adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

"Yeddi Gözəl"in doğulduğu ev

ETİBAR CƏBRAYILOĞLU
40551 | 2018-10-20 00:28
Dahi bəstəkar Qara Qarayevin yeni açılan mənzil-muzeyindən reportaj

Qara Qarayevgilə necə getmək olar? Dünya şöhrətli bəstəkarın paytaxtımızdakı mənzilini tapmaq, yaşadığı evə baş çəkmək, qiymətli əlyazmalarını, şəxsi əşyalarını yaxından görmək çox asandır.
Daxili İşlər Nazirliyinin qarşısından keçib Nizami küçəsi ilə yuxarı qalxırsan, Nizami 47-də divara vurulan yeni lövhə sənə bələdçilik edəcək. İkinci qatda, soldakı mənzil. Qapını ev-muzeyin səmimi, gülərüz əməkdaşları açıb səni içəri dəvət edəcəklər.

"İldırımlı yollarla"

Azərbaycanın dünya mədəniyyətinə bəxş etdiyi dahilərdən biri, SSRİ Xalq artisti, Lenin və dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, akademik, görkəmli bəstəkar-pedaqoq və ictimai xadim Qara Qarayev 1918-1946-cı illərdə məhz bu mənzildə yaşayıb.
Qara Qarayev 1918-ci il fevralın 5-də Bakıda, dövrünün tanınmış həkimlərindən sayılan
Əbülfəz Fərəc oğlunun və Sona xanım İsgəndər bəy qızının ailəsində doğulub. Atası Əbülfəz həkim Abşeronun Fatmayı kəndindən, anası Sona xanım Axundova isə Şamaxıdan paytaxta köçüblər.
Ailənin ilk övladı Qara 1926-ci ildə Dövlət Konservatoriyasının nəzdindəki musiqi məktəbinə daxil olur, 4 il sonra isə onu musiqi texnikumuna qəbul edirlər və istedadlı pedaqoq, professor Georgi Şaroyevin fortepiano sinifinin ən seçilən tələbələrindən biri olur. 1935-ci ildə gənc Qara Qarayevin həyatında önəmli hadisə baş verir, o, Dövlət Konservatoriyasında təhsil almaq hüququ qazanır, üstəlik tələbəlik illərində ona dahi Üzeyir Hacıbəylidən və tanınmış pedaqoq Leopold Rudolfdan dərs almaq xoşbəxtliyi nəsib olur. Üzeyir bəyin ən ümidverici tələbələrindən sayılan Qara Əbülfəz oğlu 1938-ci ildə Moskvanın məşhur sənətkarları qarşısında öz bacarığını göstərir və böyük musiqi məbədinə-P.İ. Çaykovski adına Dövlət Konservatoriyasının bəstəkarlıq sinifinə qəbul edilir, professor A. Aleksandrovdan dərs alır. İki ildən sonra doğma şəhərinə dönən gələcəyin görkəmli bəstəkarı bir müddət M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsində çalışır. Amma bu dəfə Bakıda çox qala bilmir, tale onu yenidən Moskvaya aparır və D. Şostakoviçlə görüşdürür. Qara Qarayev Dövlət Konservatoriyasında dahi bəstəkarın tələbəsi olur.
Qara Qarayevin hamıya məlum olan tərcümeyi-halından bəzi faktları yenidən xatırlatmaq heç də səbəbsiz deyil. Dünya musiqi xəzinəsinə nadir incilər bəxş edən azərbaycanlı dahi bəstəkar gənclik illərindəki uğurlarını məhz bu evdə-Nizami 47-də yaşayarkən qazanıb. Qara Əbülfəz oğlunun ilk əsərləri də məhz bu gün ev-muzeyinə çevrilən mənzilin divarları arasında yazılıb.

