adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

MÜTƏXƏSSİS QITLIĞI

FƏRİDƏ RƏHİMLİ
50520 | 2013-06-01 01:46
Sağlamlıq hər şey deyil, ancaq o, olmasa, hər şey heç nədir, deyiblər. Bəli, hansı sənətin, mənsəbin, imkanın sahibi olur olsun, həyatda ən vacib istəyin can sağlığı olduğunu heç kim inkar etməz. Bu üzdən də həkimlər istər - istəməz son ümid yerimiz olur. Həyatımız boyu bir dəfə də olsa, onlara müraciət etməyə məcburuq.
Əslində bir deyil, yüzlərlə dəfə müraciət etdiyimiz bu məslək sahiblərindən istədiyimizi ala bilirikmi? Adətən danışanda, yaxud yazanda real faktlara müraciət etməyi üstün tuturam. Ona görə də vicdan rahatlığı ilə, heç kimin günahını almadan istədiyimi deyə bilirəm. Bugünkü mövzu ən ağrılı yerim olduğundan bu mövzuya dəfələrlə müraciət etməli olmuşam.
Səhhətim, onlardan və eyni zamanda onların ucbatından əsəbdən, uzaq olmağıma imkan vermədiyindən ürəyimi boşaltmaqla sakitlik tapmaq istəyirəm.
Səhiyyəmizin inkişafından, müasir tibbi avadanlıqların ən müasir ölkələrdən də əvvəl bizə gətirilməsindən, gündən - günə artan xəstəxana, poliklinika və başqa müxtəlif tibb ocaqları haqda məlumat verildikcə, bu mənə sevinc yox, əsəb gətirir. Çünki həkimlərimiz elə imic yaradıblar ki, əhalinin onlara inamı azalıb, hətta qırılıb. Bu texniki artımın, inkişafın içində bir az da bilik, təcrübə inkişafı da olsa, bu xeyrimizə olardı. Ən müasir apparaturadan məlumatlı olmayan mütəxəssis kimə lazımdı? Otaqlarının divarlarında, stollarının üstündə Amarika, İngiltərə, Rusiya və sair ölkələrdə aldıqları təhsil, yaxud kurs keçmələri haqda sertifikatlar, diplomlar olan həkimlərə bir vaxtlar inanıb, səhhətimi etibar etdiyimə də təəssüf edirəm. Başdan - ayağa bircə xəstə orqanıma belə, əlac edə bilməyən bu diplomlu Hippokrat andı içmişlərə inamım o qədər qırılıb ki, daha heç bir həkimə müraciət etməyi ağlıma belə gətirmirəm. Bu yazılanları onlara atılan böhtan kimi qəbul edənlər də ola bilər. Bəlkə onlar yaxşı mütəxəssis əlinə düşüblər. Ancaq uzun illərin xəyal qırıqlığı təcrübəsini keçmiş mən, birmənalı olaraq, bizdə həkim olaraq müraciət edə biləcəyim bir nəfərin də qalmadığına əminəm. Uzun illər eyni xəstəliklə müraciət etdiyim müxtəlif xəstəxanalardakı həkimlər müxtəlif cür dərmanlar yazaraq, dərman dolu torbalarla məni yola salsalar da, bu torbadakıların mənə zərrə qədər də xeyri olmayıb. Adını çəkmək istəmədiyim bir USM aparatı mütəxəssisinin qəbulunda isə, bu inamsızlığın lap pik nöqtəsinə çatdım. Amputasiya olunmuş daxili orqanlarımdan birinin əməliyyat sonrası vəziyyətini yoxlatdırmaq üçün ona müraciət etmişdim. Otağının qarşısında kimlərinsə güclü reklamı sayəsində böyük növbə yaranmış bu, tərifli mütəxəssisə qəsdən vəziyyəti bildirmədim. Başqa xəstələrdən artıq vaxt sərf eləsə də, heç nə deyə bilmir, hey əlindəki aləti qarın boşluğumda sağa, sola fırladırdı. Axır özüm axtardığı orqanın kəsildiyini deyib, onu bu əzabdan xilas etdim. Və reklama uyub, canını belə savadsızlara etibar edənlərə yazığım gəldi.
