adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Avqust 2020 11:48
111869
MÜSAHİBƏ
A- A+

Keçmiş döyüşçü Vaqif Əlisoy: “Surət Hüseynovun ordunu Bakıya çəkməsi, müharibənin taleyini həll etdi, işğal ”

Bu gün Cəbrayılın işğalından 27 il ötür. 27 il əvvəlin Cəbrayıl hadisələri, işğalı haqqında Qarabağmüharibəsi veteranı, tanınmış ziyalı Vaqif Əlisoyla (Əliyev) müsahibəmizi oxuculara təqdim edirik:

-Vaqif müəllim, Qarabağ zonasında kifayət qədər tanınmış qarabağlılardansınız. Sizcə, bu təhsildəki xidmətinizə, müstəqillik uğrunda mübarizənizə, yoxsa Qarabağ müharibəsindəki xüsusi fəallığınıza görədir?

-1976-cı ildə isə APİ-ni bitirəndən sonra könüllü olaraq Kəlbəcər rayonuna təyinat almışam və 1979-cu ilə qədər Kəlbəcər rayonunun Qaramançallı kənd orta məktəbində fəaliyyət göstərmişəm. Təyinat müddəti bitəndən sonra doğma rayonuma qayıtmışam. Bir müddət kəndlərdə müəllimlik etmişəm. 1989-cu ildən Cəbrayıl rayon Təhsil Şöbəsində inspektor-metodist işləmişəm.

Mübarizəyə isə tələbəlik illərində illərində -Milli Tələbə Təşkilatından başlamıışam. Rəhmətlik Əbülfəz Elçibəylə şəxsi tanışlığım həmin dövrə təsadüf edir. Tofiq Hacıyev, Vaqif Bayatlı vasitəsilə gizli hərəkata qoşulmuşam. Sonra Meydan hərəkatında da fəaliyyətim aktiv olub. Hətta 20 yanvar olaylarına görə həbs edilib, xəbərsiz-ətərsiz Rusiya zindanlarına aparılmışam, oralarda minbir əziyyət və işgəncələrə məruz qalmış 700-ə yaxın azərbaycanlıdan biri olmuşam. Buna baxmayaraq, mən hesab edirəm ki, müharibə dövründə fəaliyyətim, döyüşüm, gördüyüm işlər məni ictimaiyyətə tanıtdı.

-Niyə demirsiniz ki, erməni əsirliyində olan göyçaylı Mayılın azad edilməsi videokadrları sizin o dövr gördüyünüz böyük işləri ortaya qoyur...sizin sayənizdə o ermənilərdən alındı.

- Həmin vaxt Mayılın atası bizə müraciət etdi. O bildirdi ki, ermənilər Mayılın azadlığı müqabilində onlardan 500 min rubl pul istəyirlər. Yazıq kişi qohum-əqrabada kimin nə qədər qızılı varsa, hamısını yığıb gəlmişdi. Tez məliyyata başladıq. Əlimizdə Aşot adlı erməni əsir vardı. Hava telefonu vasitəsilə Hadrut rayon özünümüdafiə taborunun qərargah rəisi Edik Harutunyanla əlaqə saxladım. Onunla razılaşdıq ki, Mayılı Aşotla dəyişdirək. Ertəsi günü Cəbrayıl rayon Polis Şəbəsinin əməkdaşları Əli Xankişiyev və Qəhrəman Həmidov Aşotu da götürüb, Füzuli rayonunun Qaradağlı kəndinə getdik. Əsirlər dəyişdirildi. Mayılı da götürüb, sağ-salamat geri qayıtdıq. Şöbəyə çatanda isə şok olduq. Əsirlikdə olanda ocaqda qızardılmış dəmirlə Mayılın sinəsinə xaç şəkli çəkmişdilər. Onun bədənində sağ yer yox idi. Bu fakt insanlıq tarixinin ən acı faktıydı.

-Bir köckün olaraq anlayıram ki, avqust ayı sizin üçün ən ağır aydı. 23 avqust ata yurdunuz Cəbrayıl, 3 avqust isə ana yurdunuz Qubadlı işğal olunub... Ümumiyyətlə 1993-cü ilin avqust ayını necə xatırlayırsınız?

- Cəbrayılda vəziyyətin necə olduğunu ətraflı sizə çatdırmaq üçün qeyd edim ki, rayonumuz Dağlıq Qarabağda yerləşən Hadrut rayonu ilə yüz iyirmi kilometri ilə qonşu idi. Cəbrayıl camaatı ilə ermənilər arasında ilk toqquşma, ermənilərin Şıxlar kəndinə hücum edərək mal-qaranı aparması ilə başladı. Sonra biz bir neçə ermənini əsir götürdük, mal-qaramız qarşılığında dəyişdik. Özümüzü müdafiə etmək üçün səfərbər olduq. Kəndlərimizi ermənilərdən qorumaq üçün məcbur olub gizli fəaliyyət göstərən silahlı qrup yaratdıq. Bu dəstə 1990-cı ilin 20 Yanvar hadisələrinə qədər Cəbrayıl polisi ilə birlikdə kəndlərimizi qorudu. Milli Ordu yarananda bizim silahlı dəstəmiz Milli Ordunun tərkibinə daxil oldu. Bununla da, Cəbrayılda ilk ərazi özünü müdafiə batalyonu təşkil olundu, sonradan da həmin batalyon polka çevrildi.



