adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 Avqust 2020 12:10
108657
MÜSAHİBƏ
A- A+

Motoatıcı batalyonun komandiri: “Təxribatçılar və fərarilər yerindəcə güllələnsəydi, Füzuli işğal olunmazdı”

Zahir Həsənov. Qarabağ elinin igid oğullarından biridir. Yurdu, Vətəni darda qalanda silaha sarılıb, döyüşə atılıb. Müsahibimlə söhbətimiz Füzuli rayonunun 27 illik işğalına həsr olunub.

-Zahir müəllim, çox təəssüf edirəm ki, döyüş yolu kimi şərəfli bir yol keçən igidlərimizihələ də ictimaiyyətə tanıtdırılmır. Bu səbəbdən oxucularımızın bir çoxu sizi tanımaya bilər. Əvvəlcə özünüzü təqdim edin.

-Qarabağlıyam. 1959-cu il iyulun 16-da Füzuli rayonunun Cuvarlı kəndində anadan olmuşam. Orta məktəbə getmişəm. Ailəmiz o illərdə Sumqayıta köçdü və məcburən təhsilimi şəhər 1 saylı orta məktəbində davam etdirdim. Məktəbi bitirdikdən sonra Sumqayıt Poltexnik texnikumunun sənaye və tikinti şöbəsinə daxil oldum. 1979-cu il may ayının 29-da təhsilimi başa vurduqdan sonra Sovet ordusunda xidmətə başladım. 1988-ci ildə Xocalı Tikinti İdarəsi yaradılanda, oraya işləməyə göndərildim. Daha sonra hadisələr elə alındı ki, silaha sarılmalı oldum. Qarabağ müharibəsində iştirak etdim.

- Müharibə də göstərdiyiniz şücaətlərə görə, Azərbaycanın Milli Qəhrəmanı adına da layiq görülmüsünüz?

-Bəli, Horadiz əməliyyatı zamanı Heydər Əliyevin sərəncamı ilə Milli Qəhrəman adına layiq görülsəm də, təltif edildiyim adı bu günə qədər ala bilmədim. Ordu sıralarından 1995-ci il oktyabrın 21-də tərxis olundum . Hələ də gözləyirəm ki, halal haqqım olan o adı nə vaxtsa mənə təqdim edəcəklər. Ümidimi üzməmişəm.

-Füzuli rayonu işğal ediləndə rayon əhalisi nə qədər idi? Siz nə vaxtdan silaha sarıldız? Milli Ordu necə döyüşürdü ?

-Həmin dövrdə Füzuli rayonunun əhalisi 107.000 idi. Milli Ordu könüllü xalq nümayəndələrindən təmsil olunduğu üçün əsgərlər böyük ruh yüksəkliyi ilə döyüşürdü. Bayaq qeyd elədiyim kimi, 1988-ci ildən Xocalı Tikinti İdarəsinin rəhbərlərindən biri olmuşam. Elə həmin ildən etibarən bel, lom, buldozer və ekskavator 1991-ci ilin sonuna qədər bizim silahımız olub. B ir yandan tikib-qururduq, bir yandan da separatçı, quldur xislətli ermənilərlə döyüşürdük. O torpaqların nə vaxtsa ermənilərin işğal edəcəyinə də inanmırdıq. Xocalıda Toxuculuq Fabrikinin, Çörək-Bulka məlumatları sexinin, köçkünlər üçün tikilən fin evləri misal göstərilə bilər. 1990-cı ildə Hadrut rayonunda 195 yerlik orta məktəbin inşasının başa çatdırılması bizim əməyimizin bəhrəsidir. Artıq vəziyyət getdikcə dözülməz olurdu, artıq tikmək-qurmaq məqamı deyildi. 1991-ci ildən isə tamamilə tikintini dayandırıb döyüşə atıldıq. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissənin könüllü əsgəri kimi fəaliyyətə başlamışam. 1992-ci il fevral ayının 21-dən Müdafiə Nazirliyinin 032 saylı əmrinə əsasən N saylı hərbi hissəyə komandir təyin olunmuşam və bu hərbi hissənin yaradılması mənə tapşırılıb. 848 saylı hərbi hissənin yaradıcısı və sonadək bu hərbi hissənin komandiri olmuşam. 1993-cü ilin noyabr ayından N saylı hərbi hissənin 2-ci motoatıcı batalyonuna komandir təyin olunmuşam. Komandiri olduğum hərbi hissənin və batalyonun əsas şəxsi heyəti Füzuli rayonunun kəndlərindən gələn könüllülərdən ibarət idi. Əsas çoxluğu Füzuli rayonu İşıqlı, Cuvarlı, Xələfşə, Qoçəhmədli, Arış, Qaradağlı, Gorazıllı, Kənd Horadiz, Yuxarı Abdurrahmanlı, Horadiz qəsəbəsi, Kərimbəyli, Böyük Bəhmənli, Bala Bəhmənli, Arazboyundan və adları çəkilməyən Füzuli rayonunun bütün kəndlərindən təşkil olunmuş könüllü əsgərlərdən ibarət idi. Komandiri olduğum hərbi hissəylə birlikdə Füzuli rayonu uğrunda gedən bütün döyüşlərdə iştirak etmişəm. 1993-cü il oktyabr ayının 23-ü mühasirəyə düşərək, 6 günlük mühasirə müddətində Cəbrayıl və Füzuli rayon əhalisinin təhlükəsizliyini təmin edərək, itki vermədən 12-15 minlik dinc əhalini İran İslam Respublikası ilə danışıqlar apararaq qonşu ölkəyə keçirmişik. Ermənilər tərəfindən döyüşən məşhur osetin batalyonun komandiri Mirzə Abayev ilə birlikdə məhv etmişik. Məlikcan qalası əməliyyatından qalib çıxmışıq. 1993-cü ilin noyabrında Seyfəli təlim mərkəzinə göndərilmişik. Orda komandiri olduğum hərbi hissə şəxsi heyətlə N saylı hərbi hissənin tərkibinə verilib. Məni isə həmin hərbi hissənin 2-ci motoatıcı batalyonuna komandir təyin ediblər.



