adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 May 2021 12:05
142199
SAĞLAMLIQ
A- A+

Can dərmanları: Alça və çiyələyin faydaları

Azərbaycan ədəbiyyatın əvəzsiz şairi Məhəmməd Füzulinin iki yüz beytdən ibarət "Söhbətül-əsmar” (Meyvələrinsöhbəti)şeiri indi ağsaqqal-ağbircək yaşda olan o vaxtkı məktəblilərin yaddaşından silinməyib...Xüsusəndə təxminən bu sətirləri : Alça deyirdi: - Dünyada mənim kimi gözəl meyvə hanı? Qızdırma xəstəliyinə tutulanların şəfası, ağzı acı olanların dəvası mənəm. Bütün həkimlərin dediyi kimi, mən başağrısının da dərmanıyam.

Alça sözünü deyib qutaran kimi Gavalı hirslənib özündən çıxdı və Alçaya dedi: - Ey əfəl, utanmırsan ki, belə fəxr edirsən? Turşuluqdan dişləri qamaşdırırsan, səni yeyən adam ya əzgin olar, ya da iflic. Meyvələr içində səndən yaramazı yoxdur.

Bu gün gavalının dili ilə desək, bu "yaramaz ” meyvənin faydaları haqqında oxucularımıza məlumat verəcəyik.

 

Alça

 

Elə ilk kəlmə "alça” sözü kifayət edir ki, ağzımız sulansın, qeyri-ixtiyari udqunaq. İştahamızı qabardan, mayın isti günlərinin dəyişməz rəmzi, yamyaşıl, girdə, turş-məzə bu bu bitki hamı tərəfindən sevilir.

Məlumata görə, Cənubi Qafqaz ölkələri, İran, Kiçik Asiya alçanın vətəni sayılır. Odur ki, alçanın qədim Azərbaycan meyvəsi olduğunu əminliklə söyləyə bilərik. Bu gün alça Orta və Kiçik Asiyaya, Çinə, Cənubi Qafqaz ölkələrinə, Aralıq dənizi regionuna, Ukrayna və Moldovaya da yayılıb.

Gürcüstanda alça "tkemali” adı ilə məşhurdur. O, gürcülərin sevimli və eyniadlı sousunun əsasını təşkil edir. Avropada isə onun çox gözəl adı var - sarı gavalı. Alça gavalıkimilərə aiddir. Azərbaycan meşələrində yabanı alçaya nə qədər istəsən rast gəlmək mümkündür. Onu, demək olar ki, bütün il ərzində yığırlar. Mədəni şəkildə isə bu meyvə ölkənin bir çox rayonlarında yetişdirilir. O, Şəki və Qəbələdə xüsusilə çox yayılıb. Bizdə yetişdirilən əsas alça növləri xanbəyi, şabranı, ağ alça və digərləridir.

Alçanın "göycə sultan" adlanan daha bir növü var. Digər alça növlərilə müqayisədə, bu növün ağacı konus formasındadır və nizəni xatırladır. Bu alça digər növlərindən formasına və dadına görə də fərqlənir. Onun qabığı daha nazik, çəyirdəyi nisbətən balacadır. O, ağzı daha çox büzüşdürür və əsl "alça dadır". Bu alçanın vətəni Naxçıvan, daha dəqiqi, Ordubaddır.

Alça hamının sevimli meyvəsi olmaqla yanaşı, çox xeyirlidir, ondan tibdə və dietologiyada da istifadə olunur. Onun tərkibindəki maddələr qanı təmizləyir, iltihabın qarşısını alır.

Məhəmməd Mömin 1669-cu ildə alça haqqında yazırdı: "Dəymiş alça susuzluğu aradan qaldırır, sidikqovucu xüsusiyyətə malikdir. Bundan başqa, alça siropu qanaxma zamanı kömək edir. Dəymiş alçanın şirəsi güclü öskürək və vərəm zamanı müalicəvi effektə malikdir. Alça yarpaqlarından çəkilən şirə isə qurd dərmanı olmaqla yanaşı, spazmaları aradan qaldırır, öyümənin qarşısını alır...".

Alçanın tərkibində 5-7% şəkər, 4-7% limon turşusu, 6-7% C vitamini, 15% müxtəlif pektinlər var. Onun tərkibindəki mikroelementlər arasında ən çox kalsiuma, kaliuma və fosfora rast gəlinir. Alça xüsusilə uşaqlara, yaşlılara və hamilə qadınlara xeyirdir. Böyük şəhərlərin sakinlərinin alça yeməsi çox vacibdir. Çünki o, radionuklidləri orqanizmdən çıxarır. Təzə alça sirkəsi susuzluğu aradan qaldırır, həyat tonusunu artırır. Bundan başqa, yerli kulinariyanın xüsusiyyətlərini, onda yağlı, ətli xörəklərə daha çox rast gəlindiyini nəzərə alsaq, alçadan hazırlanmış turş sousların əvəzi yoxdur. Çünki onların tərkibində ətin, yağın daha yaxşı həzm olunmasına kömək edən fermentlər var.

