adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

MÜHACİRLƏR - Mehman CAVADOĞLU yazır

MEHMAN CAVADOĞLU
66732 | 2019-06-01 11:10

(Əvvəli burada)

Qafqazlılar arasında ən qəşəng kişilər gürcülər sayılırdı. Zəngin xanımların ağıllarını başlarından çıxartmaq onlar üçün elə də çətinlik törətmirdi. Demək olar ki, bütün kişilər knyaz titulu daşıyırdılar. Təbii ki, bir çoxu da yalançı "knyazlar” idilər. -Əcəb işdir! – deyə belə "knyazlardan” birinin atası deyirdi. – Sən demə, mən knyazammış! Adətən, bu cür titullar atadan oğullara miras qalır, mənəsə o, oğlumdan keçib...

...Qafqazlıların ən bici ermənilər idi. Onlar bütün Şərqdə öz tacirlik qabiliyyətləriylə seçilirdilər. Fransada dünya miqyaslı zəngin erməni tacirlər öz bizneslərinə kiçik ticarət və fırıldaqla (başqalarına mənsub olanı mənimsəməklə) başlayıblar. ...Adətən, xırda qruplar halında bütün şərqə səpələnmiş ermənilər başqalarından fərqli olaraq nostalji hisslərdən uzaq idilər. Elə mənim vətənim Azərbaycanda da onlar azlıqda olsalar da, özlərini çox inamlı hiss edirdilər...

... Bəxtimə düşən çətinlikləri, atamın və yoxsulluq içində ölən qohumlarımın əzablarını xatırladıqca çox kədərli oluram... Allahın məsləhəti beləymiş!.. Hər şey keçmiş olsun. İnsan tez-tez öz iradəsini Allahın iradəsiylə əvəz eləməyə çalışır. – mənim öz fatalizminə sadiq qalan atam yəqin ki, belə söyləyərdi... Tamamilə özgə bir xalqı, xüsusilə İslama sadiq olan fanatikləri dəyişmək çox çətindir...

Ümmülbanu, "Paris günləri”.

Təəssüf ki, söz vaxtına çəkdi və biz yazının bu hissəsini Fuad Abbasovun başına gələn olaylarla başlamağa məcbur olduq. Onu hamımız əvvəlcə Türkiyənin bir necə xəbər agentliklərinin təmsilçisi kimi Rusiya telekanallarındakı siyasi məzmunlu müxtəlif teleşoulardan tanımışıq. Həmin teleşouların hansı kanallarda və hansı aparıcılar tərəfindən keçirilməsindən asılı olmayaraq həmişə birmənalı şəkildə antitürk və antiazərbaycan mövqeydə olması heç birimiz üçün sirr deyil. Adam həmin verilişlərdə sinəsini qabağa verib Türkiyə və Azərbaycanın maraqlarını tank kimi qoruyurdu. Görünür, onun əvvəlcə qardaş ölkənin media qurumlarından uzaqlaşdırılmasnın, arxasınca da təmtəraqlı adlarla fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının hədəfinə çevrilməsinin əsl səbəblərindən biri də məhz bu "aşırı” vətənpərvərliyi oldu.