Bir vətəndaş kimi məni hiddətləndirən bir məsələ də kasıb əhalinin ucuz və keyfiyyətli tibbi xidmətə görə İran İslam Respublikasına üz tutmalarıdır. Əlbəttə, bu hiddət o ölkəyə üz tutanlara deyil, onları bu yolu seçməyə məcbur edənlərə, son ümid yeri kimi yabançı ölkəni seçməyə vadar edənlərədir. Həm də o ölkədə bir torba əvəzinə iki, ya üç dərman, burada xərclənən külli miqdarda xərcin isə onda biri istifadə olunur. Yol pulu da daxil olmaqla.
Yaxınlarda bir xəstə uşağın anasının həkimi bıçaqlaması haqda eşitdim. Nə xəstəni, nə də həkimi tanımıram. Hər bir halda insana əzab verməyin, öldürməyin də tam əleyhinəyəm. Amma bəzən insanı əsəbdən elə vəziyyətə gətirirlər ki, bu səbəbdən də əksər cinayətlərdə hadisələr anlaqlı vəziyyətdə törədilmir. Mən xəbərlərdən aldığım məlumata görə, həmin bıçaqlanan sahə həkimi iki - üç dəfə xəstə uşağı yoluxmağa gedib. O, olmayan müddətdə də xəstənin üstünə bir neçə dəfə təcili yardım çağırılıb. Bu hadisədə kimin günahkar olduğunu araşdırıb, cəzasını verəcəklər, aydın məsələdir. Ancaq tibbin qanunlarına və eşidib - oxuduqlarımıza əsasən deyə bilərəm ki, hətta adi qızdırması olan uşağı həkim xəstəxanaya müayinəyə çağırmalıdır. Bu xəstənin dəfələrlə həkim və təcili yardım yoxlamasına rəğmən qızdırmasının düşmədiyi halda həkim onu xəstəxana şəraitində müalicəyə məcbur etməyib. Bəlkə də bunu valideynin etirazı ilə, maddi durumla bağlayacaqlar. Valideyn kasıbçılığı bəhanə edib, imtina edə bilər. Amma həkim ona vəziyyətin ciddiliyini, xəstəyə də dövlət xəstəxanalarının pulsuz müalicə etməli olduğunu başa salmalıydı. Düzdü, indi dövlət xəstəxanasıyla, özəllərin çox fərqi yoxdu. Biri qanunla, qəbzlə pulu xəstədən qoparır, o biri qanunsuz olaraq. Hər iki halda da olan xəstə sahibinə olur. Xərclənən pulun dəyərində müalicə də effektli olsa, maddiyat gözə görünməz. Ancaq pul verib, bir torba "zəhər" alaraq, axmaq durumuna düşmək insanı ikiqat incidir.
Bu bıçaqlama olayı təxminən iyirmi il əvvəl olan bir hadisəni mənə xatırlatdı. Qızım xəstəxanada yatırdı. Damarına iynə vurmaq lazım oldu. Tibb bacıları növbə ilə arıq, çəlimsiz qızın qolunda, əlində, ayağında, hətta boynunun arxasında deşikləmədikləri yer qoymadılar, amma damarına iynəni vura bilmədilər. Həmin illər ağır travma keçirdiyimdən, qışqırmaqdan gözlərinin altı da göyərmiş, dəhşət dolu gözləri ilə məndən kömək uman qızıma baxanda içimdən, o iynəni əllərindən alıb onların harasına gəldi batırmaq keçdi. Bacarmadıqları işdən yapışaraq ancaq pul qazanmağı düşünən bu vicdansızları cəzalandırmaq istəyirdim. Nəysə ki, onlar yüngül təhqirlərlə canlarını qurtardılar.
Sözümün canı odur ki, xəstə həkimə inanmalıdır. Xəstə sahibi həkimə güvənməlidir. Həkim öhdəsinə götürdüyü işin məsuliyyətini dərindən anlamalıdır. İnsan taleyini madii maraqlarına qurban verməməlidirlər. Yoxsa, belə hadisələr çox olacaq.
Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV