adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Iyun 2020 10:30
42504
LAYİHƏ
A- A+

Qərbin Şərqə baxışları və ya türk-islam dünyasına münasibəti

(əvvəli ötən sayımızda)

Mənim 70 illik ömrümün 41 ili (1950-1991-ci illər) Sovet dönəminə düşmüşdür. İndi olduğu kimi onda da müşahidələrimdə optik sistemdən istifadə etməmişəm. Mənim görmə sahəm, sadəcə olaraq, gözümün gördüyü, təsəvvürümün işlədiyi və ağlımın kəsdiyi qədər olmuşdur. Orta məktəbdə "İctimaiyyat", ali məktəbdə isə "Elmi kommunizm" fənnini öyrənmişəm. Bir sözlə, uzun illər bizə təlqin edilən "yekcins sovet xalqı" və onun xoşbəxt edəcəyi dünya ideyasından doğan xülyalar rəngarəngliyində yaşamışam. Heç ağlıma gəlməyib ki, insan kişi-qadın əsaslı olub ikili sistem mövcudluğundadır.

Ətraflı məlumat üçün bax. Qara Namazov. Ceyms

Çörçivodun tarixi kəşfləri. Səh.55. Şəkil 12. Bakı,

"Təhsil "NPM, 2011. 168 s.

Qədim Uyğur Başkəndi Xora-Xotada tapılan, yaşı 20.000 ildən də əskiyə gedən və ikili prinsipi əks etdirən bu heykəlciyin şəklini görəndən sonra hələ də özümüzdən asılı olmayaraq, kodlaşdırılmış şəkildə dilimizdə işlənən "Gözü dörd oldu", "Dördəlli görüşdü", "Dörd ayağa götürüldü", "Dörd ayağa gəlib" kimi məcazi mənada işlənən ifadələrin həqiqi mənasının da olduğunu təsəvvür edirəm.

***

Sovet dönəmində oxuyub öyrənməyə məcbur olduğumuz əsərlərdən biri də "Kommunist Partiyasının Manifesti" idi. Bu əsər "Elmi kommunizm" ideologyasının baniləri Karl Marks (1818-1883) və Fridrix Engels (1820-1895) tərəfindən 1848-ci ildə yazılmış, elə həmin ildə də Londonda məhdud tirajla çap edilmişdi.

Sonrakı illərdə, az qala, bütün dünya dillərinə tərcümə edilib nəşr olunmuş bu əsərdə belə bir epiqraf var idi: "Bütün ölkələrin proletarları, birləşin!" Bu şüardan sosialist platformasında duran ölkələrin bütün rəsmi - siyasi ədəbiyyatlarında və mətbu orqanlarında epiqraf kimi istifadə edilirdi. Əslində isə proletar diktaturasına gələn yol "Bütün ölkələrin proletarları, birləşin" şüarından başlanırdı.

Onun nüvəsində hansısa bir toplumun üstünlüyünə xidmət edən gizli təəssübkeşlik, dünyanı tənəzzülə aparan dekadentçilik və proletarların özlərindən başqa hamıya düşmənçiliyi dayanırdı. 1917-ci ildə Rusiyada qurulan proletar diktaturası nə qədər sosialist donuna bürünsə də, imperiya iddialarından əl çəkmədi. Müstəqillik yoluna qədəm qoymuş keçmiş təbəələrini yenidən istila etmək qərarına gəldi.

1920-ci ilin 28 aprelində rus bolşevik işğalçılar demokratik Azərbaycan Xalq Cümhuriyyətini yıxıb onun yerində proletar diktaturası qurdular. "Bütün ölkələrin proletarları, birləşin" kimi şeytani bir şüarı bayraq edərək sənayeçiləri, mülk sahiblərini, ziyalıları, ruhaniləri, tacirləri xalq düşməni elan etdilər. Bütün ölkələrin insanlarını deyil, bütün ölklərin proletarlarını birləşdirən bu şüar nəinki "Repressiya-37"-dən sonra, güya, bir qədər səngidi, əksinə, bundan sonra da sovetlər dönəmi boyunca cürbəcür formalarla davam etdi. 1920-1991-ci illər ərəfəsində miliyyəti ilə öyünənlər millətçi (nasionalist), türklüyü və tarixi şöhrəti ilə fəxr edənlər türkçü (pantürkist və panturanist), dini inancına sadiq olanlar (panislamist və teist), adət və ənənəyə bağlı olanlar (köhnəliyin qalıqları və qolçomaq) adı ilə güllələndi, həbs edildi və ya sürgünə göndərildi. Bu azmış kimi repressiya qurbanlarına bağlı olanlar da eyni günləri görməli oldular...