Fuad Abbasovun açıq müstəvidə ilk konflikti, səhv etmirəmsə, "Moskva azərbaycanlılarının milli-mədəni muxtariyyəti” adlı varlığı elə həmin konfliktdən sonra ictimaiyyətə bəlli olan bir təşkilatın başçısı Ağamirzə Kərimov adlı birisiylə, özü də, ailə-məişət zəminindəki ittihamlarla başladı. Adamın arvadı ermənidir – olsun! Adam qızını erməniyə ərə verib, yenə də olsun! Adi ailə-məişət məsələsidir, normalda heç bu cür faktların üstünə getmək də hardasa etikadan kənardır. Amma adam açıq-aydın deyir ki, mən Qarabağlı deyiləm, qoy Qarabağın dərdini elə qarabağlılar çəksin. Onun haralı olduğunu mən bilmirəm, amma bircə onu bilirəm ki, belə bir təfəkkür sahibi günlərin bir günü, allah eləməmiş, öz doğma rayonunun başının üstünü təhlükə alanda da durub deyə bilər ki, bizim kənd rayon mərkəzindən uzaqdır, proses gəlib öz doğma kəndini haqlasa, yeni bir versiya uydurar ki, əslində, bizim əslimiz tamam başqa bir yerdən o kəndə köçmədir. Nəhayət, bu da olsun! Bəs onda belə bir təfəkkür sahibini öz "qızıldan qiymətli” vaxtını azərbaycanlıların milli-mədəni maraqlarının qorunması və təbliğinə sərf eləməyə vadar edən nədir? Əsas sual budur, amma çətin tapmaca deyil. Biznes maraqları və pul qazanmaq sevdası! Belə təşkilatlar dövlət orqanları və digər ictimai-siyasi qurumların tədbirlərində iştirak eləmək, müəyyən "lazımi şəxslərlə” əlaqələr yaratmaq üçün bir körpüdür, vəssalam.

İnsafən, bizimkilər pul qazanmaqda nisbətən diribaşdır və bu, təqdir olumalıdır. Elə ermənilər də bu sahədə xeyli zirəkdir. Amma bizimlə ən böyük fərqlərindən biri odur ki, onlar başqa sahələrdən qazandıqları pulları milli problemləri yolunda xərcləyir, bizsə milli problemlər şirması altında özümüzçün pul qazanmağa çalışırıq. Məsələ bu qədər sadədir.

Hazırda Rusiyadadakı zəngin azərbaycanlıların sayı ermənilərdən qat-qat çoxdur. Hətta bir də görürsən ki, hansısa yellər siyasi səhnəyə "Milyarderlər İttifaqı” kimi vahiməli epitetlərə bələnmiş qurumlar da çıxardır.

Bu qədər maliyyə potensialıyla indi Rusiyada yüzlərlə, minlərlə Fuad Zeynalovlar olmalıydı. Özü də təkcə media qurumlarında yox, bütün mərkəzi və regional qanunverici, icraedici orqanlarda, ictimai-siyasi təşkilatlarda, həm də təkcə azərbaycanlıların arasında yox, yerli xalq və bütün digər yerli xalqlar arasında. Pulu bizdən başqa da sevənlər çoxdur.

Amma gəlin təkbaşına az qala diaspor komitəsi qarışıq bütün diaspor təşkilatları və bu sahəylə bağlı çoxsaylı qurumlardan daha effektli fəaliyyət göstərən Fuad Zeynalovun başına gələnlərdən sonra ona qarşı sərgilənən münasibətə fikir verək. Adam polisin qəddar zorakılığına, vəhşiliyinə məruz qalıb, amma kimsə onun hüquqi problemlərinin olduğunu qabartmağa çalışır, kimsə fürsət düşmüşkən fəaliyyətindəki hansısa müəmmalı nüanslara eyham vurur və s. və i.a. Ancaq bu fikirləri səsləndirənlərin hamısı da əsas səbəbin bambaşqa olduğunu dəqiq bilir. Əsas səbəb, heç şübhəsiz, sifarişdir və bu sifarişin özümüzünkülərdən, yoxsa ermənilərdən gəldiyini araşdırmaq, polisin açıq-aşkar qərəzli davranışının kökünü tapmaq lazım idi. Rusiya ilə dostluq münasibətlərinin yüksək səviyyədə olmasından ağızdolusu danışmaqdan yorulmayan dövlət qurumlarından başlamış imedia və ictimai təşkilatlara qədər hamı bu məqsədlə səfərbər olmalıydı.

