adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Yol Romanı - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
74836 | 2019-10-04 10:34

Sözə nə şəkildəsə aidiyyəti olan insanları xarakterizə edəndə müraciət etdiyin ilkin mənbə yenə söz olur. Yazdıqlarında özünü nə dərəcədə gizlədə bilir insan? Ya da yetərincə tanıda bilirmi? Məncə, nə qədər gizlətməyə çalışsan da arada nəsə sivişib əlindən qaçacaq və sən sonra hamıdan gizlətdiyin bu nəsnəni yerinə qoya bilməyəcəksən. Deyək ki, bir dostuna həsr olunmuş yazı yazırsan. Yaxından tanıdığını zənn etdiyin bir dostunun... Baxırsan klaviaturaya, baxırsan monitora... sözlər qaçıb. Nə deyəcəyini unudursan...

"Yol romanı” Vurğun Əyyuba həsr olunub və 2012-ci ildə kitab şəklində dərc olunub. Yenidən təqdim etmək istədik sizlərə...

 
(V hissə)
 

HAŞİYƏ

 

Deyirlər bir vaxtlar bu şəhərdə həyat qaynayırmış, çiçəklənirmiş, bölgənin incisiymiş. Keçmiş zaman şəkilçiləri və "bir vaxtlar” sözcüyü... Olan budu ki, sonra tənəzzül gəlib. Şəhər zənginləri İstanbula köç ediblər. Buralara da başqa köç başlayıb. Böyük ehtimalla indi sözləri boğazlarında qaynada-qaynada tələffüz edib səsləndirən toplumun gəlib bölgədə yerləşməsi də o zamana təsadüf edib.

Sərhədlərə yaxın olması da yaşamı təhlükəli qılıb. Bu sərhəd söhbəti də şəhərin başından əskik olmur, Tanrım! Türkiyənin quzey doğusunda eyni adlı ilin mərkəz ilçəsi. Vikipediyada yazıblar ki, Qars sözünün mənası gürcücədən - Karsilaki (yəni qapı şəhər) sözündən gəlir. İnanmağım gəlmir, gürcülərin özü nədi ki, hələ şəhərlərə də ad qoysunlar. Yəni həqarət mənasında demirəm - amma bütün Gürcüstan boyu yol gedirsən, toponimika türk sözləridi, sonuna bir "i” əlavə etməklə guya gürcüləşdiriblər. Başqa mənbəyə baxdım. Mahmud Kaşqarlının əsərlərində dəvə, ya da qoyun yunundan yapılan əlbisə, karsak (tülkü) dərisindən gözəl kürk deyə bəhs edir. Bir qaynağa görə də şəhərin adı eramızdan əvvəl Qafqazlardan gələn bulqar türklərinin Karsak oymağından gəlməkdədi. Ağlabatan budu. Çünki Naxçıvandan Qarsa qədər gəldiyim yolda o qədər doğma sözlər oxudum ki, yəni yaşayış məntəqələrinin, çayların, dərə-düzənin adında (toponimlərdə). Əslində nisbətən yeni tarixə nəzər salsaq, min il əvvələ məsələn, (tarix üçün min il nədi ki?) Səlcuqlu imperiyası dağılandan buralar Azərbaycana aid olub. Burda da kiçicik bir izahat verim bilməyənlər üçün. "Azərbaycan” sözü tarixən bizim indi Cənub dediyimiz torpaqlara aid olub. Bizim hal-hazırda yaşadığımız ərazilərin ismi isə Aran olub. XX əsrin əvvəlində bizim ilk respublikanın təməli qoyulanda məmləkətə ad axtaranda "Azərbaycan” sözü yada düşür. Qızğın mübahisələrdən sonra bu toponimin üzərində dayanıblar. Hacı Zeynalabdin Tağıyev isə sona qədər bunun əleyhinə olub, hətta belə bir söz də işlədib: "Bu nərdən çıxdı, yahu?” Min ilə nisbi baxmağımdandı deyəsən Səlcuqlulardan gəldim XX əsrin əvvəlinə - qayıdım geriyə. Hər hansı imperiyanın dağılması böyük faciələrlə müşayiət olunur. İmperator Məlikşahın ölümündən sonra oğlanları taxt-tac uğrunda mübarizəyə başladılar. Təbii, kənar qüvvələr də bundan yararlandı, uzun sözün qısası, Osmanlı dövləti yaranıb da, güc-qüdrət toplayana qədər buralarda gürcülər, Çingiz xanın ordusu, Qızıl Orda, Qaraqoyunlular, Ağqoyunlular at oynatdı. Yavuz Sultan Səlim Doğuya yapmış olduğu son səfərində bu yörələri Osmanlıya qatmaq istəyini gerçəkləşdirə bilmədi. Yalnız Qanuni Sultan Süleyman dönəmində Qars və ətraf ərazilər imperiyanın sınırlarına daxil oldu. O məşhur film ki var, indi hamımız baxırıq - "Möhtəşəm yüzyıl” - orda Sultan sadalayır ha öz torpaqlarını və deyir "Azərbaycanın” hakimi. Bax, orda deyilən "Azərbaycan” buralardı - Qars və ətrafları... Bu, haşiyədi... Çıxaqmı haşiyədən?.. Sən heç zaman nə haşiyələri, nə çərçivələri, nə sərhədləri sevmədin... Amma hər zaman əsiri oldun, Qumral gözlüm...

