adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Daşlaşmaq - Nicat Novruzoğlu yazır

NİCAT NOVRUZOĞLU
160977 | 2020-06-24 09:20

Biz birlikdə güclüyük. Gözəl səslənir. Atalar da bu haqda vaxtında deyib. Amma soruşan yoxdur ki, biz güclü olmaq istəyirikmi?

Xeyli vaxt idi köşə yazmırdım. Barmaqlarımı maskalamışdım.

İzləmə mövqeyində idim. Rəsmiləri də, rəsmisizləri də.

Demək olar ki, hər gün bunlar bir birlərini bu COVİD -19 virusu ucundan ittiham edirlər. Bu onu günahlandırır, o bunu. Rəsmilər brifinq zamanı, rəsmisizlər bütün günü sosial şəbəkədə.

Rəsmi deyir, evdən çölə çıxma, sosial məsafəni qoru, maska tax, gigiyenik təmizliyə fikir ver və s. Ki, yaşayasan. Gündəlik tutulma sayı 500-ə çatıb. Günə 6-7-də ölüm.

Rəsmisiz deyir, virus boş söhbətdi, şoudu, plandı, öhdəlikdi. Xaricdən pul almaq istəyirlər. Ölənləri də öz beyin və təfəkkürlərinin labaratoriyaları vasitəsi ilə analiz edib bir birlərinə xəbər edirlər ki, virusdan ölməyib.

Bax bu minvalla korona ilə qaçdı- tutdu oynayırıq. Hələ ki korona tutur. Biz qaça bilmirik.

SMS-li karantini yenə işə saldıq. 3 şərtlə çıxa bilərsiniz viruslu küçələrə. Guya şərtsiz çıxmırsınız ki?! Dovşan kimi də olsa çıxırsınız. Niyə özünüzü dovşan gününə qoyursunuz ki?(Qeyd: bu dovşan mənim dovşanımdı. Digər dovşanlarla müqayisələndirməyin).

Maska taxmırsınız. Öyünürsünüz. Qoruyucu maskadan başqa hər cür maska taxdıq üzümüzə. Vallah, bu istinin günündə sutkalıq həbs adamın gözünü tutmayaydı o maska taxmayıb marketdə, ictimai nəqliyyatda ağzımızın içinə girənlərin elə ağzının üstündən şappıldadardım. Adam hər gün Kamil Zeynallı olmaq istəyir.

Mən fikirləşirdim ki, balaca ölkəyik. Biz tezliklə virusu məhv edib bütün dünyaya örnək olarıq. Axı bizim başımız çox çəkib. Hesabla birinci cümlədə ki, o haştaq işləməliydi, işləmədi. Pandemiya sübut etdi ki, biz güclü deyilik. Çün, biz bir deyilik. Biz elə 10 milyonuq.

Ölkə balacadı, problem böyük. Problem ancaq virusa işləyir.

Əlimizdə imkan olsa brifinq keçirən operativləri daş-qalaq edərik. Əslində daşı günahsız atmalıdı. Bizdə nə vaxt günah olub ki?! Hamımız daş atanıq.

Elə ona görə də bir-birimizə daş atıb daşlaşırıq. Daşlaşmaqla virusa qalib gələcəyik. Axı virus daşa yoluxmur. Biz ancaq belə virusa qalib gələ bilərik-daşlaşmaqla.



TƏQVİM / ARXİV