Dahinin "Vətən"i 

Cəmi 64 il ömür sürən böyük bəstəkar və pedaqoq həm Bakıda, həm də Moskvada müxtəlif ünvanlarda yaşayıb. Qüdrətli sənətkarın uşaqlıq və gənclik illəri bu gün ev-muzey kimi fəaliyyətə başlayan Nizami 47-də yerləşən mənzildə keçib. Yeri gəlmişkən, o zamanlar bu küçə digər bir dahi azərbaycanlı şairin- Məhəmməd Füzulinin adını daşıyırmış.
Qara Qarayev Moskvada təhsil aldığı dövrdə isə Lesnaya küçəsi 43 ünvanındakı 7 saylı mənzildə yaşayıb. Bakıya qayıdandan sonra gənc bəstəkara Səməd Vurğun küçəsi 21-də yeni mənzil verilib və 1946-1955-ci illərdə Qara Əbülfəz oğlu həmin mənzildə yaşayıb-yaradıb. O dövrdə küçə Krasnoarmeyskaya adlanırmış. 1959-cu ildə isə Qara
Qarayev ömür-gün yoldaşı Tatyana Neçayeva, oğlu-gələcəyin tanınmış bəstəkarı Fərəc və qızı Züleyxa ilə Kirov prospektinə köçürlər. Ailə indi Bülbülün adını daşıyan prospektin 21 saylı binasının 21-ci mənzilində yaşayır, dünya şöhrətli dirijor Maestro Niyazi ilə qonşu olurlar.
Görkəmli bəstəkarın həyat və yaradıcılığına yaxından bələd olanlar bilir ki, Qara Qarayev uzun bir müddət Moskvada yaşayıb, SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi vəzifəsində çalışıb, ictimai xadim kimi SSRİ Ali Sovetinin deputatı olub. Həmin dövrdə əvvəlcə Verxnaya Maslovka 4 ünvanında, 1973-1982-ci illərə isə Tryoxprudnıy döngəsi 11/13-də yaşayıb, yaradıb. Böyük bəstəkar və ictimai xadim Qara Əbülfəz oğlu Qarayev 1982-ci il mayın 13-də elə Moskvada vəfat edib. Azərbaycanın yetirdiyi dahi şəxsiyyətlərdən sayılan Qara Qarayev Vətənində-doğma Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.
Öz ecazkar musiqisilə dünyanı heyrətləndirən Qara Qarayevin bu il 100 yaşı tamam olur. Ölkə başçısı İlham Əliyev dahi bəstəkarın anadan olmasının 100 iliyinin keçirilməsi ilə bağlı ötən il oktyabrın 17-də Sərəncam imzalayıb, həmin sənədə uyğun olaraq. müxtəlif tədbirlər keçirilir. Bakıda ev-muzeyinin açılması da yubiley ili çərçivəsində reallaşıb. Yuxarıda qeyd olunduğu kimi, görkəmli bəstəkar paytaxtımızda müxtəlif ünvanlarda yaşayıb. Mədəniyyət Nazirliyinin ev-muzey kimi məhz Nizami 47-nin seçməsi isə təsadüfi deyil.
Qara Qarayev bu evdə yazdığı əsərlərlə bəstəkar kimi tanınmağa başlayıb. Məsləkdaşı və dostu, böyük bəstəkarımız Cövdət Hacıyevlə 1945-ci ildə birgə yazdıqları "Vətən" operası sovet məkanında mühüm sənət hadisəsi kimi qarşılanıb. Təsadüfi deyil ki, bir il sonra "Vətən"in hər iki gənc müəllifi SSRİ Dövlət mükafatına layiq görülüb.
Müəllifinə böyük şöhrət gətirən "Yeddi Gözəl" baletini də Qara Qarayev bu mənzildə yaşayarkən yazmağa başlayıb. 1952-ci ildə tamamladığı bu klassik baletin premyerası elə həmin il noyabrın 6-da keçirilib. "Yeddi Gözəl" indiyə qədər ABŞ-ın, Rusiyanın, İsveçin nüfuzlu teatrlarının səhnəsində uğurla səhnəyə qoyulub.
Bu günlərdə rəsmi açılış mərasimi keçirilən ev-muzeyində Qara Əbülfəz oğlunun həyat və yaradıcılığını özündə əks etdirən 300-dən çox nadir material toplanıb. Ziyarətçilər rəsmi sənədlər, əlyazmalar, konsert və tamaşa afişaları, foto şəkillər, eləcə də bəstəkarın şəxsi əşyaları ilə tanış olurlar. Bu nadir eksponatların əksəriyyəti uzun illər Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində qorunub-saxlanılıb.
