adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Mart 2019 17:14
123447
RUBRİKA
A- A+

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

"Yol hərəkəti haqqında” Qanun

(əvvəli ötən saylarımızda)

IV. Yaşayış məntəqələrindən kənarda ötməni asanlaşdırmaq məqsədilə, asta gedən, ağır yüklü və ya uzun nəqliyyat vasitələrinin sürücüləri eyni zolaqda özlərindən qabaqda gedən nəqliyyat vasitəsi ilə kifayət qədər ara məsafəsi saxlamalıdırlar ki, onları ötən nəqliyyat vasitələri ötməni tam təhlükəsiz şəraitdə başa çatdırsınlar. Əgər sürücü ötmə əməliyyatına başlamışdırsa və ötürsə, bu tələbə əməl olunmur.

V. Üstün hərəkət rejimli nəqliyyat vasitələri zərurətdən irəli gələn sürətlə hərəkət edə bilərlər. Göstərilən nəqliyyat vasitələrinin sürücüləri yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün hər cür tədbir görməlidirlər.

VI. Sürücülərə:

1) nəqliyyat vasitəsini onun texniki xarakteristikası üzrə müəyyən edilmiş maksimum sürətdən artıq sürmək;

2) lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaq;

3) yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə, nəqliyyat vasitəsini sərt tormozlamaq qadağandır.

VII. Yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 "İnformasiya stendi" servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 "Maksimum sürətin məhdudlaşdırılması" nişanı quraşdırılmalıdır.

Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır.

Maddə 51. Ötmə və qarşılıqlı keçmə

I. Ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki:

1) girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq;

2) eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir;

3) qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir.

II. Relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır.

III. Ötmənin sonunda (sağ tərəfdən ötməyə icazə verilən hallardan başqa) sürücü əvvəl tutduğu hərəkət zolağına qayıtmalıdır. Lakin eyni istiqamətdə hərəkət üçün iki və daha artıq zolaq olduqda, ötən sürücü əgər əvvəl tutduğu zolağa qayıdıb dərhal yenidən ötməyə başlamalı olacaqsa və onun arxasınca daha yüksək sürətlə gələn nəqliyyat vasitələri üçün maneə yaratmayacaqsa, sol zolaqda qala bilər.

IV. Hərəkət sürətini artırmaqla və ya başqa hərəkətlərlə ötən nəqliyyat vasitəsinin sürücüsünə maneçilik törətmək qadağandır.

V. Ötmə:

1) nizamlanan yolayrıclarında - əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında - baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə);

2) piyada keçidlərində - piyadalar olduqda;

3) dəmiryol keçidlərində və onlara 100 metrdən az qaldıqda;

4) ötən və ya yanından keçən nəqliyyat vasitəsini;

5) yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində - əks istiqamətli hərəkət zolağına çıxmaqla;

6) tunellərdə qadağandır.

VI. Yaşayış məntəqələrindən kənarda asta gedən və ya iriqabaritli nəqliyyat vasitəsini ötmək çətinləşdikdə, sürücü nəqliyyat vasitəsini mümkün qədər sağa çəkməli, lazım gəldikdə isə arxasında yığılmış nəqliyyat vasitələrini buraxmalıdır.

(ardı var)