-Həmin hərbi hissənin tərkibində füzulillilərdən başqa digər bölgələrdən gələn könüllülər yox idi?

-Burada 2-ci batalyonun şəxsi heyətinin 90 faizi Füzuli rayonu, 10 faizi isə Nizami rayonundan gətirilmiş könüllülərdən təşkil olunmuşdu. 1994-cü il yanvar ayının 5-də keçirilən məşhur Horadiz əməliyyatının qələbə ilə başa çatmasında 2-ci batalyon əsas mərhələ - düşmənin cəbhəsinin yarılması və geri çəkilməsində ən böyük rolu oynamışdır. Bu əməliyyatın uğurla başa çatmasına görə, Ali Baş Komandan 2-ci batalyona respublikanın ən yaxşı batalyonu adını, komandirinə isə Azərbaycan Bayrağı ordeni verilmiş və Azərbaycan Milli Qəhrəmanı adının verilməsi haqqında komandanlıq tərəfindən Ali Baş Komandana təqdimat yazılmışdır. 1994-cü il yanvarın 7-də Füzuli rayonu Aşağı Seyidəhmədli kəndi düşməndən azad edildi. 2 gün sonra Aşağı Abdurrahmanlı kəndində mühasirəyə düşmüş 6-cı batalyonun mühasirədən çıxarılmasında və Aşağı Abdurrahmanlı kəndinin azad edilməsində iştirak etmişik. Yanvarın 11-də Aşağı Seyidəhmədli və Yuxarı Seyidəhmədli arasında düşmənin hücumunun qarşısını alarkən yaralanmışam.

-O vaxt deyirdilər ki, sizin batalyon həmin döyüşlərdə erməninin kifatət qədər hərbi texnikasını qənimət kimi gətirib…

