adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

DÜNƏNİMİZ - BU GÜNÜMÜZ

SEYFƏDDİN ALTAYLI
97709 | 2013-06-01 01:43
"Ey iman edənlər! Sizdən kim dinindən dönərsə, bilsin ki, Allah yaxında elə bir toplum gətirər ki, Allah onları sevər, onlar da Allah:::ı sevərlər. (Onlar) möminlərə karşı mülayim, kafirlərə qarşı da baş əyməz və dönməzdilər; Allah yolunda cihad edər, heç bir kəsin qınağından da çəkinməzlər. Bu, Allahın bir lütfüdür, onu dilədiyinə verər. Allah, sonsuz ehsan sahibidir, hər şeyi çox yaxşı biləndir.

(Maidə surəsi 54-cü ayət)".

Tanrı bu ayətdə görəsən hansı milləti öyür. əsrlər boyu İslam dinini məhv etmək istəyənlərə qarşı sinə gərən, hətta xristian dünyasının qəzəbinin üstünə yönəlməsinə belə fikir vermiyən, Tanrının buyurduğu haqqı, ədaləti, insanlar arasındakı qardaşlığı həyata keçirən biz türklərik, yəni o ayətdə öyülən millət bizik.
Biz, yüz illər boyu İslam dininin bayraqdarlığını elədik, nəinki müsəlmanların, xristianların da hüququnu müdafiə etdik, Fransa kralını zindandan qurtardığımız kimi. Elə buna görə Kaşqarlı Mahmud, Türk adının türklərə Tanrı tarafından verildiyinə işarə edərək onun mənasının "gənclik, qüvvət, qüdrət və kamillik çağı" demək olduğunu söyləyir. Tarixçilər isə Türk kəlməsinin "güclü-qüvvətli" anlamına gəldiyini qəbul edirlər.
A. Vamberyə görə, Türk kəlməsi "Törəmək"dən gəlir. Ziya Göyalp bunu "törəli", yəni, qanun və nizam sahibi kimi şərh edib.
İctimai qurğumuz ailədən başlayıb yüz illər boyu pillə-pillə yüksəlib, tayfalar birliyi olan "uruq" yaranıb və o da dövlətin özülü olan pillələrdən biri kimi "boy"a yüksəlibdir. Boyda artıq dövlətin ilk işıqlarını görə bilirik, çünki başında "bəy" adlanan idarəçi vardır. Boylar birliğinə "bod" adı verilib və onu "kan-xan" deyilən şəxslər idarə edib. Dədə Qorquddakı "Qanturalı" adının etimolojisi mənə görə "törəli xan" anlamındadır.
Bodun, boddan sonrakı pillədir və daha çox siyasi mənada bir təşlikat kimi qarşımıza çıxır və özündə iki məna daşıyır; biri bodlardan ibarət ictimai qurğu, digəri isə bodların tərkibini yaradan əhalidir, xalqdır. Orxun-Yenisey abidələrində tez-tez millət, xalq mənasında "Türk bodunu" termini işlədilib.
Bodlar, yəni bodun, ictimai qurğu kimi bəzən müstəqil, bəzən də bir dövlətə bağlıydı. Boylarda dil və soy birliyi əsas olduğu halda bodunda bu xüsusiyyət yoxdu. Deməli, bodunun tərkibində xarici xalqlardan və xarici dillərə mənsub insanlar da yaşaya bilirdi ki, bu da imperiyaya çıxan ilkin pillə idi. Türk xalqları arasında ilkin siyasi birlik huviyyətini bod qazanıb. Boyun böyüyüb hərbi gücünün artmasından sonra birliyin və iqtisadi vəziyyətin qorunması üçün bəyin ailəsinin "sülalə" vəsfini qazanması isə nadir hallarda seçkiyə müraciət edilməsinə səbəb olub. Halbuki seçkisiz başçı təyin edilməsi işi Türk dövlət və ictimai qurğusu yönündən qəbul edilməzdir. Görünür bodun daxilindəki yadların çox olması və hər hansı seçki aparılması halında hakimiyyət cilovunun özgələrinin əlinə keçməsinə səbəb olar deyə seçki işindən imtina edilib. Bodunlarda görülən bir digər xüsusiyyət də bəylik salahiyyətinin "xanlıq" üçün məhdud hala gətirilməsidir.
Orxun-Yenisey abidələrində "el", dövlət mənasında işlədilib. "El", sözün əsl mənasında bodunlardan təşkil tapırdı. ən başda isə xaqan dayanırdı. Bəylər və xanların qanun qoyma və həyata keçirmə səlahiyyəti xaqanın hakimiyyətində idi. Dövlət səviyyəsində hərbçi yığma, onları bir yerdən bir yerə nəql etdirmə, idarə etmə, ordu komandirini təyin kimi məsələlərin hamısı xaqanın ixtiyarında idi. Törədə, yəni qanunlarda, bütün eldə qüvvədə olması şərtilə dəyişiklik aparmaq, elin idari və mali işlərinin nizama salınması, mədəni sahədə yeniliklərə üz tutma tamamilə xaqan vasitəsilə məclisə təhvil verilirdi. Hökmranlıq hüququ isə, dövlətdən birinci dərəcədə məsul olan uzun ömürlü xanədanlar ailəsinə tapşırılıb. Beləliklə, Türk dövlətlərində boylar və bodunlar arasında möhkəm əlaqə və əməkdaşlıq yaranmasıyla da dövlət qurğusu araya çıxıb.
