adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Yol Üstündə Qəsr - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
58790 | 2019-05-21 09:06

(II hissə burada)

 

(III hissə)

 

Nəfəsim kəsilir az qala. Dar dalandan geniş meydana çıxıram. Gözümə yerləşmır gördüklərim. Ave Mariya...

Məryəm Ana, iki min ildən çoxdu insanlıq səni vəsf eləyir. Məryəm Ana, mərhəmətini əsirgəmə bizdən...

Başımı qaldırıram, qaldırıram, qaldırıram... Boyum çatmır baxmağa da. Baxmağa çatmır, görməyə çatmır. Necə ucaldıblar, bəs? O ucalığa necə ucaldıblar ?

Əvvəldən bilmirdim onunla burda rastlaşacağımı. Ümumiyyətlə, Strasburq mənimçün sürprizlər şəhəri oldu...

İlk anda donursan. Beynin təhlil edə bilmir mənzərəni. Sonra sürətlənir düşüncələrin. Necə təsvir edim? Daş poema? Sətirləri qəlbində yaşayacaq şeir. İlahi musiqi...Yetmir bu söz də...

Təkcə fasad portalı üzərində neçə poema yazılıb... Tövrat və İncildən hər detal, hər nüans... Sanki insan beyninin həcminə sığışmayacaq qədər informasiya var azacıq sahədə. Uçacaqsan bu ecazkar poemanın qanadında göylərə. Uçub qarışacaqsan səmadan bizə baxanlara...

 

1015-ci ildə tikilməyə başlayıb və neçə əsrlər davam edib. Hər memar öz əlavələrini edib. Memarlar da fərqli olub – almanlar, fransızlar. İki xalqın düşüncəsi. Başlanğıcda roman üslubu. İllər keçdikcə qotika.Və... katolik diktatı... İçərisi qaranlıqdı məbədin. Vitrajlardan süzülən işıq ayrı-ayrı elementləri aydınladır. Burda gərək sakit oturub dinləyəsən işıqları da, səssizliyi də, hay-küyü də... Astronomik saatın vaxt ölçümünü də... Heç rəsmin də çəkmək olmur. Əks eləmir gerçəyi... Mistik anlamı olur belə yerlərin. Burda ilahidən gəlmə nələrsə var. Hər şeyin izahı olmur. Gerçək olan bu ki kilsə memarlığı, əvvəllər də məbəd memarlığı Avropanı inkişaf etdirən təməllərdəndi. Mühəndis dühası, bütün elmlərin yanaşı gəlişməsi ilkin prinsiplər olub.

.... Çıxıram burdan. Qaranlıqdan günəşə. Məbəddən həyata. Həyat isə qaynayır meydanda. Kiçik kafelər, foto çəkən turistlər. Amma heç bir rakurs binanın sözlərini deyə bilməyəcək. Yaxşısı budu fransızların bu gününə qayıdaq. Bir fincan kofe və kruasan...

- Kruasan nədi ?

- ... Yaxınlaş ora. Görən kimi biləcəksən. Bakıda alıram həmişə.

- Siqaret də almalıyam.

- Hardan? Şənbə günü tütün məmulatları satılan dükanlar bağlı olur.

- Nə? Yaxşı da, sən də. İndi siqaret olmayacaq?

- Tamam...

Gedir olmayan nəyisə axtarmağa. Mən də yanımızda oturan itə tamaşa edirəm. Daha doğrusu, feyziyab oluram görkəmindən. O qədər xürrəm görkəmi var ki – istəyirəm təzim edəm, hal-əhval tutam. Söhbətləşəm. Anlaşarıqmı? Heç yiyəsinə əhəmiyyət vermirəm.

 

Turistlər çox olsa da ingilis dili populyar deyil burda. Alman və fransız dillərinin qarışımından ibarət bir leksikaları var. Onu da kimdi bilən? Bütün dünyada əksər hallarda turistlər əlnən-qolnan anlaşırlar. İtnən risk eləmədim danışmağa...

- Düz dedin. Siqaret yoxdu. Görüm kimdən alıram.

Yaxınlaşır əlində siqaret olan kimsələrə. İstəyir və verirlər.

Mən də kruasandan zövq alıram. Təp-təzə, xırç-xırç...

Gid də tələsdirir bizi . "Kiçik Fransaya " getməliyik deyir katerlə.

Aqilin yenə gözü gəzir siqaret üçün, bu dəfə yaxınlaşdığı adam vermir.

Pərt qayıdır.

- Nemes oğlu nemes...

