adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Aprel 2019 15:14
108176
MÜSAHİBƏ
A- A+

İLAHİYYATÇI: “İslamda “Qədr gecəsi” yoxdur” - MÜSAHİBƏ

Budəfəki müsahibimiz ilahiyyatçı Elşən Soltanzadədir. Onunla söhbətimiz çox təsadüfi alındı.


Adalet.az saytı İlahiyyatçı Elşən Soltanzadə ilə müsahibəni sizə təqdim edir. 








- İslam alimləri Quran ayələrini iki hissəyə bölür: Peyğəmbərə Məkkədə gələn ayələr, bir də Mədinə də gələn ayələr. Və baxdıqda görürük ki, Məkkədə gələn ayələr daha humanistdir, daha demokratikdir, nəinki Mədinədə gələn ayələr. Sanki peyğəmbər Mədinə ayələrində, yəni artıq onun gücləndiyi bir dövrdə hökmdar kimi hökm verir.

- Peyğəmbərə hökmdar demək olmaz Onun üç xüsusiyyəti var: Təbliğ, təbyin, təşviq. O, ümumiyyətlə xilafət qurmayıb, ədalət dövləti qurub. Onun özündən sonra xəlifə təyin etmək kimi bir icazəsi yox idi. Peyğəmbərin heç bir oğlu, Qasım, Abdullah özündən sonra yaşamayıb, özündən əvvəl ölüblər.

- Bəs, Süleyman peyğəmbər? O ki, hökmdar idi...

- Düzdür, onun üçün hökmdar sözü keçir, amma bu başqa bir mövzudur. Peyğəmbərlər insanlardan niyə üstündürlər? Çünki onları Allah seçib. Bizim elə bir şansımız yoxdur. Bilirsiniz, bizi çox aldadıblar. Guya ki, ərəblər peyğəmbərdən qabaq Allaha inanmayıblar. Belə bir şey yoxdur. Onlar da Allaha inanırdılar, amma baxır necə. Onlar şərik qoşmaqla, araya vasitəçi salmaqla Allaha inanırdılar. Elə indiki kimi. Ətağa, Hz. Hüseyni də indi vasitəçi kimi qəbul edirlər. Quranda deyir: Allahla bərabər başqasına itaət etməyin. Orda "məa” ədatə var. Bu məqamda çox vaxt deyirlər ki, Allahdan başqasına ibadət etməyin. Xeyr, "Allahla bərabər başqasına itaət etməyin” deyilir. Ona görə indiki tərcümələr səhvdir də. Çünki onu tərcümə edənlər ilahiyyatçı, dinşünas deyil, şərqşünaslardır. SSRİ vaxtı şərqşünaslar yetişirdi. Məsələn, Əbdülkərim Əlizadə, Aidə İmamquliyeva, Ələsgər Məmmədov. Niyə Aidə xanıma bir dənə də olsun heykəl yoxdur? Axı onlar elm adamları idilər. Onun yerinə kimlərə heykəl var, şairlərə. Boş-boş müğənnilərə.

- Bu sonrakı sualların mövzusudur.

- O vaxt peyğəmbər deyirdi ki, Allahla aranıza başqa vasitəçilər qoymayın. O büt deyilən heykəllər var ha, onlar insanların ölmüş formalarıdır. İndi də Ətağanın şəklini paylayırlar metrolarda. Ətağa da onlar kimi bütdür. Məsələn, biri Məkkəyə gələnlərə yaxşı su paylayıb, ona büt düzəldiblər, biri yaxşı yemək paylayıb, ona heykəl düzəldiblər. Bu heykəllər vasitəsilə Allaha mesaj göndəriblər. Vasitəçilə. Onların peyğəmbərlə davaları sırf bun un üstündədir. Bizi aldatdılar ki, ərəblər Allaha ibadət etməyiblər. Əksinə, onlar Allaha inanırdı, namaz qılırdı, oruc tuturdu, qurban kəsirdi.

- Bəs, yaxşı, peyğəmbərdən qabaq dini olara kim gətirmişdi?

- İbrahim peyğəmbər. Onlar "hənif" müsəlmanı idilər. Onlara gələn də İslam idi, amma bu ad altında gəlmişdi. Necə ki, bu gün hansısa xəbər agentlyinin bölgələrdə ofisləri olur, məsələn, "Ədalət” qəzeti Şəki və s. Peyğəmbər deyib ki, bütün insanlar İslam əqidəsində doğulurlar. Atası, anası, düşdüyü mühit onu ateist də edə bilər, müsəlman da, xristian da, yəhudi də. Yəni bir kitab olub, İslam! 124 min peyğəmbərin hamısının gətirdiyi dörd prinsip olub: haqsız yerə adam öldürməyin, oğurluq eləməyin, yalan danışmayın, ədalətli olun. Peyğəmbərlə müşriklər arasında yeri gələndə dostluq da olub. O vaxt Qüreyşilərlə Həvazir qəbiləsi arasında döyüşdə peyğəmbər oxları yığıb verib onlara, özü adam öldürməsə də. Onların arasında yeganə qarşıdurma "Allahla bərabər başqasına itaət etməyin” üstündə olub.