"El", xüsusilə "onluq" sistemə arxalanaraq ordu nizamı ilə mərkəzdən, yəni xaqan tərəfindən idarə edilib. Dövlətdə hakim olan nizam-intizama xalq arasında törə deyilirdi.
Ellər isə iki orta elin birləşməsindən yaranırdı. Orta böyüklükdəki bir el isə iki kiçik eldən təşkil tapırdı. Bir kiçik el isə dörd boyun ittihadından əmələ gəlirdi.
əlbəttə dövlətin yaranması bir anda olmayıb. Bir dövlətin qurulması üçün əvvəlliklə dövləti yaradan insanların kütləvi halda yaşaması, bəzi qaydaların inkişaf edərək xalqda icma fikrinin yaranması vacib haldır. Ancaq bunlardan sonra cəmiyyət halına gələn kütlədə isə yavaş-yavaş toplum şüuru, yəni qanbir, dilbir kütləyə aid olma, daha düzü mənsubiyyət şüurunun oyanması gözdən yayındırılmaz fakt kimi qarşıda dayanır. Toplum şüuru səviyyəsinə çatmış kütlələrdə qanun və qaydalar ənənə halında inkişaf etdirildikdən sonra, bir sözlə on illər, yüzillər boyu sınaqdan keçirilən ictimai qurğuların yeri pozulmaz qanunlarla möhkəmləndirildikdən sonra dövlət fikri özünü göstərib.
Osmanlı Dövləti millət olaraq yaratdığımız son imperiya idi. Tanrı:::nın bəşəriyyətə yolladığı son nəbi Hz. Məhəmməd Pəyğəmbər İstanbulun tutulmasından təqribən 800 il qabaq; "İstanbul əlbəttə fəth olunacaqdı, onu fəth edəcək komandan nə gözəl komandan, əsgəri nə gözəl əsgərdir" demişdi. İstanbulu tutan və Peyğəmbərin mədhinə layiq olduğunu sübut edən Osmanlı Padşahı Fateh Sultan Məmmədi yetirən isə, müəllimi Ağşəmsəddindi.
Ağşəmsəddin 1389-cu ildə Dəməşqdə dünyaya gəldi. əsl adı Şəmsəddin Məmməddir. İslamın ikinci xəlifəsi əbubəkrin nəslindən, Abbasilərin axır dövründə yaşayan Şeyx Şahabəddin Süxrəverdinin Anadoluya gəlib məskunlaşan nəvələrindən Şeyx Həmzənin oğludur.
Ağşəmsəddin, hələ yeddi yaşında Anadolunun Amasiya vilayətinin Qovaq qəsəbəsində məskunlaşıb və klassik mədrəsə təhsilini başa vurandan sonra Osmancıqdakı mədrəsədə müdərris, yəni professor titriylə müəllim işləməyə başlayıb. Təqribən 25 yaşında mədrəsədən ayrılıb Mavəraunnəhrə üz tutub, sonra Hələb şəhərinə gedib. Hələbdə Zeynəddini Hafinin müridi olub, lakin onun tövsiyyəsinə uyub Ankaraya gedərək Hacı Bayram Vəlinin dərgahına daxil olub. Hacı Bayram Vəlinin ciddi dissiplini altında bişib və ondan icazət alaraq Bəybazarı, İskilip və əvlək yoluyla Göynükə gədib, orda irşada başlayıb. Hacı Bayram Vəlinin dünyasının dəyişməsindən sonra onun xəlifəsi sifətiylə Bayram Vəlinin yolunu davam etdirib. Hacı Bayram Vəli, Osmanlı Sultanı Fatehin atası II. Muradın yanında olduğundan səltənətin varisi Sultan Məmmədlə əlaqə yaradıb, onun müəllimi olub və Fateh Sultan Məmmədi İstanbulun fəthi üçün mənəvi yöndən hazırlayıb. Fateh, ordusuyla İstanbulu mühasirəyə saldığında Ağşəmsəddin də yüzlərlə müridiylə mühasirədə iştirak ədib, Osmanlı ordusuna ruh yüksəkliyi aşılayıb. Mühasirə vaxtı İstanbulun bürcləri qabağında uzun illər əvvəl, yəni ərəb ordularının şəhəri mühasirə etdikləri vaxt şəhid düşmüş Peyğəmbərin sahabəsi əbu əyyub əl ənsarinin qəbrini aşkarlayıb. İstanbulun alınmasının üçüncü günü Ayasofiyada ilk xütbəni o oxuyub. Bir müddət indi öz adıyla anılan küçədə yaşayıb, daha sonra Göynükə qayıdıb, burada da ruhunu Tanrıya təhvil verib.
Fateh Sultan Məmmədin müəllimi Ağşəmsəddinin qısa tərcümeyi-halı belədir. Ağşəmsəddin təriqət əhlidir, ancaq şeir də yazıb. Onun 14-15 əsrlərdə yazdığı şeirlərə baxdıqda insan dəhşətə gəlir. Təqribən indiki vaxtdan 600 il qabaq yazılmış şeirlərlə indiki dilimizi müqayisə etmək məqsədiylə bir dənəsini təqdim etmək istəyirəm.