 

***

 

Deyirlər bir vaxtlar buralarda kübar, zəngin adamlar yaşarmış. Bu adamlar öz sərvətlərini iki böyük imperiyanın qovşağında yerləşən ticarət yollarından qazanarmış. Yol? YOL?! Yenə Yol?! Deyirlər rus çarı III Aleksandr sevgilisiylə burda görüşərmiş, bu ətrafda rus çarlarına aid "Ov köşkü” də var. Deyirlər... Başqa nə deyirlər? Eee, o qədər söz deyirlər ki... Həm də onu deyirlər ki, 92-ci ildə Kafkas universitetinin açılması şəhərin həyatını tamam dəyişib. Universitet? Hə, axı bizi orda gözləyirlər... Mən də Diogen çəlləkdə düşünən kimi yatağımda fəlsəfi düşüncələrə dalmışam.

Qalx görək, Qumral gözlüm...

 

UNİVERSİTET

 

Əslində Universitetin kampusunda gəzəndə bura haqqında müəyyən təsəvvür yaranır. Bəlkə 100 hektara yaxın sahəsi var və bu sahədə heç bir şey sıxlıqla, bir-birinin içinə girərək yapılmayıb. İnsana hüzur verən bir açıqlıq var burda və mavi rəngin üstünlüyu. Dizaynı kim düşünübsə iyi edib. Mavi rəngin enerjisi güclüdü. Qaldığımız Qonaq evinin balkonundan bütün universitet alanı görünməkdədi. Bu vizual görünüm - bəs içi necədi görəsən?

... Vurğun Əyyub bizi universitetin həyətində (daha doğrusu, fakültənin həyətində) qarşılayır, içəri keçirik. Öyrəncilər elə də çox gözə dəymirlər, təbiidi, dərslər bitib, ancaq kəsri olanlar növbəti bütünləmə imtahanlarını vermək üçün burda qalıblar. Vurğunun kabineti birinci mərtəbədədi. 17 il işsiz qalandan sonra yaxşı ortamdı. Öz otağı, otağın qapısında lövhəsiylə-filanıyla. Dərs dediyi fakültə Fənn-ədəbiyyat fakültəsi adlanır. Amma ad sizləri yanıltmasın - ədəbiyyat adlansa da ixtisaslar fərqlidir. Kimya, riyaziyyat, biologiya, fizika, nə bilim daha nələr də bura daxildi. Yəni bizdən fərqlidi yanaşma. Ümumiyyətlə, hər şey fərqlidi. Əsas olan isə budur ki, bütün Türkiyə universitetləri içində yalnız Kafkas universitetində Azərbaycan dili və ədəbiyyatı tədris olunur. Tədris olunmaq bir yana, buranı oxuyub-bitirən tələbələr bu ixtisasla (yəni branşla) diplom alırlar və gələcəkdə bu sahədə çatışmazlıq olmayacaq kimi görünür. Vurğunun söhbətindən belə anlayıram ki, fakültədə bizə aid dərslər ancaq onun üzərindədi, həftədə 32 saat dərs deyir (sonradan Vurğunun mənə məkub yazan tələbələrinin, düşüncə tərzi, yazı dili göstərir ki, Vurğun Əyyub həm də çox gözəl müəllimdi. Azərbaycanı da, onun mədəniyyətini, ədəbiyyatını da bu gənclərə sevdirə bilib). Vurğun bura gələnə qədər də müəllimlər çalışıb burda. Amma mən bilən bu bölümün əsas yükünü Hacalı Nəcəfoğlu üslənibmiş. Təsəvvür edirsiz? Əslində bu fakültənin formalaşmasında, yaranmasında onun böyük əməyi var. Onun və Qars əski baş konsulu Həsən Zeynalovun. 2004-cü ilin aprelində Qarsda Azərbaycan konsulluğunun açılması da bu şəhərin həyatında və ümumilikdə siyasi həyatda da önəmli rol oynayıb.

