adalet.az header logo
  • Bakı 16°C
11 Iyul 2020 15:15
45185
LAYİHƏ
A- A+

Aşıq Bilal oğlu Aşıq Ağalar

(əvvəli qəzetin 9 iyul sayında)

Ənənəni saxlayan xalq aşığı bir çox hallarda özü də epitet yaratmaqda söz sənətinə yeniliklər gətirir.

Nə gözəlsən, ay Gülbədən,

Sanki tavuz çəkib gərdən.

Yaxandakı qızılgülnən

Bəzə bu gülşəni, gözəl.

Və ya:

Zənəxdan üstündə, bir qoşa xallı

Zülfü əmbər çilər, dodağı ballı.

Tovuz tamaşalı, sona misallı

Dünya şöhrətinə uyan olmasın.

Aşığın yaradıcılıq məkanı geniş olsa da, coşqun ilhamı üçün əsl dayaq nöqtəsi doğma yurdu, doğma torpağıdır.

Bəzənmişdir başdan-başa elləri,

Şuşanın dağları, Gəncə gölləri,

Kürün kənarında, Muğan çölləri,

Ceyranlı düzləri Mildən şirindi.

Şirvan mahalının tər bənövşəsi

Gələndə eynimə, artır nəşəsi.

Dağlara, daşlara düşəndə səsi,

Kəkliyin nəğməsi baldan şirindi.

Aşıq dəfələrlə yön tutduğu dağlara, çaylara, çöllərə, düzlərə yeni bir gözlə, yeni bir baxışla yanaşır, gördüyü gözəllikləri ayrı şövqlə tərənnüm edir.

Aşıq Ağalar şifahi xalq ədəbiyyatına, folklorumuza bağlı aşıqdır. Onun şeirlərində folklorun ruhu duyulur.

Dağ başında, qar pis olmaz,

Bağban dərən bar pis olmaz

Könül sevən yar pis olmaz

Könül ilqar verəndə gəl

Ürəyimi biləndə gəl.

Bu qoşmada xalq danışıq dilinin ətri, ruhu var. "Dağ başında qar", "Bağban dərən bar", "Könül sevən yar" pis olmaz kimi ifadələri el dilindən qoparan aşıq, şeirin fikir yükünü zənginləşdirir. Atalar sözü və zərb-məsəlləri bəzən aşıq ustalıqla dəyişdirir, onlara təzə poetik ruh verir:

Bir söz deyib keçmişlərdə atalar,

Atı axsaq alsan, sənə ar olar.

Aşıq Ağalar yaşadığı ağır günlərə baxmayaraq, həmişə nikbinliyini qoruyub saxlamış, bir gözü gülüb, bir gözü ağlayaraq xalqına, vətəninə nəğmələr qoşmuş, onu tərənnüm etməkdən nə yorulmuş, nə də doymuşdur.

Dünyanın üzünə düşəndən bəri,

Yüklənib üstümə qəmin ləşkəri.

Mənə dəyən acı-acı sözləri

Bir cüt öküz nədir, kəl çəkə biməz.

Göründüyü kimi, represiya, yurd-yuvasından ayrılmaq, müharibə, aclıq və onlardan da betər "xalq düşməninin oğlu" damğası, tənəli söz onu kədərləndirsə də ruhdan düşmür, nikbindir, mübarizdir, inamlıdır.

İndi baxıb ellər bizdən dərs alır,

Xalqımız hər gündə min zəfər çalır.

Əməklə, cürətlə insan ucalır,

Azad vətənimdə, azad elimdə.

Aşıq Ağaların ömrünün son çağında, xəstə yatağında yazdığı şeirlər diqqətimi çəkdi. Ahıl yaşda, bu halda sevgi ilə, məhəbbətlə bağlı gənclik ruhunda yazılmış şeirlər oxucusunu, dinləyicisini təəccübləndirə bilər.

Çünki bu şeirlərdə hissiz, həyəcansız bir misra belə yoxdur. İnsan nə qədər ki, sağdı onun eşqi, məhəbbəti, sevgisi yaşayır.

Badə içsən gözəl yarın əlindən

Kim can verər, əcəl gəlsə qəfildən,

Gözəllər gözəli, səni görəndən,

Könlüm cənnət kimi diyara düşdü.

Aşıq Ağalar klassik şeirimizin xalq içində ən çox rəğbət qazanmış nümunəsi olan qəzəl janrında da qələmini sınamışdır. Onun qəzəllərində zahirən köhnə şeir üslubu nəzərə çarpsa da, məna və məzmun müasirdir, zamanla səsləşir.