- Nə bildin nemesdi?

- Xəsisliyindən...

 

***
Şəhərin iki çayı varsa turistlərin çay axarı ilə gəzməyi təbiidi. Və adama elə gəlir ki, bu balaca qəsəbəni məhz turistlərin gəzməyi üçün tikiblər. Şəkil çəksinlər, kafelərdə dincəlsinlər. Elə şəkil kimidi qəsəbə. Körpülərdən faxverk (adı qəribə gəlməsin. Görmüsüz bu evləri. Alman üslubu – çarpaz taxta lövhələri pəncərənin dörd tərəfindən divara vurulmuş) evlərə tamaşa etsinlər. Tarixinə varsaq neqativ çalarlıdı mənası. Bir vaxtlar siflis xəstələrini bu fəhlə qəsəbəsində qospitalda yerləşdirirlərmiş. Siflis isə fransız xəstəliyi adlanırmış. O vaxtlar bu qəsəbədə ağır işlərdə çalışan fəhlələr yaşayırmış. Əsasən də gön, dəri emalı ilə məşğul olanlar. İndi bu fəqir taxta evlər UNESCO-nun irsi siyahısına salınıb. Bura gələn də mütləq baş çəkir körpülərə də, şlüzə də, dar, amma güllü-çiçəkli küçələrə də.

 

 

Bütün bu məlumatları qulağıma deyirlər. Daha doğrusu, katerdə audio-gid danışır. Mən də baxa-baxa dinləyirəm. Körpülər şəhər istehkamlarının ayrılmaz hissəsidi. İll çayının qolları üzərində xarici müdaxilədən qorunmaq məqsədi ilə orta əsrlərdə tikilib. Hər körpünün özünün gözətçi qüllələri var. Birinin tarixi isə lap qorxuncdu – adı kimi. Cəllad qülləsi. Ölümə məhkum olunmuş canilərə işgəncə verib edam edirlərmiş. Müxtəlif variantlarda – dilin qopartmaq, sümüklərin qırmaq, bədən üzvlərinə dağ basmaq... İnsan övladı əzab verməyə xüsusi həssaslıqla yanaşa bilir yəni. Bu sahədə də kəşfləri çoxdu. Görünür tarixə düşmüş hadisədi ki, turistlərə də danışırlar – 1565-ci ildə şəhərin cəlladın həbs edib, işgəncələrdən sonra başın kəsirlər. Səbəb – pul müqabilində zindandan qaçırmaq, bəzən də əziyyət vermədən öldürməkmiş. Hər bir halda özü də bundan can qurtara bilmir. Hətta arvadını da şəhər meydanında şallaqlayıb, sonra qovurlar şəhərdən... Orta əsrlərin hadisələridi bunlar. Uzaq orta əsrlərin. Amma cəllad da var, işgəncələr də günümüzdə. Hardasa var...

Gözüm gözəllik görür, qulağım kədərli söhbətlərə qulaq asır. Qanım qaraldı...

 

***
Katerdən düşəndə ikili hisslər vardı ürəyimdə. Gözəldi eləmi? Əlbəttə, gözəldi. Amma qazanıblar, zəhmət çəkiblər. Rahatdı eləmi? Əlbəttə, rahatdı. Amma əziyyətlərdən keçiblər. Ən önəmlisi geri çəkilməyiblər – irəli aparıb irəli adamları onları. Bütün bunlardan vacibi isə – bütün bunlar bizim deyil. Belə yaşamırıq. Yaxın vaxtlarda da olacaq kimi görünmür. Səbəblərin də ucundan-qulağından dedim...

 

 

Heç olmasa, bircə dəfə Avropanın inkişaf eləmiş ölkələrini görən adamlar bilirlər – o gözəlliyin, səliqə-sahmanın, zənginliyin və sadəliyin, qanunlara hörmətin heyranı, əsiri olursan. Möhtəşəm və əzəmətli binaların, elə həmin binalar qədər soyuq, biganə ağ adamların baxışları altında əzilə-əzilə fikirləşirsən – nə xoşbəxtdirlər, İlahi, nə xoşbəxtdirlər... Bəs, biz nə vaxt belə yaşayacağıq - deyə fikirləşirsən. Lüks həyat haqqında eyforiyalarım çoxdan dağılıb – nə qədər ki onlar yaxşı yaşayacaqlar, biz belə yaşamağa məhkumuq. Bu dəyirmanın suyu hardansa gəlməlidir, axı. Kimsə belini büküb işləməlidir, kimsə burnunu dik tutub gəzməlidir. Dünya yaranandan qanun budur. Anlamasan nə yaxşı, amma anlayıb içindən keçirəndə çox ağrılı olur...