- Bu gün əksəriyyət insan İslama inanır, peyğəmbəri qəbul edir. Və peyğəmbərə sığınan qadınlar, çoxusu onun arvadları kimi qəbul edir, dul olublar. Bircə arvadı Ayşədən başqa. Bəs, niyə bizdə hamı bakirə qadınla evlənmək istəyir? Boşanmış, dul qadınlarla evlənməyə yaxşı baxmırlar. Dində bakirə qadınla evlənmək şərtdirmi.?


- Peyğəmbərin özünə də məsləhət olunmuşdu ki, adət-ənənədən çox da kənara çıxma. Fransada XVI Lüdoviqin dövründə qadınların geyimində sinəsi açıq olurdu. İndi biz buna görə fransızlara fahişə xalq deyə bilmərik axı. Burda incə bir cızıq var, orda gərək ehtiyatlı olasan kəndirbaz kimi. Bakirə qadınla evlənmək şərtlərdən biridir. Bəhlul Danəndədən yaxşı bir misal deyim. Bir gün biri ona yaxınlaşıb deyir ki, evlənmək istəyirəm, nə edim? Danəndə deyib ki, bakirə alsan sən deyəndir, dul alsan, o deyəndir, boşanmış alsan, nə sən deyəndir, nə o deyən. Danəndənin dedikləri ona çatmır. Danəndə izah edir. Bakirə qız alsan, sən nə desən, deyəcək ki, sən deyəndir. Çünki səndən başqa heç kəsi görməyib. Dul alsan, ölmüş ərini yadına salacaq, deyəcək, mən deyəndir. Yəni burda əsas məsələ millətin mentalitetidir. Avropa ölkələrində bakirəlik çox da rol oynamır. Amma indi bizdə rol oynayır da. Kim istəyər ki, evləndiyi biri ondan qabaq başqasıyla münasibətdə olsun? İslam təmiz ailənin tərəfdarıdır. Təmiz ailənin təməli də elə bakirəlikdən doğulur. O ki, qaldı peyğəmbərə, dediyiniz dul qadınlar onun arvadları deyil, ona sığınan qadınlardır.

- Nəticə nə oldu? Kimsə bakirə olmayan qadınla evlənirsə, dinə qarşı çıxmış olur?

- Xeyr. Sadəcə, bakirəlik dində bəyəniləndir. İslam sadəcə, bakirə olmayan qadınla evlənməyi təqdir eləmir. Yəni günah sayılmır. Yaxşı olardı ki, boşanmış boşanmışla evlənsin.

- Elşən bəy, insanlar evlənənə kimi cinsi ehtiyaclarını necə ödəməlidirlər? İslam dini zinanı qadağan edir, masturbasiyanı bəyənmir, hətta onlarla əl-ələ salamlaşmağı bəyənmir. Bəs, bu adamlar nə etsinlər? Axı, tibbi cəhətdən də bu qadağalar insana ziyan gətirir.

- Bəli, İslam dini zinanı böyük günahlardan hesab edir. Nisa surəsinin 48 və 116-cı ayələrində deyilir ki, Allah bəzi günahları bağışlaya bilər, təqdir etmədiyi halda belə. Nəyi qəti şəkildə bağışlamır? Allaha şərik qoşmağı. Pirlərdir, şıxlardır, şeyxlərdir, ziyarətgahlardır, bunlar hamısı şeytan yuvalarıdır. Ora gedənlər cəhənnəmlikdirlər, nə savab iş görüblərsə, hamısı boşa gedəcək. "Zümər" surəsində dediklərim yazılıb. Sizin dediyiniz məsələyə gəldikdə isə, yaxşı olardı ki, insanlar tez evlənsinlər. İslam insanların gənc evlənməyinə icazə verir, belə əxlaqsızlıqlar olmasın deyə. Fikir verin, Avropada əxlaq yoxdur, texnologiya var, İslam ölkələrində əxlaq var, texnologiya yoxdur.

- Axı, İslam ölkələrində də əxlaqsızlar çoxdur.


- Hər halda Azərbaycan Paris deyil də. Səudiyyə Ərəbistanı London deyil də. İndi mən necə deyim ki, gedin, zina edin. Quranda "Luti” deyə bir söz var. Qadınla qadının, kişiylə kişinin cinsi əlaqədə olması. İslam deyir ki, onları cəmiyyətdən uzaqlaşdırın. Hətta deyir ki, müəyyən yerə bağlayın. "Lut” qövmünün axırı necə oldu? Kişilər kişilərlə yatırdılar. Məhv oldular.

