adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Iyun 2020 10:00
92532
MÜSAHİBƏ
A- A+

Qorxsam da, geri çəkilmədim - MÜSAHİBƏ

"Kənd müəllimi”nin növbəti qonağı Şamaxı rayonu Çağan kənd ümumi orta məktəbinin ədəbiyyat müəllimi Zamilə Rəhimovadır.

- Şamaxıya necə gedib çıxmağınızdan danışardınız.

- 2018-ci ildə Bakı Slavyan Universitetinin filologiya fakultəsini bitirmişəm. Müəllimlərin işə qəbulu imtahanında iştirak edib 60 maksimum baldan 52 bal toplayaraq Şamaxı rayonu Çağan kənd ümumi orta məktəbinə qəbul olundum. Buna bir təsadüf də deyə bilərik. Bəlkə də, rast gəldiyim ən gözəl təsadüfdür. Universiteti bitirərkən heç düşünməzdim ki, bir neçə ay sonra tanımadığım bir ucqar kənddə müəllim işləyəcəm.

Qaldığım evin sevimli qızı, şagirdlərimin sevimli müəllimi oldum.

- Adətən kirayə qalmaq oğlanlarçün çətin olur. Məişət qayğıları və.s Ən azından xanımlar bu baxımdan özünə daha çox əmin olur. Kənd yerlərinin də özünə uyğun çətinlikləri var. Bu bir xanım olan kənd müəllimini qorxutmur? Bunların öhdəsindən necə gəlirsiniz?

- Mən Şamaxıdan olsam da, işlədiyim kəndin təkcə adını eşitmişdim. Qəbul olunduğum gün internetdə həmin kəndi araşdırdım. Kəndin infrastrukturunun bərbad olduğunu görüb bir az qorxsam da, geri çəkilmədim. İlk dəfə kəndə getdikdə yolu görüb qayıda bilməyəcəyimi düşündüm. Yenə də geri dönmədim. Getdim və bir nənə və babanın evində qalmağa qərar verdim. Meşənin içində yerləşən balaca bir kənddə qaz xəttinin olmadığı üçün ilk işlərimdən biri qış üçün istilik tədarükünün görülməsi oldu. Odun sobası yandırmağı, bu sobada yemək bişirməyi və digər bilmədiyim bacarıqlara yiyələndim. Ən böyük çətinlik isə internet şəbəkəsinin olmaması idi. Şəbəkə yalnız həyətdə, bir də evdə isə pəncərənin yanında olardı. Yayda bu çətin olmasa da, qışın soyuğunda şəbəkə arxasınca qaçmaq dözülməz idi, amma dözdüm. Bu çətinliyi fürsətə çevirib çoxdandı oxuya bilmədiyim kitabları oxudum. Bütün bu çətinliklərə baxmayaraq qaldığım evdə bir ailə istiliyi gördüm. Qısa zamanda qaldığım evin sevimli qızı, şagirdlərimin sevimli müəllimi oldum.


- Vaxtilə özüm də kənd yerində işlədiyimdən insanlarda qəribə bir heyranlıq hiss etmişdim. Şəhərdən kəndə gedib işləyəndə bunu romantik, adrenailin dolu həyat kimi xarakterizə edirlər. Yəni filmlərdəki kimi asan və romantikdir kənd həyatı?

- Bəli, məndə də bu həvəs orta məktəb vaxt izlədiyim filmlər olmuşdu. Amma bu həyatı yaşamaq istəyim universitet illərində Ç.Aytmatovun "ilk müəllim” əsərini oxuduqdan sonra qətiləşdi. Amma bu həyat heç də baxdığımız filmlər, oxuduğumuz əsərlər qədər rahat deyil. İndi həmin günləri yada salan zaman bir filmlik həyat yaşadığımı görürəm. Bütün çətinlikləri ilə unudulmaz bir il yaşadım. Tanıdığım bir neçə müəllimə də motivasiya verib kəndə müəllim kimi yollanmaqlarına səbəb oldum.

- Bildiyim qədər bu kənd həyatı ilk deyil. Bundan öncə də ayrı kənddə idiniz. Ailəniz kənd-kənd müəllimlik etməyinizə etiraz etmir?


- Hal-hazırda iki kənd məktəbinin müəllimiyəm. Universiteti yenicə bitirmiş gənc bir xanımın tanımadığı bir kəndə yollanması təbii ki, valideynlərdə bir qədər haqlı narazılığa səbəb olur. Amma seçdiyim bütün qərarların doğruluğuna onlarda inam yaratmışam. Bu qərarımı da valideynlərim dəstəklədilər. Amma öncə yaşadığım kənd və qalacağım evin sahibləri ilə tanış olub daha da rahatladılar, düzgün seçim olduğuna əmin oldular.

- Başınıza maraqlı əhvalatlar gəlməmiş olmaz.