 

O qədər uzada bilərdim ki, gördüklərimi. Lap bir qəsəbədə gördüklərim bizim payımıza düşən torpaq payının bütünündə yoxdu.
 
***
 

Əziz oxucum, diqqətlisənsə yarıda saxlamışdım hüquq monumentində söhbətimi. Davam edim... Çünki ən önəmlisi haqq-hüquq məsələsidi. Orta əsrlərdən bu günkü gül-çiçəkli Avropaya yol insanlıqdan, ədalətdən keçib...

 

İnsan hüququ zireh kimidi – o, bizləri qorumalıdı. Emosiyalarımız kimi mücərrəddi və onlar kimi hamıya məxsusdu. Zaman kimidi – hamıya eyni cür münasibətdədi. Varlıya da, kasıba da, qocaya da, cavana da. Ağa da, qaraya da. Hündürə də, bəstəboya da. O, hamıya hörmətlə yanaşmağı təqdir edir, hər kəsdən də bunu gözləyir. Mərhəmət, ədalət, həqiqət anlamlarına fərqli yanaşa bilərik – amma rastlaşdığımız an tanıyacağıq...

Valideynləri uşağa zooparka getməyi vəd ediblər –bu onun haqqıdı. Pulunu ödədiyim mallar mənim haqqımdı – kimsə bunu poza bilməz. Vətəndaş ölkə konstitusiyasına uyğun seçki hüququndan istifadə edə bilər. Qarşı tərəf belə vəd veribsə.

Amma insan hüquqları qarşı tərəfin nə deyəcəyindən asılı olmayaraq mövcuddu. Və insan hüquqları olmadan biz öz potensialımızı realizə edə bilmərik. Vurğu – bu ifadədə!!! Bu mənəvi yükü olan bir anlamdı.

Biz öz potensialımızı realizə edə bilmirik!!!

Orta əsrlərdə küçə tamaşalarında istifadə etmək üçün karliklər lazım gəlirdi. Balaca uşaqları məngənədə sıxıb böyüməyə qoymurdular. Eybəcər məxluqlar alınırdı. İnsan qəlbi də elədi...

İnsan ləyaqəti və bərabərlik – əsas prinsiplər!!!

Azadlıq, başqalarına hörmət, dözümlülük, ədalət, məsuliyyət, diskriminasiyasız cəmiyyət...

Hə... Bunları düşündüm o monumentin qarşısında... Haqlıdılar avropalılar Strasburqda o abidəni qoymaqda. Nail olublar.

Baxdım, baxdım insan fiqurlarına. Çox nəsnələr fikirləşdim. Qayıdandan sonra dostlarıma göstərdim o rəsmi... Gender ağırlıqlı izah verdilər. Bəlkə də haqlıdılar.

 

***
 

 

...Amma üstündən dörd il keçəndən sonra bu yazını mənə biçarə şəhər yazdırdı. Olan o... O da kabab tüstüsündə boğulur ...

P. S. Strasburqdan ayrılanda – yenə gələcəm bura dedim. Bir il sonra getdim. Yağışlı nəmli havada. Yenə Ave Mariya dedim. Yenə...

 

Xatırlayırsanmı yağışlı bir gün idi
Geniş meydan, qırmızı kirəmidli damlar
Ucu ərşə dayanan Notr Dam,
Və sən üzünü göyə tutub əfv dilədin
Müqəddəs Məryəm anadan...
Geniş meydana sığmayan ürəyin
Dərdlərini İll çayına yüklədin
Ağır oldu deyən... aparmadı ...
Körpüyə yaslanıb baxdın
Yad adama baxan kimi
Hamıdan gizlətdiyin
Qəm yükünün ağır ləngərinə.
Heç ağlamadın da yağışla birgə,
Heç bağırmadın...
Uzaq oldu deyən... eşitmədi.
Öz dərdi özünə bəs Məryəm ananın
Müqəddəslərin səni dinləyəcək halı yox...
Onların da dərdi hansısa çayda ləngər...
Çətiri üzünə tut, qızım, üzün islanmasın
Qarışan rəngin də adı yox ...
Yağışlı, nəmli bir gün idi Strasburqda,
Yad şəhərdə,
Və doğma kədər...

 

2015-2016 avqust - Strasburq,

 2019 may - Bakı

TƏQVİM / ARXİV