-İstər yanvarın 5-7-nə qədər gedən döyüşlərdə, istər sonra, əsgərlərimiz sözün həqiq mənasında, əsl qəhrəmanlıq sərgilədilər. Düşmən o vaxt sanki vahiməyə düşmüşdü. Elə o ərəfədə bu qənimətləri onlardan götürdük: Tank T-72 N 161, 449 MTLB, 4 ədəd N 566, 541, 2-si nömrəsiz, 1 Şturm, 4 dənə 122 mm minaatan, 1 Zil 130, (N 13-67, NKAO) 1 kamaz N 26-42 NKAO, 1 Pulemyet PK . 2 Qratamyot RPQ 7, 1 Avtomat AK 74 . Çıxarda bilmədiyimiz düşmən silahlarını məhv edirdik .Məsələn, 2 ədəd T 72 tankını ələ keçirə bilmədiyimizə görə, onu partlatdıq. Ermənilərə göz açmağa aman vermirdik, onların 60-80 nəfər canlı qüvvəsi məhv edilib, döyüş zonasında qalmışdı. Müharibə qurbansız olmur. O döyüşdə bizim itkimiz isə 3 şəhid, 17 yaralı oldu. Yanvarın 7- də artıq 2-ci batalyon komandanlığım alıtnda hücuma keçərək Aşağı Seyidəhmədli kəndini düşməndən azad etdi. Əməliyyat zamanı orda da kifayət qədər silah -sursat götür bildik. Hətta sursatla dolu olan 1 ədəd ZİL-131 markalı maşını vurduq. Düşmənin 30 nəfər canlı qüvvəsi məhv edildı. Bu dəfə də ermənilərə nistətdə az itki verdik. İtkimiz 6 şəhid, 33 yaralı olaraq qeyd olundu.

-Azərbaycan oğulları döyüşkən, mübariz, qorxmaz oğullardır. Bunu 5 il Ermənistan və Rusiya hərbi birləşmələrinə qarşı cüzi silalarla, amma böyük dirənişləri ilə sübut etdilər. Sizcə, Qarabağın, eləcə də Füzuli rayonunun işğalı hansı səbəblərdən baş tutdu?

- Əlbəttə Qarabağ müharibəsində peşəkar Rusiya ordusu böyük amil idi. Səbəbin ən böyüyü budur! İkinci səbəb isə daxili parçalanma idi. Məsələn, Füzuli rayonunun işğalı əsasən, siyasi çəkişmələrin və təxribatçıların apardığı təxribatlar nəticəsində itirildi. Kütləvi şəkildə əsgərlərin qeyri-qanuni olaraq ordudan uzaqlaşdırılması da səbəb olaraq 3-cü variant kimi göstərilə bilər.


-Cənab Komandir, sizcə işğalın qarşısını almaq olardımı?

-Bəli, mümkün idi: Təxribatçılar və fərarilər yerindəcə güllələnməliydi. Hərbi hissədən qaçıb getmiş əsgər və zabitlər geri qaytarılmalıydı. Könüllülərdən ibarət hərbi hissələr əvvəlki vəziyyətinə bərpa olunmalıydı, Düşmənin qarşısı yubanmadan alınmalı və geri oturdurulmalıydı. Orduda döyüşən peşəkar hərbçilərin də az olması məğlubiyyətə səbəb oldu. Onların çoxu döyüşərək şəhidlik zirvəsinə ucaldı. Məsələn Möhtərəm Məmmədov, Eynulla Məmmədov, Zahir Rəsulov, Tariyel Qəmbərov, Zöhrab Rəsulov, Xanəli Quliyev, Cəmil Mirzəyev və s göstərmək olar. Adları çəkilən şəxslər mənim komandir olduğum dövrdə şəhid olublar və 100-lərlə qazimiz var.

-Heç düşündünüzmü, Füzulinin işğaldan azad edilməsinə, ümumiyyətlə, Qarabağın geri alınmasına nə mane olur?

-Hal-hazırda Azərbaycan xalqı və Azərbaycan ordusu torpaqlarımızın azad olunmasına tam hazırdır və azad etmək istəyir. Buna mane olan amillər xarici qara və pozucu siyasətin təsiri nəticəsində Azərbaycan hökuməti müharibəyə başlaya bilmir. Torpaqlarımızın azad olunması üçün Azərbaycan xalqı öz qəhrəmanlarını tanımalıdır və təxribatçılar, saxta əlillər, müharibə veteranları ortadan çıxmalıdır. Bütün bu proses dövlət səviyyəsində həll olunmalıdır. Mənim bütün bu nailiyyətlərim komandiri olduğum hərbi hissənin şəxsi heyətinin əziyyətinin nəticəsidir.

- Torpaqlarımızın azad edilməsi üçün müharibə başlasa, yenidən döyüşə atılarsınızmı?

-Hər gün, hər saat , hər an müharibə başlayacaq o möhtəşəm günü gözləyirəm!İşimizi başa çatdırmalıyıq! Torpaqlarımızı, doğma Füzulimi azad etməliyəm!

-Maraqlı müsahibəyə görə təşəkkür edirik!

Söhbətləşdi: Əntiqə Rəşid