-Maraqlı əhvalatlar çox olub. Kənddə qaldığım vaxt zəlzələnin baş verməsini indi də danışan zaman yaşayan kimi oluram. Soyuq fevral gecəsində baş verən zəlzələ zamanı çox qorxu keçirmişdim. Köhnə ev olduğuna görə zəlzələ vaxtı qəfil pəncərlər açıldı, şüşələr şaqqıllayırdı, nə sirr idisə qapı da açılmırdı. Bu qış hadisəsi idi, biri də yaz hadisəsi oldu. Yazda isə sel olmuşdu. Həmin gün evdə tək idim, güclü yağış yağdı. Nənə və baba rayona bazarlığa getmişdi. Evi, toyuq-cücəni mənə əmanət etmişdilər və güclü yağış hər tərəfi yuyub apardı. Zirzəmi su ilə dolmuşdu, seldən sonra ev sahibləri gədilər və onların gəlişi ilə gün də çıxdı.


- Həm də təhsil menecerisiniz. Bu işinizlə hansı problemləri həll edir və ya təhsilə hansı baxımdan fayda verə bilirsiniz?

-Bəli, pedaqoji fəaliyyətimin birinci ilini bitirdiyim zaman Təhsil Nazirliyinin elan etdiyi "Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsinə müraciət etdim. Müsabiqə və müsahibə mərhələsində uğur qazanaraq Şamaxı rayonu üzrə təhsil meneceri təyin olundum. Təhsil meneceri olaraq rayonun təhsilinin inkişaf etməsi üçün nəticəsi zəif olan ümumtəhsil müəssisələrinin müəllim, şagird, valideyn kontingentini birgə düzgün fəaliyyətə cəlb etməyə çalışdım. Təhsil Nazirliyinin verdiyi digər tapşırıqları yerlərdə düzgün və vaxtında həyata keçirməyə çalışıram. Rayon təhsilinin inkişafı üçün bir təhsil meneceri və müəllim olaraq çalışıram. Bu il isə gənc müəllim olaraq yazdığım "Gənc müəllimlərin peşəkar inkişafı” layihəsi ilə "Təhsildə inkişaf və innivasiyalar üzrə lV qrant müsabiqəsi”nin qalibi oldum. Bu layihə ilə rayonda güclü gənc müəllim komandasının formalaşacağına, gənclərin müəllimlik peşəsinə marağın artmasına və gənc müəllimlərin təhsilin inkişafına töhfə verə biləcək bacarıqlara yiyələnəcəyinə inanıram.

- Iki işi, həm də hər iksi təhsillə bağlı olduğundan hər iksini bir əldə tutmaq... Çətin deyil?

- Bunu bir əldə iki qarpız tutmaq adlandırmaram. Çünki hər iki vəzifə bir məqsəd-təhsilin inkişafı üçündür. Düzgün vaxt bölgüsü edərək heç bir işdə boşluğun yaranmasına imkan yaratmıram.


- Korona günlərində təhsil. Virtual təhsillə məşğul oldunuz? Hansı problemlər çıxdı, hansı üstünlükləri.

- Pandemiya dövründə Təhsil Nazirliyinin yaratdığı imkanlardan özüm və şagirdlərim faydalanmağa çalışdıq. Müəllimi olduğum Çağan kənd ümumi orta məktəbinin şagirdlərinin internetə çıxışında müəyyən məhdudiyyətlər olduğuna görə onlara teledərslərdən faydanmağı tövsiyə etdim. Əngəxaran kənd tam orta məktəbində isə şagirdərin internetə çıxışı olduğu üçün teledərslərlə yanaşı virtual məktəbdə dərslərimizi davam etdirdik. Eyni zamanda təhsil meneceri olaraq müəllim və şagirdlərin virtual məktəb platformasından qeydiyyatına, istifadəsinə yaxından kömək oldum.

- Şagirdləriniz deyəsən sizi çox sevir. Tez-tez onlarla şəkillərinizi görürəm.

- Bəli, mən də onları çox sevirəm. Tədris etdiyim dərslərin interaktivliyi şagirdlərdə böyük sevgi və maraq yaradır.

Kənd uşaqlarında milli dəyərlərimizə bağlılıq yüksəkdir

- Kənd şagirdləri ilə şəhər şagirdləri fərqlənirmi? Hər hansı davranış, təhsilə maraq və.s görə.



- Kənd və şəhərə bölmək istəməzdim, amma şəxsiyyətin inkişafında mühit amilinin təsiri böyükdür. Kənd mühitində böyüyən uşaqlarda dəyərlərimizə bağlılığın yüksək olduğunun şahidi olmuşam. Şəhər şagirdləri ilə də işləmişəm, lakin onlarda bu bağlılıq bu qədər deyil.

- Adətən kənd yerlərində qız uşaqlarının təhsildən yayındırıldığını görürük. Bu kimi hadisələrlə üzləşmisinizmi?

-Mən işlədiyim kənlərdə qız övladlarının təhsildən yayınması, erkən nikaha cəlb edilməsi halları baş verməyib. Əksinə qızların təhsilə marağı daha yüksəkdir.

Söhbətləşdi: Emin Piri