Zihi (kiriş) can kim münəvvərdür bugün nur-ı təcəlladan
Zihi dil kim muattardır (ətirlidir) həva-yı ışq-ı Mevladan.

Xərabat içrə uşşakı (aşiqlər) görüp tən itmə ey zahid
Ki ol rüsva-yi ışq olmuş yanupdur dərd-i Mevladan.

Könül dildarə virənlər cahanda qılmadı aram
Budur avarə sərgərdan keçər dünya vü uqbadan (axirət).

Təmaşasın duyan ışqun nəzər qılmadı əğyara
Ki daim ışq-u şövq istər usanmaz ol bu sevdadan.

Cahanun mavərasında qurubdur xeyməyi aşiq
Bu aləmdə xəbər bilməz dahi həm ərş-i əladan.

Xudanun aşiqi çoxdur vəli Aq Şəmsəddin kibi
Kanı bir dərdli aşiq kim, yana ışq-ı dilaradan.

Altı yüz il qabaq yazılan şeirləri daha yaxşı başa düşürük, ancaq indi Arazın o tay-bu tayında yaşayan bacı-qardaşlarımız "quşini, tornavidanı, sübhanəni, abduktoru, pafosu, pardonu, paxixoliyanı, vacibüttəqsiri, serjantı" başa düşə bilmir. İşə baxın ki, özgə bir xalqın övladı aramızda yaşayaraq dilimizi öyrənir, o dildə müəllimlik edir, dünya tarixinə istiqamət verən şahzadələr yetirir, dilimizdə ölməz əsərlər yaradırdı. O babaların övladları olan bizlər isə Araz sahilində yanaşı yaşasaq da üç coğrafi məkanda eyni dili hər yönüylə başa düşə bilmirik. Bunlar bir yana, öz məktəblərimizdə yetirdiyimiz şagirdlərimiz, tələbələrimiz yad dilini öyrənib yadlaşır, yadı yamsılayıb onun mədəniyyətini götürür, onları bizdən üstün tutur. Tanrının öydüyü millətin indiki vəziyyəti niyə belədirə Biz özümüzə yadlaşmışıq, özgələri bizi yadlaşdırıb, yoxsa Tanrı qarğıyıb?
Seyfəddin Altaylı,
Ankara
altaylı[email protected]

TƏQVİM / ARXİV