adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

"Xatırlayarsan məni..."

VAQİF YUSİFLİ
58880 | 2018-10-05 23:53
ƏDƏBİ HƏYAT

Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru

Ellər bizi unutmaz, xatırlayar həmişə,
Mir Mehdi, qalsa bizdən bir yadigarı ömrün.

Mir Mehdi Seyidzadə...Bir vaxtlar orta məktəb dərsliklərində şeirlərini oxuduğumuz, əzbərlədiyimiz gözəl uşaq şairi. 30-cu, 40-cı,50-ci, 60-cı, 70-ci illərin uşaqları onüun şeirlərini əzbərləyə-əzbərləyə bağçaya, məktəbə gediblər, Vətəni seviblər, təbiəti qoruyublar, ata-ana qədri biliblər. İndi də məktəb dərsliklərində Mir Mehdinin şeirləri ilə qarşılaşırıq. Deməli, onu unutmayıblar.
1967-ci ilin soyuq noyabr günlərinin birini xatırlayıram. Biz universitetə yenicə qəbul olunmuşduq, həmin gün indiki İqtisad Universitetinin böyük Akt zalında Mir Mehdi Seyidzadənin anadan olmasının 60 illiyi təntənəli şəkildə qeyd olunurdu. Yaxşı xatırlayıram ki,o yubiley gecəsində mərhum Xalq şairi Süleyman Rüstəm öz qələm dostunun yaradıcılığı haqqında necə vəjdlə danışırdı. Və o gecədə mən ilk dəfə Mikayıl Rzaquluzadənin, Mirvarid Dilbazinin də ürək sözlərini dinlədim. Özü də yaradıcılığı kimi nəhəng təsir bağışlayan Süleyman Rəhimov isə dedi: "Mir Mehdi-bizim Ağa (seyid olduğuna görə, bütün yazıçılar ona "Ağa" deyə müraciət edirdilər-V.Y.) başdan-ayağa mənəviyyat mücəssiməsidir.
O gündən mənim qəlbimdə Mir Mehdi Seyidzadə ilə görüşmək arzusu keçdi.İndiki kimi dnyildi o illərin ağsaqqal-javan münasibətləri. Biz belə insanlara ədəbiyyatımızın klassikləri, canlı heykəlləri kimi baxırdıq. Bu arzuma bir neçə ildən sonra nail oldum. Bir dəfə Nizami adına Ədəbiyyat muzeyinin arxa tərəfində-kitab mağazasında ona yaxınlaşdım. Ağa təzə çıxan kitablara baxırdı. Əlimdə onun bir kitabı utana-utana yaxınlaşdım ki,avtoqraf yazsın. Başdan-ayağa məni süzdü. Soruşdu ki, harada oxuyuram. Filologiya fakultəsində oxuduğumu biləndə, çox sevindi. "Mir Cəlal sənə dərs deyibmi?"- deyə soruşdu. Sonra avtoqraf yazdı və axırda ayrılanda belə bir söz dedi: "Yaxşı ədəbiyyatçı olmaq istəyirsənsə, gərək ərəb-fars dillərini yaxşı biləsən, klassik poeziyanı mükəmməl öyrənəsən, Füzulini bilməsən, onda heç deməyəsən ki, mən ədəbiyyatçıyam". Üzündən-gözündən nüranilik yağan bu ağsaqqal şairin o zamankı öyüdü mənə dərs oldu.
Bu bizim birinci və sonuncu görüşümüz oldu. 1976-cı ilin sonuncu avqust günündə Mir Mehdi Seyidzadə 69 yaşında dünyasını dəyişdi.

Yasəmənlər açanda,
Bülbül bağda uçanda,
Oxuyanda nəğməni-
Xatırlayarsan məni!

Aşanda uca dağdan,
Keçəndə gur bulaqdan,
Gəzəndə göy çəməni-
Xatırlayarsan məni!