Biz Qarabağı Ermənistan və onun arxasında dayanan güclərdən daha çox erməni diasporuna uduzmuşuq. Əlbəttə, bu gün Azərbaycan diasporunun bir əsrlik ənənəyə, üstəlik, geniş terror şəbəkəsindən tutmuş nəhəng maliyyə və ictimai-siyasi resurslara malik, ən əsasısa, konkret olaraq yalnız antitürk ideyası ətrafında birləşmiş bir diaspordan qat-qat zəif olmasını təbii qarşılamaq lazımdır. Problem geri qalmaqda deyil, problem güclü diasporun milli problemlərin həllində mühüm rol oynadığını başa düşdüyümüz vaxtdan indiyə kimi bu sahədə heç bir irəliləyişə nail ola bilməməyimizdə, 30 ildir bu həqiqəti anlasaq da, irəliyə doğru 30 addım atmağı bacarmamağımızdadır.

Ümumiyyətlə, bu kontekstdə danışarkən diaspor terminindən istifadə eləmək bizim üçün hələ tezdir, olsa-olsa mühacir kəlməsindən yararlana bilərik. Çünki bu sözlərin semantik mənası oxşar olsa da, siyasi yükü bambaşqadır.

Problem bizim bir-birimizlə yola getməməyimizdə, dəbdə olan ibarəylə desək, "vahid yumruq kimi” birləşə bilməməyimizdə də deyil. Heç çoxsaylı, müxtəlif çeşidli erməni təşkilatları da öz aralarında asan yola getmirlər, çəkişmə və dava-dalaşları da bizimkilərdən az deyil. Əslində, "hamının çəkici bir zindana döyməsi” tayfa, qəbilə şüurunun göstəricisidir. Çağdaş dünyada güc elə alternativlərin çoxluğundadır. Sadəcə, milli məsələlərə bizim kimi şəxsi maraqlar prizmasından yanaşanda nəticə əldə eləmək mümkün olmur.

Millət olaraq ən böyük bəlamız düşdüyümüz mühitə alışa bilməməyimiz, inteqrasiya olunmağı bacarmamağımızdır. Ermənilərdən fərqli olaraq azərbaycanlılar öz torpağına və vətəninə daha çox bağlıdırlar. Düşdüyümüz yerdə bir az qalan kimi vətən hissindən yanıb qovrulmaq bizim şakərimizdir (tez-tez geri dönərək turizm statistikamıza töhfə verməyimiz da elə bununla bağlıdır), ermənisə ölkəsindən çıxdısa bir də ora qayıtmağı ağlına belə gətirməz. Fərq ondan ibarətdir ki, bizim vətən duyğumuz məişət səviyyəsində ahu-zardan uzağa getmirsə, onlar elə olduqları yerdə vətən naminə çalışırlar. İnteqrasiyanı çətinləşdirən də elə bu məişətçilik təfəkkürüdür. Biz ya inteqrasiya ola bilmirik, inteqrasiya olanda da milli kimliyimizi itiririk. Düzdür, qaynayıb-qarışanlara, qarışıban milli kimliyini qoruyanlara da rast kəlmək mümkündür, amma hər iki halda istisnalar qaydaları inkar eləmir.

Yeni sosial-mədəni mühitə inteqrasiya çətin prosesdir. Birinci nəsil mühacirlər üçün bunun dil amilindən tutmuş davranış streotiplərinə qədər müxtəlif səbəbləri var. Müəyyən müddətdən sonra bu baryerləri aşmaq o qədər də çətin deyil. Amma bizim mühacirət üçün bunu çətinləşdirən ən mühüm səbəb dini və milli dəyərlərə həddən artıq bağlılıqdır. Elə buna görə də bizimkilərin ikinci nəslinin inteqrasiyası da asanlıqla mümkün olmur. Həm də söhbət din və milli dəyərlərə qatı mühafizəkar bağlılıqdan getmir, zahirən bu cür bağlılığı olmayanların özləri də şüuraltı olaraq bu dəyərlərdən asılı vəziyyətdədirlər. Üstəlik, müasir informasiya texnologiyaları onlara daim öz vətənlərində olmaq imkanı yaratdığından yerli mühitə alışmağa vaxtları belə olmur, günün əksər hissəsini virtual olaraq elə öz vətənlərində keçirdirlər.

