adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
01 Aprel 2019 17:18
124402
RUBRİKA
A- A+

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

"Yol hərəkəti haqqında” Qanun

(əvvəli ötən saylarımızda)

VI. Nəqliyyat vasitələrinin aşağıdakı yerlərdə durması qadağandır:

1) dayanmanın qadağan edildiyi yerlərdə;

2) yaşayış məntəqələrindən kənarda - yolların hərəkət hissəsində;

3) 5.1 nişanı ilə işarələnmiş yerlərdə;

4) dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda;

5) girişin, habelə darvaza qarşısında;

6) 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.10 nişanlanma xəttinin təsir zonalarında.

VII. Dayanacağın qadağan edildiyi yerlərdə məcburi dayandıqda sürücü nəqliyyat vasitəsinin həmin yerlərdən aparılması üçün mümkün olan bütün tədbirləri görməlidir.

VIII. Nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır.

IX. Nəqliyyat vasitəsinin öz-özünə hərəkətini və ya sürücü olmadıqda ondan istifadəni istisna edən zəruri tədbirləri gördükdən sonra sürücü öz yerini tərk edə və ya nəqliyyat vasitəsini qoyub gedə bilər.

Maddə 53. Parklanma

I. Dövlət avtomobil yollarında parklanma yerləri müvafiq icra hakimiyyəti orqanlarının təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahıya uyğun olaraq təşkil edilir.

II. Parklanma yerləri bələdiyyə yollarında bələdiyyələr, özəl avtomobil yollarında isə mülkiyyətçi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təşkil edilir.

III. Parklanma yerlərinin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

IV. Parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir. Nəqliyyat vasitəsinin parklanma yerində parklanma üsulu 7.6.1-7.6.9 əlavə məlumat nişanları ilə müəyyən edilir. Parklanma yerində nəqliyyat vasitələri yolun hərəkət hissəsinə paralel şəkildə parklanır. Yolun hərəkət hissəsinin eni nəzərə alınmaqla parklanma yerində nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarına bucaq altında parklanması nişanlama xətləri ilə müəyyən edilə bilər.

V. Parklanma yerləri dayanma və ya durmanın qadağan edildiyi yerlərdə təşkil edilə bilməz.

VI. Parklanma yerləri 24 saat fəaliyyət göstərir.

VII. Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən pulsuz parklanma yerləri ayrılır və onlara nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma ərazisi və etibarlıq müddəti göstərilməklə fərdi parklanma talonu verilir. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Fərdi parklanma talonuna dair məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. Bu maddənin XIX hissəsinin tələbləri fərdi parklanma talonu olan nəqliyyat vasitəsinin istifadəçilərinə şamil edilmir. Fərdi parklanma talonu nəqliyyat vasitəsinin salonunda, ön şüşənin arxasında aydın görünən və oxunan yerə qoyulur.

VIII. Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

IX. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən dövlət orqanlarının yerləşdiyi inzibati binaların ətrafında müvafiq icra hakimiyyəti orqanının hər biri üçün ayrılıqda müəyyən etdiyi radius çərçivəsində ödənişli parklanma yerlərinin təşkili qadağandır.

X. Parklanma yerlərinin 5 faizi (bir parklanma yerindən az olmayaraq) əlillər üçün ayrılır. Əlillər üçün ayrılmış parklanma yerləri göy rəngli kvadrat üzərində 1.24 nişanlanma simvolunun ağ boya ilə təsviri vasitəsilə işarələnir. Əlillər üçün ayrılan parklanma yerlərində yalnız əlil avtomobili nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilərlər. Sürücülər "əlil" tanınma nişanından qanunsuz istifadəyə görə məsuliyyət daşıyırlar.

(ardı var)