Üzərinə insan ovu missiyası düşən bu şeytani şüar dünyanın digər ölkələrində, hətta, SSRİ (Sovet Sosialist Respublikaları İttifaqı) təkibində olan Yakutiya və Qazaxıstanda (1986- cı ilin qanlı hadisələri nəzərdə tutulur), onun davamı kimi yenə də bizim Azərbaycanda 1988- ildən üzü bəri bu günə qədər davam edən və davam etməkdə olan aksiyalarda əsl mahiyyətini bütün genişliyi ilə göstərməkdədir. Elə buna görə də, 18 oktyabr 1991-ci ildə Azərbaycan Ali Soveti tərəfindən Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə "Bütün ölkələrin proletarları, birləşin" şüarının, bəzi kommunist qruplar nəzərə alınmazsa, unudulması bir oldu.

***

Axı, insan yaradılanda insan kimi yaradılmışdı. Düşüncələrindəki və inanclarındakı ayrılmalar insanları ideoloji dolanbaclarda azdırdı və çaşdırdı.

Nəticə etibarı ilə Düşüncə və inanc İNSAN coğrafiyasında sıxılan İNSAN insanlığından çıxıb bütpərəst, atəşpərəst, konfusi, buddaçı, yəhudi, xristian, mani və müsəlman oldu - getdikcə cırlaşdı, kicildi və balacalaşdı - "çiyələyə salveh atanlara" döndü. Bütpərəstin neçə qisim bütpərəst, atəşpərəstin neçə qisim atəşpərəst, konfusinin neçə qisim konfusi, buddaçının neçə qisim buddaçı, yəhudinin neçə qisim yəhudi , xristianın neçə qisim xristian, maninin və müsəlmanın neçə qisim mani və müsəlman olduğunu nəzərə alsaq, ümumbəşəri cırlaşma, yabanılaşma və yabançılaşmanın miqyasını daha yaxşı başa düşərik. İnsan icma, tayfa, xalq, millət kimi birləşə bilsə də, insan kimi birləşə və bütövləşə bilmədi.

***

Əlbəttə ki, insanın əli, təsəvvürü və əqli ilə yaradılan hər bir şeydə xalqın, millətin və toplumun öz payı vardır. Çünki ümumbəşəri mədəniyyət şərikli mədəniyyətdir. Şəriyindən pay çəkməyə həvəs göstərən hər bir milli və dini toplum olanları özününküləşdirməyə - özəlləşdirməyə cəhd edir. Bu da çəkişməıərə səbəb olur. Hətta, Cənnət və Cəhənnəmin özəlləşdirilməsi kimi gülünc bir məsələ ortaya çıxır. Fikrimi sübut etmək üçün xristian intibahının böyük nümayəndələrindən biri hesab edilən Dante Aliqyerinin (1265-1321) "İlahi komediya"sındakı bəzi məqamları açıqlamaq istəyirəm. Dördüncü nəğmənin 24-cü misrasından başlayaraq 151-ci misrasına qədərki təsvirlər (Bax. Dante Aliqyeri. "İlahi komediya. Səh.34-38. Əıağa Kürçaylının tərcüməsində və Əkbər Ağayevin ön sözü ilə. 592 səh. Bakı, "Öndər Nəşriyyatı", 2004. Bakı, "Azərnəşr", 1973-cü il nəşri əsasında) insanın özünün özünə yadlaşmasını müəllifin öz düşüncələri timsalında açıq-aydın göstərməyə xidmət edən təsvirlərdir.