Qapılarını ziyarətçilərin üzünə yeni açan ev-muzeyinin üç otağı əhatə edən ekspozisiyasını gəzərkən nadir sənədlərlə tanış oluruq. Qara Qarayevin tələbəlik illərində tutduğu konspektlər, Cövdət Hacıyevlə birgə yazdığı "Ayna" operasının partiturası, 1942-ci ildə böyük ədib Mir Cəlalın Akademik Dövlət Dram Teatrında oynanılan "Mirzə Xəyal" tamaşasının afişası nümayiş olunur. Afişadan aydın olur ki, Səftər Turabovun quruluş verdiyi tamaşaya gənc Qara Qarayev musiqi bəstələyib. Ölkənin əsas teatrında səhnəyə qoyulan Şekspirin "Antoni və Kleopatra" tamaşasının afişası da maraq doğurur. Görkəmli rejissor Tofiq Kazımovun 1964-cü ildə hazırladığı bu səhnə əsəri Dövlət Mükafatına layiq görülüb və tamaşanın böyük uğurundan bəstəkar Qara Qarayevə də pay düşüb.
Muzeyin kolleksiyasındakı A 190070 saylı diplom da maraq doğurur. Bu diplomu Qara Qarayev 1946-ci ildə Çaykovski adına Konservatoriyanı uğurla bitirdikdən sonra alıb.
Yaxınları, onu tanıyanlar insanlar bilir ki, böyük bəstəkar həm də foto həvəskarı olub, boş vaxtlarında şəkillər çəkirmiş. Ev-muzeyində onun müxtəlif markalı fotoaparatları, xarici səfərləri zamanı lentə aldığı şəkillər də nümayiş etdirilir.
Qara Qarayev sovet dövrünün ən nüfuzlu mükafatı sayılan Lenin mükafatını qazanan nadir azərbaycanlılardandır. Eksponatların arasında 1967-ci ildəki "İzvestiya" qəzetinin nüsxəsi də var. Həmin sayda dərc olunan rəsmi xəbərdə bildirilir ki, Qara Qarayev "İldırımlı yollarla" baletinə görə Lenin mükafatına layiq görülüb.
Digər bir maraqlı sənəd isə SSRİ Ali Soveti Rəyasət Heyətinin 3 fevral 1978-ci il tarixli Fərmanıdır. Həmin fərmanla musiqi mədəniyyətindəki misilsiz xidmətlərinə görə və anadan olmasının 60 illiyi münasibətilə Qara Qarayev Sosialist Əməyi Qəhrəmanı tituluna layiq görülüb.
Zəngin yaradıcılıq irsi yadigar qoyan böyük bəstəkar həm də görkəmli pedaqoq idi. Təsadüfi deyil ki, müəllimi Üzeyir bəyin vəfatından sonra Konservatoriyaya rəhbərlik məhz Qara Əbülfəz oğluna tapşırılır. Rauf Hacıyev, Hacı Xanməmmədov, Arif Məlikov, Xəyyam Mirzəzadə, Vasif Adıgözəlov, Tofiq Bakıxanov, Firəngiz Əlizadə, Polad Bülbüloğlu, Fərəc Qarayev, Aydın Əzimov kimi Azərbaycanın hüdudlarından kənarda da yaxşı tanınan bəstəkarlar məhz Qara Qarayevin tələbələri olublar. Görkəmli bəstəkar və akademikin 30 illik pedaqoji fəaliyyətini əks etdirən stend də maraqla baxılır.
Qara Qarayevin yeni fəaliyyətə başlayan ev-muzeyində tədqiqat işləri ilə də məşğul olmaq üçün hər cür şərait yaradılıb. Muzey əməkdaşlarının sözlərinə görə, gələcəkdə burada kamera konsertlərinin, müntəzəm musiqili görüşlərin və digər maraqlı tədbirlərin keçirilməsi planlaşdırılır. Mənzil-muzeyin artıq rəsmi saytı da istifadəçilərin ixtiyarına verilib.
İnanırıq ki, Qara Qarayevin ruhunu, zəngin yaradıcılıq irsini yaşadan bu muzeyə gələnlərin sayı hər zaman artacaq. Ziyarətçilər artdıqca Nizami 47 ünvanındakı mənzilinin işıqları daha da gur yanacaq.
Şair demişkən, qoy yansın çırağı Qarayevlərin!

TƏQVİM / ARXİV