 

Əhəmiyyəti

 

Hələ lap qədim vaxtlarda alça təbabətdə ən əhəmiyyətli tonuslaşdırıcı vasitə hesab edilirdi. Cır alçadan "lavaş” da hazırlanır. Alça lavaşı müalicəvi əhəmiyyətə malikdir, xüsusilə də sinqaya qarşı istifadə olunur. Araşdırmalar zamanı məlum olub ki, alça qaraciyər, ürək, böyrək və revmatizm xəstəlikləri, həzm sistemindəki olan narahatlıqlara çox yaxşı təsir göstərir. Mütəxəssislər bildirirlər ki, yetişmiş alça güclü öskürək və vərəm xəstəliyində mühüm əhəmiyyətə malikdir. Həmçinin alça yarpaqlarının şirəsi orqanizmdə olan qurdları öldürür, spazmanı götürür, ürəkbulanmanı aradan qaldırır. Boğaz ağrılarında da alça çox faydalıdır. Buna görə də, mövsümündə bu meyvədən bol-bol istifadə etmək lazımdır.

Alçadan kompot, cem, marmelad şəklində də istifadə edirlər. Lakin bu məsələdə bir qədər diqqəti olmaq lazımdır, çünki, belə olan halda şəkər vasitəsilə kalori artır. Buna görə də mütəxəssislər tövsiyə edirlər ki, bu meyvəni daha çox bişirmədən, vitamin və mineralları özündə qalan təzə alçadan istifadə edilsin.

 

Bildiyimiz kimi, alça meyvəsi həmçinin isti yay aylarında arıqlama pəhrizlərində əvəzedilməzdir. Lakin bir çoxları onu daha çox duzla birlikdə qəbul etməyi sevir, çünki, belə daha dadlı olur. Lakin bunun da öz zərərləri var. Belə ki, meyvəni duzla qəbul etdikdə bədəndə ödəm yaranmasına, nəticədə isə insanın kilo almasına səbəb olur. Xüsusən də təzyiq problemi olan şəxslər bu vasitədən uzaq qaçmalıdır.

 

Çiyələk

 

Dadlı və ətirli çiyələk həmçinin çox faydalı giləmeyvədir. Çiyələk antioksidant maddələrlə zəngindir. Bu maddələr orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi cavanlaşdırır.

Adalet.az sizə çiyələyin faydalarını da təqdim edir.

1. Çiyələk C vitamini ilə zəngindir. 100 qr çiyələk C vitamininin günlük dozasının 98%-ni ehtiva edir . Bu limon və digər sistrus meyvələrində olan C vitamininin miqdarından xeyli çoxdur.

C vitamini orqanizmdə iltihabları azaldır, damarların divarlarını möhkəmləndirir, dərinin cavanlığını qoruyur.

2. Antosian maddələri ilə zəngin olan çiyələk ürək-damar sistemi xəstəliklərinin, o cümlədən infarkt və insultun riskini azaldır.

3. Çiyələk marqansla zəngindir. Bu mineral sümüklərin sağlamlığını qoruyur, qalxanvari vəzinin normal fəaliyyəti üçün çox vacibdir.

4. Son araşdırmalar çiyələyin xərçəng əleyhinə təsirini aşkar edib, xüsusilə bu qadınlarda süd vəzi xərçənginə aiddir.

5. Elmi araşdırmlar göstərib ki, çiyələyin istehlakı orqanizmi şəkərli diabetin inkişafından qoruyur.

6. Çiyələk güclü afrodiziakdır - cinsi meyli artırır.

7. Çiyələk çox güclü təbii kosmetik vasitədir - dərini cavanlaşdırır, ağardır, piqment ləkələri və çilləri az görünən edir.

 

Gedin, alın, yeyin, sağlam olun!

 

Deyilənə görə, bu il daxili bazarda çiyələyin 1 kiloqramının qiyməti 1 manat 50 qəpik - 2 manatdır. Amma keçən il bu meyvənin qiyməti 3-4 manat idi. Həmçinin bazarda ötən illə müqayisədə alçanın da qiyməti ucuzdur. Məhsul bolluğu olduğundan fermerlər yetişdirdikləri meyvələri satıb qurtara bilmir. Ona görə də qiymətləri ucuzlaşdırıblar. Bu məhsulların qiymətini fermerlər bazara uyğun müəyyən edirlər".

 

Əntiqə Rəşid