Diaspor təşkilatlarımız isə çox vaxt fəaliyyət auditoriyasını qarışıq salır, yaşadıqları ölkənin müxtəlif qurumları və mediası əvəzinə daxili bazara işləyirlər. Mütləq əksəriyyəti qastarbayterlər olsa da, hər halda ən böyük diasporumuz Rusiyada və keçmiş SSRİ məkanındadır və burdakı çoxsaylı təşkilatlarımızın əsas işi yerli əhəmiyyətli müəyyən tədbirlərdə iştirak eləməkdən ibarət olur. Təbii ki, yuxarıda dediyim şəxsi münasibətlər qurmaq, özlərinə sərfəli əlaqələr yaratmaq məqsədilə. Azərbaycanla bağlı fəliyyət isə "Novruz”da və başqa bu kimi bayramlarda müəyyən lokal tədbirlər düzəltməkdən, qurban bayramında qurban əti paylamaqdan və bir də kiməsə hansısa sosial yardım göstərməkdən o yana keçmir. Bu tədbirlər isə öz mediamızdan başqa heç yerdə işıqlandırılmır, ya da çox nadir hallarda yerli medianın xəbər faktına çevrilir.

Diaspor bosslarımızın özləri də daha çox Azərbaycan mətbuatının ulduzu rolunda çıxış edirlər. Hər halda, Fuad Zeynalov istisna olmaqla kiminsə hardasa sırf milli maraqları müdafiə eləməsiylə bağlı hansısa ciddi bir işini xatırlamaq çətindir. Xüsusilə efir məkanında düzənlənən siyasi polemikalarda ən azı erməni əsilli birinin və ya erməni mövqeyində olan bir neçə qeyri-erməninin iştirakı fonunda bu sahədə nə qədər ağır durumda olmağımız daha aydın nəzərə çarpır.

Hamısına təkbaşına sinə gərən bir nəfər var idi, on gündür ki, onu da heç nəyin üstündə saldıqları təcridxanadan qurtarmağa belə gücümüz yetmir.

P.S. Yazının bu hissəsini fikirlərimizə dəstək xətrinə Azərbaycan əsilli fransız yazıçısı Ümmülbanunun "Paris günləri” əsərindən iqtibaslarla başladıq. Ümmulbanu başqa ölkədə bu səviyyədə məşhurlaşmış çox nadir azərbaycanlılardan biridir. Həm də düşdüyü mühitə tam inteqrasiya olsa da öz ölkəsinin təəssübünü çəkən, vətəniylə fəxr eləyən bir azərbaycanlıdır. Onun adı ilk dəfə Ermənistan-Azərbaycan konfliktininbaşlandığı günlərdə fransız mətbuatında ölkəmizin mövqeyini müdafiə edən məşhur müsahibəsindən sonra populyarlaşdı. Ona kimi isə öz vətənində çox az sayda adam belə bir yazıçının varlığından xəbərdar idi. Elə həmin müsahibədə səslənən bir çox tarixi faktları da çoxları ilk dəfəydi ki, eşidirdi. Özü də söhbət arxivlərimizdə toz basıb qalmış, üzə çıxartmağa cəsarət etmədiyimiz faktlardan gedir. Bugün-sabah müstəqilliyimizin 30 ili tamam olacaq, ancaq son illər ölkədə baş alıb gedən tərcümə bumunun, tərcüməyə ayrılan qucaq-qucaq dövlət pullarının fonunda hələ də onun, səhv etmirəmsə, iki əsərindən başqa heç bir əsəri dilimizə tərcümə edilməyib. Bu da bizim az sayda qabağa çıxan məşhurlarımıza sərgilədiyimiz münasibət!


TƏQVİM / ARXİV