Bu ərazilər strateji bölgələrdi və mən indi də fikirləşirəm ki, Həsən Zeynalovun şəxsi keyfiyyətləri, prinsipiallığı olmasaydı hər şey başqa cür ola bilərdi. Çox xırdalıqları açıb demək olmur, bu, diplomatiyadı. Diplomatiyanın danışıq dilində isə ayrıntılar yox, ümumi sözlər üstünlükdədi. Və Qarsda işlədiyi müddətdə Həsən müəllim dəfələrlə məni buralara dəvət etmişdisə də, gedə bilməmişdim. Qismət indiyə imiş. Elə indi haqqında danışacağım professor Hacalı Nəcəfoğluyla ilk tanışlığımıza da hörmətli Həsən Zeynalov səbəb olmuşdu.

- Qonaqlarımız burdadı - deyir Vurğun telefonla. - Hacalı bəy bizi gözləyir öz otağında.

Qalxırıq yuxarı və kimyaçı professorun qarmaqarışıq, səliqəsiz (daha doğrusu, "bədii” səliqəsiz, kitab və rəsmlərlə donatılmış) otağına daxil oluruq.

 

NƏCƏFOĞLU

 

2007-ci ilin fevralında Haaqada (təsəvvür edirsiz Haaqada) Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilirdi. Təşkilatçı İqdır bələdiyyəsi idi, amma təbii ki, əsl təşkilat işləmləri Həsən Zeynalovun idi. Bizi də dəvət etmişdi və mən bu səfərdə qeyri-rəsmi şəxs kimi iştirak edirdim. (həmişə olduğu kimi, çünki məmləkətdə rəsmi şəxs kimi təmsil olunacaqların sayı o qədər çoxdu ki... Hamının savadı, intellekti, millət damarı, istedadı aşıb-daşır, fışqırır, lap püskürür deyənə növbə çatmır da. Təyyarəyə minik başlayanda VİP salonda gördüyüm insanlar ki var idi - yüz faiz əminəm onlar Xocalı adına heç xəritədə də baxmaq həvəsində olmazlar. Müxtəlif Avropa ölkələrinə gedirdilər və hərənin öz işi. Ticarət faktoru ziyarət faktorundan daha üstün təbii).

... Amma bir dəfə yazmışdım bu barədə - qeyri-rəsmi şəxs olmağın öz üstünlükləri var. Hamını müşahidə edə bilirsən, hətta lap qulağının ucu ilə eşitdiyin sözlərin nəyə görə deyildiyinin fərqinə varırsan.

"Vətən, Millət, Sakarya” - ortamıdı... Kimin nitqi neçə dəqiqə çəkəcək, kimi çox alqışlayacaqlar, kim nə qədər ermənini ittiham edəcək - anladığınız həmişə olanlar... Sayın Hacalı Nəcəfoğlunu ilk dəfə orda görmüşdüm. Sakit, mütəvazi, üzərinə diqqət toplamağı sevməyən birisi kimi yadımda qalmışdı. Arada-sırada, bayram günlərində Aqil Abbasın elektron poçtuna ondan təbriklər gəlirdi və mən də Aqil Abbasın adından ona təşəkkürlər cavablayırdım. Həsən müəllimlə söhbətlərimizdə də onu tez-tez xatırlayırdıq, amma düzünü deyim ki, Nəcəfoğlunun bu aləmdə necə nüfuzlu biri olduğunu və ən önəmlisi Azərbaycan üçün necə qiymətli bir insan olduğunu Qarsdakı görüşlər zamanı anladım. Tam bir Azərbaycan sevdalısı.

Tanımayanlar üçün qısa bioqrafik məlumat:

1955-ci ildə Hacıqabul rayonunda doğulub, 1972-də Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olub, məzun olduğunda elmi karyerinə başlayıb. Xudu Məmmədovun aspirantı olub, onun rəhbərliyi ilə elmi müdafiəsini edib. 1985-ci ildə Azərbaycan Dövlət Universitetində müəllimlik edib. Ölkədə vəziyyət dəyişəndə isə Türkiyəyə gedib və 92-ci ildən orda çalışmaqdadı. 92-95-ci il arası Ərzurum universitetində, 95-ci ildən sonra Qars universitetində dosent, sonradan isə professor kimi fəaliyyətdədi. Batı dilləri və ədəbiyyatları, Slavyan dilləri və ədəbiyyatları, Çağdaş Türk Ləhcələri və ədəbiyyatları bölümlərinin qurucu bölüm başkanlığını yapıb. Kafkas universitetinin Qafqaz və Orta Asiya Araşdırma Mərkəzinin müdiridi.

Təbii, bunlar rəqəmlər və sözlərdi. Rəqəm və sözlərin arxasında isə həyat dayanır, əməllər, çırpınan ürək dayanır. Diaspora sözü ki var, son vaxtlar tez-tez işlədirik və beynimizdə formalaşan stereotip də budur ki, ordakı həmvətənlərimiz ya bir-birini ittiham edir, ya burdakı mərkəzi ittiham edir, ya da bayramlarda yerliləri dolmaya qonaq edirlər. Avropada yaşayırlar - təfəkkür, zehniyyət dolmadı.

