adalet.az header logo
  • Bakı 12°C

"Axı niyə bu top qapıdan keçmədi?"

ETİBAR CƏBRAYILOĞLU
48194 | 2018-08-17 21:56

...Elə beləcə də dedi. Bir Allah şahiddir ki, heç nə artırıb-azaltmıram. Şərhçi canlı yayımda az qala fəryad qoparırdı. Bir azdan göylər onun səsini eşitdi və top qapıdan keçdi.
Amma səfərdə vurulan bu qol da "Qarabağ"a kömək edə bilmədi. Bakıda BATE ilə oyunda uduzan "Köhlən atlar" Belarusda keçirilən cavab qarşılaşmasında qolu heç-heçə etsə də Çempionlar Liqasına "əlvida" deyəsi oldu.
Qurban Qurbanovdan, onun "Qarabağ"lı etdiyi futbolçulardan, klubun sponsorundan, ciblərinin pulu ilə bilet alıb stadiona gələn fanatlardan inciməyə, gileylənməyə dəyərmi? Axı onlar son bir neçə ildə Azərbaycan və onun futbolu adına yetərincə iş gördülər. "Qarabağ"ın Çempionlar Liqasının qrupunda oynamasını gecə-gündüz, gündüz-gecə bilmədən əldə bayraq edən futbol funksionerlərinin üzünü ağartdılar. Sonra da...
Sonra da nə baş verməli idisə, o da baş verdi. "Qarabağ" meydanda tək qaldı və gücü tükəndi. Bir daha hər kəsə məlum oldu ki, bugünkü Azərbaycan futbolu vur-tut "Qarabağ"dan ibarətdir...
Dəlləkliyi futbolumuzun başında öyrənmək istəyənlər, Bakıya rəsmi səfərə gəlməyə hazırlaşan xanım Merkelin vətənində futbol məktəbi açıb pulu göyə sovuranlar indi çəkilib qalıblar kənarda. Yeri gəlmişkən, Almaniyadakı futbol məktəbimizdən futbolçu bir yana qalsın, heç bir nəfər düz-əməlli topdaşıyan da çıxmadı ki, xanım Merkelə göstərə bilək.
Məmləkətdə futbol təsərrüfatına cavabdeh olanlar, AFFA bosları, PFL başqanları, İcraiyyə Komitəsinin şanlı üzvləri, vallah-billah Azərbaycanda futbol yoxdu. Təkcə Qurban Qurbanov və onun "Qarabağ" klubu var. Heç daxili çempionat da yoxdu, sadəcə premyer-liqa adında nəsə bir yarış keçirilir. Əli AFFA-nın seyfindən çıxan 5-6 komanda da həftədə bir dəfə ora-bura qaçır. Vəssalam. Əgər kim inanmırsa çempionatın oyunları keçirilən gün yolunu Bakıdakı stadionlardan salsın.
Yəqin fikir vermisiniz, paytaxt küçələrində adi yol qəzası olanda avtomobillərin ətrafına azından 50-60 adam yığışıb tamaşa edir. Amma bizim futbol çempionatında "Səbail"lə "Sabah" arasında keçirilən matç zamanı stadionda heç 35 azarkeş də tapmaq olmur ki, yaxınlaşıb kəlmə kəsəsən.
"Qarabağ" meydanda tək qalıb. Daha doğrusu futbolumuza cavabdeh olanların kəraməti üzündən Ağdam klubu təklənib. Sərhədən o yana çıxarmalı başqa klubumuz qalmayıb. "Bakı", "Xəzər Lənkəran", "Simur", "Karvan", "MKT- Arza"... klublarının dəfn mərasimlərinə sevinə-sevinə əklil göndərənlər işin bu yerə gələcəyini yəqin ki, hesablamamışdılar. Amma bir də ayılıb gördülər körpü selə verilib, ölkə kubokunu keçirməyə komanda tapılmır. Pul da tükənib, para olmayandan sonra kimdir uğur haqqında ballada dinləmək istəyən?
"Qarabağ"ın BATE ilə cavab oyununu canlı şərh edən dostumuzun səsi hələ də qulağımdan getmir - "Axı niyə top qapıdan keçmədi?" Nə qədər ki, futbolumuz bu gündədir, top belə asanlıqla qapıdan keçməyəcək. AFFA-dakılar, sizinləyəm e...


TƏQVİM / ARXİV