalxdıq. Elçin dedi ki, qapı açıqdı, döyməyə ehtiyac yoxdu. Aydındır ki, yas düşən evin qapısı həmişə açıq olar. Və biz qapını açıb içəri keçdik. Otaqda Müşfiqin həyat yoldaşı Gültəkin xanımı, onun bacısı Gülçini, Gültəkinin dayısı Hacı Güloğlanı və eləcə də Müşfiqin qızı Səfuranı, oğlu Rəsulu gördük. Mən onların yaxşı günündə iştirak eləmişdim. Amma bu dəfə ağır anlarında qapılarını açıb içəri girirdim. Heç bir şey deyə bilmədim. Gözlərim doldu və istəmədim göz yaşlarımı onun doğmaları görsün. Ancaq mən istəsəm də, istəməsəm də onlar bunu gördülər, hiss etdilər və onların da gözləri doldu...
Müşfiqin həyat yoldaşı Gültəkin xanım xalq artisti Əlabbas Qədirovun qızıdı. Və həmişə mən bu ailənin səmimiyyətinə, mehribanlığına, bir-birini başa düşüb anlamasına çox böyük hörmətlə yanaşmışam. Yəni bu ailə ziyalı ailəsi olmaqla yanaşı, Allahını sevən, bir tikə çörəklə razılaşan və ən nəhayət, heç bir təmənna ummayan gözəl bir ailədir. İçəri otaqda sükutdu, heç kim dinib-danışmır. 

Yenə bu sükutu Gültəkinin dayısı Hacı Güloğlan pozur və deyir ki, Müşfiq bizim hamımızın evindən gedib - deyir və gözləri dolur. Sonra da aradakı sükutu Elçin pozur:

- Müşfiqin hər iki övladı – qızı Səfura və oğlu Rəsul ağıllı balalardı. Noyabr ayında Səfuranın toyu olmalıydı. Ancaq Allah imkan vermədi. İnşallah, Müşfiqin arzusunu heç vaxt yarımçıq qoymarıq. Hamımız yığışıb Səfuranı da gəlin köçürəcəyik. O da ev-eşik sahibi olacaq və Müşfiqin ruhu dincələcək. Oğlu Rəsul isə Bədən Tərbiyəsi və İdman Akademiyasında oxuyur.

Elçin söhbətinə davam eləyir:

- Müşfiq dünyasını dəyişən gün biz başımızı itirmişdik. İnanın, onun dəfn mərasiminə o qədər adam gəlmişdi ki, heç vəzifəli adamın yasına bu qədər insan yığışmır. Üç mərasimində də iynə atsan yerə düşməzdi. Oğluna dedim ki, bax, görürsən Rəsul, atanın nə qədər böyük hörməti, nüfuzu var ki, onun yas məclisinə bu qədər insan yığışıb. Deməli, sənin atan şərəfli, qürurlu ömür yaşayıb, ən böyük var-dövləti el məhəbbəti, insan sevgisi olub. Və bu sevgini də biz hamımız gördük. Deməli, sən atanla fəxr eləməlisən, qürur duymalısan. Qürur duymalısan ki, sənin Müşfiq kimi el arasında böyük hörməti olan ziyalı atan var.


Masanın arxasında əyləşənlər hamısı sükuta qərq oldu. Aydındır ki, yas yerində elə ovqat bu cür də davam eləyir. Təsəlliverici söhbətlə Gültəkinin dayısı Hacı Güloğlan bir az bu dərdi yüngülləşdirir və mənim özüm də onun söhbətindən bir qədər yüngülləşirəm. Bu vaxt gözüm otağın divarında vurulmuş iki portretə sataşır: bir xalq şairi Cabir Novruzun, biri də xalq artisti Əlabbas Qədirovun. Bu evdə hər iki böyük sənətkara sağ vaxtında da və ölümündən sonra da böyük sevgi olub. Və onların ruhu bu kədərli, nisgilli anda elə otaqda dolaşır.

Müşfiq böyük şair Cabir Novruzun evində, ocağında boya-başa çatıb. Və onun verdiyi tərbiyə, elm və savad həmişə Müşfiqi işıqlı yola aparıb. O yol ki, sonu görünmür… o yol ki, bəlkə də cənnətə gedir… O yol ki, həmin yolla Müşfiqin balaları da addımlayır…

Professor Məhərrəm Qasımlıyla bugünlərdə görüşüb söhbət elədik. O mənə xalq şairi Cabir Novruzla bağlı, onun dünya malında gözü olmamağı ilə əlaqədar maraqlı bir hadisə danışdı. Dedi ki, bir gün Cabir Novruzu Yazıçılar İttifaqına çağırırlar və ona təzə mənzilin orderini verirlər. Cabir Novruz da orderi alandan sonra Yazıçılar İttifaqının katibi, xalq yazıçısı İsmayıl Şıxlının yanına gedir və orderi qaytarıb deyir:

- İsmayıl müəllim, mənim evə ehtiyacım yoxdur, mənzilim var. Bu orderi xahiş eləyirəm evsiz yazıçılardan, şairlərdən birinə verin!..

İndi deyin görək, bu addımı hər adam ata bilərmi? Bu addımı ancaq Allaha yaxın olan, vicdanı və əməli təmiz Cabir Novruz ata bilərdi. Allah onun o dünyasını versin. İnsanı bu dünyada yaşadan nə var-dövlətdi, nə ev-eşikdi, nə də şan-şöhrət. İnsanı bu dünyada yaşadan Cabir Novruz kimi böyük şairin atdığı addımlar və nəcib əməllərdi. Uzun illər keçsə də, bax, Cabir Novruzun ürəyinin böyüklüyü, mərdliyi və səmimiyyəti insanlar tərəfindən tez-tez yada salınır.

Müşfiq Cabiroğlu atasının keçdiyi yola yaşadığı bu qısa zaman kəsiyində ancaq işıq saldı, nur saldı. Və sübut etdi ki, Cabir Novruzun övladları da onun kimi saf, təmiz insanlardı. Onların qazandığı ən böyük var-dövlət el məhəbbəti, el sevgisidir. Allah-Təala sevdiyi insanları öz dərgahına tez aparır. Müşfiq də Allah-Təalanın sevdiyi insanlardan idi. Elə yazımı da böyük şair Vaqif Bayatlı Odərin «Sevimli adamları tez aparır Tanrı» şeirindəki aşağıdakı misralarla bitirmək istəyirəm:

Sevdiyi adamları,
tez aparır Tanrı,
aparır deyəndə,
əslində, qoparır onları
dünyanın caynağından,
tez qoparır
qalıb yerüzündə
çox əzab çəkməsinlər
Tanrının yazıdığın qoyub
Göylərçün yaranmış qanadlarıyla
onun-bunun çəkməsini
silməsinlər.








TƏQVİM / ARXİV