Arzular çox, ömür az,
Mən olmayanda hər yaz,
Dolaşanda gülşəni-
Xatırlayarsan məni!
Ölümündən keçən bu 42 il ərzində Mir Mehdi Seyidzadə şübhəsiz ki, unudulmayıb. Öncə onu unutdurmağa qoymayan gözəl-gözəl xatirələr olub.Ağanın təmkinli davranışı, insaniliyi, səmimiyyəti kimsənin yadından çıxmayıb. İkincisi, dərsliklərdə yenə şeirləri, mənzum nağılları uşaqların (yeni nəsillərin) əqlini işıqlandırıb. Nəhayət, filologiya elmləri namizədi Hacı İsmayılov "Mehdi Seyidzadə" adlı maraqlı bir kitab nəşr etdirib ("Yazıçı", 1984), Ağanın həyat və yaradıcılığından ətraflı söz açıb.
Mir Mehdi Seyidzadə əslən Bakının Əmircan kəndindəndir. "Unudulmaz xatirələr" adl kitabında şair uşaqlıq və gənclik illərindən söz açır, ata-anası məcburiyyət üzündən Aşqabada köçmüşdülər. İlk təhsilini mollaxanada alan, sonra Rusiya təbəələri üçün açılan "Məktəbi-Ziya"da təhsilini davam etdirən, ərəb, fars, rus dillərini mükəmməl öyrənən Mir Mehdi bu qürbət diyarda atasını itirir. Azərbaycana isə keçən əsrin iyirminci ilində- Sovet hakimiyyəti qurulanda qayıdırlar. Mir Mehdi təhsilini davam etdirir, tezliklə ilk yazıları ilə mətbuatda çıxış edir, böyük ədiblərlə tanış olur, uşaq şairi və dramaturqu kimi tanınmağa başlayır..
"Unudulmaz xatirələr" kitabında Mir Mehdi özünü xoşbəxt sandığını söyləyir, ona görə xoşbəxt sanır ki, o, dövrünün böyük sənətkarları ilə görüşdüyünü, onlarla dostluq etdiyini xatırlayır. Onun gəncliyi və ilk yaradıcılıq illəri qaynar bir ədəbi mühitə uğraşmışdı. Həmin kitabda biz Mir Mehdinin Hüseyn Cavid, Abdulla Şaiq, Yusif Vəzir Çəmənzəminli, Seyid Hüseyn, Nazim Hikmət, Səməd Vurğun, Mikayıl Müşfiq, Mehdi Hüseyn, Əliağa Vahid, Böyükağa Qasımzadə haqqında ürək sözlərini həyəcansız oxuya bilmirik. Məsələn, Abdulla Şaiq haqqında o, belə yazır: "Şaiqin qələm yoldaşları, tələbələri, onu yaxından tanıyanlar böyük ədibə dərin hörmət və məhəbbət bəsləyirdilər. H.Cavid, Y.Vəzir, S.S.Axundov, Seyid Hüseyn Şaiq barəsində deyirdilər ki, "O, mələk kimi bir insandır". Məncə, Mir Mehdinin özünün də belə mələk kimi bir insan olması (yaşlı sənətkarlar da bunu təsdiq edirlər) elə o gözəl insanlardan keçib.
Mir Mehdi Seyidzadə zəngin bir ədəbi irs qoyub getmişdir. Bunların böyük bir qismi uşaq ədəbiyyatı nümunələridir. Etiraf edək ki, o, XX əsr Azərbaycan ədəbiyyatı tarixində bir uşaq şairi kimi daha çox xatırlanacaq. Onun istənilən şeirini ya mənzum nağılını oxuyanda dərhal hiss edirsən ki, bunları ancaq uşaq dünyasının incəliklərini, psixologiyasını duyan, onları sevən bir şair qələmə ala bilər. Böyük rus tənqidçisi V.Q. Belinski yazırdı ki, uşaq şairi olmaq üçün uşaq şairi kimi doğulmaq lazımdır. Mir Mehdi də fitrətən uşaq şairi idi. Onun poema və nağılları, pyesləri də bu sahədə ardıjıl fəaliyyətini təsdiq edirdi. "Nərgiz", "Sehrli nar", "Üç alma", "Sirli çeşmə", "Ceyran", "Fitnə", "İskəndər və çoban" poema və nağılları, "Ayaz", "Qızıl quş", "Nərgiz" (həmin poema əsasında), "Cırtdan", "Sevgi","Sehrli saz", "Qəmər", "Zəfər", "Ata məhəbbəti" pyesləri uşaqların çox sevdiyi əsərlər olmuşdur. Əlbəttə, yazıldığı dövrdən,quruluşdan asılı olmayaraq qələmə alınan hər hansı uşaq ədəbiyyatı nümunəsi tərbiyəvi əhəmiyyətə malikdir, vətənpərvərlik,dostluq, əməyə məhəbbət, təbiətə sevgi hissləri təbliğ etməlidir..M.M. Seyidzadənin əsərləri də məhz bu qayə və mərama xidmət etmişdir.
Bu yazını qələmə alanda vaxtın məhdudluğunu hiss etdiyimdən uşaq ədəbiyyatı mütəxəssisi professor Qara Namazovun "Azərbaycan uşaq ədəbiyyatı" dərsliyindən M. M. Seyidzadəyə həsr olunmuş oçerki diqqətlə oxudum.Bu oçerkdə M.M.Seyidzadənin uşaq ədəbiyyatı sahəsində yorulmaz fəaliyyəti haqqında çox geniş və ətraflı söz açılır. Şairin xüsusilə keçən əsrin otuzunju illərindəki məhsuldar fəaliyyəti heyrət doğurur. Həmin illərdə M.M. Seyidzadə nə az-nə çox-on iki kitab çap etdirmişdir.
Böyük Vətən müharibəsi illərində də şair yeni kitablarını çap etdirir, müharibə mövzusunda uşaqlar üçün əsər yazmağın çətinliyini və məsuliyyətini dərk edir, çalışır ki,onların qəlbində düşmənə nifrət, Vətənə məhəbbət hissləri oyatsın.Əlbəttə, bu yazıda M.M. Seyidzadənin uşaqlar üçün yazdığı şeirlərdən çoxlu misallar da gətirmək olar. Ancaq biri ilə kifayətlənəjəyik:

