adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
27 Fevral 2019 09:43
123137
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.azYayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.

***

Şərif Ağayar: "28-in girişindəki basırıqda səs: "Çatıriy, eskalatorun iyi gəlir."

***

Aqşin Yenisey: "Etnik, dini münaqişələrə qiymət vermək üçün ən yaxşı mövqe Salman Rüşdinin mövqeyi, ən yaxşı əsər isə onun yazdığı "Gecəyarı uşaqları"dır. Adam Hindistan-Pakistan münaqişəsinə ingilis kraliçasının yanından bir ingilis kimi baxır və ordan baxanda hər iki xalqın ağılsızlığı bir-birinə bərabər görünür”.

***

Şəhriyar Del Gerani: "Yaxşı yadımdadı, ilk dəfə qaldığım Oteldən çıxarkən otağımı tər-təmiz yığışdırmış, gül təki eləmişdim. Çox sonralar başa düşdüm. Ki, bütün bunlar müharibə illərində əyalətdə keçən kasıb uşaqlıq illərinin travması imiş...”

***

Ayxan Ayvaz: "Hər hansı adamın yaxşı və ya pis olması haqqında düşünmək artıq faşistlik əlamətidir”.


***

Qan Turalı: "Yaxşı bir şair vardı. Biri gəlib boş-boş postmodernizmdən danışanda guya qulaq asırdı, axırda da soruşurdu ki, başını harda qırxdırmısan?”

***

Zaur Əhnəd: "Bizim qədər özümüz özümüzə lağ edən, öz faciəmizi lağ-lağıya qoyan millət var?”

***

Məhəbbət Hacıyeva: "Sözlər bir adamın ağlını göstərə bilər, hərçənd bu da tam belə deyil, müəyyən mənada razılaşırsan. Amma insanın məqsədini göstərən əməlləridir...”


***

Etibar Əliyev: "Sən demə, ağır həyat şəraiti bütün zamanlarda insanlarda ruh düşgünlüyü yaratmırmış. Məsələn, göstərdiyim nümunədə İnsanlar bu şəraitə qarşı səfərbər olublar. Faşistlərin Terezienştadt düşərgəsində 1941-ci ilin fevral ayından 1944-cü ilin avqust ayına qədər 40 min nəfər insan öldürülüb. Cəmi intihar edənlərin sayı isə 259 nəfər olub. İnsanların intiharı üçün onları dövrəyə alan yüksək gərginlikli məftillərə toxunması kifayət edirdi. Amma yaşamaq eşqi və gələcəyə bəslənən ümidlər onları bu aktdan çəkindirirdi”.


***

Hikmət Nazim: "Yazıçılıq gördüyün yuxunu yazmaq kimidir, unutduğun məqamları yaradıcı şəkildə uydurursan”.


***

Qismət: "Bir dəfə dostlardan biri dodağının ucunda oynaşan sevgi-istehza qarışığı təbəssümlə belə dedi: "Nəyinə lazımdır bu kitabları tərcümə etmək? Elə bilirsən, xeyri olacaq?" Reallığın adama ağ bayraq qaldırdan bucaqlarından baxanda, üstəlik, öz yazılarında "tapana" qədər oxuyub-bildiklərini gizlətməklə həmkarlarına da, oxucularına da üstün gəlmək imkanı varkən, doğurdan da mənim gördüyüm iş uşaqcasına sadəlövh, infantil, faydasız bir əməkdi. Halbuki ədəbiyyatdakı məqsədlərim həmişə başqa olub. Bu, bir az içimdəki hər şeyə cavab axtaran həvəsli uşağı sağ-salamat yetkinliyə köçürmək arzusudur, bir az da nə vaxtsa özümə tuşlanmaq ehtimalı olsa belə, daha urbanistik, daha çağdaş metodlarla silahlanmış bir sənət mühitinin yaranmasına yardımçı olmaqdır, yəni mən ədəbiyyatı Leylinin atası tərəfdən vuruşanların uduzduğunu görüb qarşı tərəfə keçən Məcnun kimi yaşayıram, amma qorxuram yenə səhra qalib gəlsin...”