- Tibb deyir ki, bu hormon problemidir və xəstəlikdir. Belə olan halda onları dışlamaq nə dərəcədə düzgündür? Məsələn, Zeki Müreni tanıyırsınız. Sənətkar idi. Amma həm də cinsi orientasiya problemi var idi. Onu təbliğ ediblər, insanlar tərəfindən seviliblər. Belə çıxır ki, Zeki Müreni də harasa bağlamalı idilər?

- Belə deyək də. Biz niyə xarici ölkələrin yaxşı xüsusiyyətlərini götürmürük ki? Zeki Müren cəmiyyətə yaxşı bir nümunə deyil, amma biz ona yalnız yaradıcılığına görə hörmət edə bilərik. Fərqi yoxdur, alimdir, müğənnidir.

- Deyə bilərikmi, bir adam cinsi azlıqdırsa, onu efirə buraxmayın?

- O vaxt yadıma gəlir, Flora Kərimovanın ərlərini saya-saya qalmışdılar. Sizin nəyinizə lazımdır onun neçə əri olub? Səsini dinləyin də. Onun ailə məsələlərini niyə qabardırsınız ki? Kim istəyər ki, Elton Con kimi cinsi azlıq olsun? Amma çox adam istəyər ki, onun kimi səsi olsun. Əxlaq İslamda əsas məsələdir. Yəni heç kimin homoseksuallığı təqdir oluncaq bir şey deyil. Səsinə qulaq asa bilərsən, amma ona nümunəvi insan deyə bilməzsən.

- Onda onlar da "Lut” qövmü kimi cəhənnəmlikdirlər? Onların ədəbiyyata, musiqiyə verdikləri tövhələr heçə gedəcək? Bu nə dərəcədə ədalətlidir?

- Ədaləti kim tənzimləyir ki?

- Demək istəyirəm ki, məsələn, Marsel Prust gey idi, amma yaxşı əsərlər yazıb, insanlara faydalı olub. İndi o, geydir deyə cəhənnəmə düşəcək?

- Bilirsiniz, Allah elə bir varlıqdır ki, bizim düşündüklərimizdən ucada dayanır. Bizim haqqımda verəcəyi qərarlara qarışa bilmək kimi bir təsir gücümüz yoxdur. Bütün bunlar axirətdə bəlli olacaq. Ona görə də bizim insanların axirətlə bağlı məsələlərinə qarışmaq ixtiyarımız yoxdur. Möhtərəm Prezidentimiz də deyib ki, dini insanlara düzgün təbliğ edin. Biz dini insalara doğru-düzgün başa salmalıyıq. Cənnət-cəhənnəm mövzularına çox girmək lazım deyil. Bircə bunu deyə bilərik ki, bu dünyada düzgün həyat tərzi yaşayın. Əxlaqlı olun, Allaha şərik qoşma və s. Aydın oldumu?

- Qane etmədi, amma siz belə deməli idiniz də. 

(gülürük)


- Baxın, biz Quranı niyə özümüzə kitab olaraq seçmişik? Bu elə bir kitabdır ki, ayələri düzgün seçilib. Allahn tərəfindən göndərilib. Siz də, mən də olmamışdan qabaq insanlar var idi, cəmiyyətlər var idi. Bir nəfər gəlib Cəfəri Sadiqə sual verir ki, həzrəti Adəm kimdir? Bizə onun haqqında danış. Cəfəri Sadiq deyir ki, hansı Adəm? Sual verən duruxur. Necə yəni hansı Adəm? Cəfəri sadiq deyir, sizin, bizim tanıdığımız Adəm, yoxsa başqa Adəm? Axır Adəm bir olmayıb. Dünyada Adəmlər çox olub. Quranda bildirilir, onlar fitnə-fəsad çıxraraq, qan tökərək öz cəmiyyətlərini dağıtdılar. Bizim bildiyimiz Adəm Yer üzərində yaradılmış cənnətdəki Adəmdir. Şeytan onların ikisini birlikdə aldadıb. Ərəb cəmiyyətində qadına qarşı ona görə təhqir var ki, onlar elə bilir, İblis birinci Həvvanı aldadıb, sonra da Adəmi. Amma belə deyil.

- Amma bayaq evlənmək məsələsində kişi üstün götürüldü. Söz keçirtmək məsələsini deyirəm.

- Ümumiyyətlə, kişi qadından bir şeyə görə üstündür, kişi öz malından xərcləyir, qadın yox. Diqqət edin, qadınlar evdən gedəndə zinət əşyalarını götürürlər, kişilərsə pencəyini. İngiltərənin baş naziri Tereza Mey, Almaniyanın baş naziri Anqla Merkel. O boyda ölkələrin idarəsində iştirak edirlər. Ərəb cəmiyyətlərində isə belə bir şey yoxdur. Çünki Abbasilər xilafəti dövründən başlayaraq qadın həmişə aşağılanıb. Ayələr düzgün tərcümə olunmur. Quran başqa şey deyir, uydurma peyğəmbər hədisləri başqa.

