adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Autizm xəstəsinə kəsilən qəribə baxışlar - Eminquey yazır

EMİNQUEY AKİF
56318 | 2019-07-23 10:58

Avtobusla işə gəlirəm. Bir ana autizm xəstəsi olan uşaqla üzbəüzdəki pəncərəyə söykənib. Uşaq arada qışqırır, ağlayır, anası "az qalıb, aptekə çatırıq" deyib onu sakitləşdirir. Avtobusda hamı ana-balaya diqqət kəsilib. Uşağa təəccüblə baxan da var idi, qaşlarını düyünləyib baxan da, qorxuyla baxan da. Yanımda sarısaç, gözündə gün eynəyi, yanında balaca qaraşın bir uşaq olan qadın durub. Arabir gözüm bu qadına sataşır. Bilirsiniz də, enerji elə bir şeydir ki, həssas insanlar bir-birilərini tez hiss edirlər, tez tapırlar qarmaşalığın içində. Danışından hiss etdim ki, rusdillidir. Onun da diqqəti o uşaqdadır.

Bir də gördüm ki, qəfil bu qadının gözlərindən iki damcı yaş süzüldü. Tez əliylə sildi yanağını. Mənim ona baxdığımı hiss etdi və mənə tərəf çöndü, baxdı. Mən birinci dəfədir avtobusda belə bir şeylə rastlaşıram. Ürəyim parçalandı, tüklərim biz-biz oldu. Sonra isə yerini dəyişib həmin ana-balanın yanında dayandı. Elə bil onlara daha da yaxın olmaq istəyirdi. Onlara boş qalmış oturacağı təklif etsə də, oturmadılar. Onların arasında dialoq bundan və göz təmasından başqa heç nə deyildi.

Məqam çatdı, autizm xəstəsi olan uşaqla anası avtobusdan düşəndə uşaq həmin sarısaç qadının çiyninə əlini vurub "sağ ol" deyirmiş kimi nəsə dedi, qadın da təbəssümlə onunla sağollaşdı. Autizm xəstəsi olan insanların həssaslığı, hissiyyatlarının güclü olmağını eşitmişdim, amma görməsəm də bilirdim. Amma avtobusda, bu boyda əcaib baxışların içində hansısa qadının gözlərindən belə kədərlə, səssiz düşən göz yaşı görməmişdim. O qadın da, o uşaq da mənim yaddaşıma ömürlük həkk olundu...

TƏQVİM / ARXİV