Gün, çıx, gün, çıx,
Kəhər atı min, çıx.
Çəmənlərə ver işıq.
Güllər alsın yaraşıq.
Şəfəqindən bəzənsin
Bağçalarda sarmaşıq.

M.M.Seyidzadə folklara, el ədəbiyyatına bağlı bir sənətkar idi və onun xalq nağıllarına tez-tez müraciət edib mənzum nağıllar yazması da bu səbəbdən irəli gəlirdi. Qara Namazov "Göyərçin", "Üç alma", "Qartal və qaranquş", "Sehrli nar" və s. mənzum nağıllardan söz açır, onların bədii-tərbiyəvi əhəmiyyətini nəzərə çarpdırır.Qeyd edir ki, şairin "Üç bacı" xalq nağılı əsasında yazılmış "Nərgiz" mənzum nağılı uzun illər uşaqlarımızı qəhrəmanlıq ruhunda tərbiyə etmişdir.
M.M.Seyidzadənin pyesləri də nağıl elementləri ilə zəngin idi . Onun Nizami yaradıcılığından təsirlənərək qələmə aldığı "Sevgi" və "Fitnə" pyesləri də gənclərin tərbiyəsində böyük rol oynamışdır.
Mir Mehdi Seyidzadə klassik ədəbiyyatı gözəl bilirdi. Ona görə də onun qəzəl janrında fəaliyyəti də təbii idi. Onun qəzəlləri öz sadəliyi, dilinin saflığı və injə, zərif hissləri sənətkarlıqla əks etdirməsiylə indi də qəzəl xəzinəmizin inciləri kimi öz bədii dəyərini saxlamaqdadır. Özü də bu qəzəllərin çoxu indinin özündə də xanəndələr tərəfindən sevilə-sevilə oxunur.