Məsələn, peyğəmbərlə Əbu Bəkrin mağarada necə gizlənməyini bilirsiniz də. Guya ki, hörümçək onları qoruyub. Quran deyir ki, biz onları görünməyən əsgərlərlə dəstəklədik, hədislər deyir, hörümçək onları qoruyub.

- Amma məntiqə uyğun olan hörümçəkdir. Çünki hörümçək torları olan yerdə adətən insanlar yaşamır.

- Biz Qurana inanırıq. Quranı inkar etsək, kafir olarıq.

- Elşən bəy, Quranda müsəlmanların yəhudilər və xristianlar dostluğu necə qəbul edilir?

- Bu gün müsəlmanlar bilirsinizmi niyə bu vəziyyətə düşüb? Çünki hər şeyi çox asan əldə ediblər. Yəhudilər ki, ac qalmayıblar, təzyiq görməyiblər. Hər şeyi hazır tapdılar müsəlmanlar. Onlar kiçik bir qövm olmaqlarına baxmayaraq ona görə bütün dünyaya hakimlik edirlər ki, ağıllarını işlədirlər. Xristian da, yəhudi də ağıllarını işlədirlər, heç onlarla biz eyni olarıqmı? Nə oldu, indi onların hamısı cəhənnəmə düşsün, biz cənnətə? Bu gün İtaliyanın Lampeduza adasına gedir insan, başlayır daşları öpməyə ki, qurban olum sənin torpağına, tüpürüm sənin müsəlman dövlətinə. Mən gəzmişəm, görmüşəm oraları. Çünki Quranı düz tərcümə etmədilər. Allahın ətəyindən yapışmaq əvəzinə peyğəmbərin şalvarından yapışdılar. Yazıq peyğəmbər ölüb, dünyadan xəbəri yoxdur, ondan kömək istədilər. Elm, texnologiya qaldı bir kənara. Heç bir müsəlman dövlətinin hava raketi yoxdur, tank motoru istehsal edə bilmirlər. Amma İsrailə baxın, artıq "Biton 7”-ni buraxacaqlar.

- İranın öz avtomobili var...

- Əşşi, o da "Renault”un motoru ilə işləyir.

- Suala cavab vermədiniz amma.

- Xristianlar bu gün desələr ki, İsa Allahın oğlu deyil, birbaşa cənnətlikdirlər. Angela Merkelin yaxşı bir sözü var. Suriyadan qaçqınlar Almaniyaya sığınanda dedi ki, yaxşı eləyib gəlmisiniz, amma Məkkə sizə Almaniyadan daha yaxın idi. Bir insanı Şəkidən, Qubadan Suriyanın Rakka şəhərinə nə apara bilər? Yalançı peyğəmbər hədisləri. "Şamda cihad eləmək insanları cənnətə aparır”. Şam deyiləndə böyük bir ərazi nəzərdə tutulur. Abşeron, Anadolu kimi. Gedib saqqallı ağalardan öyrənirlər, özlərini bədbəxt edirlər. İndi də çıxıb onların ailəsi yalvarır ki, ərim ölüb, kömək edin, bizi burdan xilas edin. Cənab Prezidentimiz neyləsin? Ona görə Quranda Allah deyir ki, ağlını işlətməyənlərə murdarlıq göndərərəm. Bu gün müsəlmanlar mənəvi murdarlığın içindədirlər.

- Quranın "oxu” deməsinə baxmayaraq...

- "Oxu” demir, "Düşün” deyir. İlk ayə "Oxu, Allahın adı ilə oxu!” dur. Nəyi oxusun, qardaş? Hələ gəlməyib axı. Deyir ki, düşün, Allah insanı, kainatı necə yaratdı?! Bunlarsa namazı hər şeydən qabağa saldılar. Namaz ən sadə prosesdir. Qarşıdan orucluq gəlir. İnsanlar Qədr gecəsini gözləyirlər. İslamda Qədr gecəsi var? Yoxdur. Ayələr düzgün tərcümə olunmayıb. Guya ki, bir illik günahları bir gecədə təmizləmək olurmuş.

ardı var...




İkinci hissədən ANONS:

- Allah "Şüəra" surəsinin sonuncu ayələrində deyir: "Şairlərə ancaq azğınlar uyar, onlar boşboğazdırlar, onlara ciddi yanaşmayın". İndi Nəsimini, Səməd Vurğunu, Füzulini şişirdiblər, hər yerdə şairlərin heykəlləri var. Şairlərlər də, müğənnilər də cəmiyyətin 14-15-ci təbəqələridirlər.