Dante Aliqyerinin mənəvi müəllimi Publi Vergili Maronun (e.ə.70-19) izahatına görə, bağışlanıb Cənnətə gedən Adəmdən, Habildən, Nuhdan, Moiseydən, Daviddən, Avraamdan, Rahildən fərqli olaraq, Homerin, Horatsinin, Ovidinin , Lukanın, Sokratın, Platonun, Demokritin, Diogenin heç bir günah etmədikləri halda Cənnətin qapısı ağzında qalmaları onların xaçpərəstlikdən əvvəl doğulmaqları və xaçpərəst olmamaqları ilə bağlı imiş. Dante Aliqyeri xaçpərəst olmadığı üçün mənəvi müəllimi Vergiliyə də öz dili ilə "xaçpərəst olmadığını" etiraf etdirəndən sonra onu da Cənnətin qapısı ağzında qoyub Cənnətə daxil olur.

Deməli, xristian təəssübkeşi Dante Aliqyeriyə görə, xristianlıqdan əvvəl dünyaya gələn "günahsız günahkarlar" da Cənnətə buraxılmamalıdırlar. Çünki Cənnət xristianlar üçündür. Dante Aliqyerinin Məhəmməd peyğəmbəri Cəhənnəmin səkkizinci dairəsinin alt qatında yerləşdirməsi (Bax. Dante Aliqyeri. "İlahi komediya. Səh. 145-147. 28-ci nəğmə, 1-ci -63-cü misralar ) onun müsəlman toplumuna hansı gözlərlə baxmasına və anti-hümanist təbiətinə əyani misaldır.

Hələ lap o vaxtlardan Dantenin kiçik oğlu Јakopo Aligyerinin "İlahi komediya"sının "Cəhənnəm" hissəsi barədə yazdığı elmi əsərdə "İlahi komediya"da sözü gedən Məhəmmədin Məhəmməd peyğəmbər deyil, atasının dostu Məhəmməd adlı bir ispan ruhanisi olduğunu iddia etməsi də, sonralardan qələmə alınan onlarla elmi-tədqiqat işləri də (Bax. Cəmşid Cəmşidov. "Dantenin "İlahi komediya"sı və Məhəmməd peyğəmbərin meracı . Avanqard.net. mədəniyyət portalı. 13.01. 17.) xristian təəssübkeliyini ört-basdır edə bilmədi. 1265-1321-ci illərdə ömür sürmüş Dante Aliqyerinin, göründüyü kimi, həyatının bir hissəsi XIII, bir hissəsi isə XIV əsrə düşür. Məhz həmin əsrlərdə Şərqdə türk-müsəlman dünyasının böyük hümanistləri yaşayırdılar. Dante Aliqyerinin insana və insan tarixinə anti-hümanist baxışlarından fərqli olaraq, Şərqin türk -müsəlman hümanistləri insanın ilahi mənşəyinə əsaslanır, insanı Tanrı yaradıcılığının zirvəsi olaraq qəbul edirdilər. Onlar fikirlərini daha geniş bir coğrafiyada yaymaq üçün türk, ərəb, fars və başqa dillərdə yazırdılar.

Dante Aliqyeridən 60-65 il əvvəl dünyaya gələn "Yenə də gəl... Yenə də gəl! Nə olursan ol, yenə de gəl! Xristian, məcusi, bütpərəst olsan da, yene də gəl..." deyən Mövlanə Cəlaləddin Rumi (1200/1207-1273) insanı olduğu kimi görünüb, göründüyü kimi olmağa dəvət edirdi.

"Biz dünyadan gedər olduq, Qalanlara salam olsun! Bizdən ötrü xeyir-dua Qılanlara salam olsun" şəklində Yer üzünə gələcək bütün insanlara kürəsəl salam verən Yunus Imrə (1239-1321) sirri yalnız Yaradanın özünə bəlli olan İNSAN qarşısında heyrətlər keçirdiyini "Süleman quş dili bilir dedilər, Süleyman var Süleymandan içəri" düşüncəsi ilə insanı özünü bilməyə və öyrənməyə çağırırdı.

(ardı növbəti sayımızda)

Vaqif Aslan,

AYB Şəki bölməsinin sədri

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.