Güldən təzədir əndamının mehri-səfası,

Oldu neçə min aşıq olan hüsnünə qurban.

Yazdı Ağalar şəninə min dürlü qəzəllər,

Ellər səni yad eyləyəcək şadi-xuraman.

Və ya:

Al buxaqda olan, qönçə gülün rənginə bir bax,

Nə zimistanda bitər, nə də gülüstanda, gülüm...

Bu misralardakı ifadə tərzi, gözəlin vəsfi danışıq dili qədər sadə, canlı, təbii, eyni zamanda, bədii təsvirə malikdir.

Xalq şeirinin əksər formalarında yazıb-yaradan sənətkarın xeyli sayda qoşma, gəraylı, təcnis, deyişmə, qəzəl, bayatı, müxəmməsi vardır. Həmin şeirlərin bir çoxu toylarda, şənliklərdə oxunmaqla yanaşı müxtəlif mətbu orqanlarda, almanax və aşıqlara həsr olunan kitablarda çap olunmuşdur.

Akademik,yazıçı-publisist Rafael Hüseynov müxtəlif illərdə Azərbaycan Milli radiosunun "Axşam görüşləri" proqramında Aşıq Ağalar Mikayılovun həm öz həyat və yaradıcılıq yolu, həm atası Mirzə Bilal, həm də digər saz ustadları haqqında xatirələri lentə alaraq tarix üçün əbədiləşdirmişdir.

Eyni zamanda, aşıq Ağaların ömür yolu, yaradıcılığının müxtəlif məziyyətləri professor Ə.Cəfərzadə, professor Qara Namazov, R.Hüseynov,filologiya elmləri namizədi E.Məmmədli və başqalarının məqalələrində təhlil edilmişdir.

Jurnalist T.Abdullayevin "Ata və oğullar" kitabında ustad aşıq Mirzə Bilalın və onun övladlarının yaradıcılığından seçmələr oxuculara təqdim olunmuşdur.

Qocaman jurnalist R.Fərəcov "Kürdəmir salnaməsi" və "Şirvannamə" əsərində aşıq Ağaların həyat və yaradıcılığından bəhs etmiş, şeirlərindən nümunələr vermişdir.

Ustad sənətkarın şəcərəsi, həyatı, yaradıcılığını daha dərindən araşdırmaq, təhlil etmək, şeirlərinin bir qismini toplayıb çap etdirmək zəhməti isə Şirvanın cəfakeş alimi professor Seyfəddin Qəniyevin üzərinə düşüb. Onun 2011-ci ildə nəşr etdirdiyi "Şirvanlı Aşıq Ağalar" monoqrafiyası el aşığı haqqında oxuculara müfəssəl bilgi verməklə yanaşı, aşığın şeirlərinin böyük bir qismi, bağladığı dastanlardan biri, eləcə də sənətkar haqqında yazılanlar və xatirələr də dərc olunmuşdur.

O, Şamaxı qəzasının Qəşəd kəndində, Mirzə Bilal ocağında göz açdı atalı-analı dünyasına. Kürdəmirdən - ikinci ocağından 75 yaşında köç etdi əbədi dünyasına. 9 övlad, 32 nəvə, soyunu davam etdirəcək nəticələr və bir də söz xəzinəsini miras qoydu övladlarına, el-obasına...

...Sizə bir söz deyim. Bu nəsildə, şəcərədə aşıq Ağalarla bahəm rəhmətlik qardaşı Ağasəlim müəllim, yaşı 90-ı ötmüş Şəfi kişi də şeir yazıb, saz çalıb, oxuyublar və bu qardaşların övladlarının hansını dindirsən şeirlə cavab verərlər. Hamısının təbi, səsi, avazı, istedadı, başlıcası isə sənətə, saza-sözə sevgisi, həvəsi var. Həkim, müəllim, ticarətçi, əczaçı, sürücü, neftçi, kitabxanaçı... Müxtəlif peşə sahibi olan bu nəslin toplandığı yer şenlikdi. Və bu şenlikdən saz səsi, tar səsi, aşıq havacatları muğam sədası gəlir. Şeir, söz, sənət havası duyulur. Çünki, bu ocaq sənət məbədidir. Bu ocaqda, bu şenlikdə Mirzə Bilalın ruhu gəzir.

Yaqut Bahadurqızı,

Filologiya üzrə fəlsəfə doktoru

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.