adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Bir könül sındırmışam...

ETİBAR CƏBRAYILOĞLU
34960 | 2018-12-29 00:28
Bizim axırımıza çıxmamış biz bu ilin axırına çıxırıq. Bir-iki gündən sonra 2018-ci il də gedib qoşulacaq özündən əvvəlki illərə. İli yola salmaq o qədər də problemli məsələ deyil, 365 gün, lap uzağı olsun 366 gün, vəssalam, sakitcə yerini verir başqasına. İl də bəzi məmurlar kimi deyil ki, oturduğu yerdən tərpənmək istəməyə.
Zurna-balabanla, atəşfəşanlıqla yola salmağa hazırlaşdığımız ildə əziz dostlarımdan birinin xətrinə dəymişəm, təbii ki, istəmədən. Ya zəlzələdən, ya vəlvələdən baş verən bu anlaşılmazlıq üzündən çox əzab çəkirəm. İlin son günlərində istəyirəm ki, yaşananları ətraflı yazım, həm dostum agah olsun, həm də özüm vicdan əzabından qurtulum. Həmrəylik bayramını həmrəy qeyd etmək pis olmaz məncə...
Bir neçə ay bundan əvvəlin söhbətidir, illər uzunu mehriban münasibət qurduğum, bir yerdə təxminən 450 kilo çörək yediyim dostlardan biri zəng vurmuşdu. Həyəcanlı olduğu səsindən bəlli idi, təcili görüşməyimizi istədi. Dostumun bu halına biganə qala bilməzdim, arada xətir-hörmət, duz-çörək məsələsi var idi. Zəngindən yarımca saat sonra görüşdük, məlum oldu ki...
Dostum "Sabah"-"Səbail" matçına 2 bilet istəyirdi. Qəriblikdə texnika elmləri namizədi elmi dərəcəsi alan kiçik qardaşının canına and içdi, aman elədi, dedi ki, son günlər zəng vurmadığı, dil tökmədiyi çox az adam qalıb, amma həmin futbol oyununa bilet tapa bilməyib. Evdə arvad-uşağın üzünə də baxmağa utanır. Hətta Qılıncoynatma Federasiyasındakı qohumunu da işə qoşub, yenə bir şey alınmayıb.
Həmin an dostuma nə cavab verəcəyimi bilmirdim, yaman yerdə axşamlamışdım. Məmləkətdə bir gün sonra keçiriləcək premyer-liqa oyununa bilet tapmaq, özü də ikisini birdən... Bu qəfil görüşdən təxminən 2 ay öncə özüm "Keşlə"-"Sumqayıt" görüşünə bilet tapmaq üçün nə zülm çəkmişdim. Parlament üzvü olan dostum hökumət telefonu ilə ora-bura zəng vurub, xahiş-minnət edəndən sonra oyuna 3 dəqiqə qalmış özümü güclə stadiona çatdıra bilmişdim. Yadımdadır, qapının ağzında bilet axtaran azarkeşlər mənə necə həsədlə baxırdılar. Elə bil Azərbaycan çempionatına baxmağa yox, Messi ilə domino oynamağa gedirəm.
Bütün bunların indi məndən kömək uman dostuma heç bir dəxli yox idi, ona iki bilet tapmaq lazım idi, vəssalam. Elə onun yanındaca AFFA rəhbərliyində təmsil olunan tanışlara telefon açdım, xahiş elədim. Zəng vurduqlarım top atıb başlarını tutdular, dedilər ki, rəhmətliyin nəvəsi, "Sabah-Səbail" oyununa bilet nə gəzir? Fanatlar an azı üç ya öncədən biletlərini sifariş verib, matçın başlama saatını gözləyirlər. AFFA-dakı dostlardan ikisi bir az daha insaflı çıxdı. Biri dedi ki, qardaş, qəm eləmə, gələn mövsüm ölkədə premyer-liqa keçirilsə, "Sabah"-"Səbail" oyununa da olmasa, "Səbail"-"Sabah" matçına bir bilet düzəldərəm. O biri dostum isə PFL-ə zəng vurmağı məsləhət gördü. Mənə ümid yeri kimi baxan dostuma görə bu dəfə PFL-dəki tanışlara telefon açdım. Elə başa düşdüm ki, zəngimdən sevindilər, amma ümid də vermədilər, açıqca dedilər ki, biz bilet işinə baxmırıq, baş məşqçilik, baş hakimlik nə problem varsa kömək etməyə çalışarıq, lakin bilet bizlik deyil. Əsgərlikdə artilleriya qoşunlarında xidmət keçən, indi isə PFL-də top şöbəsinin məsul əməkdaşı kimin çalışan tanışım isə söhbəti çox uzatmadı, dedi ki, başınızın ağrımasını istəmirsinizsə bizim 8 komandalıq premyer-liqanın oyunlarına biletləri bir il öncədən alın.
Telefonda apardığım bütün bu söhbətləri yanımda dayanan dostum da həyəcanla dinləyirdi. Hər dəfə sözüm yerə düşdükcə həm özümdən, həm də ondan utanırdım. Məndən də bir iş aşmadığını hiss edən dostum heç sağ ol da deməyib çıxıb getdi. Aradan ötən bu aylar ərzində telefon zənglərimə də cavab vermir. Bir-iki gün əvvəl ortaq tanışlarımızdan birinin qonşusunun oğlunun kiçik toyunda qarşılaşdıq, heç salamımı da almadı. Üzümə elə tərs-tərs baxdı ki, elə bil Kosova ilə oyunda millimizin qapısına 4 topun hamısını mən təkbaşına vurmuşam və ya Qurban Qurbanovu yığmadan mən istefaya göndərmişəm. Əcəb işə düşmüşəm, AFFA, bir az da PFL futbolla oyun oynayır, arada mən dostumun yanında pis oluram.
İl də başa çatır, təzə il gələnə kimi könlünü qırdığım dostumla barışmaq istəyirəm. "Sabah"-"Səbail" oyununa ikicə bilet tapa bilmədim, "Köhnə İnturist"də 30-40 nəfərlik ziyafət versəm, görən mənimlə barışarmı?


TƏQVİM / ARXİV