Hər söz desə aşiqlərə janan, ajı olmaz,
Yar vədə verə vəslini, hicran acı olmaz.

Mənalı həyat sürsə bu dünyada hər insan,
Yüz illik ömür də ona bir an acı olmaz.

Bir xəstəliyə yaxşı əlaj eyləsə şəksiz,
Ağu kimi olsa yenə dərman, acı olmaz.
Cananını Mir Mehdi şirin can kimi sevmiş,
Canan özü də can kimidir, can acı olmaz.

Mir Mehdi Seyidzadənin qəzəlləri dünyadan kamınca zövq almaq istəyən, gözəllərə və gözəlliyə biganə qalmayan nikbin bir insanın ürək sözləridir.Şair gözəl başa düşürdü ki, XX əsrdə klassik poeziyada olduğu kimi çətin və qəliz anlaşılan sözlərdən, ifadələrdən, mürəkkəb tərkiblərdən istifada eləməklə oxujuları ələ almaq olmaz. Odur ki, keçən əsrin əvvəllərində Əliağa Vahidin başladığı, sonra Süleyman Rüstəmin davam etdirdi qəzəldə sadə ifadə tərzinə sadiq qalmaq lazımdır.Qəzəl xalqa, onun hiss və duyğularına daha tez yol tapmalıdır. Məslən belə:
Canan ilə bir məclisimə badə gələydi,
Mən sevməyirəm təntənəni, sadə gələydi.
Dəydikcə qədəh bir-birinə yarın əlində,
Mey camı da qəlbim kimi fəryadə gələydi.

Çiynində pərişan saçı, janan yenə dalğın,
İlk eşqimizin xatirəsi yadə gələydi.

Yarımla görüş müşgül olursa, barı hərdən,
Sevdalı pərilər kimi röyadə gələydi.

Ey kaş, min il sonra bitib ot kimi yerdən,
Bu aləmə Mir Mehdi Seyidzadə gələydi.

Əlbəttə,Mir Mehdinin qəzəllərində klassik poeziyanın, xüsusilə Füzuli yaradıjılığının dərin təsirini də unutmaq olmaz. Yeri gəlmişkən qeyd edək ki, M.M. Seyidzadənin dahi şairə məhəbbəti ona həsr etdiyi "Şairin gəncliyi" pyesində də hiss olunur.Mir Mehdi öz qəzəllərində Füzuli kimi sözün heyrətamiz dərəcədə dərinliyinə gedə bilmirdi, o, sözünü sadə deyirdi, amma bu sadə deyiliş tərdində Füzulidən gələn təsirləri duymamaq mümkün deyil.

Yanlışdı səni bənzədim ulduzlara, gözlər,
Var hər baxışında yeni aləm, qara gözlər!
Bir qəmzə ilə baxmağı öyrənməyə səndən,
Ceyran dayanıb gündə gərək yalvara gözlər!

Min dastana sığmaz o baxışlvardakı məna,
Ceyran hvara, bir söylə görüm, sən hara, gözlər!

Mir Mehdi deyir: neyləmişəm mən yara, gözlər?
Müjganı ilə qəlbimi etmiş yara gözlər!

Mir Mehdi Seyidzadənin bu il 110 yaşı tamam oldu və elə bilirəm, Azərbaycan uşaq ədəbiyyatının klassikinə çevrilmiş bu gözəl şairin xatirəsini layiqincə yad edəcəyik.Ağanın "Xatırlayarsan məni" deyib gələcək nəsillərə üz tutması nisgil olub qalmayacaq.Çünki bu aləmə bir də Mir Mehdi Seyidzadə gəlməyəcək!

TƏQVİM / ARXİV