Hacalı Nəcəfoğlu uzun zamandı Türkiyə Cümhuriyyəti vətəndaşıdı, amma bu uzun zaman onu öz köklərindən bir an da ayırmayıb. Diaspora belə şəxslərlə formalaşmalıdı. Və mən düşünürəm ki, Nəcəfoğlu elə təkbaşına da diasporadı.

 

***

 

... İndi biz onun otağındayıq. Hacalı bəy bizi universitet haqqında bilgiləndirir və gündəmə gəlmiş yeni problemlə tanışdırır, millət vəkilinin burda olmasından ümumi işin xeyirinə istifadə etmək istəyir.

1992-ci ildə fəaliyyətə başlayan universitet, ilk qurulduğunda bir fakültə, 245 öyrənci, 40 öyrətim elemanına sahibmiş. İndi burda 6 fakültə, 3 yüksək okul, 5 meslek yüksekokulu, 1 konservatoriya, 3 institut, 10 araşdırma mərkəzi fəaliyyət göstərir. 12500 tələbə oxuyur burda. Öyrənci yurdları, yeməkxana və kafeteryalar, sağlıq mərkəzləri, klublar...

Universitet bölgə universiteti olmaq

yolunda hızla və əmin addımlarla irəliləyən konumdadı.

Problem nədir? Məsələ burasındadır ki, kimsə Azərbaycan dili və ədəbiyyatı ixtisasının buralarda lazım olmayacağı fikrini yayıb. Bu bölümün bağlanma təhlükəsi var. Baş konsula bu problemi çatdırmaq, onun dəstəyini almaq lazımdı. Zatən sayın Nəcəfoğlu öncədən ona telefon açıb qonaqlarla birlikdə konsulluğa gələcəyini deyib. Hələlik bizi aşağıya, birinci mərtəbəyə dəvət edir. "Heydər Əliyev mərkəzinə”. Mərhum prezident bir vaxtlar bu universitetdə olub axı. Mərkəz əslində Azərbaycan haqqında kitabların, tədris vəsaitlərinin, yazıçılarımızın əsərlərinin toplandığı bir qiymətli kitabxana konumundadı. Biz də özümüzlə nə qədər kitablar gətirmişik. Sayın millət vəkili ilə sayın Nəcəfoğlu kitabları yerbəyer edirlər. Mən isə divardan asılmış portretlərə, dolablardakı kitablara baxıram. Baxışlarım atamın üstündə dayanır. O bizdən əvvəl gəlib bura - yəni rəsmləri və kitabları. Ürəyimdə yenə savaş başlayır deyəsən - bu nə taledi, Tanrım! Özü heç yerə gedə bilmədi, amma Sözü hər yerdədi... Gözlərim dolur, yaxşı ki, heç kim mənə fikir vermir. Çevrilib baxıram. Aqil Abbas kitablarını imzalayır, Nəcəfoğlu nəsə izah edir, Vurğun da otağın künclərində düzülmüş dibçəklərdəki gülləri sulayır. Özü də elə nəvaziş və diqqətlə edir ki, bu mənzərəyə tamaşa etməyə gözlər lazım. Təbəssüm gəlir üzümə...

Zəng gəlir Nəcəfoğlunun telefonuna, deyəsən bizi gözləyirlər baş konsulluqda. Yığışırıq getməyə. Vurğun dodağının altında mızıldanır:

- Siz gedin...

- Sən də gəl, - deyirik israrla. Və konsulluğa getdiyimiz yolda sürücülüyü də Vurğun edir.

... Hüznlü şəhərdi Qars. Zatən Nobel ödülçüsünün təsvirində də belədi. İndi ötüb getdiyimiz sokaklara baxdıqca həmin təsvirləri xatırlayıram: "İyirmi il öncə Karsa gəldiyində KA-yı büyüləyən; sokakları, iri kəsmə daşları və Türkiyə Cümhuriyyətincə əkilmiş iydə və kəstanə (şabalıd-müəllif) ağaclarıyla bu hüznlü şəhər olmuşdu; milliyyətçilik və qəbilə savaşlarıyla ahşap (taxta) yapıları tamamən yakılıb-yıkılmış Osmanlı şəhəri deyil".

Görəsən KA ilə İpəyin buluşduğu "Yeni hayat” pastanesi hardadı? Və varmı? Mən bu düşüncələrdəykən memari yapısı rus evlərini xatırladan bir binanın qarşısında dayanır arabamız. Konsulluq burdadı. Həyətin içindən keçib ikinci mərtəbəyə qalxırıq, Baş konsulun otağına daxil oluruq... Və mənim iri gözlərim bir az da böyüyür...

 
(ardı var)

 

TƏQVİM / ARXİV