Cəbrayılda yerləşən sərhəd dəstəsini Hadruta köçürdülər. Və bizim üstümüzə gələn birinci eşalon həmin dəstənin hərbçiləri idi. Bu qüvvələrin də başında həmin dəstənin qərargah rəisi podpolkovnik Panteleyev dayanırdı. Cəbrayıla hücum olan ərəfədə, "binokl”la Bakıdan köməyə gələn polis qüvvələrinə göstərdim ki, baxın, üstümüzə gələn ruslardır. Sonra deməyin ki, biz erməni ilə vuruşurduq. Qarabağı, eyni zamanda da Cəbrayılı, ermənilərlə bərabər, ruslar işğal edib. Amma Ağdam işğal olunanda artıq hər şey mənə aydın idi. Növbəti təhlükə təbii ki, Qubadlı, Zəngilan, Füzuli və Cəbrayılı gözləyir. Avqustun 20-i və 21-i Cəbrayılda ancaq bizim özünü müdafiə batalyonu şəhərdə qalmışdı. Ermənilər də qorxudan şəhərə girmirdilər. Biz müəyyən yerlərdə yerləşib az qüvvə ilə onların qarşısını alırdıq. Halbuki respublikada şayiələr baş alıb gedirdi ki, guya Cəbrayıl işğal olunub. Amma Cəbrayıl şəhəri 23 avqust saat 18.30-da işğal olundu.

-Bilirsiniz ki, son zamanlar sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biri də Sürət Hüseynov mövzususdu. Siz də, onu günahkar hesab edirsinizmi?

- Ruslar erməniləri texnika, silah-sursatla təmin edirdi. Bizim əlimizdə qoşa lülə, ermənilərdə isə "Kalaşnikov” vardı. Qarşı tərəfin güclü olması əzmimizi sındırmırdı, torpaqlarımızı canımız bahasına qoruyurduq.Surət Hüseynovun başlatdığı 4 iyun qiyamına qədər Ağdərə də, Ağdam da, Zəngilan da, Füzuli də, Qubadlı da, Cəbrayıl da yerində idi, bir dənə də olsun kəndimiz ermənilərin əlinə keçməmişdi. O qiyam müharibənin gedişatını dəyişdi. Ağır texnikanın Qarabağdan çıxarılaraq Bakıya üz tutması qarabağlıları da, Qarabağda döyüşənləri də erməni-rus birləşmələrinin qarşısında çarəsizvəziyyətdə qoydu. Qarabağın işğalının ən birinci və böyük səbəbi bu idi.

-Vaqif müəllim, sizin qəlbinizin yaşı ilə yazıb bitirdiyiniz "Kaş gözlərim kor olaydı…”kitabınız var. O, kitaba yazmadığınız, qəlbinizin dərinliyində saxladığınız, demədiyiniz nə qaldı?



- Doğru vurğuladınız ki, o, kitabı gözümün yaşı ilə yazmışam. Bəli, orda erməni əsirliyində qalmış qız-gəlinlərin aqibəti haqqında yaza bilmədim, yazmadım. İlahi, vəhşıcəsinə öldürülmüş Azərbaycan qadınlarına nələr eləməmişdilər. Qadınların başına gətirilmiş o oyunları-işgəncələri təsvir edə bilmədim. Bir dəfə elə oldu ki, bir gündə 32 meyit çıxartdım. Həmin vaxt evə gələndə yoldaşım məni görüb hönkürtü ilə ağladı. Nə olduğunu baş düşmədim. O, ağlayaraq: "Güzgüdə özünə bax”- dedi. Baxanda özüm də heyrət etdim. Bir gecədə saçlarım dümağ olmuşdu.

- Tutaq ki, yurdumuz işğaldan azad olub!(inşallah azad olacaq!) Uzun illərdən sonra Cəbrayıla dönürsünüz! O zaman ilk ziyarət edəcəyiniz yer hara olacaq?

- Cəbrayılda Şəhidlər Xiyabanı vardı. Orda müxtəlif bölgələrdən – Saatlıdan, Sabirabaddan, Gəncədən şəhid olan döyüşçülər dəfn edilmişdi. Onlar çox qeyrətli uşaqlar idilər. Döyüşçülərin qəbri üstündə şəkilləri həkk olunmuş barelyef quraşdırılmışdı. O barelyefləri ermənilər pis günə qoymasın deyə yığıb torpağa basdırıdım. Ən böyük arzum Cəbrayıla qayıtmaq, ilk gedəcəyim yer şəhidlər xiyabanı olacaq. O barelyefləri basdırdığım yerdən çıxarıb yenidən əvvəlki yerə quraşdırmaq olacaq. Bunun üçün ölmək istəmir. Allahdan möhlət istəyirəm ki, məni böyük arzuma çatdırsın.

- Vaqif Əlisoy, maraqlı söhbətə görə sizə təşəkkür edirəm! Allah yurdumuza qayıtmağı bizə qismət eləsin. Amin!

Söhbətləşdi: Əntiqə Rəşid